Bilal

Bilal Əliyev: “Orta məktəbdə oxuyanda, anam deyir di ki, “mama qurban, sən işləməsən, ac qalarıq”

Baxış sayı: 2. 313

Çox keşməkeşli həyatı olub. Hələ 8 yaşından pul qazanmağa başlayıb. Orta məktəbdə oxuyanda restoranda, kolxozda, tikintidə fəhlə kimi çalışıb, ailələrinə pul aparıb. Kənddə böyüyən və özünün də etiraf etdiyi kimi, dərslərini yaxşı oxumayan müsahibimiz ali təhsil alacağını heç ağlına da gətirməyib. Amma zəhmətsevərliyi, gözəl səsi və qarşısına çıxan şansları düzgün qiymətləndirmək bacarığına görə xəyalına belə gətirmədikləri gerçəkləşib. Bu dəfə Xalq artisti, 290-dan yuxarı mükafatın laureatı Bilal Əliyevin keçmişinə nəzər saldıq…

 

Bir-birimizin köhnəsini geyinə-geyinə böyümüşük

1959-cu ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində kasıb ailədə dünyaya göz açıb. Ailədə 10 uşağın üçüncüsüdür: “İnsan nə qədər varlı olsa da, etiraf edək ki, 10 uşaq böyütmək o qədər də asan deyil. Bizdə adətən paltar böyüklər üçün alınırdı. Növbəti il onun əynindən çıxanı kiçik uşaq geyinirdi. Bir sözlə, bir-birimizin köhnəsini geyinə-geyinə böyümüşük. Amma ailəmiz çox mehriban olub. Rəhmətlik anam ailəcanlı idi, atamı da çox sevərdi. Bizdə belə bir adət var idi ki, axşam atam evə gəlməmiş qazanın ağzı açılmazdı. 10 uşaq acından özünü “öldürsə” də, anam deyərdi ki, “qoy atanız gəlsin sonra”.
Atası restoranda aşpaz kimi çalışıb. 10 uşağı saxlamaq üçün dəridən-qabıqdan çıxıb. Bu işdə ona yaxından kömək edən isə atasının adını qoyduğu oğlu Bilal olub: “Atamın 84 yaşı var. Gündə 4-5 dəfə ona zəng vurub əhvalını soruşmasam, rahatlıq tapmaram. Onun bütün problemlərini həll etməyə çalışıram. İmkan olanda isə mütləq ayda 1-2 dəfə atama baş çəkir, bir həftə yanında qalıram. Çünki zamanında o, mənim əziyyətimi çox  çəkib”.

 bilal

“Mənə görə atam icbari iş aldı”

6 yaşından etibarən müsahibimiz atası ilə birlikdə restorana getməyə başlayır: “Atamın yanında həm ticarəti, həm də aşpazlığı öyrəndim. 8 yaşımda artıq bir restoranı idarə etmək qabiliyyətində idim. Hətta bir dəfə atam və bufetçi toya getdiyinə görə restoranı mənə həvalə etdilər. Təxminən 10 yaşım olardı. Həmin gün müştərinin az olan günü idi. İşlərin öhdəsindən yaxşı gəlirdim. Günorta restorana üç kişi gəldi. Məndən burada kimin xidmət etdiyini soruşdular. Əlimi sinəmə vurdum ki, “kim xidmət edəcək, mən”. Təəccüblə baxıb menyunu istədilər. Hərəsi bir pay kabab sifariş verdi. Manqalı yandırdım və 3 pay onlar, bir pay özüm üçün kabab bişirdim. Kababı stolun üstünə qoysam da, yemədilər, xısın-xısın danışmağa başladılar. Mən də kənardan bunlara baxıram. Bir də gördüm, biri cibindən balaca daş tərəzi çıxardı. O vaxt dövlət tərəfindən restoranlara göndərilən komissiya üzvlərinin cibində bu tərəzi olardı. Lülə kababı tərəziyə qoyub çəkəndə anladım ki, komissiyadırlar. Əsəbiləşdim. Onların yanına gedib “çəkisini bilmirdim, çox yağlı olduğuna görə yağı əriyib, ocağın üstünə tökülüb” və s. kimi bəhanələrlə özümü müdafiə etməyə, vəziyyətdən çıxmağa cəhd etdim. Onlar da mənə heç nə demədilər, yazdılar-pozdular, getdilər. Sabahısı atam üzümdən öpüb dedi ki, “oğlum, narahat olma, bizi məhkəməyə veriblər”. Məhkəmədə çıxış etdim və mənim çıxışıma görə atamı da, bufetçini də bağışladılar. Dedilər ki, bu oğlan zirək olduğuna görə sizə icbari iş veririk. Amma bir də işi uşağa həvalə etməməklə bağlı xəbərdarlıq etdilər”.

 

“Müəllimlər hörmət edib “3” yazırdılar”

Başqa uşaqlar kimi yeddi yaşından o da məktəbə gedir: “Amma, açığını deyim, yaxşı oxumurdum. Yaxşı qiymət aldığım fənlər musiqi və idman idi. Ədəbiyyatdan isə normal qiymət alırdım. Qalan fənlərin hamısından əslində “2”-yə layiq idim, amma kənd yeri olduğundan hörmət edib “3” yazırdılar”.
Bütün fikrini-zikrini restorana verir: “Görürdüm ki, atam bir gün göyərti, başqa bir gün noxud aldırmayıb. Onda da təbii ki, müştərilər narazı qalırdı. O vaxt adətən pivə ilə noxud verirdilər. Doqquz yaşım olardı. Atama dedim ki, “onsuz da dərsdən sonra sənin yanına gəlirəm, həm məktəbə gedərəm, həm də səhər tezdən gedib göyərti, noxud alaram, müştərilərimiz də daha çox olar. Razılaşdı. Noxudu axşamdan isladırdım ki, səhərə hazır olsun, göyərtini də səhərlər tərtəmiz yuyub hazır qoyurdum. Atamla belə şərt kəsdim ki, göyərtinin və noxudun qazancı mənim olacaq. Bəzən dərsə gedir, bəzən qalırdım. Məktəbdə getməli olanda hər şeyi axşamdan hazır edib qoyurdum ki, sabah günorta yeməyindən sonra işə gələcəm. Sonra yavaş-yavaş pomidor-xiyarı da özüm almağa başladım”.

 

“Mama qurban, sən işləməsən, ac qalarıq”

Atasının və özünün restoranda işləmədiyi vaxtlarda isə həmsöhbətimiz boş dayanmır. Ailələri puldan korluq çəkən kimi fəhlə kimi müxtəlif işlərə baş vurur: “Kolxozda daim iş var idi. Yazqabağı yer şumlamaq, tirə vuraraq gələn suyun istiqamətini dəyişmək, arx çəkmək, pambıq vaxtı pambıq yığmaq və s. işləri görürdüm. Balaca uşaq idim, günə 100 kq pambıq yığırdım. Uşaqların içində ən zirəyi mən idim. Anam hərdən deyirdi ki, “mama qurban, sən işləməsən, ac qalarıq”. Hətta elə bir vaxt olub ki, inşaatda fəhlə kimi çalışmışam. O vaxt palçığı xərəklə deyil, vedrə ilə daşıyırdılar. 13-14 yaşlarımda mən də palçığı 5-ci mərtəbəyə vedrələrlə daşıyırdım. Evə qılçalarımın qanı axa-axa gəlirdim. Vedrələr böyük olduğundan qılçalarımı yara eləmişdi. Bunu iş yerimdə göstərsəydim, deyəcəkdilər ki, daha işə gəlmə. Buna görə ağrısam da, dözüb səsimi çıxarmırdım”.

 

“Dəm olublar, indi sənin oxumaq vaxtındır”

Müğənniliyə marağının haradan yaranmasına gəlincə, bunun restoranda işlədiyi vaxtlara təsadüf etdiyini bildirdi: “Restorana yeyib-içməyə gəlirdilər. Bir müddətdən sonra içib dəm olur, oxumağa başlayırdılar. Görürdüm, yaxşı oxuya bilmirlər, gəlib onların stolunda əyləşib nağara çalaraq oxumağa başlayırdım. Bəzən   mənə 2-3, bəzən 5 manat pul verirdilər. Beləcə, məndə oxumağa həvəs yaranırdı. Hərdən bufetçi gülə-gülə mənə deyirdi ki, bax, vurub dəmləniblər, indi sənin vaxtın gəlib çatıb, gedib pulunu qazanarsan”.

 

“Gəl, səni bir qəpiksiz texnikuma götürüm”

Restoranda o qədər oxuyur ki, səsi-sorağı rayona gedib çıxır: “14 yaşımda rayonda da oxumağımı görüb atama  məni Bakıya aparmasını məsləhət gördülər ki, daha da püxtələşim. Bir nağara çalan məni rayonumuzdan Bakıya, Gülnarə Əhmədova adlı müğənninin evinə gətirdi. Gülnarənin yoldaşı yerlimiz idi. Onların evində kirayə qaldım. 6 nömrəli musiqi məktəbində nağara sinfinə getdim. Oranı qırmızı diplomla bitirdim. Əvvəl-əvvəl nişan, xınayaxdılara nağara ilə gedir, həm də oxuyurdum, sonra toylara getməyə başladım. Arıq, zəif uşaq olduğuma görə nağarada tez yorulurdum. Elə adamlar var ki, motor kimi ortaya düşüb oynayır, gərək tez-tez çalasan. Bakıda olduğum iki il idi, Müəllimlər Evinin özfəaliyyət kollektivində oxumağa başladım. Elə həmin il “Oxu tar”  müsabiqəsində birinci yeri tutdum. Ardıcıl 4 dəfə bu müsabiqədə birinci yeri qazandım. Sonuncu müsabiqədə iştirak edəndə rəhmətlik bəstəkar Vasif Adıgözəlov məni yanına çağırıb maraqlandı, yaşmı soruşdu. 15 yaşım var idi. Dedi, “gəl, səni bir qəpiksiz Asəf Zeynallı adına Musiqi Texnikumunun xanəndəlik fakültəsinə götürüm”. Axırıncı dəfə yer tutanda diplomumu nağara müəllimimə göstərdim. Nağara müəllimim sevinə-sevinə məni bəstəkar Ələkbər Tağıyevin yanına apardı. Oxumağım xoşuna gəldi. Məni “Təranə” gənclik ansamblında işə düzəltdi, daha sonra “Araz” instrumental ansamblına keçdim. Musiqi texnikumunda oxuyanda “İstedadlar axtarışında” müsabiqəsinə qatıldım və iki dəfə birinci yerə layiq görüldüm. Birinci dəfə bu müsabiqədə qalib olanda unudulmaz sənətkarımız Rəşid Behbudov da orada idi. Mahnı Teatrında işləmək üçün istedadlı gənc axtarışında idi. Bu barədə mənim toyumun lent yazısında Respublika Sarayının o vaxtkı baş rejissoru rəhmətlik Cahangir Aslanoğlu danışır. Rəşid Behbudov müsabiqənin bütün iştirakçılarını dinləyəndən sonra dedi ki, hamısı əladır, ancaq Bilal gərək mənim teatrımda olsun”.
Beləcə, üçüncü kursda oxuyanda Mahnı Teatrında solist kimi çalışmağa başlayır. Amma onu işə götürməmişdən əvvəl bütün muğamları oxutdururlar.

 

Ağlıma da gəlmirdi ki…

Kənddə yaşayan, özünün etiraf etdiyi kimi, dərslərini yaxşı oxumayan bir yeniyetmənin Bakıya gələrək özünü təsdiq etməsi, əvvəlcə texnikumda, daha sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil alması heç də hər adama qismət olmur: “Doğrusu, kənddə yaşayanda heç ağlıma da gəlmirdi ki, Bakıya gəlib universitetdə  oxuya, təhsil alaram. Bu, Allahın qisməti idi. Bəlkə də ailəmiz o qədər təmiz, o qədər halal çörək yeyirdi ki, Allah qarşıma belə bir şans çıxarmışdı. İndinin özündə də evimə haram pul gətirmərəm, qazancımın xümsünü, zəkatını çıxardar, kasıblara əl tutaram”.
Sonda Xalq artisti sənətə yeni gələnlərə tövsiyələrini verdi: “İlk növbədə ağıllı və səbrli olsunlar, sənətlərinə peşəkarcasına yiyələnsinlər. Özümə də daim bunu arzu etmişəm. Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyanda muğam və xalq mahnılarından bütün dərsləri öyrənir, amma aktyorluq, harmoniya, solfeciyanı öyrənmirdim. Bir zaman gəldi ki, məcbur olub pul verərək müəllim tutdum ki, mənə harmoniya və solfeciyanı öyrətsin. Vaxtında öyrənmədiyimə görə çox heyfsiləndim. İstərdim ki, gənclərimiz musiqinin bütün janrlarını vaxtında öyrənsinlər, musiqi ifa olunanda o dəqiqə bunun rok, rep, caz, pop, bəstəkar mahnısı, xalq mahnısı olduğunu bilsinlər. İkincisi, notu, harmoniyanı, solfeciyanı bilmələri vacibdir. Zamana uyğun olaraq ingilis dilini bilmələri də vacibdir. Çünki dünya ingilis dilində danışır. Əgər dünyada Azərbaycan musiqisini təbliğ etmək istəyirlərsə, xüsusilə, notu, solfeciyanı, harmoniyanı və ingilis dilini bilməlidirlər ki, dünyanın hansı yerində olursa-olsun hər şeyi düzgün başa sala bilsinlər. Heç vaxt da öyrənməkdən usanmasınlar. Mən bu gün də öyrənirəm. Məhz bunun sayəsində həm notu, həm solfeciyanı, həm harmoniyanı, həm də ingilis dilini mükəmməl bilirəm”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir