Oğlan gənc, çox zəngin və olduqca istedadlı. Qız təvazökar, mütəvazi, tanınmayan birisi. Mark Zukerberq və Prissilla Çanın evlənməsi xəbəri 2012-ci ilin haqqında ən çox danışılan mövzusu idi. Mark bu utancaq qızda əsas olanı tapdı – comərd ürək və heç nə ilə müqayisə olunmaz sonsuz sevgi.
Mark Zukerberq
Mark 1984-cü ildə yəhudi ailəsində anadan olub. Atası sadə diş həkimi, anası psixiatrdır. Markın 3 bacısı var: Rendi, Donna və Ariel.
Uşaqlıqdan proqramlaşdırma ilə maraqlanır və məktəb illərində adi bir kompüter oyununun şəbəkə variantını yaradır. Dil öyrənmə qabiliyyətinə görə hamını heyran edən Zukerberq riyaziyyat, fizika və astronomiyadan olimpiyada qalibi olaraq müxtəlif mükafatlar alır. Sanarsan, elə bir sahə yox idi ki, bu istedadlı gənc onu mənimsəməsin.
2002-ci ildə rahatlıqla Harvard Universitetinin Psixologiya fakültəsinə qəbul olur. Tələbəlik illərində informatikanı aktiv öyrənir və proqramlar tərtib etməyə başlayır. Sonradan “Facemash” adlı proqram tərtib edir ki, bunun vasitəsilə gənclər, məsələn, səs verərək ən yaxşı şəkili seçə bilirlər. Lakin Harvard Universitetinin saytına inanılmaz sayda tələbələrin girişinə kompüterlər şəbəkəsi tab gətirə bilmir və universitet rəhbərliyi “Facemash” layihəsini bağlamağa qərar verir. Rəhbərliyin ağlına belə gəlmirdi ki, gələcəyin ən populyar sosial şəbəkəsini bağlayırlar.
Və olanlar bundan sonra olur. Mark öz “balasını” yetim qoymur, o, 2004-cü ildə universiteti atmaq qərarına gəlir ki, layihəsi ilə ciddi məşğul ola bilsin. İdeyanı Markın bir neçə dostu dəstəkləyir, ona yaxından kömək edir. Zukerberq özü isə müdhiş menecerlik xüsusiyyəti sərgiləyərək tanınmamış, çiy, hansı perspektivi vəd edəcəyi bəlli olmayan bir layihəyə sponsorlar tapa bilir. Artıq bu ərəfələrdə dahinin yanında tələbə vaxtı tanış olduğu sadə bir qız var idi.
Prissilla Çan
Prissilanın valideynləri 3 uşağı dolandırmaq üçün həddindən çox işləyirdilər. Bu səbəbdən qızların tərbiyəsi ilə nənələri məşğul olurdu. Məktəb illərində balaca qızcığaz Prissilla əməksevərliyi ilə fərqlənirdi, hətta evdə belə dərs masasına saatlarını ayırırdı.
Artıq 13 yaşında özü üçün müəyyən edir ki, Harvarda daxil olmaq istəyir və bunun reallaşması üçün bütün gücünü səfərbər edir. İnformatika müəlliminin məsləhəti ilə, o, tennislə məşğul olmağa başlayır, müəllim düşünür ki, bu, prestijli universitet üçün Prissilanın rezyumesini daha da cəlbedici edəcək. İdman adamı deyildi, lakin məhz tennislə ciddi məşğul olmağa başlayır, sonradan Harvardın tennis klubunun üzvü və oranın tələbəsi olur.
Tanışlıq
Onlar Tələbə Axşam Məclislərinin birində tualetə növbə gözləyərkən tanış olublar. Markın əlində üzərində yalnız İT sahəinin adamlarının başa düşəcəyi zarafat hək olunmuş pivə bokalı var idi. Lakin Prissilanın pivə bokalının üstündə yazılan yumora reaksiya verməsi “botanik”i təəccübləndirir, diqqətini cəlb edir. Məlum olur ki, bu iki gənc həyatın eyni dalğasında dururlar, bir-birini əla başa düşürlər və bir-birini bəyənirlər.
