tenbellik

Ölkəmiz əhalisi tənbəl ölkələr sırasına daxildir, ya yox?

Baxış sayı: 1. 303

ABŞ-ın Stanford Universitetinin elm adamları müxtəlif ölkələrdə yaşayan insanları istifadə etdikləri ağıllı smartfonlar vasitəsilə izləyərək maraqlı təcrübə həyata keçiriblər. Publika.az “BBC”-yə istinadən xəbər verir ki, mütəxəssislər insanların hər gün atdıqları addımları sayaraq, gündəlik həyatda nə qədər hərəkət etdiklərini hesablayıblar. Araşdırma “Argus” mobil proqramını izləməklə həyata keçirilib. Təcrübədə 700.000 insan iştirak edib.
Dəqiqə-dəqiqə ölçülmüş hesablamalara görə, hər gün dünyada hər bir insan ortalama 4961 addım atılır. Buna uyğun olaraq alimlər fəallıq dərəcəsinə görə ölkələrin siyahısını hazırlayıb. Çin, Yaponiya, İspaniya, İngiltərə, Braziliya, BƏƏ kimi ölkələrin yer aldığı siyahıya 6880 addımla Honqkonq başçılıq edir. Ən son yerdə isə 3513 addımla İndoneziya yer alır. Alimlər bu ölkədə yaşayan insanların ciddi sağlamlıq problemləri olduğunu, piylənmədən əziyyət çəkdiklərini açıqlayıblar və bu kimi sağlamlıq problemi olan insanların yaşadığı ölkələri tənbəl ölkələr adlandırıblar.
Mövzunun aktuallığını nəzərə alaraq biz də ölkəmizdəki ekspertlərlə danışıb aydınlaşdırmağa çalışdıq ki, Azərbaycan da tənbəl ölkələr sırasına daxildir, ya yox?

Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti, həkim-endokrinoloq Vəfa Əliyeva düşünür ki, bizim insanlarda da tənbəllik var: “Düzdür, deməzdim ki, tənbəllikdə birincilik bizdədir, çünki birincilik Amerikadadır. Oradakı insanlar daha tənbəldirlər. Amma müəyyən qədər passiv həyat tərzi bizim ölkəmizdə də mövcuddur. Piylənmənin bir neçə növü var. Onlardan biri də qida ilə bağlı olan piylənmədir. Bu alimentar piylənmə adlanır. Və deyərdim ki, Azərbaycanda piylənmənin 90 faizi qidalardan və hərəkətsiz həyat tərzindən asılıdır. Alimentar piylənmə növü nəyə görə bu qədər çox yayılıb – sualına gəlincə isə, onu deyə bilərəm ki, burada tez sorulan karbohidratlardan çox istifadə olunur. Tez sorulan karbohidratlara bal, müxtəlif un məmulatları, makaron, kompotlar daxildir. Bu məhsullar tez sorulur və qısa bir zamanda da çəki artıqlığı yaradır. Bədən çəkisinin normal indeksi 25-dir. Əgər indeks 25-dən çox olarsa, bu, piylənmənin göstəricisidir. Yəni insanlar qəbul etdikləri enerjini sərf etmirlər. Təəssüf ki, azərbaycanlıların qida rasionunu daha çox yağlı yeməklər təşkil edir. Xüsusilə də kərə yağından istifadə edirik deyə, aldığımız enerjini sərf etməyəndə piylənmə prosesi gedir. Yəni bizdə qəbul etdiyimiz qida ilə sərf etdiyimiz enerji arasındakı mütənasiblik qorunmur. Bundan başqa, sağlam həyat tərzi üçün hərəkət etmək lazımdır. Şəhərdə çox az insan görərsiniz ki, piyada gəzir. Gün ərzində heç olmasa, 2 kilometr yerimək lazımdır. Bu qaydaya kim əməl edir? Heç kim. Çox nadir hallarda görmək olar ki, kimsə harasa ayaqla gedir. Digər bir tərəfdən insanlarımızda iradəsizlik var. İnsanlar bir az stress yaşayan kimi dərhal yeməyə üz tuturlar. Və bu zaman qida davranışı deyilən qaydanın pozulması baş verir. Deyərdim ki, Azərbaycanda bu qayda pozuntusu daha çox baş verir. Mədəni doyuzduran, amma kalorisi olmayan qidaları qəbul etmək lazımdır. Badımcan, xiyar, pomidor, kələm, lobya – bu kimi qidalara üstünlük verilsə, yaxşı olar. Və ən əsası, saf, təmiz su içilməlidir. Heç bir qatqısı olmayan, qazsız, şəkərsiz olan sular daha faydalıdır”.
“Tənbəlliyi atmaq və piylənmənin qarşısını almaq üçün nələr etmək lazımdır” sualına isə müsahibimiz belə cavab verir: “Əlbəttə ki, bu, tək qidalanmağımıza fikir verməklə alınan iş deyil. Mütləqdir ki, insanlar intensiv olaraq yürüş etsinlər. Buna da xüsusi fikir vermək lazımdır. Asta-asta yerimək yox, sürətli şəkildə, 1 saatda heç olmasa bir neçə kilometr yol gedilməlidir. Hətta indi telefonlarda belə bunu tənzimləyən onlayn proqramlar var. Belə ki, hər insanın bədən çəkisinə görə gün ərzində nə qədər addım atılmalı olduğunu göstərir. Və fikir vermişəm ki, göstəricilər 9000- 10000 addım olur. Amma çox heyf ki, insanlarımız gün ərzində bəzən heç 500 m. yerimirlər”.

Həkim-dietoloq, nutrioloq, “Sağlam bəslən-arıqla” kitabının müəllifi Leyla Zülfüqarlı da çox təəssüf hissi ilə qeyd edir ki, bizim ölkəmizin insanları da tənbəl insanlar qrupuna aiddir: “Çünki bizim bazal metabolizmamız ləng işləyir. Yəni digər ölkələrin xalqları ilə müqayisədə bizdə metabolizma zəifdir. Və kökəlmənin də əsas səbəblərindən biri budur. Bazal metabolizmamız zəif işlədiyindən yediyimiz qidanı da yaxşı həzm edə bilmirik. Bu bizim görünüşümüzə də təsir edir. Belə ki, 40 yaşında insan olduğundan daha qoca görünür. Təbii ki, bunlarla mübarizə yolları da var. Mən həmişə deyirəm, nə qədər ki kartofla çörəyi bir yerdə yeyəcəyik, metabolizmamızın daha da ləngiməsinə səbəb olacağıq. Çoxlu karbohidratlı qida qəbul edirik. Yediyimiz qidalar bizim emosiyalarımıza da təsir edir. Maqnezium tərkibli qidalar nə qədər çox yeyilərsə, bir o qədər stressə qarşı dayanıqlı ola bilərik. Yox əgər düzgün qidalanmasaq, bu zaman neqativ emosiyalarla yüklənirik. Yəni cəmiyyətdə gördüyümüz hər bir neqativ hadisənin bizim qidalanmağımızla birbaşa əlaqəsi var. Bacardığımız qədər çörəyi az yeyib, meyvə-tərəvəzi bol qəbul etməliyik. Və daha çox çay deyil, su içən millət olsaq, sağlamlığımız baxımından daha yaxşı olar. Digər tərəfdən, heç olmasa gündə 1 saat açıq havada gəzsinlər, əgər mümkündürsə, velosiped sürsünlər. Həmçinin yay fəsli ilə əlaqədar olaraq da, bədən Günəş şüasından lazım olan D vitaminini almalıdır”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir