Senuber İskenderli

Sənubər İsgəndərli: “Az danışan kişiləri çox sevirəm” – MÜSAHİBƏ

Baxış sayı: 2. 347

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli Ailem.az-ın suallarını cavablandırıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir:

– Gözəlliyinizlə, hər zaman baxımlı olmağınızla diqqət cəlb edirsiniz, sizi həmişə nümunə kimi göstərirlər. Buna necə nail olursunuz?

– İnsanın müəyyən xasiyyətləri olur, zövq də onlardan biridir. Olur ki, insanın zövqü yoxdur, amma ağlı var, zövqlü insanlardan məsləhətlər alır. İndiki dövrdə zövqsüz geyinmək ayıbdır. Çünki internet, bu qədər telekanallar əlimizin altındadır. Hər zaman öyrənmək olar. Lakin bu, məndə uşaqlıqdan olub. Balaca qız idim, tətillərdə mütləq dırnağımda lak olmalıydı. Anam dırnağıma lak çəkməsəydi, dünyanı dağıdırdım. Ədalı yerişim də vardı. Ailənin yeganə qız övladı idim. Anam məni bəzəyib-düzəyirdi. Beləliklə də, zövqüm formalaşırdı. Özüm böyüdükcə zövqüm də inkişaf edirdi. İndi də nəyisə başa düşməyəndə, düz fikirləşməyəndə internetə, jurnallara, telekanallara baxıram. Sevdiyim, zövqünə inandığım insanlar var. Hər zaman onlarla da məsləhətləşirəm. Çalışıram ki, görünüşüm yaxşı olsun.

Sizin üçün rahatlıq önəmlidir, yoxsa dəb?

– Təbii ki, rahatlıq birincidir. Amma dəb də önəmlidir. Çünki dəb bir yerdə dayanmır. Hər gün yeni nələrsə çıxır. İndi qışdır, amma artıq yayın kolleksiyası təqdim edilib. Bunların hamısını izləyirəm. Lakin təbii ki, bədənimə yaraşan geyimi seçirəm. İnsanın özü qədər heç kim onun bədəninin ölçülərini bilməz. Bu baxımdan gözüm açıqdır, özümü güzgüdə görə bilirəm. Özünü görmək böyük keyfiyyətdir. İnsan var özünü görə bilmir, əksinə, qüsurlarını ortaya qoyur.

Brendlərlə maraqlanırsınız, belə bir həvəsiniz var?

– Brend bağlılığım yoxdur. Amma onu bilirəm ki, keyfiyyət daha çox brend mallarda olur. Keyfiyyətə çox üstünlük verirəm. İmkanım nəyə çatır alıram. Pulum olanda çalışıram yaxşısını alım, olmayanda isə əvvəl aldıqlarımla keçinirəm.

– Koko Şanelin bir sözü var qadın hansı yaşda kosmetoloqa gedirsə, o yaşda da qalır. Kosmetoloqlara nə vaxtdan müraciət etməyə başladınız?

– Desəm, çox gec, inanarsınız? Hardasa 40 yaşlarımda kosmetoloqlara müraciət etməyə başladım. Ondan əvvəl kosmetoloqa getməmişəm. Azərbaycanda kosmetologiya, plastik cərrahiyyə 2000-ci illərdən sonra inkişaf etməyə, gündəmi zəbt etməyə başladı. Bizim də həyat tərzimizə çevrildi. 90-cı illərdə də nadir hallarda kosmetoloqa rast gələrdin. Xiyarı rəndələyib üzə çəkən dövrlər idi (gülür). Kremlərdən də istifadə etmirdim. 40 yaşıma qədər üzümə heç bir qulluq etməmişəm, qəti. Amma sonra gördüm ki, qırışlar yerini alır, nələrsə etməyin vaxtıdır, baxımlı, təravətli olmaq lazımdır.

İndi tez-tez kosmetoloqa müraciət edirsiniz?

– İldə 1-2 dəfə dəqiq müraciət edirəm, müalicə, bərpa kursları etdirirəm. Bura mezoterapiya, müxtəlif maskalar və s. daxildir.

– Bəs evdə özünüzə qulluq edirsiniz?

– Evdə yalnız kremlərdən istifadə edirəm. Gecə, gündüz, gözaltı, əl kremləri mütləq olmalıdır. Çünki dərim qurudur, qışda quru dərinin qulluğa daha çox ehtiyacı olur, dərini nəmləndirmək lazımdır.

Özünüzə məxsus resept, qulluq üsulunuz varmı?

– Bəli, var. Mən qəhvə xəstəsiyəm. Səhərim qəhvə dəmləməklə açılır. Fincanın dibində qalan qəhvə mənim skrabımdır. Həftədə bir dəfə, çox olmamaq şərtilə həmin kofenin dibi ilə üzümü, əllərimi, boğazımı skrablayıram. Xanımlara da məsləhət görürəm, gözəl nəticəsini görəcəklər. Dərini təmizləyir, təzələyir, təravətləndirir, sanki yağlandırır. Elə bil ki, krem çəkmisən. Bunu da mən icad etməmişəm, eşidib tətbiq etmişəm. Uzun illərdir bu prosedurdu tətbiq edirəm.

Müəyyən yaşdan sonra xüsusən də xanımlar aktiv həyat tərzinə keçməlidirlər. Qaçış, piyada yerimək, kardio idman məşqləri və s. Siz də aktrisasınız, bəzən səhnədə saatlarla ayaq üstə dayanırsınız, qəfil, dinamik hərəkətlər edirsiniz. Bu baxımdan aktivliyiniz nə qədərdir?

– Məni tanıyanlar gənc yaşlarımdan idman zallarında olduğumu bilirlər. Bakıya aerobika yeni gələndə ilk məşğul olanlardan biriyəm. Yayda mütləq hovuzda üzürəm. İşim olmayanda, boş vaxtlarımda piyada gəzirəm. Bulvarın bu başından o başına sürətlə yeriyirəm. İdman zalına həftədə 3 dəfə mütləq gedirəm. Bunu heç sənətimə görə də etmirəm, sadəcə xarakterimdən irəli gəlir. Həyatda ritmi çox sevirəm. Astagəl insanları sevmirəm. Bir yerdə otura, dura bilmirəm. Daim hərəkətdəyəm. Bu aktivlik sənətimə də çox kömək edir. Çünki plastika, dinamika, səhnə hərəkətləri mütləq lazımdır.

Bunlarla yanaşı, qidalanma, pəhriz də önəmlidir. Ümumiyyətlə, yeməklə aranız necədir?

– Ara-sıra pəhriz saxlayıram. O da artıq çəki hiss edəndə. Su da içirəm. Biz suyu çox sevmirik nədənsə. İqlimdən də asılıdır. Başqa ölkəyə gedəndə adam hiss edir ki, boğazı quruyur, tez-tez su içir. Bakıda isə adam elə bil ki, su içmək istəmir. Ancaq özümü buna alışdırdım. Gündə 2 litrə yaxın su içirəm. Kosmetoloq vizual görünüş üçün lazımdır, amma dərinin təravətə, daxili təmizliyə ehtiyacı var. Bununla yanaşı, bəlli yaşdan sonra yağlı, ağır yeməklərdən uzaq durmalısan. Maşallah, bizim də mətbəximiz zəngindir. Xəngəl, aş, tort, şirniyyat sevirəm. Hamısından da yeyirəm, özümə əziyyət vermirəm. Amma məsələn, bu gün yağlı, ya sevdiyim yeməyi çox yedimsə, 2-3 gün yüngül qidalar yeyirəm. Yeməyimi hər zaman tarazlayıram. Gec saatlarda yemirəm. Çünki ilk növbədə yuxunu qaçırdır.

– Sizcə, qadının hansı xarakteri onun gözəlliyini kölgədə qoyar?

– Danışığı, davranışı, özünü aparmağı. Belə bir söz var, “danış, səni görüm”. Gözəlliyə  baxırsan, amma ağzını açanda deyirsən ki, heyf. Xanımın yerişi, oturuşu, ədaları, danışığı çox vacibdir. Bunlar onu bəzəyə və ya korlaya bilər.

Sənubər İsgəndərli evdar xanım kimi hamıya maraqlıdır. Çünki daim səhnədə, efirdə görünən xanımları evdə təsəvvür etmək bir az çətin olur.

