bel

Fəqərələrarası disk yırtığı xəstəliyindən necə qorunmalı?

Baxış sayı: 2. 694
Müasir həyat tərzi, əlimizin altında olan imkanlar işimizi asanlaşdırdığı kimi sağlamlıqla bağlı bir sıra problemlər də ortaya çıxarıb. Belə problemlərdən ən geniş yayılanı isə bel,  yaxud elmi dillə desək fəqərələrarası disk yırtığı xəstəliyidir. Belə ki,  statistik göstəricilərə əsasən,  son iyirmi ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 20 dəfə artıb. Bəs görəsən xəstəliyin bu qədər geniş yayılmasının səbəbi nədir? Nə etməliyik ki, özümüzü bundan qoruyaq?
“Tövsiyəm budur ki, insanlar əməliyyatdan qaçsınlar”
Fizioterapevt və reabitoloq  Pərvin Əkbərov deyir ki, müasir dövrdə insanların fiziki keyfiyyətinin aşağı düşməsinin tədricən artması müşahidə olunur: “Problemlərdən biri də məhz  disk  yırtıqlarıdır. Xəstəliyin yaranmasının ən önəmli səbəblərindən biri bizim yanlış həyat tərzimizdir. Yəni, həyat tərzində hərəkətin azlığı, insanların get-gedə passiv həyat tərzinə meylli olması  bu problemləri çoxaldır. İkinci səbəb, insanların müəyyən iş zədələridir. Məsələn, bank işçiləri, sürücülər, fiziki işlə məşğul olan fəhlələr, rəhbər işçilər bütün günü kabinetdə otururlar. Bu insanların əksəriyyəti  saatlarla kompyuterə baxmağa məcburdur. Bu da mühüm səbəblərdən biri hesab olunur. Üçüncü səbəb isə yanlış idman edən insanlardır. Düzdür, idmanla məşğul olanların  getdikcə sayı çoxalır. Amma təəssüf ki, düzgün bilgiyə sahib olmayan insanlar, həmçinin  onlara düzgün məsləhətlərin, yaxud da  düzgün proqramın verilməməsi  müəyyən zədələrin yaranmasına səbəb olur. Məsələn, bir çoxları çəkini düzgün qaldırmırlar, texnikanı düzgün etmirlər ki, bunlar da bu problemi yarada bilir”.
P.Əkbərov bəzi maraqlı məqamları da vurğuladı: “Disk  yırtıqları əslində heç bir təhlükə yaratmır. Bu yırtıqdan insan dünyasını dəyişə bilməz. Amma həyatı keyfiyyətlərini sıfıra qədər endirə bilər. Yəni, bəzən bu yol cərrahiyyəyə qədər gedə bilir. Yaxud da, xəstə yatağa düşə bilərlər, fiziki aktivliyini itirə bilərlər. Ümumilikdə, bu xəstəlik insanlara həm sosial, həm də iqtisadi baxımdan  böyük bir ziyan vura bilir. Əməliyyat bu işin ən  axırıncı yoludur və qeyd edim ki, əməliyyata xüsusi göstərişlər olmalıdır. Əməliyyat  üçün üç  göstəriş olmalıdır. Bu gün həkimlər insanları əməliyyata sövq edirlər ki, bu, tamamilə yanlışdır. İnsanlar maarifləndirilmirlər və ağrıların çox olmasından dolayı əməliyyat təklifi ilə tez razılaşırlar. Dünya statistikasına nəzər salsaq, görərik ki,  disk yırtıqlarının cəmi 10 faizinə əməliyyat məsləhət görülür. Bu  da kəskin göstəricilər olarsa. Xəstəliyi müalicə etmək olar. Reallıqda xəstələrin  90 faizinin əməliyyata ehtiyacı yoxdur. Mən özümün 9 illik təcrübəmdə əməliyyatdan sonrakı fəsadları da görürəm. Əməliyyatın həlli yolu da olmur çox hallarda. Tövsiyəm budur ki, insanlar əməliyyatdan qaçsınlar, çünki bunun başqa yolları da var. Bəzən bel yırtıqlarında heç həkimə ehtiyac belə yoxdur. İnsanlara düzgün istiqamət verildikdə  və səhlənkarlıq edilmədikdə  həkim məsləhətinə əməl etsələr, xəstəlik öz həllini tapar”.
Həkimin sözlərinə görə xəstəlik artıq gəncləşib: “Ara-sıra gənc insanlarda da bunu görürük. Uşaqlar  parta arxasında düzgün oturmur, məktəb çantalarının daşınmasına düzgün riayət etmirlər və  onlarda müəyyən mexaniki pozğunluqlar əmələ gəlir. Bu da sonradan yırtıqların meydana gəlməsinə səbəb olur. Digər  bir fakt isə xəstəliyin irsi olması məsələsidir. Bəzən elə olub ki,  bir ailənin 5 üzvündən 3-ü müalicə alıb. Bu da onu göstərir ki, bu ailədə qığırdaq sümüyündə problem var. Elə uşaq da var ki,  10 yaşı olmasına baxmayaraq  raxitlik əlaməti  var. Bədən elastik olsa da, uşaqda raxitlik olur. Yəni, həmin uşaq barmaqlarını qatlayıb arxaya rahat vura bilər. Bu uşaqlarda da  yırtığın əmələ gəlmə faizi çoxdur. Hesab edirəm ki, insanlar erkən vaxtdan düzgün maariflənsələr və müəyyən məsləhətlərə əməl etsələr bu kimi  problemlərlə üzləşməzlər”.
“Qidaların keyfiyyət parametrləri də bu məsələdə mühüm rol oynayan faktorlardan biridir”
 
Tibb eksperti Adil Qeybulla da mövzu ilə bağlı fikirlərini bildirdi : “Oturaq həyat  tərzi getdikcə insanların sağlamlığında müxtəlif problemlərə yol açır. Bu problemlərdən biri və birincisi  fəqərələrarası disk yırtıqlardır. Belə  həyat tərzi keçirən insanların orqanizmində, xüsusən də qığırdaqlarda duzlaşma prosesi gedir. Bu isə son nəticədə belə yırtıqların yaranmasına və böyüməsinə gətirib çıxarır. Digər mühüm faktor isə insanların düzgün qidalanma rejiminə əməl etməməsidir. Müasir dövrdə daha çox ziyanlı  və tərkibində duz və digər mineral maddələrin çox olduğu qidalara üstünlük verirlər ki, bu da yırtıqların əmələ gəlməsinə səbəb ola bilir. Qəbul edilən  qidaların keyfiyyət parametrləri də bu məsələdə mühüm rol oynayan faktorlardan biridir. Bu kimi amillər günümüzdə bel yırtığı xəstəliyindən əziyyət çəkənlərin artmasına gətirib çıxarır. Qeyd edim ki, bu xəstəliyə hətta azyaşlı uşaqlarda da rast gəlinir. Uşaqların əksəriyyəti az hərəkətdə olur, bütün günü kompüterlə məşğul olurlar. Həmçinin onlar dərs zamanı da düzgün oturmur və nəticədə fəqərələr bundan ziyan görür. Ağır məktəbləri çantaları da uşaqlarda belə xəstəliyin yaranmasının səbəblərindən biridir”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir