İlqar Hüseynov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi və hərbi-tibb fakultələrində təhsil alıb, tibb ximəti zabiti – hərbi həkim olaraq ümumi cərrah kimi Silahlı Qüvvələrin müalicə müəssisələrində xidmət edib, daha sonra isə bir sıra dövlət və özəl tibb müəssisələrində fəaliyyət göstərib. 2014-cü ildə Türkiyənin Çukurova Universitetinin Tibb fakultəsində Radiologiya şöbəsinin İnvaziv radiologiya bölməsində təhsilini başa vurub. Həmin ildən “Grand Hospital”ın invaziv radioloqu kimi çalışır. Avropa Kardiovaskulyar və İnvaziv Radiologiya Cəmiyyəti, Türk İnvaziv Radiologiya Dərnəyi, Rusiya Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin üzvüdür. Elmi məqalələri bir çox xarici və yerli nəşrlərdə işıq üzü görüb. Müntəzəm olaraq tibbi konfranslarda, dünyanın qabaqcıl universitetləri və tibb mərkəzlərində kurslarda iştirak edir.
İlqar Hüseynovla müsahibəmizdə İnvaziv radiologiya sahəsinin hazırkı inkişaf səviyyəsi, ayrı-ayrı xəstəliklərin müalicəsində bu sahənin əhəmiyyətli rolu, pasiyentləri daha çox maraqlandıran suallar ətrafında söhbət etmişik.
– İnvaziv radiologiya sahəsində son illər ölkəmizdə nə kimi irəliləyişlər əldə olunub?
– İnvaziv radiologiya metodları ilk dəfə keçən əsrin əvvəllərində tətbiq olunmağa başlanılsa da, köklü dəyişikliklər 70-ci illərdə əldə edilmiş, 90-cı illərdən etibarən isə bu sahə sıçrayışla inkişaf etmişdir. Ölkəmizdə isə invaziv radiologiyanın tətbiqinə başlanılması və inkişafının tarixi təxminən 10-15 ili əhatə edir. Bununla belə, Azərbaycanda səhiyyənin texnologiya, xüsusilə tibbi texnologiyaya əsaslanan inkişafı, o cümlədən səhiyyə müəssisələrinin maddi-texniki bazasının modernləşdirilməklə gücləndirilməsi invaziv radioloqlarımıza dünyanın ən qabaqcıl tibb mərkəzlərində aparılan çətin invaziv radioloji müayinə və müalicə üsullarını tətbiq etmək imkanı yaratmışdır.
– Bu sahənin inkişafı pasientləri ağır cərrahi əməliyyatlardan xilas edir. Əsasən hansı əməliyyatlarda invaziv radiologiyanın tətbiqi köməyə çatır?
– İlk növbədə qeyd etmək istəyirəm ki, invaziv radiologiya metodlarının tətbiqi ilə edilən müayinə və müalicə xarakterli prosedura və əməliyyatlar bir çox hallarda yerli keyitmə ilə həyata keçirilir ki, bu da xəstənin ümumi narkoz, onun fəsad və ağırlaşmalarından azad edir. Həmçinin prosedura və əməliyyatların perkutan, yəni dəridən keçməklə, nazik kateterlərin içərisindən, məsafədən icra edilməsilə pasientlər iri həcmli cərrahi əməliyyatlardan, uzun müddətli sağalma və bərpadan xilas olurlar. İnvaziv radiologiyanın təcili tibbi yardımdan, xüsusilə qanaxmaların dayandırılmasından başlayan tətbiqi beyin damarlarının anevrizması, orqanizmin istənilən nahiyyəsindəki damar daralmalarının balon və stentlə ləğvi, müxtəlif xarakterli şişlərin müalicəsində şişi qanla təchiz edən damarların embolizasiyası, yəni bağlanması, əsasən onkoloji xəstəliklərdə öd yollarının tutulması zamanı başlanan sarılığın aradan qaldırılması məqsədilə öd yollarına stent taxılması, həmçinin ateroskleroz, şəkərli diabet və damarları zədələyən bir sıra xəstəliklərdə aşağı ətraf arteriyalarının daralmalarının qeyd etdiyimiz üsullar hesabına müalicəsi ilə davam edir.
– Xərçəng xəstələrinin müalicəsində yeni metodlar nə qədər tətbiq oluna bilir?
– 25 ildən çoxdur ki, dünyada istər xoş, istərsə də bəd xassəli şişlərin müalicəsində invaziv radiologiya metodları tətbiq olunur. Belə ki, bu xəstəliklərin müayinəsində biopsiyadan başlamış müalicəsində müxtəlif üsullar tətbiq edilir, bu üsullar gündən-günə yenilənir, təkmilləşdirilir. Qaraciyərin xərçəngi və digər orqanların bəd xassəli törəmmələrinin qaraciyərə olan metastazlarının müalicəsində kimyəvi terapiyanın birbaşa şişi qidalandıran arteriya içərisinə yeridilməsi – “TAKE” adlandırılan trans arterial kimyəvi embolizasiya əməliyyatı tərəfimizdən uğurla icra edilir. Anoloji prinsiplə digər orqanların onkoloji xəstəliklərinin müalicəsinə də müasir baxışlarda invaziv radiologiyanın əhəmiyyəti böyükdür. Öd yollarının qaraciyər, öd yolları və qonşu orqanların şişləri zamanı tutulması ilə başlanan sarılığın aradan qaldırılması, ödun bağırsağa sərbəst axınının təmin edilməsi və sonrakı müalicəyə vaxt qazandırılması üçün edilən əməliyyatlara öd yollarına stent taxılmasını misal göstərmək olar. Şişlərin qanaxma ilə nəticələnməsi halı məlumdur ki, qanaxmaların endovaskulyar dayandırılması da invaziv radiologiyanın tərəqqisi hesabına tətbiq edilən əməliyyatlar sırasındadır.
– Şəkərli diabet, ateroskleroz, müxtəlif vaskulitlər, siqaret çəkən şəxslərin qarşılaşdığı Burger xəstəliyinin müalicəsində də invaziv radiologiya metodları tətbiq olunur, deyilmi?
– Bəli, doğrudur, həm də çox uğurlu nəticələrimiz var. İnvaziv radioloqlarımızla bu sahədəki təcrübə mübadiləmizi xarici mütəxəssislərin təcrübələri və elmi araşdırmaları ilə zənginləşdiririk. Həmin xəstəliklərin damar ağırlaşmaları xüsusilə aşağı ətraflarda ağrı, soyuma, avazıma, keyimə, üşümə, sağalmayan yara və qanqrena ilə nəticələnir ki, həmin ağırlaşmaların təzahür forması olan arteriya daralmalarının müasir müalicəsi metodlarından hesab edilən balon və stentlə angioplastikanı angioqrafiyasız təsəvvür etmək mümkün deyildir. Məhz angioqrafiyanın tətbiqi ilə həmin xəstəliklərdən əziyyət çəkən pasientlər ağrılardan, yuxusuz gecələrdən, xalq arasında “ayaq kəsilməsi” deyilən amputasiya ilə gələn əlillikdən, son nəticədə ölmüdən xilas olmaqla keyfiyyətli tibbi xidmət almağa başlamışlar.
– İnvaziv radiologiyanın tətbiqində istifadə edilən görüntüləmə metodlarında hansı tip şülanmadan daha çox narahat olmalıyıq?
– Ümumilikdə, kömpyuter tomoqrafiyası və rəqəmsal angioqrafiya zamanı rentgen şüalarından istifadə olunur ki, bu şüaların zərərsizliyi haqda danışmaq yersiz olardı. Həm pasient, həm də prosedura və əməliyyatda iştirak edən tibbi heyət üçün xüsusi qorunma vasitələrindən istifadə olunur ki, bu tədbirlərin hesabına orqanizm tərəfindən qəbul edilən birdəfəlik doza aşağı hədlərdə saxlanılmış olur. Lakin, pasientin həyatı və sağlamlığı müzakirə mövzusudursa, şübhəsiz ki, “fayda-zərər” nisbəti həmin şüaların istifadəsi üçün arqument olur. Həmçinin, bəzi proseduralarda sadəcə ultrasəs görüntülənməsi kifayət edir ki, bunu da invaziv radiologiyanın nailiyyətlərindən hesab etmək olar.
– Məsələn, ultrasəs müayinəsinin (USM) nə kimi zərərləri var? Hamilə qadın üçün davamlı USM nə kimi fəsadlar törədə bilər? Yoxsa ümumiyyətlə hansısa fəsadlardan söhbət gedə bilməz?
– Ultrasəs görüntülənməsinin prinsipi qulağımızın eşitmədiyi “səs”lərin müayinə obyekti olan orqan və nahiyyədən əks edilməsinin qeydindən ibarətdir. Başqa sözlə desək, ültrasəs müayinəsi zamanı zərərli şüalar deyil, səs dalğaları istifadə olunur. Bununla və ultrasəsin orqanizmə zərəri qənaətinə gəlinmiş hər hansı bir araşdırma olmadığına görə bu nəticəyə gəlmək olar ki, ultrasəs görüntülənməsi ilə müayinənin orqanizmə, habelə hamilə qadın və dölə zərəri yoxdur. Hamiləlik zamanı lazımi müayinə və nəzarət protokollarında ultrasəs müayinəsinin rolu böyükdür, lakin yerli-yersiz tətbiqini də uyğun görmürəm.
– İnvaziv radiologiya neyrocərrahi xəstəliklərin müayinə və müalicəsində də tətbiq olunur. Yəqin ki, bu əməliyyatlar çox riskli olur…
– Neyrocərrahi xəstəliklərin, xüsusilə beynin damar xəstəliklərinin müayinə və müalicəsində invaziv radiologiya metodu olan rəqəmsal subtraksion angioqrafiya “qızıl standart” mövqeyini saxlayır. Angioqrafiyanın beynin damar xəstəliklərinin müalicəsindəki əvəzedilməz rolu elə bu müayinə ilə başlayır və müalicə zamanı əməliyyatın gedişində görüntülənmənin təmini ilə davam edir. Belə ki, beyin damarlarının anevrizması, arterio-venoz malformasiyası, fistulu, beynin qan təchizatında iştirak edən arteriyaların daralmaları invaziv radiologiyanın imkanları sayəsində kəllə qapağı sümüklərinin açılmasına ehtiyac qalmadan endovaskulyar, yəni damardaxili yolla, bud arteriyasından giriş edilməklə müalicə edilir.
– Ölkəmizdə invaziv radiologiyanın perspektivləri haqda nə deyə bilərsiniz?
– Səhiyyənin müayinə və müalicə sahəsində inkişafı yeni, modern tibbi təchizat və savadlı kadrlarla səciyyələnir. Hal-hazırda ölkəmizdə yeni-yeni tibb müəssiələri inşa edilir, yerli və xarici elm ocaqlarında təhsil almış savadlı kadrlar vardır və formalaşması da davam edir. Az saylı invaziv radioloqlarımızın öz üzərlərində daim və fasiləsiz çalışması, müntəzəm kurslarda iştirak etməsi, əlavə təhsil alması invaziv radiologiya sahəsində dünyanın adlı-sanlı tibb müəssisələrində icra edilən prosedura və əməliyyatların elə bu gün ölkəmizdə də icra edilməsini təmin etməklə yanaşı, yuxarıda qeyd etdiyimiz faktorlarla birlikdə bu sahənin perspektivini də ən müsbət çalarlarla xarakterizə edir.
Söhbətləşdi: Vüsal Məmmədov
Yaxşı məqalədir, təşəkkürlər.
BEL YIRTIGININ MUALİCESİ