ders

Uşaqların ev tapşırığı problemi – ARAŞDIRMA

Baxış sayı: 1. 667

“Üç övladım orta məktəbdə təhsil alır. Onlardan ikisi ibtidai sinifdə, biri yuxarı sinifdədir. İbtidai sinifdə oxuyan övladlarımdan birinin müəllimi o qədər ev tapşırığı verir ki, uşaq bütün günü sızıldayır, narazılıq edir. Digər övladımın müəllimi isə ev tapşırıqlarını normal verir. Uşağın oynamağa, əylənməyə vaxtı qalır”.

Bu sözləri bizimlə söhbətində valideyn Lamiyə Bağırova bildirdi. Onun sözlərinə görə, yuxarı sinifdə oxuyan böyük qızının da ibtidai sinif müəllimi ev tapşırığını çox verirmiş: “Amma böyük qızım enerjili olduğundan dərslərin çoxluğundan narazılıq etmirdi. Oğlum Rəvan isə əksinə, bütün günü şikayəti ilə məni də yorur. Bir də görürsən, təkcə riyaziyyatdan müəllim 3-4 vərəq məsələ, misal verir. Hansı ki, 3-4  səhifə yox, 3 dənə verməsi onun dərsi tam mənimsəməsi üçün kifayət edər. Uşağa yazığım gəlir, amma tapşırıqların hamısını etməsə, qiyməti aşağı olacaq deyə, onu tapşırıqlarını etməyə məcbur edirəm. Hətta nə yalan deyim, uşaq yorulanda bəzən onun yerinə özüm edirəm”.

 

“Bütün məzmun məktəbdə, dərs zamanı öyrədilməlidir”

Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrətin fikrincə, orta məktəblərdə dərs deyən müəllimlər, əsasən də ibtidai sinif müəllimləri şagirdləri əlavə tapşırıqlarla çox yükləməməlidirlər: “Bu zaman müəllimlər bir neçə məqama xüsusi diqqət yetirməlidir. Öncə öyrəniləcək mövzu elə sinifdəcə şagirdlər tərəfindən mənimsənilməlidir. Sonra əlavə biliklərinin artırılması və ya yüksək üstünlüyü olan şagirdlərin bilgilərinin möhkəmləndirilməsi üçün evdə məşğuliyyət üçün tapşırıq verilə bilər. Nəzərə almaq lazımdır ki, bütün ailələrdə yüksək ali təhsil almış valideynlər olmur. Yəni elə ailələr var ki, orada valideynlər yalnız orta və ya tam orta təhsilli olurlar. Bundan əlavə, bir çox ailələrdə evin böyükləri bütün günü işdə olur, övladları ilə evə verilən tapşırıqların yerinə yetirilməsinə ayrıca vaxt ayıra bilmirlər. Bu zaman şagird evdə tapşırığı ya yarımçıq, ya da heç edə bilmədiyindən səhəri müəllim tərəfindən tənqidlə üzləşir. Müəllim şagirdin nailiyyətini doğru qiymətləndirməyərək, onu zəif şagird kimi dəyərləndirir. Bu da təbii ki, həmin şagirdin psixologiyasına mənfi təsir edir və məktəbə gəlmə həvəsinin sönməsinə gətirib çıxarır”.

A.Həsrət deyir ki, şagirdə evə mövzunun təkrarlanması üçün yüngül tapşırıq verilə bilər, ancaq əslində verilməməlidir: “Tapşırıq yalnız təhsilində daha çox irəliləyişi olan, olimpiadalarda iştirak üçün seçilmiş şagirdə əlavə məşğuliyyəti üçün verilə bilər. Dərs zaman keçirilən mövzu sinifdəcə şagirdə ötürülməlidir. Müəllimlərin bəziləri özlərinə qaranlıq qalan tapşırığı evə verməsi halları da olur. Bəzən müəllim şagirdlərə sinifdə edə bilmədiyi tapşırığı verir ki, həllini tapıb gətirsinlər. Belə hallarda da çətin tapşırığı yerinə yetirə bilməyənlər zəif nəticəli şagird kimi qiymətləndirilir. Düşünürəm ki, bu cür halların qarşısının alınması üçün müəllimlər evə əlavə çətin tapşırıq verməməlidirlər. Bütün məzmun məktəbdə, dərs zamanı öyrədilməlidir. Yalnız layihə hazırlamaq kimi tələb olunan dərslərdə, (o da həftə sonuna düşsə daha səmərəli olar – A.H.) əlavə maraqlı tapşırıqlar verilə bilər”.

 

“Uşaqları məktəbdən soyutmaq, dərslərə nifrət etdirmək olmaz”

Sosioloq-jurnalist Lalə Mehralı deyir ki, şagirdlərin dərs yükünün çoxluğunu öz övladı məktəbə gedənədək bilməyib: “İndi oğlum 3-cü sinifdə oxuyur və mən onun timsalında bütün şagirdlərin məktəbdən və dərsdən narazılığını görə bilirəm. Ağır dərslərin ilk sinifdən etibarən keçilməsi bir problem, dərslərdən evə verilən tapşırıqların çoxluğu ayrı bir problemdir. Əvvəllər xarici dil kimi rus, ingilis, alman dilləri orta məktəbdə 5-ci sinifdən etibarən keçilirdi. Amma indi uşaq məktəbə gedən gündən xarici dil tədrisinə başlayırlar. Olsun, dil öyrənmək üstünlükdür, amma bu qədər çox qəliz hala gətirməyin nə mənası var? 3-cü sinifdə oxuyan oğluma müəlliməsi bir dəfəyə iş dəftərindən 3 səhifə ev tapşırığı verir. Uşaq yazır, yorulur, narazılıq edir, həmin fənnə qarşı aqressiv olur. Xüsusilə rus sektorunda təhsil alan uşaqlar çətinlik çəkir, onlar 3 dili eyni zamanda öyrənməlidirlər – rusca, Azərbaycanca və ingiliscə. Rus dili təhsil aldıqları dildir, bu qaçılmazdır, Azərbaycan dili dövlətin dilidir, öyrənmələri vacibdir, bəs ingilis dili? Onu 1-ci sinifdən tədris etmək niyə bu qədər vacib hesab edilir? Bir az gözləmək, uşaqlar məktəbə alışanadək, yorulmadan oxumağı öyrənənədək bu dərsi tədrisə salmaq olmazmı?”.

L.Mehralı bir çox müəllimlərin 1-ci sinifdə oxuyan uşağa əlavə tapşırıq kimi xüsusi vərəqdə çap edilmiş 150-200 misal verməsinin yolverilməz olduğunu bildirir: “Toplama, çıxma uşaq üçün maraqlıdır, amma 200 misalı edəndə bu maraq etiraza, sonra qəzəbə dönür. Uşaqları məktəbdən soyutmaq, dərslərə nifrət etməsi üçün bu kimi xırda görünən, amma əslində çox böyük olan problemlər var. Onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Axı onların mənəvi ehtiyacları var, bunu ödəyə bilmədikdə dərs onlara cəlbedici gəlmir, sadəcə əzbərçilik edirlər”.

 

Hər bir uşağa fərdi yanaşmaq lazımdır

Psixoloq Hüseyn Xəlilov da evə çox tapşırıq verilməsinin əleyhinədir. Deyir ki, uşaq məktəbdə olduğu müddətdə onsuz da 4-5 saat ərzində müəyyən şeyləri qavrayır, həvəslə öyrənməyə çalışır, onun məsuliyyətini dərk edir: “Amma evə gəldiyi zaman rahat, azad, sərbəst  olmaq istəyir. Məktəblə ev arasında özü üçün bir qurum yaradır ki, məktəbdə dərs edir, amma evdə dincəlir, oynayır, cizgi filminə baxırlar və s. Uşaq bunu belə dərk edir. Buna görə də müəllimlər evə çox cüzi tapşırıq verməlidirlər. Çünki çox tapşırıq uşağı həm bezdirir, həm yorur, həm də unutmaq lazım deyil ki, uşağın fiziologiyası var. O, dincəlmək, sərbəst olmaq istəyir. Hər bir uşaq fərddir, individualdır. Elə uşaq var ki, saatlarla oxumağı, yazmağı  xoşlayır. Elə uşaq da var ki, çox oxuyub yazmaqdan bezir, stol arxasında çox otura bilmir, yorulur, bunun stresini yaşayır. Valideyn də övladının üzərinə düşüb dərsini etməsini tələb edəndə daha da əsəbiləşir. Buna görə də müəllimlər evə tapşırıq verərkən uşağı hədsiz dərəcədə yükləməməlidirlər. Yüklənmə zamanı uşaq növbəti dərsə adaptasiya ola bilmir, yorulur, bezir, həvəsdən düşür. Çünki evdə uşağın təkcə dərs etmək öhdəliyi yoxdur. O, asudə vaxtını özünə görə səmərəli keçirmək, dincəlmək, əylənmək istəyir”.

Psixoloqun sözlərinə görə, hər bir şagird individual olduğuna görə, onlara yanaşma da fərdi olmalıdır: “Müəllim ev tapşırıqlarını verərkən uşaqlara fərdi yanaşsa, onların psixologiyasını, motivasiya tələblərini öyrənsə, bu zaman şagirdlər daha verimli olar, daha rahat çalışar. Amma hamıya eyni gözlə baxıb evə həftədə riyaziyyatdan 200-300 misal versə, təbii ki, bəzi uşaqlar artıq ikinci, üçüncü dəfə bezəcək və verilən tapşırıqları etməkdən boyun qaçıracaq”.

 

“İbtidai sinif materialları 26 yaşlı gəncin beyninə uyğundur”

Təhsil eksperti Kamran Əsədov təəssüflə bildirir ki, ibtidai sinif şagirdlərinə evə çox tapşırıq verilməsi düzgün deyil. O da düşünür ki, bu, uşağın oxumağa həvəsini “öldürə” bilər: “İnkişaf etmiş ölkələrdə heç evə tapşırıq verilmir. Düzdür, buna səbəb həmin ölkələrdə dərsin səhərdən axşama kimi davam etməsidir. Bu zaman uşaq dərslərini məktəbdə edir. Bu sistem olan ölkələrdə şagirdə günorta yeməyi də verilir. Amma bizdə bu sistemi bəzi xüsusi təyinatlı məktəblər istisna olmaqla bütün orta məktəblərə tətbiq etmək mümkünsüzdür. Bu səbəbdən də evə tapşırıq vermək qaçılmazdır. Amma hər fəndən 2-3-dən artıq tapşırıq vermək uşağı bezdirə bilər. Verilən tapşırıqlar isə sinifdə verilənin təkrarı olmalıdır ki, şagird çətinlik çəkmədən evdə özü edə bilsin. Çünki elə valideynlər var ki, savadı yoxdur, övladına yardım edə bilmir. Müəllimlərimiz bunları nəzərə almalıdırlar”.

K.Əsədovun fikrincə, evə çoxlu tapşırıq verilməsi bir dərd, dərsliklərin uşaqların yaşına uyğun olmaması başqa bir dərddir: “Türkiyədən Azərbaycana mütəxəssislər gəlmişdi, bizim ibtidai sinif materiallarını analiz etdilər. Məlum oldu ki, sözlərin çətinliyinə, dərsin məzmununa görə, ibtidai sinif materialları 26 yaşlı gəncin beyninə, götürmə qabiliyyətinə uyğundur. Başa düşmürəm, bu dərslikləri nəyə, hansı mənbələrə əsasən yazırlar.

 

Nazir “olmaz” desə də…

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov da çıxışlarında qeyd edib ki, ibtidai siniflərdə ev tapşırıqlarının həcminin çoxluğu kurrikulumla bağlı deyil: “Əslində, müasir tələb bundan ibarətdir ki, evə tapşırıq aşağı siniflərdə ya heç verilməsin, ya da çox az həcmdə verilsin. Çünki təlim materialları, əsasən, sinifdə mənimsənilməlidir”.

Buradan belə nəticəyə gəlmək olar ki, evə çox tapşırıq verən müəllimlərin ya nazirin dediyi müasir tələbdən xəbəri yoxdur, ya da onlar sinifdə özünün əziyyət çəkməyindənsə, evdə şagirdin və valideynin əziyyət çəkməsinə üstünlük verir. Problemin həlli üçün isə təbii ki, aidiyyəti orqanlar bir çox ibtidai sinif müəllimlərinə ya təlim keçməli, ya da nəzarət etməlidir. Əks təqdirdə, şagirdlərin çoxu Rəvan kimi dərsdən bezəcək və bir az böyüyəndə çıxış yolunu dərsdən qaçmaqda görəcəklər. Rəvan 2-ci sinifdə oxuyur və əlaçıdır. Amma məktəbə nifrət edir. Deyir ki, müəllimi o qədər dərs verir ki, evdə oynamağa vaxtı qalmır: “Evdə də anam bütün günü “oxu, yaz” deyir. Buna görə də məktəbə getmək istəmirəm, müəllimimi də sevmirəm. Böyüyüb güclü olanda heç kimə qulaq asmayacam və məktəbə getməyəcəm”. (Kaspi.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir