qorxu

İnsanlarda niyə niktofobiya yaranır? – PSİXOLOJİ

Baxış sayı: 1. 467

Qaranlıqdan qorxma demək olar ki, əksər insanda müşahidə olunur. Uşaqlıqda qeyri-ciddi görünən bu problem uşaq böyüdükcə daha da ağır və qorxulu forma almağa başlayır. Nə qədər qəribə olsa da, yetkin insanlar da qaranlıqdan qorxur, işığı yanılı qoyub yatır, işıq yanmayan otağa tək girməyə qorxurlar. Mütəxəssislər bildirirlər ki, bu cür insanlar niktofobiyadan (qaranlıq qorxusu) əziyyət çəkir.

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, uşaqlarda bu cür qorxunun olmasına ciddi əhəmiyyət verilmir. Ona görə ki, əksər hallarda uşaqlar böyüyəndən sonra bu qorxu keçib gedir. Onlar yetkin insana çevrilir və gələcəkdə öz uşaqlarını qaranlıq xofundan qorumağa çalışırlar: “Qaranlıqdan qorxunun yaranmasını araşdırdıqda məlum olur ki, bu fobiya qurbanı olan şəxs qaranlığın özündən deyil, onun fikrincə, onda gizlənən şeylərdən, qaranlıq zamanı baş verə bilən qorxulu hadisələrdən qorxur. Bəzən bu qorxu o qədər güclü olur ki, 30-40 yaşlı insan belə işığı söndürüb yatmağa qorxur”.

E.Bağırova bildirib ki, uşaqlıq qorxuları şüuraltında çox dərində qalır və çox qəribə, gözlənilməz anlarda üzə çıxır. Adi insan bu qorxunu qıcıqlandıran faktroları görməyə bilər, lakin mütəxəssis vəziyyəti təhlil edəndə bu faktorlar üzə çıxır: “Bəzi hallarda qaranlıqdan qorxan adam qaranlıqda qalanda ətrafındakı obyektləri görə bilmir. Görə bilmədiyi üçün də təxəyyülündə qorxulu vəziyyətlər canlanmağa başlayır. O, reallıqda olmayan şeyləri görməyə başlayır. Bir növ hallüsinasiya kimi”.

Bu qorxunun, xüsusilə də ağır formalarından əziyyət çəkən adamlar bundan qurtulmağı arzulayırlar. Bunun üçün də, ilk növbədə, niktofobiyanın nədən qaynaqlandığını araşdırmaq lazımdır. Psixoloq nəzərə çatdırıb ki, qorxunun səbəbləri müxtəlifdir. Xəstəliyin üzə çıxmasında, hətta genetik faktrolar da rol oynaya bilər. Niktofobiyanın inkişafına keçmişdə baş verən hadisələr də təsir edir. Belə ki, bir sıra psixoloji problemlərin kökü uşaqlıqda olur. Qaranlıq qorxusundan azad olmaq üçün uşaqlıqda nəyə görə qaranlıqdan qorxduğunu xatırlamaq lazımdır. Bunu müstəqil olaraq etmək çox çətindir. Bəzi hallarda niktofobiya ölüm qorxusu ilə bağlı olur. Bu səbəbdən də əslində həmin qorxu ilə mübarizə aparmaq lazımdır. Əgər bu qorxu keçərsə, qaranlıqdan qorxu da keçib gedəcək. “Elə hallar da olur ki, niktofobiya qurbanı qaranlıqda tək qaldıqda daxilində boşluq hiss edir. Bu boşluq hissi şəxsi qorxudur. Yaxşı olar ki, belə adamlar qaranlıqda radio və ya televizoru qoşsunlar. Lakin bu zaman dinlənilən və ya baxılan material qorxulu məzmunlu olmamalıdır. Baxdığınız film və ya dinlədiyiniz mahnı xoş təəssürat bağışlamalıdır”, – deyən həmsöhbətimizə görə, niktofobiyadan əziyyət çəkən adamların bir qismi isə gözlərinə ruh, cin və s. kimi real olmayan şeylər göründüyü üçün qaranlıqdan əziyyət çəkirlər.

Bağırovanın dediyinə görə, bu qorxudan qurtulmaq üçün qaranlıqdan qaçmaq yox, əksinə qaranlıqda çox vaxt keçirmək lazımdır. “Qaranlıq otağa daxil olub hər bir əşyaya toxunub, ətrafdakı əşyaları öyrənin. Qaranlıq otaqda təklikdə qalmağa çalışın. Amma hər adam bunu edə bilmir”, – deyən psixoloq əlavə edib ki, əgər birdən evdə işıq sönsə, niktofobiya qurbanları həyəcanlanır, qorxur, dəhşətə gəlirlər. Bu hisslər çox güclü olur, insana əziyyət verir. İnsan ağlaya, qışqıra və bir müddət öz hərəkətlərinə nəzarəti itirə bilər. Bu cür vəziyyət insanın həyatı üşün təhlükəli olmasa da, insana əziyyət verir. Bu səbəbdən də müstəqil olaraq, qorxulara qalib gəlmək mümkün deyilsə, mütəxəssisə müraciət etmək və müalicə almaq lazımdır. Müalicə zamanı nəzərə almaq lazımdır ki, niktofobiyanın səbəbini uşaqlıqda, insanın keçmişindədir: “Qorxular bizi uşaqlıqdan təqib edir. Qaranlıqdan qorxunu dəf etmək üçünsə, uşaqlıqda nəyə görə qaranlıqdan qorxduğunuzu yada salmağa çalışın. Ola bilsin ki, uşaqlıqda valideynlər uşaq sözə baxmayanda uşağı qaranlıqla hədələyərək, orada “xoxan var” deyərək onu qorxudurlar. Bu da uşaqda qaranlığa qarşı qorxu yaradır. Qaranlıq otaqda uşağın döyülməsi də bu cür nəticələnə bilər. Ona görə də valideyn bunları nəzərə almalı və uşağın həssas psixikasına zərbə vurmamalıdır”.

Əgər qaranlıqdan qorxu ölüm qorxusu ilə əlaqəlidirsə, bu zaman müalicə ölüm qorxusunun dəf olunmasına istiqamətlənməlidir. Şəxs yalnız ölüm qorxusunun əsassız olduğunu dərk edəndən sonra niktofobiyadan da qurtula bilər. Bu qorxudan azad olmaq üçün şəxsi inandırmaq olar ki, o, düşündüyünü cəlb edir. Buna inandıqdan sonra o ölüm barədə fikirləri də özündən uzaqlaşdıracaq.

Ümumiyyətlə, qaranlıqdan qorxunun səbəbləri müxtəlif olduğu kimi onunla mübarizə yolları da müxtəlifdir. Bağırova bildirib ki, bəzi insanlar qaranlıqda qeyri-adi nəsə görə biləcəklərindən qorxurlar. Onlara elə gəlir ki, indicə qaranlıqda nəsə baş verəcək. Ona görə də onlar qaranlıqdan qaçırlar. Çox vaxt belə adamlar qaranlıqda gözlərini yumur və tək qalmaq istəmirlər. Bu zaman müalicə üçün bacardıqca qaranlıqda çox qalmaq və qaranlıqda heç bir qəribə hadisənin baş verməyəcəyinə əmin olmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir