Bir müddət əvvəl toy və yas mərasimlərində israfçılığın qarşısının alınması üçün hamı “səfərbər” oldu. Hamı asdı-kəsdi, tövsiyələr, bəyanatlar verdi. Amma çiyafda… Deyir, “dəyirman öz işindədir, çax-çax baş ağrıdır”. Pafoslu çıxışlara rəğmən, yenə də ehsan süfrələrində “stoliçni” salatdan tutmuş, “quş südü”nə qədər hər təamı dadmaq imkanına malikik. Toylar da ki, öz yerində…
Bu dəfə toxunmaq istədiyim məsələ, mərasimin sahibi yox, qonaqları ilə bağlıdır. Məclis sahibi süfrəni geninə-boluna açanda, istər toya, istərsə də yasa gələnlərin böyük çoxluğunu yalnız bir məsələ düşündürür: qarnını doyurmaq. Nə ölü yiyəsinin dərdinə şərik çıxırlar, nə də toy yiyəsinin sevincinə…
“Din çox yeməyi haram sayır”
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, ilk baxışdan sadə görünən bu mövzunun arxasında ciddi problemlər var:
“Hər bir sosial sistemin davranışındakı xüsusiyyətlər onun daxilindəki problemlərdən xəbər verir. İndi bizdə çox yayılan bu qarınqululuq xüsusiyyəti necə qiymətləndirilə bilər? Hansı tərəfdən baxsaq, ancaq mənfi bir xüsusiyyətdir. Elə ilk olaraq onu qeyd etmək lazımdır ki, islam dininin özü qarınqululuğa çox tənqidi münasibət bəsləyir. İslamda çox yemək haram sayılır. Yəni məsləhət görülür ki, yemək yedikdə, süfrədən bir az ac olaraq əl çəkilsin. Qarınqululuq isə nəinki bir az ac olmaq, həm də qədərindən artıq yeməkdir. Bu mənada bütün qarınqulu adamlar haram işlə məşğuldur. Ümumiyyətlə, İslamda istənilən israfçılıq haram sayılır. Məlumdur ki, İslamda yalnız o şeylər haram sayılır ki, onlardan ziyan, insan üçün təhlükə gəlir. Bu, işin dini tərəfi”.
Qarınqululuq bir çox xəstəliklərin əsasını qoyur
Ə.Qəşəmoğlu bildirib ki, bir çox xəstəliklərin mənbəyi də qarınqululuqdur:
“Qarınqululuq əksər halda şişmanlıq, artıq çəki yaradır ki, bu da müxtəlif xəstəliklərin riskini xeyli artırır. Ümumiyyətlə ta qədimdən, mədəni insanlar arasında qarınqululuq bir mədəniyyətsizlik sayılır. Bir yadınıza salın, hətta toyda belə süfrə arxasındakılardan biri qarınululuq edəndə ətrafdakılar ona bir qədər rişxəndlə baxırlar. Qarınqululuq eyni zamanda iradəsizlik əlamətidir. Bütün Şərq müdrikliyi, o cümlədən bütün dinlər, eləcə də Nəsrəddin Tusinin “Əxlaqi – Nasiri” bizə öyrədir ki, o insan gözəl əxlaqlı, mədənidir ki, o öz nəfsini tərbiyə edə bilir. Qarınqulu adam kənardan hər kəsə deyir ki, bu adam öz qidalanmaq nəfsini tərbiyə edə bilmir. O zaman onun başqa nəfslərini idarə edə bilməməsi ehtimalı da yaranır. Qarınqululuq israfçılıq olduğu üçün ciddi iqtisadi ziyan da vurur. Estetik cəhətdən eybəcərlik yaradır. Beləliklə, hansı cəhətdən yanaşsaq, qarınqululuq istər fərd, istərsə də cəmiyyət üçün mənfi göstəricidir”.
“Mərasimlər yeyib-içmək məclisinə çevrilib”
Sosioloq hələ də camaat arasında “yeyib-içən oğlan olmaq”ın bir tərif kimi səslənməkdə olduğunu təəssüflə qeyd edib:
“Bu baxımdan indi bizim toylarımız, bəzi yas mərasimlərimiz cəmiyyətimizin çox tənqid olunan göstəricəlirinə çevrilib. Ayıb sayılacaq bir haldır. Neyləməli? Qarınqululuq bir davranış formasıdır. Hər bir davranış formasını da formalaşdıran konkret amillər var. Bu amillər əsasən aşağıdakılardır:
1) mühit, cəmiyyət;
2) informasiya, maariflənmə dərəcəsi;
3) fərdin, sosial qrupun üstünlük verdiyi dəyərlər.
Deməli, konkret olaraq aşağıdakı işlər görülməlidir. Bu toy mafiyası nə qədər müqavimət göstərsə də, indiki toy qaydaları tezliklə aradan götürülməlidir. Hər bir müasir toy süfrəsi xalqımız üçün antireklamdır. İctimai-iaşə yerlərində aşırı qidalanma qınaq obyektinə çevrilməlidir. Qarınqululuğun fəsadları ilə bağlı ciddi maarifləndirmə işləri aparılmalı, mənfi davranış forması kimi ciddi tənqid obyekti sayılmalıdır. Sağlam qidalanma davranışı bizim mədəniyyət sistemimizə dərindən daxil olmalıdır.
Təəsüf ki, indiki vaxtda xeyir, şər məclislərimiz öz mahiyyətinə, fəlsəfəsinə görə təşkil olunmur. Xüsusilə toy məclisləri yeyib-içmək məclislərinə çevrilib. Əslində toya getməlidirlər ki, toy sahibinin sevincinə şərik olmağa. İndi nə baş verir? Toy sahibi əsasən qonaqları dəvət edir ki, toy xərclərini çıxara bilsin. Qonaq yaxın günlərdə bir neçə toya çağrıldığı üçün bir qədər gərgin halda toya gəlir. Toy sahibinin sevincinə şərik olmaq əvəzinə ancaq yeyib-içməklə məşğul olur. Masa üzərində əndazədən çıxmış sayda lazımlı və lazımsız yeməklər qalaqlanır. Təbii ki, həmin yeməklərdən növbəti gün şadlıq sarayında keçiriləcək toy üçün də saxlanılır”. (Modern.az)