Mark universiteti atıb öz layihəsinin inkişafı ilə məşğul olmaq istədiyini deyəndə Prissila Markla Palo-Alto şəhərinə getməyə razılıq vermir. Bəlkə də xoşlandığı gəncdən uzun müddət ayrı qalmaq istəmirdi, lakin buna səbəb ailəsinə verdiyi “Harvardı mütləq oxuyacağam” sözü idi. Axı ailəsi böyük qızlarının ən ümdə arzusu – bu prestijli universitetə daxil olması üçün hər şeyi etmişdi.
Bütün bəd proqnozlara rəğmən, Mark və Prissillanın münasibətləri bitmiş hesab olunmadı. Gənc qız Markın gələcək planlarına, Zukerberq isə onun özünə inanırdı və əmin idi ki, əvvəl-axır onlar bir yerdə olacaqlar. Qısa zamanda başgicəlləndirici uğur Markın həyata baxışını dəyişmədi. Öz ailə gələcəyini yalnız bu sadə qızla görürdü.
Gözlənilməyən toy
2012-ci il mayın 19-da Mark və Prissilla dostlarını və doğmalarını qızın universiteti bitirməyi münasibətilə guya adi bayram keçirəcəkləri ilə bağlı tədbirə dəvət edirlər. Məlum olur ki, əslində, Mark və Prissilanın 5 ay əvvəldən hazırlaşdıqları nikah mərasiminə gəliblər.
Bu ərəfədə Mark artıq çox zəngin adam idi, buna baxmayaraq, Prissilla toy paltarını adi dizaynerə sifariş etmişdi. Markın əlində isə yaqutla bəzədilmiş sadə üzük var idi, hansı ki, zərgərə, üzüyün hazırlanması eskizini də məhz özü vermişdi.
Bir-biri üçün yaşamaq
Sevdiyi xanımı üçün Zukerberq çin dilini öyrənməyə başlayır. Prissilanın nənəsi ingiliscə danışa bilmir, amma Prissilanın həyatında çox mühüm yer tutur. Mark verdiyi tərbiyəyə görə nənə ilə danışmaq, ürəkdən təşəkkür etməyə can atırdı. Prissilla hər şeydə və hər zaman həyat yoldaşına dəstək olur, onu daim yaxşı əməllərə sövq edir. Məhz onun təşəbbüsü ilə “Facebook”da orqanların donoru üçün xeyriyyəçilik proqramı təşəkkül tapır.
Prissilla xeyriyyəçiliyi öz həyatının ən vacıb elementi hesab edir. Məlumdur ki, həyat yoldaşı Mark bir neçə xeyriyyə layihələrinin üzvüdür, könüllü olaraq bu layihələrdə yer alan insanlar öz gəlirlərinin tən yarısını xeyriyyəçiliyə xərcləməli, imkansızlara kömək etməyə məcburdurlar.
Ulduz ailənin övladları
Mark və Prissila çoxdan uşaq arzusunda olsalar da, bir neçə hamiləlik sonradan uşağın düşməsi kimi uğursuzluqla nəticələnir. 2015-ci ilin dekabrında Maks adlı qızları dünyaya gələndə, şübhəsiz onlar dünyanın ən xoşbəxt insanları idilər. Milyarder yalnız sevən həyat yoldaşı olmadı, həm də qayğıkeş ata ola bildi.
“Qızımın timsalında gələcək nəsillər üçün dünyanın yaxşı olmasına çalışacağıq, “Facebook”un 99 faiz gəlirlərini xeyriyyəçiliyə, maarriflənməyə, sülhə xərcləyəcəyik” – Zukerberqin övladı anadan olarkən internetdə paylaşdığı bu post bütün internet cameəsinə təsirsiz ötüşmədi.
2017-ci ilin martında Mark “Facebook”da öz səhifəsində yazır ki, xanımı ilə birgə ikinci övladının dünyaya gəlişini gözləyir.