Dövr dəyişdikcə dəb də dəyişir. Bir vaxtlar nazik qaşlar dəbdə idisə, artıq xanımlar qalın qaşlara üstünlük verirlər. Dəbin tələbi ilə ayaqlaşmaq isə bəzi xanımlara elə də asan başa gəlmir. Qaşları seyrək olan xanımlar bunun üçün əvvəllər xüsusi qələmlərlə qaşlarını korreksiya edirdilərsə, artıq kosmetologiyada buna da bir çarə tapılıb. Söhbət son zamanlar dünyada olduğu kimi, Azərbaycanda da məşhurlaşan permanent makiyajdan gedir. Artıq paytaxtda salonların üzərində, internetdə, hətta sosial şəbəkələrdə də permanent makiyajın reklamlarına rast gəlmək mümkündür. Bəs permanent makiyaj nədir?
Öncə sosial şəbəkələrdə tez-tez reklam edilən permanent makiyajın qiymətlərinə nəzər saldıq. Bəlli oldu ki, permanent makiyaj heç də ucuz başa gələn kosmetoloji prosedur deyil. Bu kosmetoloji xidmətin qiyməti 50, 80, 150, hətta 200 manatadək dəyişir. Amma apardığımız araşdırma zamanı o da bəlli oldu ki, gözəlləşmək, dəblə ayaqlaşmaq üçün qadınların bəzən 200 manatından keçdiyi bu xidmət onlara sağlamlıqları bahasına da başa gələ bilər. Həmsöhbətimiz uzun müddətdir bu sahədə çalışan permanent makiyaj ustası Sevinc Mustafayevadır.
S. Mustafayeva deyir ki, permanent makiyaj tatuajın, yəni döymənin bir növüdür. Permanent makiyajın döymə qaşlardan əsas fərqi isə daha təbii görünməsidir. Belə ki, permanent makiyajda boya qaşa tük üsulu ilə çəkilir. Qaşda qalıcılıq müddəti 6-9 ay, yaxud da bir il yarım və 2 il ola bilər: “Permanent makiyajda boya qaşın dərisinin bir qat altına yeridilir. Prosedur xüsusi avadanlıqla, yaxud əllə işləməklə həyata keçirilə bilər. Buna permanent makiyajı edən usta qərar verir. Bu prosedurda çox nazik, yəni qaşın tükü nazikliyində xüsusi iynələrdən istifadə edilir. Həmin iynələr vasitəsilə boya dərinin bir qat altına yeridilir”.
Ustanın sözlərinə görə, prosedur zamanı istifadə edilən boyanın və digər materialların keyfiyyətli olması şərtdir: “Mən bu makiyajda Amerika istehsalı olan, təbii boyalardan istifadə edirəm. Çünki bu boya dərinin altına yeridilir. Nəzərə almaq lazımdır ki, bu boya müəyyən müddətdən sonra limfa ilə sovrulur. Ona görə də təbii olmalıdır ki, orqanizmə mənfi təsiri olmasın. Bu, əsas şərtlərdən biridir. Permanent makiyaj zamanı allergik vəziyyətin yaranmaması üçün də boya təbii olmalıdır. Müştərilər bu məsələyə ciddi önəm verməlidirlər. Çünki onların sağlamlığı üçün vacibdir”.
Permanent makiyajda istifadə olunan boyanın keyfiyyəti nə qədər vacibdirsə, istifadə edilən digər materialların da gigiyenikliyi o qədər vacibdir. O ki qaldı bu makiyajla hansısa təhlükəli infeksiyaların insana keçməsinə, S. Mustafayeva bunun da istifadə edilən avadanlıqların gigiyenik olması ilə bağlı olduğunu söyləyir: “Çox təəssüf ki, bəzən permanent makiyaj edib yerdə qalan boyanı müştəriyə verirlər ki, növbəti dəfə gələndə özləri ilə gətirsinlər. Bu, doğru deyil. Boya, alətlər, hətta əlcək belə, permanet makiyaj edilən an açılmalı, istifadədən sonra atılmalıdır. Çünki bəzən permanent makiyajda qan da çıxır. Əgər boya və alətlərdən təkrar istifadə olunursa, bu, olduqca təhlükəlidir. Hətta eyni boyadan başqa müştəriyə istifadə etmək də düzgün deyil. Əlbəttə ki, gigiyenik qaydalara əməl olunmazsa, insana hansısa infeksiyanın keçmə ehtimalı ola bilər”.
Sevinc xanım permanent makiyajdan yalnız dəb xətrinə deyil, yaşa görə qaşların seyrəlməsində və çapıqlar zamanı istifadə olunduğunu deyir: “Elə xanımlar var ki, onların qaşı anadangəlmə seyrəkdir. Bəzilərində isə seyrəlmə yaşla bağlıdır. Hətta bizim müştərilərimiz var ki, qaşında çapıq olduğu üçün tük çıxmadığından bu makiyaja müraciət edib. Ancaq onu da deyim ki, permanent makiyajdan istənilən yaş qrupunda insanların yararlanması mümkündür”.
Qiymətlərin dəyişməsinə gəlincə, həmsöhbətimiz bildirir ki, bu, qaşın simmetrik olaraq çəkilməsindən asılıdır: “2D, 3D və 6D permanent makiyaj növləri var. Müştəriyə hansı növü tətbiq etməyi biz müəyyənləşdiririk. Elə qaşlar var ki, təkcə dikinə tüklər deyil, yastı, çarpaz tüklərin də çəkilməsinə ehtiyac var. Bu zaman 6D makiyajdan istifadə edilir. Bu xidmət artıq Bakıda populyarlaşıb. Səbəb isə tələbatın olmasıdır. Amma bunun üçün mütləq peşəkara müraciət edilməlidir. Yəni müştəri seçim zamanı, əlinin işinə bələd olan ustaya müraciət etməlidir ki, sonra fəsad yaranmasın”.
Həmsöhbətimiz permanent makiyaj zamanı istifadə olunan boyanın təbii qaşın çıxmasına əngəl olması barədə iddialara da aydınlıq gətirdi: “Bu fikir doğru deyil. Əgər boya təbiidirsə, tükün soğanağına heç bir təsir göstərə bilməz. Həm də nəzərə almaq lazımdır ki, boya dərinin ən üst qatına yeridilir. Bu, ancaq aLlergiya zamanı qaşların tökülməsi ilə müşahidə oluna bilər. Bunun üçün də mütləq boya təbii olmalıdır ki, dəridə allergiya yaratmasın. Bütün hallarda permanenet makiyajın peşəkar tərəfindən incə alətlə həyata keçirilməsi şərtdir”.