hamile

Hamiləlik zamanı necə qidalanmalı? – HƏKİM YAZIR

Baxış sayı: 1. 462

“Gencaile.az” Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim edir.

 

Qidalanmanın hamiləliyin gedişatına və nəticəsinə çox böyük təsirləri vardır. Hamilə olsun və ya olmasın fərdin sağlam həyat keçirməsinin əsasında düzgün və kifayət qədər qidalanma durur. Hamilə qadınlarda qidalanma xüsusi əhəmiyyətə malikdir. Düzgün qidalanma nəinki inkişaf etməkdə olan körpənizin ehtiyaclarını qarşılamaq və onu bətndənxaric həyata hazırlamaq üçün, həm də sizin rahat və problemsiz bir hamiləlik və zahılıq dövrü keçirməyiniz üçün də vacibdir.

Ciddi qidalanma pozğunluğu olan qadınlardan dünyaya gələn körpələrin sonrakı həyatlarında problemlər yaşadığı məlumdur. Hamiləlik əsas qida mənbəyi olan karbohidrat, protein, yağlar ilə yanaşı vitamin və mineral tələbatının da artdığı bir dövrdür. Bununla əlaqədar ehtiyac hiss etdiyiniz kalori miqdarında da bir miqdar artım olur. Lakin bu artım heç vaxt hədsiz yemənizi tələb edəcək qədər deyildir. Hamilə qadınla hamilə olmayan qadın arasındakı kalori tələbatı fərqi yalnız 300 kaloridir və bu, hər yeməkdə 1-2 qaşıq çox yeyilərək ödəniləcək bir miqdardır. Vacib olan çox miqdarda yemək və çəki almaq deyil, lazım olan maddələri balanslı və kifayət qədər qəbul etməkdir.

Bəzi hallarda hamilə qadınların əllərinə pəhriz siyahısı verildiyinə və bu siyahının hər gün 3 ədəd kotlet, 2 ədəd yumurta, 5 stəkan süd kimi qidalardan ibarət olduğuna şahid oluruq. Bu pəhrizin heç bir elmi sübutu yoxdur və bəzən yalnız aldadıcı xarakter daşıyır. Lakin bəzi xüsusi diqqət tələb edən hamilələrə bir qida mütəxəssisi tərəfindən düzgün və balanslı pəhriz hazırlanmalıdır.

Təkrar qeyd etmək lazımdır ki, hamiləlikdə ağbirçəklərin dediyi kimi, “ikicanlı olduğun üçün çox yeməlisən” sözü düzgün deyildir. Vacib olan balanslı və düzgün qidalanmaqdır.

Hamiləliyin erkən dövrlərində ürəkbulanma və qusma problemi yaşayan və bu səbəbdən də kifayət qədər qidalanmayan, hətta çəki itirən hamilələrə tez-tez rast gəlirik. Daha əvvəl ciddi bir qidalanma pozğunluğu və hamiləliyin erkən dövrlərində hədsiz çəki itkisi yoxdursa, bu vəziyyətə inkişaf etməkdə olan körpə asanlıqla uyğunlaşa bilər. Lakin ürəkbulanma və qusmalardan asılı ciddi qidalanma pozğunluğu yaşayan və demək olar ki, heç nə yeyib-içməyən hamilələri xəstəxanaya yatırıb damar yolu ilə qidalanmasını təmin etmək lazımdır, lakin bu, son dərəcə nadir rastlanan bir haldır.

 

Yemək sayı

Hamiləlikdə qidalanmadan bəhs olunarkən ilk növbədə gündəlik yemək sayında dəyişiklik etmək lazımdır. Hamilə olmayan şəxslərdə tövsiyə edilən gündə 3 dəfə yeməyin bu dövrdə 5-ə çıxarılması məsləhətdir, lakin günlük yemək miqdarını və ya kalorisini artırmamaq şərtiylə. Bu, həm erkən dövrdəki ürəkbulanma və qusmalarla mübarizə aparmaqda kömək olur, həm də son aylarda yaşanan şişkinliyi azaldır. Üç əsas və iki, hətta lazım gələrsə, üç dəfə ara yemək hamiləlikdə məsləhət görülən yemək sayıdır.

 

Fast food

Fast food olaraq ifadə edilən pəhriz forması ümumi olaraq qida dəyəri çox olmayan, lakin kalorisi yüksək bir tərzidir. Yüksək nisbətdə yağ və qatqı maddəsindən ibarət olduğu üçün hamiləlikdə məsləhət görülmür. Qidalanmadan bəhs olunarkən “lazımi miqdar” və “istifadə olunacaq miqdar” ifadələri vacibdir. Lazımi miqdar normal funksiyanı davam etdirə bilmək üçün qəbul edilməli olan ən aşağı miqdarı göstərir. İstifadə olunacaq miqdar isə orta tələbatın şəxslərə və cəmiyyətlərə görə uyğunlaşdırılmış standart miqdarlardır. Hamilə xanımlar üçün məsləhət görülməyən yemək tərzidir.

 

Enerji və çəki artımı

Hamiləlikdə kalori 3 səbəbə görə vacibdir. Bunlar hamiləliyə bağlı yeni toxumaların yaranması, bu toxumaların böyüməsi və hamilə bədənin hərəkəti üçün lazım olan enerjinin təmin edilməsidir. Hamilə bir qadın hamilə olmayana nisbətən gündə təxminən əlavə 300 kaloriyə ehtiyacı olur. Bu da təxminən 15%-lik bir artım, yəni 2300 kalori/gündür. Gündəlik kalori tələbatındakı artım yalnız 15% olduğu halda, bəzi maddələrin tələbatındakı artım 2 dəfəyə qədər çıxa bilər. Bu da çox qidalanma ilə deyil, balanslı qidalanma ilə ödənməlidir.

Hamiləlikdəki kalori istifadəsi ilk 3 ayda ən az səviyyədə olduğu halda, bu dövrdən sonra sürətli bir artım göstərir. İkinci 3 ayda bu kalorilər başlıca olaraq cift və embrionun inkişafına, son 3 ayda isə əsasən körpənin böyüməsinə sərf olunur. Normal sağlam bir qadında bütün hamiləlik boyu tövsiyə edilən çəki artımı 11-13 kq-dır. Bu 11 kiloqramın  6 kq-ı anaya, 5 kq-ı isə körpəyə və ona aid formalaşmalara (cift, amnion mayesi) aiddir.

 

Karbohidratlar

Bədənin kalori tələbatı 3 əsas enerji mənbəyi olan proteinlər, yağlar və karbohidratlardan təmin olunur. Əgər karbohidratlar lazımi qədər qəbul edilməzsə, bədəniniz sərf etdiyi enerjini təmin etmək üçün öz proteinləri və yağlarını əritməyə başlayır. Belə bir halda 2 nəticə ortaya çıxa bilər:

1. Körpənizin beyin və sinir sisteminin inkişafını təmin edəcək kifayət qədər protein olmaz.

2. Ketonlar əmələ gələr.

Ketonlar yağ metabolizm məhsulu olan turşulardır və körpənin tursu-qələvi balansını pozaraq beynin inkişafına mənfi təsir göstərə bilirlər. Bu səbəbdən hamiləlikdə karbohidrat qəbulunu azaldan pəhriz məsləhət görülmür.

Düyü, un, bulqur kimi kompleks karbohidrat mənbələri ana üçün enerji mənbəyi olmaqla birlikdə B qrupu vitaminləri və sink, selen, xrom, maqnezium kimi əsas elementlərin də mənbəyidir.

Karbohidratlar (un və şəkər məmulatları) artıq miqdarda istifadə edildiyi zaman isə körpəyə əlavə bir xeyir vermir, yalnız hamilə qadının kökəlməsinə səbəb olurlar.

 

Zülal

Zülallar hüceyrələrin əsas quruluş maddəsidir və aminturşulardan ibarətdirlər. Təbiətdə cəmi 20 adda aminturşu var. Aminturşuların bir hissəsi bədəndə digər maddələrdən istehsal oluna bilir və bunlara esensial aminturşu deyilir. 8  ədəd amintuşu isə bədəndə istehsal olunmur və mütləq qidalar vasitəsilə xaricdən qəbul edilməlidir. Heyvan mənşəli zülallarda bu 8 aminturşunun hamısı olduğu üçün bunlar kompleks zülallar adlandırılırlar və bunlar qidalanmada olduqca əhəmiyyətlidirlər.

Zülallar saç telindən dırnağa qədər bədəndə olan bütün hüceyrələrin əsas quruluş elementi olmaqla yanaşı, beyin və sinir sisteminin inkişafında da böyük əhəmiyyətə malikdirlər. Bu səbəbdən hamilə qadınların gündə 60-80 qram zülal qəbul etmələri vacibdir.

Zülalın əsas mənbəyi heyvan mənşəli qidalardır. Ət, quş əti və balıq kompleks zülallardan ibarətdir. Bununla yanaşı, süd və süd məhsulları da orqanizmi zülalla təmin etmək üçün kifayət edə bilər.

 

Süd və süd məhsulları

Hamilə bir qadın güclü sümüklər və dişlər üçün körpəyə lazım olan kalsium və digər elementləri təmin etmək məqsədilə gündə ən az 1-2 stəkan süd içməlidir. D vitamini dəstəkli südlər daha faydalıdır. Qaz və həzm prosesinin pozulması səbəbi ilə (laktoz intoleransı) süd içə bilməyən qadınlar bunun əvəzinə pendir və ya qatıq yeyə bilər. Kalsium qəbulu az olarsa, xaricdən dərman şəklində qəbul edilməlidir.

 

Ət, balıq, quş əti, yumurta, paxlalı bitkilər

Bu qidalar vitamin və mineralla birlikdə orqanizmi zülalla da təmin edirlər. Hamilə qadında və körpəsində yeni toxumanın yaranması və toxumaların inkişafı üçün zülal şərtdir. Bu cür qidalardan gündə 3 dəfə qəbul edilməlidir. Paxlalı bitkilər yeməyin zülal dəyərini artırmaq üçün pendir, süd və ya ətlə birlikdə qəbul edilə bilər.

 

Yağlar və şirniyyatlar

Bu qrup qidalara marqarin, kərə yağı, şirniyyatlar, yüngül içkilər, yüngül qəlyanaltılar, salat sousları, bitki mənşəli qidalar aiddir. Bu növ qidalar ayrıca qəbul edilməməli, yalnız kalori tələbatını ödəmək üçün qidalara əlavə olunmalıdır.

 

Vitamin və mineral dəstəyi, dəmir və fol turşusu

Hamilə qadınlara bir çox vitamin və mineraldan ibarət dərmanları vermək mübahisəli bir məsələdir. Balanslı və düzgün qidalanan hamilə qadına xaricdən vitamin dəstəyi şərt deyildir. Ən yaxşısı vitamin və mineralları təbii qidalarla qəbul etməkdir. Düzgün qidalanan zaman tibbi dəstəyə ehtiyac yoxdur. Lakin dəmir və fol turşusu istisnadır.

Fol turşusu körpənin beyin və sinir sisteminin inkişafı üçün vacib olduğu üçün hamilə qalmazdan əvvəl qəbul edilməyə başlanması lazımdır. Hamiləlikdə artan dəmir tələbatı təbii yollarla ödənilə bilmir. Bu səbəbdən xüsusilə hamiləliyin 2-ci yarısından sonra xaricdən dəmir preparatları ilə dəstəklənməlidir. Bizim cəmiyyətdə dəmir defisitli anemiyaya çox tez-tez rast gəlindiyi üçün hamiləliyin başlanğıcında aparılmış qan analizində anemiya aşkar olunduqda hamiləliyin başlanğıcından etibarən dəmir preparatı qəbul edilməlidir. Hamiləlikdə dəmir qəbul etmənin başqa bir əhəmiyyəti qansızlıq olmasa belə, həm gələcək ananın, həm də körpənin dəmir anbarını kifayət qədər doldurmaqdır.

 

Su

Hamiləlikdə qəbuluna xüsusi diqqət yetirilməsi lazım olan bəlkə də əsas qida maddəsi sudur. Çəkidən asılı olaraq digər mayelərdən başqa sutkada 1500-2000 ml-ə qədər su içilməlidir.

 

Duz

Keçmişdə hamiləlik zamanı duz istifadəsinin məhdudlaşdırılması məsləhət görülürdü. İndiki zəmanədə isə bunun gərəksiz olduğu, qidalarla normal miqdarda qəbul edilən duzun kifayət etdiyi və məhdudlaşdırmağa ehtiyac olmaması qəbul edilir. Hamilə bir qadın gündə 2 qram duz qəbul etməlidir. Az və ya çox miqdarda duz qəbulu hamilə qadının maye-elektrolit balansına mənfi təsir göstərir.

 

Vegeterian pəhriz

Heç bir qadağanın olmaması ilə birlikdə müəyyən qaydalara riayət etmək şərtilə hamiləlikdə vegeterian pəhrizə davam edilə bilər. Lakin mütləq həkim nəzarətində olmalıdır və əlavə təyin edilmiş qida həblərindən istifadəsi uyğundur.

 

Nəticə 

Xanımlarımız istər hamilə olsun, ya olmasın, süni hazırlanmış (içində konservant, qoruyucu olan) və paketlənmiş qida məhsullarını istifadə etməmələri məsləhətdir. Karbohidratlardan (un və şəkər tərkibli məhsullardan) və normadan artıq (2 ədəddən artıq) meyvələrin yeyilməsindən uzaq durmaları məsləhətdir. Ən vacibi isə sevdikləri idman növüylə məşğul olsunlar. Hamilə xanımlara 16-cı həftəsindən sonra hamiləlik platesi və ya aerobikası uyğundur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir