gelin

“Gizli yolla Bakıya gəldik… arvadı zəng vurub, təhqir edirdi…” –“Odessalı gəlin”in dramı

Baxış sayı: 1. 673

Firuzənin (ad şərtidir) atası rus, anası tatardır. Ukraynanın Odessa şəhərindən gəlib Bakıya. 27 yaşı var. Hazırda 4 balası ilə birgə Azərbaycan Uşaqlar Birliyinin nəzdində yaradılmış Uşaq Sığınacağında müvəqqəti məskunlaşıb. Ailə daxili zorakılığa məruz qalıb. Üstəlik də nə özünün, nə də uşaqlarının sənədləri var. Ukraynaya qayıtmaq üçün sənədlərinin hazırlanmasının gözləyir.

Bakıya onu Valeh (ad şərtidir) adlı şəxs gətirib. Valehlə 16 yaşı olanda Ukraynada tanış olublar. Firuzənin atası ilə anası o uşaqkən ayrılıb. Anasının qazancı ailəsinə yetmədiyindən xeyirxah insanların yardımı ilə dolanırmışlar. Valeh də həmin xeyirxah insanlardan biri olub. Namaz qılan, xeyirxah imici ilə ailənin güvənini qazanıb. Daim Firuzəgilə evinə yardım gətirərmiş. Bir gün anası qızının Valehlə münasibət qurduğunu öyrənir və bu münasibəti qəbul etmir. Çünki Valeh Firuzədən 17 yaşı böyük idi. Qızını ondan ayırmaq üçün sığınacağa verir. Lakin…

Bu, Firuzə ilə ikinci görüşümüz idi. İlk görüşdə söhbəti ağlayaraq yarımçıq qoymuşdu. Bu dəfə isə qarşımda güclü qadın dayanmışdı. Həyat hekayətini  danışır…

– Anam tatardır. Atamdan ayrılandan sonra məni öz üstünə yazdırıb. Babam molla olub. Anam müsəlman olsa da, islamın qaydalarını əməl etməyib. Uşaqlığım sığınacaqda keçib. İlk dəfə polis aparmışdı, ikinci dəfə anam özü verdi. Anamın yanından sığınacaq daha yaxşı idi. O vaxt sığınacaqdan qaçmasaydım, təhsil ala biləcəkdim. Valeh azərbaycanlı idi. Bizə ərzaq gətirərdi. Bir neçə dəfə mənimlə tanış olmağa cəhd etsə də, razılıq vermirdim. Mənim 16, onun isə 33 yaşı vardı. Düşünürdüm ki, bu yaşda subay kişi qalmaz. Məni inandırmaq üçün pasportunu göstərdi. Bizdə evlənən kimi pasporta möhür vurulur və bilirsən ki, bu adam evlidir. Amma Azərbaycanda fərqli imiş. Evləndikdən sonra pasport dəyişilməlidir. İstəyən dəyişir, istəməyən dəyişmir. Bunu Azərbaycana gələndən sonra öyrəndim. Baxdım, pasportunda evli yazılmayıb, inandım ona. Başladıq görüşməyə. Bir neçə dəfə evə gec gəldim, anam əsəbiləşib məni sığınacağa verdi. Sığınacaqdakı müəllim Valehlə görüşməyimə icazə verdi.

2007-ci ilin may ayında Firuzə doqquzuncu sinfi bitirir. Buraxılış imtahanlarına hazırlaşdığı bir vaxtda hamilə olduğunu öyrənir.

– İki aylıq hamilə idim. Öldürmək istəmədim. Valeh Azərbaycana – anasına zəng edib dedi. O da dedi, gətir Bakıya. Sığınacaqdan qaçdım. Arzum yarımçıq qaldı. Hüquqşünas olmaq istəyirdim.

Beləliklə, Bakıya yola düşürlər. Şəxsiyyətini təsdiq edəcək heç bir sənədi olmadığından Valeh Firuzəni qatarla gətirir.

– Bakıya gələndə iyun ayı idi. Çox problemlərlə gəlib çıxdıq. Rusiya buraxmaq istəmirdi. Valeh hamıya məni qohumu kimi təqdim edirdi. Tapşırmışdı ki, susum. Ruslara dedi, guya rusca bilmirəm, Azərbaycandakılara dedi, Azərbaycanca bilmirəm. Necəsə məni gətirib çıxardı Bakıya. Qayınanam məni çox yaxşı qarşıladı. Hamıdan çox məni istəyirdi. Allah rəhmət eləsin!

– Neçə ildir Azərbaycandasınız?

-10 il.

-10 ildir sənədsiz yaşayırsınız?

– Bəli. Yoldaşımı tutarlar deyə heç yerə getmirdim. Ancaq evdə oturmuşam. Qoşulub qaçmışdım deyə anam da doğum haqda şəhadətnaməmi vermədi. Bakıya gələndə Valehin evli olduğunu öyrəndim. Özü etiraf elədi. İllər əvvəl ayrılsalar da rəsmi boşanmayıblarmış. Hələ də onunla evlidir. İki uşağı da o ailəsindən var. Xasiyyətləri tutmayıb. Təzə gələn vaxtlar o qadın evə zəng edib məni təhqir edirdi. Dəfələrlə ondan üzr istəmişəm, amma mənə inanmır. Elə bilir, mən evli olduğunu bilərək gəlmişəm. Bakıya təzə gələn vaxtlar onu məcbur edirdim ki, gedib uşaqlarını görsün. Onda gedirdi, sonralar getmədi. Soyuqqanlı adamdı. Kimsəylə yola getmir. Onu məndən başqa heç kim çox istəmir.

– Ailə həyatınız necə olub?

– Bir neçə il normal yaşadıq. Sonra başladı mənə əl qaldırmağa. Sənədim yoxuydu deyə dözürdüm. Polisə getsəm, onu tutacaqdılar. Axır vaxtlar bir az düzəlmişdi, uşaqların məktəb problemi təkrar ortaya çıxanda yenə dalaşdıq. Bir il idi ki, mənə telefon almışdı. Xalam qızından xahiş etmişdim, sənədlərimi düzəltməkdə mənə kömək etsin. Mənə görə uşaqlarım da sənədsizdi. Valeh bunu bilən kimi evdə dava saldı. Həmişə səhvi məndə axtarır, özündə yox. Baxdım uşaqlar da ağlayır, onsuz da əvvəl-axır gedəcəkdim, özümü ələ aldım və qərar verdim. Fikirləşmişdim, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə gedəcəyəm. Biz evdən çıxanda aprelin 1-i, şənbə günü idi. Heç yer işləmirdi. Getdik Biləcəri polisinə. Bizi Abşeron polisinə yolladılar. Ukrayna səfirliyinin qaynar xətti ilə əlaqə saxladılar. Səfirlik dedi, əgər həyatınıza təhlükə yoxdursa, sizə kömək edə bilməyəcəyik. Valehdən polisə şikayət etməli idim, mən də istəmədim. Orda polislər bizə çay verdilər, yemək verdilər. Uşaqlarım yatdılar. Çox yaxşı münasibət göstərdilər.

Bunları danışarkən ilk dəfə üzü gülürdü. Firuzə mülayim insandır. Bununla belə, anasından danışanda qaşları çatılır, gözləri qəzəblənir. Söhbət Valehə gəlincə kövrəlir. Ağlamadan onun haqqında danışa bilmir. Onun üzünü güldürən yeganə səbəb övladlarıdır. Onlardan danışanda üzündə güllər açır. Gözlərinin içi gülür.

– Sonra bura zəng etdilər. Çox həyəcan keçirdim, birdən qəbul etməzlər deyə. Artıq axşam idi. Qəbul etməsəydilər, ayrı gedəcək yerimiz qalmamışdı. Sağ olsunlar, dərhal qəbul etdilər. Ərizə yazdım və gəldik.

– Uşaqların adaptasiyası necə oldu?

– İlk gecə ən balacam ağlayıb atasını istədi. Başqa vaxt heç atası yadına düşməzdi. Sonra keçdi. Sadəcə, bəzi şeyləri öyrənməli idilər. Bura haradır? Tərbiyəçi kimdir? Evdəki kimi “mama, şirin çay ver!” daha yoxdur. Burda rejim var. Yemək vaxtı var, içəri girəndə qapını döyməlisən… (gülür). Həm də mən onları hazırlamışdım. Bunu istəyib-istəmədiklərini birinci onlardan soruşmuşdum. Məktəbə görə atasından incik idilər. Hər səhər məktəbə gedən uşaqları görəndə pis olurdular. Hər dəfə məktəbin önündən keçəndə “mama, biz nə vaxt məktəbə gedəcəyik?” deyə sual verirdilər. Onlar hər şeyi başa düşürlər. 1 ildir, biz hazırlıq görürdük. Bir dəfə də olsun, atasının yanında gedəcəyimiz haqda ağızlarında qaçırmayıblar. Bir dəfə məktəblə danışmışdıq. Direktor dedi, sentyabrda gəlsinlər, sonra sənədləri də gətirərsiniz. Çox sevinmişdik. Uşaqlara paltar aldım, çanta, dəftər… Sonra getmədilər (kövrəlir). Dəhşət idi. Ana-bala qucaqlaşıb o qədər ağlamışdıq ki… Onların tək istəyi var – məktəbə getmək!

Firuzənin 4 uşağı var: 2 qız, 2 oğlan. Böyüyün 10, kiçiyin noyabrda 6 yaşı tama olacaq. Bir aydan çoxdur, uşaq sığınacağında qalırlar. Sənədləri olmadığından heç biri məktəbə getmir.

– Uşaqlar evdə doğulub?

– Yox, xəstəxanada. Biri Biləcəridə (Mərkəzi Dəmiryol Xəstəxanasının doğum şöbəsi) olub. Onların tanışları orda işləyirdi. Üçü də Xırdalanda (Abşeron Rayon Mərkəzi Xəstəxanası). Onları məni doğuşa qəbul edəndən sonra haqqımda polisə məlumat verməliydilər.

– Vermişdilər?

– Onlar yox. Anam İnterpola vermişdi. Valehin adıyla gəlib məni tapdılar. Evimizə gəlmişdilər. Mən də ərizə yazdım ki, öz istəyimlə gəlmişəm, çıxıb getdilər.

– Sənədləriniz düzələn kimi deport ediləcəksiniz.

– Xalam qızının yanına gedəcəyəm. Bir böyümüşük onunla. Bacı kimidir. Orda xeyriyyə fondu var, ora müraciət edəcəyəm. Müəyyən qədər yardım edəcəklər. Sonra tək ana kimi dövlətdən aylıq müavinət alacam. O pul ərzaqlara tam çatacaq. Ona qədər də burda qalacağıq. Yayda sanatoriyaya gedəcəklər. Əvvəlcə göndərmək istəmədim, sonra düşündüm ki, gələcəkdə bəlkə heç sanatoriyaya göndərməyə imkanım olmayacaq. Ona görə də qoy indi imkan varkən gedib dincəlsinlər. Mən də darıxanda gedib görəcəyəm onları.

Köks ötürür.

– Əvvəllər anamı qınamırdım. Özüm ana olandan sonra onun səhvlərini görməyə başladım. Uşaqlığım ağır keçib. Bu yaxınlarda xalamla danışanda öyrənmişəm, atam pis adam olmayıb. Anamı da, məni də çox istəyirmiş. Sadəcə, anam tərslik edib. Onunla yola getmək çox çətindir. Deyirlər, əvvəllər yaxşı imiş, sonra əsəbləri pozulub. Evimiz vardı, onu əlimizdən aldılar. Evsiz qaldıq. Ev dayımın adına idi. 3 nəfər gəlib dayımı qorxudub qol çəkdirmişdilər ki, guya pul alıb satıb. İndiyə qədər də evsizdilər. Anam əvvəl təyyarədə stüardessa olub. Sonra gəmidə işləyib. Çox ölkələr görmüşdü. Dünyagörüşü zəngin idi. Axır vaxtlar dərzilik edirdi. Anam mənə qarşı kobud olub.

Anasından danışdıqca dərdi təzələnir, halı dəyişir.

– Elə bu kobudluğu məni Valehə tərəf itələdi. Qayğıma qalardı. Anam mənə dəstək olsaydı, bu gün uşaqlarım məktəbə gedərdi. Başqa ana çoxdan yanıma gəlmişdi. O məni heç axtarmadı. Anam məni axtarsaydı, mən bura düşməzdim, elə yoldaşımda qalardım. Valeh mənə demişdi ki, nə vaxtsa onu atıb getsəm, əlil qalacam. Zamanla hirsi soyuyacaq, etdiyi səhvlərinə görə peşman olacaq. İndi özümü, uşaqlarımı düşünməliyəm. Məktəbə gedə bilməsələr də əlifbanı, toplayıb çıxmağı bilirlər. Sənədlərimiz düzələn kimi gedəcəyik. Amma Bakı üçün çox darıxacağam. Öyrəşmişəm bura. Sadəcə, qohumlardan uzağam deyə ora qayıtmaq istəyirəm. Burda heç kəsim yoxdur, təkəm.

– 4 balan var…

– Elə şeylər var ki, onlarla danışa bilmərəm. Tək olmaq çox çətin gəlir mənə.

Hər dəfə kövrəldikcə, özünü toplamağa çalışır. Bu dəfə özünü saxlaya bilmir, ağlayır. Gözündən axan yaş hicabını isladır.

– Məni tək qalanlar başa düşər. Onun başqa yolu yoxdur. Düşünürəm ki, onun başqa çıxış yolu yoxdur. Dalımızca o da gələcək. Sadəcə, qorxuram ki, mənə zərər verər.

Yaşadığı çətinliklərə rəğmən, Firuzənin gözəl arzuları var. Ukraynaya qayıdan kimi uşaqları məktəbə qoyacaq. Sonra öz təhsili ilə məşğul olacaq. Təzədən doqquz illik buraxılış imtahanına girəcək, ardınca 11 illik. Uşaqlıq arzusunu gerçəkləşdirəcək. Hüquqşünas olacaq. Özü və 4 balası kimi hüquqları pozulan insanların hüquqlarını qoruyacaq.

***

Uşaq Sığınacağı İnteqrasiya Birliyinin sədri Vasif Akiflinin Lent.az-a dediyinə görə, artıq Firuzənin sənədləri düzəlmək üzrədir. Ukraynadan onun doğum haqda şəhadətnaməsinin üzü göndərilib. Birinci mərhələdə Firuzənin sənədləri hazırlanacaq, sonra uşaqların sənədinin üstündə işləyəcəklər. Bu zaman Valeh də işə cəlb ediləcək. Atalığı qəbul etmədiyi halda Firuzə uşaqları öz üstünə götürmək istəyir…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir