XVI əsrin ortalarında Şimali Hindistanda Böyük Moğol imperiyasının hakimiyyəti başladı. Baburdan sonra hakimiyyətə nəvəsi Əkbər Cəlaləddin gəldi. O, tarixə Böyük Əkbər kimi daxil oldu. Dünyanın ən səbrli, ən müdrik və ən ədalətli idarəçilərindən biri kimi yadda qaldı.
Əkbər xalqı ədalətli idarə edirdi. Oxumağı və yazmağı bilmədiyi halda dünyanın ən yaxşı alimlərini, şairlərini, rəssamlarını və musiqiçilərini Hindistana yığırdı. Onun ətrafında müxtəlif dinlərdən insanlar vardı. Hamısı imperatora hörmət edirdilər və hesab edirdilər ki, Əkbər Moğol imperiyasını çiçəkləndirən yeganə hökmdardır. Zənginliyi barədə isə əfsanələr dolaşırdı. Lakin Əkbər bədbəxt idi. Onun varisi doğulmurdu. Bir neçə il evlilik həyatından sonra imperator cadugər Səlim Çişiyə müraciət etdi. Dualardan və mistik ayinlərdən sonra imperatorun ümidi yarandı. Bir il sonra – 1569-cu ildə imperatriça Əkbərə oğul bəxş etdi. Oğulun adını Məhəmməd Səlim qoydular. Səlim romantik və ciddi gənc idi. Poeziya və ədəbiyyatla maraqlanırdı və günlərini imperator kitabxanasında kitab oxumaqla keçirirdi. Varisin 13 yaşı olanda bir gün saray bağçasında gəzərkən bir qız görür və aşiq olur. Gənc qız gözəl və ciddi idi. Varis adını öyrənmək istədi. Məlum oldu ki, qızın adı Mehrunisadır və qoca fars saray idarəçisinin qızıdır. Mehrunisanın atası ona elmi gözəl öyrətmişdi. Qız bir çox saraylı gənclərdən heç də geri qalmırdı. Səlim onu sevir və evlənmək təklif edir. İmperator bu nigaha qarşı idi. Varis şah qızı ilə evlənməli idi. Buna görə də Mehrunisani zorla yaxınlarından birinə ərə verir və başqa ölkəyə yollayır. Səlim ayrılıqdan qabaq qıza and içir ki, onu heç vaxt unutmayacaq. Atasının bu hərəkətini isə unutmur. Hər gün daha çox güclü olmağı, hakimiyyəti ələ keçirməyi və sevgilisini geri qaytarmağı arzulayır. Elə buna görə də sui-qəsd təşkil edir. Lakin Əkbərin döyüşçüləri üsyanı yatırdırlar. Səlim isə əfv edilir. 1602-ci ildə onu Moqol imperatoru elan edirlər. Səlim Cahangir adı ilə imperator seçilir. Atasının qoyduğu ədalətli idarə etməni bir müddət davam etdirir. Əkbər kimi o da Hind qızla evlənir və ilk oğlu, Hürrəm dünyaya gəlir. Ətrafında gözəl qadınlar olan padşah bədbəxt idi. Qəlbi hələ də Mehrunisa ilə döyünürdü. Nə vaxtsa sevgilisini görməyi arzu edirdi.
Bir gün padşahın qulluqçularından biri ona xəbər aparır ki, Mehrunisa dul qalıb. İmperator gənc qadını görməyi arzu edir. Onu saraya çatdırırlar. İllər sonra Mehrunisa əvvəlkindən də gözəl idi. Bir neçə ay sonra o İmperatorun xanımı olur və Nur Cahan adlandırılır.
Lahor yaxınlığında Cahangir sevgilisi üçün möhtəşəm saray tikdirir. Gənc sevgililər günlərini bu sarayda keçirirlər. Şalimar Bağ – (sevgi bağı) 1619-cu ildə tam hazır olur. Cahangir xoşbəxt idi. Şerlər yazırdı, musiqi ilə məşğul idi. O qədər sevgiyə vaxt ayırmışdı ki, dövləti idarə etməyi unutmuşdu. Nur Cahan onun yerinə siyasətlə məşğul idi. 1622-ci ildə Cahangir şəraba dalır və siyasətdən tamam uzaqlaşır. Nur Cahan az qala dövlətin tək hakimi olur. Bu isə Cahangirin böyük oğlu Hürrəmə sərf etmirdi. Elə buna görə də atasına qarşı sui-qəsd təşkil edir və öz atasını zindana atdırır. Cahangir bir müddət sonra zindandan qaçır və tezliklə vəfat edir. Nur Cahan sevgilisinin və ərinin şərəfinə mavzoley tikdirir.
Cahangirin ölümündən yüz il sonra Böyük Moğol imperiyası ingilislərin əlinə keçir. Onlar sevgi padşahının mavzoleyini dağıtmırlar. Hələ də Lahor yaxınlığında Moğol imperiyasının dahi romantikinin, padşah Cahangirin cəsədi uyuyur. Mavzoleyin yaxınlığında isə sevgilisi Nur Cahan, fars gözəlçəsi əbədi yuxuya gedib.