ZELZELE

Evdə zəlzələ vaxtı necə davranmalı? – TƏLİMAT

Baxış sayı: 2. 975

Zəlzələnin psixoloji təsiri. Əksər hallarda insanlar böyük fəlakətlər yaşamadıqları və fəlakətə qarşı hazırlıq keçmədikləri üçün güclü emosional stress keçirirlər. Lazımi hazırlıq işlərinin aparılması bu halları bir qədər azalda və ya aradan qaldıra bilər.

Dağıdıcı zəlzələ zamanı hətta hazırlıqlı insanlar belə özlərini itirə bilər. Bundan sonra bir qədər vaxt lazımdır ki, nə olduğunu anlayasan, vəziyyəti qiymətləndirəsən və birinci növbədə, nə etmək lazım olduğunu dərk edəsən. Bəzi insanlar tez yardıma qaçırlar, digərləri isə hələ nə baş verdiyini belə anlamırlar. Zəlzələnin əsas mənfi təsirlərindən biri insanların özlərini itirməsi və uçqunlar arasında özlərini tamamilə yalqız hiss etməsidir, yəni elə bil ki, dünyada sağ qalmış tək insan ancaq odur. Bəzi hallarda fəlakət zamanı zərərçəkmiş özünü anormal bir şəxs kimi aparır. Bu hal çox təhlükəlidir, eyni zamanda bu süni hərəkət digər insanların psixologiyasına olduqca pis təsir göstərə bilər.

Zəlzələyə fərdi hazırlıq. Baş vermiş hər bir zəlzələ insanlar üçün həm dərs, həm də imtahandır, özü də təkcə bu sahə ilə məşğul olan alim və mütəxəssislər üçün yox, həm də layihəçilər, inşaatçılar, iqtisadçılar və xüsusilə də seysmoaktiv ərazilərdə yaşayan insanlar üçün.

Dünya təcrübəsi göstərmişdir ki, əhalinin zəlzələ təhlükəsizliyi yalnız seysmik xidmət sahəsində çalışan mütəxəssislərin keyfiyyətli işindən asılı deyil. Ümumiyyətlə, bu sahədə görülən işlərin səviyyəsindən, yəni əhalinin zəlzələ haqqında olan biliyindən və onların psixoloji cəhətdən bu hadisəyə nə dərəcədə hazır olmalarından asılıdır. Zəlzələyə məruz qalan ərazilərdə əhalinin təhlükəsizliyi, müəyyən mənada ən çox elə onların özlərindən asılıdır. Fəlakət vaxtı təhlükəsizliyin təmin edilməsinə əvvəlcədən hazırlaşmaq lazımdır.

Zəlzələ baş verən zaman ilkin təkandan qorunmaq üçün ilk öncə bilmək lazımdır ki, insanların xəsarət almalarına və ya onların tələfatına səbəb olan amillər hansılardır?

Zəlzələ vaxtı adamın ayağının altındakı torpağın hərəkəti çox nadir hallarda insan tələfatına səbəb olur, tələfata əsas səbəb bina və qurğuların uçulub dağılmasıdır. Yeraltı təkanlar bina və qurğuları silkələdikcə daş və kərpiclərin, şüşə qırıntılarının və ev əşyalarının tökülməsinə, divar və tavanların dağılmasına və s. səbəb olur ki, bu da adamların xəsarət alması ilə nəticələnir. İnsan itkisinə birbaşa zəlzələ yox, insanların tikinti norma və qaydalarına əməl etmədən tikdikləri binaların uçulub dağılması və çökməsi səbəb olur. Deməli, əvvəlcədən zəlzələ təhlükəsini dəqiq müəyyənləşdirmək vacibdir. Bu hadisəyə səbəb olan amillər aşağıdakılardır:

ZELZELE

– otaqdakı mebellərin, asılmış və digər ağır əşyaların aşması və yerə düşməsi;

– binaların ayrı-ayrı hissələrinin uçması, divar daşlarının, karnizlərin, divara vurulmuş üzlük tavanlarının, işıqlandırıcı vasitələrin, eyvanların və s. uçub tökülməsi;

– qaz borularının zədələnməsi üzündən qaz sızmaları və elektrik şəbəkələrində yaranan qısa qapanmalar nəticəsində baş verən yanğınlar. Əksər hallarda su borularının da sıradan çıxması və bununla əlaqədar olaraq baş verən yanğınların söndürülməsində çətinliklərin yaranması;

– təlaş və vahimə içərisində olan insanların çaşqınlığı üzündən onların qeyri-adi düşüncəsi, hərəkətləri və s.

Göründüyü kimi, zəlzələ nəticəsində insanların ağır xəsarət almalarına və daha ağır faciələrə səbəb olan amillərin – ən qorxulusu bina və qurğuların ayrı-ayrı hissələrinin uçub dağılmasıdır.

