Bu yazını sovet ordusu zabitinin azərbaycanlı həyat yoldaşı Asiya Hüseynzadə Bakıdan yazıb. Onun həyat yoldaşı Heydər Əli İbrahimov sovet artilleriyasının komandiri idi. O, 3 ilini cəbhədə keçirib, Ukrayna, Belorusiya, Qafqaz və Krımda döyüşüb, “Qırmızı Əmək Bayrağı ordeni”, bir neçə medal, “Qırmızı Ulduz” və 2 “Aleksandr Nevski” ordeni ilə təltif olunub. 1944-cü ilin yayında Brest qalasını azad etmək üçün gedən döyüşlərdə iştirak edib. İbrahimov orada ağır yaralanıb.
“Gencaile.az” azərbaycanlı A.Hüseynzadənin “Brest” qalasında döyüşən həyat yoldaşı barədə yazdığı yazını təqdim edir.
“3 sentyabr 1944-cü ildə mənə teleqram gəlmişdi və Penzaya gəlməyimi istəyirdilər. Çünki həyat yoldaşım ağır yaralanmışdı.
Tez bir zamanda məzuniyyət götürüb, Penzaya – həyat yoldaşımın yanına yola düşdüm (7 sentyabr 1944-cü ildə). Mən çox çətinliklə Penzaya çata bildim (17 sentyabr). Hospitala gəlib, qvardiyanın kapitanı İbrahimovu soruşdum. Bu zaman bir tibb bacısı mənə yaxınlaşaraq, dedi:
– Hə, iki gözünü itirmiş kişini deyirsiniz?
Mən olduqca ağır zərbə aldım. Çünki heç vaxt ağlıma belə gəlməzdi ki, mənim həyat yoldaşım kor ola bilər. Kədər və həyəcandan huşumu itirdim. Gözümü açanda mən palata idim. Daha sonra məni həyat yoldaşımın yanına apardılar.
Həyat yoldaşım məni onun yanına gətirsinlər deyə, aclıq aksiyasına başlamışdı. Ona görə də mənə təcili teleqram göndərmişdilər. Palatada daha 18 zabit var idi. Orada kor olmuş, ayaqlarını itirmiş yaralılar var idi. Məni həyat yoldaşımın yanına gətirəndə onu tanımadım. O, dəhşətli dərəcədə tanınmaz hala gəlmişdi. Gözlərinin yerinə 2 ədəd qırmızı oyuq var idi, çənəsi dağılmış vəziyyətdə idi, əllərində 5 barmağı kəsilmişdi. Ümumi olaraq, onun 17 yarası var idi. Bütün üzü qəlpələrlə yaralanmışdı. Mən ona yaxınlaşıb soruşdum:
– Əli, bu sənsən?
O cavab verdi:
– Hə
Mən onu qucaqladım və hiss elədim ki, o ağlayır. Özümü ələ almaq üçün dodağımı dişlədim. Hələ də həmin yaranın izi qalıb. Həkimlər məni tələsdirdilər ki, ona yemək verim, çünki 13 sutka idi, o, heç nə yemirdi. Mənə kakao gətirdilər, mən isə qaşıqla ona kakao içizdirməyə başladım. O məndən soruşdu: “Sən mənim dalımca gəlmisən? Məni bu eybəcər vəziyyətdə atmayacaqsan ki?”
Mən ona cavab verdim ki, indi onu əvvəl sevdiyimdən ikiqat daha çox sevirəm və ona görə çox kədərlənmişəm. Dedim ki, o mənim üçün çox dəyərlidir. O, sevinclə kakaonu içməyə başladı və tez bir zamanda evə qayıtmaq istədiyini bildirdi.
Bir həftədən sonra onu və bir ayağını itirmiş 20 yaşlı Göyçay sakinini Moskvaya apardım. Bir həftə biz Moskvada qaldıq. Həyat yoldaşımı akademik Tixomirov müayinə etdi və dedi ki, 14 aydan sonra onun görmə qabiliyyəti bərpa oluna bilər. Təklikdə isə mənə dedi ki, həyat yoldaşım heç vaxt görə bilməyəcək.
Mən onu Bakıya gətirdim və hospitala yerləşdirdim, orada o, 1 il qaldı. Oradan isə mən onu Odessaya – professor Filatovun müayinəsinə apardım. Mən çox gözəl bilirdim ki, o, bir daha görməyəcək. Lakin onu təsəlli etmək üçün evdə son əşyaları satıb, onu müayinəyə apardım.
Biz Odessaya gəldikdən sonra dedilər ki, professor Filatov orada yoxdur, o, kurorta istirahətə gedib. Biz oraya yola düşdük. Mən Filatovun qəbuluna düşməyə nail oldum. Filatov həyat yoldaşımı müayinə etdikdən sonra açıq dedi ki, o, heç vaxt görə bilməyəcək. Mən professor Filatova dedim ki, mən bir gözümü qurban vermək istəyirəm, yetər ki, həyat yoldaşım görə bilsin. Professor əlini çiynimə qoyaraq mənə dedi:
– Əgər lazımdırsa mən ona bir göz tapa bilərəm.
Həyat yoldaşıma isə dedi:
– İbrahimov, sizin gözləriniz sizin həyat yoldaşınızdır. Bir-biriniz üçün yaşayın və özünüzü qoruyun. Elm sürətlə inkişaf edir, ümidinizi itirməyin.
Bundan sonra biz oranı tərk etdik və mən həyat yoldaşımı çətinliklə yola gətirdim ki, heç olmasa, bir aylığına Qaqrda qalaq. Biz belə də etdik. Hər gün mən onu çimmək üçün dənizə aparırdım. O, keçmiş idmançı idi, üzməyi çox sevirdi. Gözlərini itirdiyi üçün ona çox çətin idi. Mən bir ip aldım və ipi onun belinə bağlayıb, ipi əlimdə tuturdum. O, çox uzağa üzəndə ipi dartırdım, bilsin ki, çox uzağa gedib, geri qayıtsın. Mənə çox çətin idi; həyat yoldaşım üzürdü, mən isə sahildə sakitcə ağlayırdım.
Bir gün bir polkovnik bizə yaxınlaşdı və dedi:- Vətəndaş, mən bir neçə gündür ki, sizi seyr edirəm. İcazə verin həyat yoldaşınızı dənizdə üzməyə mən aparım və bir də özünüzlə ip gətirməyin.
Mən onları tanış etdim. Beləliklə, biz hər gün dənizdə üzməyə gedirdik.
Biz 1 ay Qaqrda qalıb, Bakıya qayıtdıq. Həyat yoldaşım görmə qabiliyyətini itirmiş şəxslərin həyatına öyrəşməyə çalışırdı.
O, belə həyata öyrəşməmişdi və çox əsəbi olmuşdu. Əgər o, nəyəsə ağ olduğu halda, qara deyirdisə, mən onunla razılaşmalı olurdum ki, o, sakitləşsin. Fiziki fəaliyyətlə məşğul ola bilmirdi. Mən fərqli idman növləri icad etməli olurdum. Torbaya 16 kiloqram qum doldururdum və yanında dayanırdım ki, otaqda onu daşısın. Hərdən qızımızı onun çiyninə qoyurdum. Yenə də yanında dururdum.
Mən əzablarımızın yalnız bir hissəsini yazmışam. O özünə qapanmışdı, teatr və konsertlərə getmirdi. Bir dəfə mən onu Rəşid Behbudovun konsertinə apardım. O, “Kor dilənçinin mahnısı”nı oxuyurdu. Həyat yoldaşım əynindəki köynəyi cırmağa başladı, çünki o, səhnəni və müğənnini görə bilmirdi.
Bunların hamısı onun ürəyinə təsir edirdi. Mən onun sakit həyat sürməsi üçün əlimdən gələn bütün vasitələrə əl atırdım.
6 noyabr 1953-cü ildə o, ürək çatışmazlığından həyatını itirdi. Mənim üçün ən dəyərli insan 48 yaşında artıq həyatda yox idi…
Qeyd edək ki, rus yazıçısı Pyotr Simonovun “İki ürək” adlı povestində Asiya və Əlinin həyatından bəhs olunub.