– Hər bir qadın evinin xanımıdır. Evdə səliqə mənim üçün vacibdir. Deyim ki, bütün günü mətbəxdə xörək bişirərəm, yalan olar. Yemək bişirməyi sevmirəm, amma bişirəndə gözəl alınır. Yaxşı xəmir açıram. Xırda-xırda düşbərə bükürəm, dadlı qutab hazırlayıram. Həvəsim olanda qarşımda durmaq olmur, 6-7 saat mətbəxdən çıxmaram. Mətbəxdə hər şeyi bacarıram, paltar ütüləməkdən tutmuş, ev yığışdırmağa qədər. Amma çox zaman işlə mətbəx bir araya gəlmir.

Gözəl xanımların hər zaman bir qorxusu olur nə vaxtsa bu gözəlliyi itirmək. Sizin də belə bir qorxunuz varmı?

– Əslində hər bir qadının gəncliyi itirmək qorxusu var. Dünya ulduzları plastik əməliyyatlar etdirirlər. Sadəcə üzdə olan insanlar olduqları üçün bunu hamı bilir və danışır. Amma bu gün plastik həkimin yanına gedin, oradakı növbəyə baxın. Bəlkə də o növbədə ulduz görməzsiniz, daha çox adi xanımlardır. Bu, əslində yaxşı haldır. İstər ulduz olsun, istər evdar, heç kəs yaşlanmaq istəmir. Hamı o gəncliyini, təravətini saxlamağa çalışır və hamı da ötən illərə heyfsilənir. Təəssüf ki, gənc olanda biz bunun fərqinə varmırıq. Elə bilirik həmişə gənc qalacıyıq. Ancaq o qorxu ilə yaşamaq da düzgün deyil. Əsas odur ki, ruhun gənc olsun. Ruh gənc olanda üzə də siraət edəcək, xasiyyətə də.

Bu barədə düşünəndə təsəlliniz nə olur?

– Özüm özümə təsəlli verənlərdən deyiləm (gülür). Əslində, baxanda bir gün özüm özümün xoşuna gəlmişəm, bir gün yox. Bir gün demişəm, “off, nəyə oxşayırsan?” Bir gün demişəm, “yox, yaxşısan, Sənubər”. Amma özümə güzgüdə baxıb təsəlli verməmişəm. Özümə qulluğu bacarıramsa, qulluq edəcəm. Qalanı da təbii ki, təbiətin işidir. Bakı balaca şəhərdir. Mən burada kimi aldada bilərəm? Hamı bilir ki, böyük qızım, nəvələrim var. Mənimlə bir sinifdə oxuyanlar, mənimlə bir yerdə yaşlaşanlar var. Bunlar bir yana, təbiəti aldadım? Bircə onu deyirəm ki, yaşıma görə min şükür. Əsas odur ki, canım sağlamdır, öz işimi özüm görürəm. Hər zaman deyirəm ki, yaşlaşanda gözəl yaşlaşaq və öz ayaqlarımız üzərində dura bilək. Allah heç kəsə xəstəlik və qocalıb əldən düşməyi nəsib etməsin. Qocalığa nifrət edirəm. “Qocalıq gözəllikdir, müdriklikdir” sözü sadəcə təsəllidir. Hər zaman deyirəm ki, bizə heyranlıqla baxsınlar, təəssüf dolu baxışlarla yox. Bir gün heyranlıq təəssüf dolu baxışlara çevriləndə adam onu hiss edir. Bax, bu, adamı sıxır.

Aylıq büdcənizdən özünüzə baxım üçün pul ayırırsınızmı?

– Saç, manikür hər ay olmalıdır. Başqa cür mümkün deyil. Çünki efirə çıxırıq, özümüzə, tamaşaçımıza hörmət etməliyik. Məcbursan özünə baxasan. Bu sənətdəsənsə, efirə çıxırsansa, bu, qaçılmaz bir haldır.

– Pulu ən çox nəyə xərcləyirsiniz?

– İndi nəvələrimə. Bayramda Şaxta babaya uzun bir məktub yazmışdılar. Özü də mənə verirlər ki, “nənə, bu məktubu Şaxta babaya verərsən”. Balacanın 5 yaşı var, deyir, “nənə, bunu Şaxta babaya verərsən, amma özün də oxu” (gülür).

 Qızınız sizə nə dərəcədə oxşayır və daha çox hansınız bir-birinizlə məsləhətləşirsiniz?

– Biz onunla tamam başqa-başqa adamlarıq. Üzdən atasına bənzəyir. Amma xarakteri çox fərqlidir. Daha çox mən onunla məsləhətləşirəm. Ağlı, zəkası, düşüncəsi, dünyagörüşü yaşına görə deyil. Hərdən elə bilirəm ki, mən onun qızıyam. Hərdən mənə böyük kimi, anam kimi qadağalar qoyur.

Sosial şəbəkələrdə izləyirəm, sizə hədsiz dərəcədə çox təriflər yazılır. Yəqin ki, bu, istənilən xanımın çox xoşuna gələr. 

– Əksinə, bundan çox sıxılıram. Sağlıqlar deyilən məclisləri sevmirəm. Hər hansı məclisdə görəndə ki, sağlıq sırası mənə gəlir, durub çıxıb gedirəm. Boğazdan yuxarı tərifləri sevmirəm. Bilirəm, məni istəyən və səmimi olan adam hansıdır. Biri də var deyilmək xətrinə deyilən sözlər, aşırı təriflər, onu sevmirəm. Bir də görürsən şəkil paylaşıram, biri yazır ki, “güllər də sizdən utandı”. Silə də bilmirəm ki, hörmətsizlik olar, ürəyi istəyib yazıb. Hərdən sosial şəbəkələrdə şəkil paylaşmağa belə utanıram ki, indi şərhlər yazacaqlar. Pafoslu sözləri heç xoşlamıram. Əsas da “mən sizin üçün ölürəm” deyəndə. Axı sən mənim üçün ölə bilməzsən (gülür).

Bəs Sənubər İsgəndərli üçün baxımlı kişi necə olmalıdır?

– Kişi bəlkə də dəblə geyinməyə bilər. Amma səliqə və təmizkarlıq mənim üçün birinci yerdə dayanır. Az danışan kişiləri çox sevirəm. Kişi boş-boş danışmamalıdır. Kişi hissini də, sevgisini də əməli ilə göstərməlidir. Mənim üçün kişinin əməli danışığından daha vacibdir. Dedi-qodu edən kişiləri qətiyyən sevmirəm, onlara nifrət edirəm.

Bir kişi sizə sevgisini necə sübut edə bilər?

– Əməli ilə. Mənim aləmimdə kişiyə deməməlisən, məsələn, əlimdəki telefon köhnədir, sınıb, ya çatı var. O, özü bunu görməlidir. Təbii ki, imkan daxilində. Mənə görə kişi bütün çatışmazlıqları özü görməlidir, bunu qadın deməməlidir.

Müasir dövrdə kişilər qadınlardan, qadınlar da kişilərdən şikayət edir. Sizcə, bu balans niyə və nə zaman pozuldu?

– Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi. Bu yaşayış, bahalı maşınlar, evlər, villalar yox idi, internetdə gözəl yaşayışı reklam etmirdilər. Dəbdəbəli yaşayışı hind filmlərində görərdik. Onun da çox fərqinə varmazdıq. Tamam başqa quruluş idi, başqa düşüncə tərzi idi, ictimaiyyət tamam başqa idi. İndi dünyaya çox açılmışıq. Dünyaya açıldıqca da rifah üçün daha çox mübarizə gedir. Hamı yaxşı yaşamaq istəyir. Hər kəsin də haqqıdır. Sadəcə bunu bir mübarizəyə çevirmək lazım deyil. İndi sözün əsl mənasında mübarizə gedir. Kiminsə rifahı yüksəldikcə paxıllıqlar da çoxalır. Dünya dəyişir, texnika inkişaf edir. Bu, insanları cılızlaşdırmağa doğru aparır. İş yoxdur, yaxşı qız yoxdur, yaxşı oğlan yoxdur – bunların hamısı bir bəhanədir. İstəyən tapar, istəyən görər. İki sevən şəxs bir-birini tapıbsa, onlar mütləq bir-birinə güzəştə gedəcək. Həyatda sevgi varsa, hər şeyin dərmanıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir