aile

Geştalt terapiyasında ailəyə baxış

Baxış sayı: 1. 957

“Uşağım dediyimi dinləmir” cümləsilə “ Uşağıma dediyimi dinlədə bilmirəm”, “Atam və anam mənim nə istədiyimi başa düşmür” cümləsilə “ Ata və anama nə istədiyimi düzgün  başa sala  bilmirəm” cümlələri arasındakı fərq kimidir əslində ailə olmaq. Ta uşaqlığımızdan bəri ailə qavramı başa salınır bizə. Ən çox rastlaşdığımız tərif olaraq, Ailə –  ata, ana, uşaq və digər insanların bir ev içərisində yaratdıqları birlik kimi başa düşülür.  Ailə eyni zamanda  bir-birindən  fərqli  düşüncə ,duyğu və ehtiyaclara sahib fərdlərin bir arada yaşadığı bir sistem olaraq da dəyərlədirilə bilər. Ata,ana və uşağın əmələ gətirdiyi bu sistem onu yaradan hər bir fərd üçün   göründüyündən daha çox, daha önəmli bir məna və rola malikdir.  Elə isə  düşünmək lazım, həmişə bir arada qala bilmək, bu birliyi qoruya bilmək göründüyü qədər asanmı olur hər zaman? Əlbətdəki yox….

Geştalt terapiyası 1940- ci ildə Fritz Perls, həyat yoldaşı Laura Perls tərəfindən inkişaf etdirilmişdir. Geştalt terapiyası dedikde ağıla gələn ilk şey “ Bir bütün onu əmələ gətirən hissələrin sayından daha çoxdur” şüarı olur.  Bir kimsəni sadəcə hər hansı bir xüsusiyyətinə görə dəyərləndirmək onu bir insan olaraq var edən bütün digər özəlliklərini gözdən qaçırıb itirmək deməkdir. Kimisə yaxşı və ya pisdir deyə kəskin kateqoriyalara ayırmaq düzgün deyildir.  Çünki hər ikisinin də  müəyyən situasiyalarda hər iki üzü çıxa bilər ortaya. Ona görə də bir insanı düzgün şəkildə anlamaq ancaq ona bir bütün olaraq baxıldığında mümkün ola bilir.

Geştalt terapiyası görə ailə də bir bütündür və bu bütünün parçaları ailə fərdlərindən ibarətdir. Ailədəki bütün fərdlər həyata fərqli pəncərədən fərqli gözlərlə baxırlar desək yanılmış olmarıq yəqin ki.  Ailədəki hər bir fərd ailə mühitinə özünəməxsus şəkildə təsir edir və eyni zamanada özü də bu mühitdən təsirlənir. Bu fəlsəfəyə görə əslində terapiyaya gətirilən uşağın “ ipə-sapa yatmamaq,uyğunlaşa bilməmək “ kimi bir problemi yoxdur. Burada problemə        “ ona baxanlar ilə uşaq arasındakı uygunsuzluq” kimi baxılır. Terapiya müddətinə ailə birliyinin bütün parçaları və onlar arasındakı münasibətlər incələnir və dəyərləndirilir. Çünki ailənin gücü birlikdə qiymətləndirilir və əslində ailənin gücü onun ən zəif fərdinin gücü qədərdir. Odur ki problem yaranmışsa əgər bu problem  fərdin yaşadığı və böyüdüyü bütün ailənin problemi  səviyyəsinə qaldırılır. Bir uşaq hərəkətli, ətrafdakı hər şeyə olduqca maraq göstərən,həssas bir xüsusiyyətlə dünyaya gələ bilər.  Ancaq uşağa baxan ailə onun bu hərəkətliliyinə uyğun bir şəkildə müşayiət etməzsə, maraqlarını kifayət qədər qarşılamaz və həssaslığına uyğun dərəcədə münasibətdə olmazsa onda bu aşırı aktivlik  aqressiyaya , yaramazlığa, qarşılanmayan maraq və ehtiyaclar isə zərərli vərdişlərə,sevgi və diqqət əksikliyinə gətirib çıxara bilər. Odur ki, uşağın hansı davranışı nə zaman və nə şəkildə sərgilədiyi, eyni zamanda valideyinin bu davranışlara nə vaxt, necə reaksiya verdiyi terapiya müddətincə üzərində ən çox durulan mövzulardır.

Məsuliyyət götürüb, başqasının dəyişməyəcək özəlliklərini qəbul edə bilmək, qarşındakına onun nöqteyi nəzərindən baxa bilmək, “burda və indi” düşüncəsi ilə yanaşma Geştalt terapiyasının digər bir məsələsidir.  Keçmişdə yaşanan hər hansı bir hadisənin o an, orada, həmin fərd tərəfindən necə qəbul edildiyi ,indinin özündə belə onda nə hisslər oyandırdığı ən əsas hal kimi diqqətə alınır. Və bunun üzərindən yola çıxılaraq həmin problemə ailənin digər fərdlərinin də baxış bucağı öyrənilir,məsələnin həlli yolunda uyğun addımlar atılır.

Dəyişmək, problemin fərqinə varmaq və onu qəbul etməklə başlayır. Sadəcə bütünə baxmaq onda olan fərqli hissələrin gözdən qaçırılmasına ( problemin gözardı edilməsi kimi) səbəb ola bilər. Sadəcə hissələrlə maraqlanmaq isə bütünün əmələ gətirdiyi  böyük və gözəl bir “tablonu”   poza bilər ( ailəni xırda problemlərə görə dağıtmaq kimi).   Odur ki psixoloqunuz sizə ehtiyac olduğu təqdirdə tablonuzdakı bəzi rənglərin uyğun şəkildə birləşdirilməsi və bəzən də çox fərqlilik göstərən rənglərin açılıb tabloya uyğun bir hala salınmasında yaxından kömək edə bilər.

Özünüzü və ailənizi etibarlı əllərə əmanət edin və hər zaman harmoniyada qalın…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir