Payız fəslində insanların təxminən hər 5 nəfərindən biri özünə qapanaraq müxtəlif psixoloji hallar yaşayır. Görəsən, nəyə görə biz payızda darıxır, özümüzü pis hiss edirik? Payız depressiyası haqda alimlərin və həkimlərin maraqlı fikirləri var. Onlar düşünür ki, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi bu psixoloji vəziyyəti yaradır. Bəziləri düşünür ki, biz sadəcə, məzuniyyətə çıxmaq üçün düzgün vaxt seçmirik.
Arizona ştatının Tibb Universitetinin tədqiqatçılarının fikrincə isə, həddindən artıq nəmişlik, evdəki hörümçək torları depressiyaya gətirib çıxarır. Torpaqdan bizim mənzillərimizə düşən zəhərli mikroskopik göbələklərin rüşeymləri isti və nəm otaqlarda asta-asta yığılır və artır. Bu allergiyaya, təngnəfəsliyə, baş ağrısına, göz və dəri xəstəliklərinə və s. gətirib çıxara bilər. Nəmişlik yuxuya mənfi təsir edir, iştahanı azaldır və insanın əhvalını pozur. Bunlar da depressiyanı yaradan əlamətlərdəndir. Depressiya insan psixikasını pozan çox ciddi xəstəlikdir. Mövsümi depressiyanın əsas əlamətləri 2-3 həftə boyunca istəksizlik, diqqəti toplaya bilməmək, səhər yuxudan yorğun oyanma, pessimizmə qapılmaq, heç nədən zövq ala bilməmək, iştah pozğunluqları, həddindən artıq durğunluq və gərginlikdir. Bəs bu depressiyada necə çıxmaq olar?
Psixoloq Aytən Əliyeva deyir ki, depressiya mövsümündən asılı olaraq dəyişir: “Payız depressiyasına düşən insanlar daha çox həyəcanlı, yatmağa meylli olur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca insanlar yatmağa öyrəşir. Tez durmaq, işə tez başlamaq onlarda həyəcan yaradır. İstər-istəməz beyin işə getmək lazım olduğunu qəbul edə bilmir. Və beləcə, insan hər şeydən soyuyur. Günə hansı işdən başlayacağını bilmir. İş rejimi ona çətin gəlir. Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə, istidən soyuğa keçdikcə müəyyən xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir. Həmçinin, yaşla əlaqədar depressiyaya da düşmək olur. Məktəblilərdə və yaşlılarda fərqli olur. Yaşlılarda payızın gəlişi evə qapanmaq kimi fikir yaradır. Gənclərdə isə dərslərin başlaması, məsuliyyətin artması depressiyaya səbəb olur”.
Müsahibimiz bildirir ki, bunlar müvəqqəti depressiya olduğu üçün özü zamanla keçir. Amma insanın özü də depressiyadan çıxmağa cəhd göstərməlidir. Mən bunu edə bilərəm, mən bunu bacaracağam kimi sözlərlə özünü motivasiya etməlidir. Beləliklə, problem öz-özünə həll olunacaq”.
Günel Azadə