Deməli, zəlzələdən qorunmanın ən başlıca və əsas şərtlərindən biri tikilən bina və qurğuları elə etibarlı və keyfiyyətli inşa etmək lazımdır ki, onlar baş verə biləcək yeraltı təkanların təsirinə tab gətirsinlər. Bir sözlə, tikinti işlərini elmi əsaslandırılmış və təcrübədə sınaqdan keçirilmiş zəlzələyə davamlılıq tədbirlərinə tam və keyfiyyətlə riayət etmək şərti ilə aparmaq lazımdır.

Ən başlıcası isə zəlzələyə fərdi hazırlıq olaraq və zəlzələdən insanlara dəyə biləcək xəsarəti minimuma endirmək üçün binaların zəlzələyə davamlılığının təmin edilməsinin əsas şərt olduğu nəzərə alınmalıdır.

zelzele 2

Zəlzələyə qədər nə etməli?

Adi şəraitdə harada olduğunuzdan asılı olmayaraq, əgər zəlzələ ilə üzləşməli olsanız, özünüzü necə aparmalı və hərəkətlərinizi hərtərəfli ölçüb-biçməniz vacib şərtlərdən biridir. Hətta, bəzi hazırlıq işləri də görülməlidir. Bunlar sizə qəflətən baş verə biləcək fəlakət zamanı qəza vəziyyətindən sağ-salamat çıxmağınıza kömək edə bilər.

Sözsüz ki, bütün baş verə biləcək hadisələri və onlara qarşı müdafiə tədbirlərini qabaqcadan nəzərdə tutmaq mümkün deyil. Ancaq bu o demək deyildir ki, heç nə etmədən və işinizi ehtiyatlı tutmadan salamat qalmağa ümid edəsiniz.

Zəlzələ gözlənilmədən yaşanılan anda aşağıdakı tədbirləri görmək daha məqsədəuyğundur:

– Baş verə biləcək güclü zəlzələ haqqında məlumatlı olmalısınız.

– Mənzillərdəki ağır ev əşyalarının vəziyyətini yoxlamaq, asılmış rəfləri, çilçıraqları, tərpənən və sürüşə bilən əşyaları möhkəm bərkitmək lazımdır. Yeraltı təkanlar nəticəsində düşərək insana xəsarət törədə biləcək ağır əşyaları mebel və hündür rəflərin üzərində saxlamaq məsləhət deyildir.

– Elektrik və qaz xətlərinin vəziyyətini tez-tez yoxlamaq lazımdır.

– Evinizin dəhlizini (çıxış yerlərini) artıq əşyalardan təmizləmək və elə səliqə-sahman yaratmaq lazımdır ki, təhlükə yaranan anda otaqdan çıxmağınıza heç nə maneçilik törətməsin.

– Yataq çarpayılarını böyük şüşəli pəncərələrdən aralı yerləşdirmək məsləhətdir.

– Hündür binalarda yaşayanlar zəlzələ baş verən anda evin içində müəyyən yerlərdə dayanaraq ilk təkanların başa çatmasını gözləməlidirlər (məsələn, qapının çərçivəsinin, çarpayının və masanın altında).

zelzele `1

Zəlzələ vaxtı nə etməli?

Zəlzələ baş verdikdə yerin titrəməsi çox qısa vaxt ərzində, yəni bir neçə saniyə, güclü zəlzələ isə ən çoxu bir dəqiqə müddətində davam edir. Bu titrəmələr insanlarda həddən ziyada xoşagəlməz bir hiss yaradır və onları qorxuya salır. Buna baxmayaraq insanların sakitcə və heç bir təlaş hissi keçirmədən titrəmələrin qurtarmasını gözləməkdən başqa digər çıxış yolu yoxdur.

Yerin və ya binanın titrəməsini hiss edən kimi özünün və yaxınlarının təhlükəsizliyini təmin etmək üçün təcili olaraq müvafiq təhlükəsizlik qaydalarına əməl olunmalıdır.

Təcrübələr göstərir ki, əksər hallarda insanlar ləng tərpəndiklərinə görə binanın silkələnməsi zamanı tavandan, divardan və s. tökülən əşya və qırıntılardan xəsarət alırlar.

Beləliklə, zəlzələ ilə harada və nə vaxt üzləşəcəyinizdən asılı olmayaraq aşağıdakıları bilmək və yadda saxlamaq vacibdir:

– Sakitcə gözləyin, ora-bura qaçmayın. Başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Yaxşısı budur ki, ilk təkan vaxtı harada olsanız, elə orada da qalaraq titrəyişin qurtarmasını gözləyin və ancaq bundan sonra təhlükəsiz yerə keçin. Əksər bədbəxt hadisələr ondan yaranır ki, insanlar tələsik mənzillərdən və binalardan çıxmağa və yaxud ora daxil olmağa tələsirlər. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən yerə tullanır ki, bu da çox vaxt xoşagəlməz hadisələrlə nəticələnir.

– Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Otağın daxili qapı boşluğunda və  daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də heç vaxt otağın xarici divarlarına yaxın yerdə durmaq olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir