bosanma

Boşananların ev davası: mülkiyyət, yoxsa qadın hüququ üstündür?

Baxış sayı: 2. 166
Yəqin çoxlarımız boşanma zamanı cütlüklərin ev davası “döydüyünün” şahidi olmuşuq. Ər mülkiyyət hüququ olduğunu əsas gətirməklə ailə qurmamışdan əvvəl aldığı evdə keçmiş həyat yoldaşının yaşamasına izn vermək istəmir, qadın da qarşı tərəfin mülkiyyət hüququna hörmətlə yanaşıb, bayırda qalmağı qəbul etməyə razı olmur. 
 
 
Pencəyi götürüb evdən çıxmaq, yoxsa…
 
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bizimlə söhbətində bildirdi ki, kifayət qədər qadın boşanma zamanı yaşamağa evlərinin olmadığı, həyat yoldaşının evində yaşama hüququnun təmin edilməsi üçün onlara müraciət edir: “Təbii ki, biz də bu cür qadınlara ancaq hüquqi yardım göstərə bilirik. Hazırda vəziyyət belədir ki, əgər mülkiyyət birgə yaşayış vaxtı alınıbsa, mülkiyyət boşanma zamanı cütlüklər arasında yarı bölünür. Eyni zamanda, əgər qadın həyat yoldaşının, yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Yaşamaq hüququ veriləndə isə, əksər vaxtlarda qadın münasibətlərin korlandığı evə qayıda bilmir, yaxud heç həyat yoldaşı buna icazə vermir. Əgər kişi qadının həmin evdə yaşamasını istəmirsə və qadın da bununla razıdırsa, bu zaman qadına kompensasiya verilir. Bizim təcrübədə bu, 3-5 min manat arasında olub. Bu pula təbii ki, ev almaq mümkün deyil, bunu yalnız ev kirayəsi üçün istifadə etmək olar. Onu da deyim ki, nadir hallarda boşanma zamanı yalnız pencəklərini götürüb evdən çıxan kişilər də var”.
 
M.Əzizova onu da qeyd etdi ki, kişilər nikah vaxtı ev alanda çox vaxt mülkü öz adlarına qeydiyyata salmırlar ki, sabahısı gün boşanma olarsa, qadın bundan yararlana bilməsin: “Amma qadın yeni alınan evə qeydiyyata düşməsini istəsə, bu, ər və ərin qohumları tərəfindən yaxşı qarşılanmaya bilər. Buna görə də qadınlarımız heç bunu tələb də etmirlər”.
 
 
Qanunda ziddiyyət var
 
Qanunlarda bəzi ziddiyyətin olduğunu deyən M.Əzizova tyəşkilatlarının qarşılaşdığı bir təcrübəni bizimlə bölüşdü: “Ər-arvadın 1 uşağı vardı və boşandıqdan sonra ər qdından evdən çıxmasını tələb etmişdi. Qadının da evə qeydiyyatı olmadığından, oranı tərk etmək məcburiyyətində idi. Maraqlıdır ki, məhkəmə uşağın ana ilə qalmasına qərar vermişdi. Amma ziddiyyət bunda idi ki, bir tərəfdən məhkəmənin qərarı var ki, uşaq anayla qalmalıdır, digər tərəfdən anaya imkan verilmir ki, oğlunun yaşamaq haqqının tanındığı evdə onu böyütsün”.
 
M.Əzizova deyir ki, qanunla qadın qayınata, yaxud qayınanasının adına olan evə gəlin köçübsə, mülkiyyətçi ilə müqavilə bağlanmalıdır: “Yəni qayınata müqavilədə göstərməlidir ki, qeydiyyatı olmasa belə, gəlinə onun evində yaşamağa icazə, yəni mülkündə yaşamaq hüququ verir. Bu zaman boşanma olarsa, həmin müqaviləni məhkəməyə təqdim etməklə gəlinə həmin evdə yaşamaq hüququ verilə bilər. Amma hansı gəlin toydan sonra deyər ki, “qayınana, qayınata, durun gedək notariusa, mənə yaşamaq hüququ verin”. Təəssüflər olsun ki, boşanma zamanı qadınlar ayılırlar və məhkəməyə müraciət edirlər. Bu zaman isə qonşular gəlinin həmin evdə yaşadığını təsdiqləsə belə, gəlin evdə yaşamaq hüququnu geri ala bilmir”.
 
 
Ortaq nöqtə tapmaq olar
 
M.Əzizova məsələyə qadın hüquqları baxımından yanaşıldığı kimi, mülkiyyət hüquqları baxımından da yanaşmağın vacib olduğunu dedi: “Məsələyə qadın hüquqları baxımından deyil, mülkiyyət hüququ baxımından yanaşsaq, kişi deyə bilər ki, “bu, mənim mülkümdür, illərlə işləyib ev almışam və icazə vermişəm ki, həyat yoldaşım mülkiyyətimdə müvəqqəti yaşasın. İndi boşanmışıq və onun mülkiyyətimdə yaşamasına icazə vermirəm”. Bu halda qadını qınamaq lazımdır ki, vaxtında yaşadığı evdə qeydiyyata düşmək hüququndan istifadə edərdi. Bunları etməyibsə, bu zaman məhkəmə təbii ki, mülk sahibinin xeyrinə qərar verməlidir. Ümumiyyətlə, mülkiyyətçi kimi ərin evləndiyi qadını mülkiyyətinə qeydiyyata almamaq hüququ var. Çoxları düşünür ki, nikah müqaviləsi bağlandığı zaman problem həllini tapacaq. Amma nikah müqaviləsi də qanun çərçivəsində olmalıdır. Çox vaxt fikirləşirlər ki, nikah müqaviləsində qeyd olunmalıdır ki, qayınatanın, yaxud ərin adına olan ev boşanarkən yarı bölünəcək. Belə şey ola bilməz. Çünki mülk nikahdan sonra qadının həyat yoldaşı tərəfindən alınan ev deyil ki, qadın ona nikah müqaviləsi ilə şərik çıxsın”.
 
M.Əzizova hesab edir ki, qanunlara dəyişiklik etməklə hansısa ortaq nöqtə tapmaq olar ki, mülkiyyətçinin də, qadının da hüququ pozulmasın.
 
 
Qadın bayırda qalmalı deyil, yoxsa…
 
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev bizimlə sphbətində bildirdi ki, boşanma olan yerdə əksər hallarda mülkiyyət, aliment davası olur: “Azərbaycanda insanlar boşananda az qala bir-birilərinə qarşı düşmənə çevrilirlər. Səbəbi qadının kişidən (əksi nadir hallarda olur – İ.Ə.), onun atasından, anasından mənzil, mülk tələb etməsidir. Məhkəmələr qadının keçmiş ərinə və ya onun ata-anasına məxsus mülkiyyətində olan mənzilində yaşamaq hüququnu tanıyanda, əsas arqumenti bu olur ki, “qadın bayırda qalmalı deyil ki”. Bu yanlış yanaşmadır, sovet dövründən qalma psevdohumanizmdir”.
 
İ.Əliyevin fikrincə, normal sosial siyasət olsa, qadın və uşaq çöldə qalmaz və ya heç bir gəliri olmayan kişinin üzərinə aliment öhdəliyi qoyub “uşaq dünyaya gətirmisən, canın çıxsın ödə” deyib, bunu edə bilməyən insanı həbsxanaya atmazlar: “Əslində kişi, yaxud qadın normal işlə təmin edilməlidir ki, qazanıb həm özünü saxlaya bilsin, həm də alimenti ödəsin. Yox, əgər işlə təminat mümkün deyilsə, bu zaman bu xərclər dövlət tərəfindən çəkilməlidir. İnkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə edilir”.
 
İ.Əliyev deyir ki, əgər ərin evi yoxdursa, onun atasının və anasının boşanan qadını mülkiyyət hüququ əsasında onlara məxsus olan evdə saxlamaq öhdəliyi yoxdur: “Yeri gəlmişkən, həmyerlimiz Leyla Rəhmanovanın işində Avropa Məhkəməsi keçmiş gəlinin qayınananın evində yaşaması ilə bağlı Azərbaycan məhkəməsinin verdiyi qərarı mülkiyyət hüququnun pozuntusu kimi tanıyıb. Amma milli məhkəmələr bu cür qərarlar verməkdə davam edirlər”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir