Fransalı yazıçı Corinne Maierin iki uşağı var. O, sonbeşiyinin evi tərk edəcəyi günü səbrsizliklə gözləyir. Deyir ki, uşaqlar onu “yorğun və müflis” qoyublar.
Onun “ideallaşdırılmış valideynliyi” tənqid etməsi bütün dünyada bir çox ana və atanın yarasını təzələyib. Bəziləri onunla razılaşdıqlarını, bəziləri isə razılaşmadıqlarını ifadə ediblər.
Peşmançılıqlar
Ana olduğuna görə özünü boş hiss edən yeganə adam olmadığımı bilməyim yaxşı oldu. İki uşağımı çox sevsəm də, bu gün düşünürəm ki, gərək heç onları dünyaya gətirməzdim. Onların qayğısına qalmaq təkcə baha deyil. Uşaq böyütmək, həm də karyera irəliləyişi bahasına başa gəlir. Ya da gərək qadın 35 yaşının keçməsini gözləsin. Ana olmağın gətirdiyi o qədər xoşbəxlik var ki. Ancaq mən özümü yorğun və yarımçıq hiss edirəm. Alex, San Antonio.
Mən heç vaxt uşaqlarla yaxşı münasibət quran biri olmamışam… İndi də deyiləm. İndi uşağımın altı yaşı var. Mən hələ də onunla və dostları ilə münasibət qurmağa çətinlik çəkirəm. Həddindən çox vaxt aparır. Mən sadəcə ana olmağı sevmirəm və mən heç bu rola uyğun gəlmirəm də. Mən məktəbdə hər işdə çox fəal olan anaların arasında özümü atılmış kimi hiss edirəm. Anonim, Köln.
Uşaq dünyaya gətirdiyimə görə peşman olduğumu demək çətindir. Çünki mən onları sevirəm. Ancaq, … mən vaxtı geriyə çəkərək özümə bunun necə olduğunu deyə bilsəydim, yəqin ki, ümumiyyətlə uşaq doğmaq istəməzdim. Bu, yalnız çox qısa zaman ərzində “gözəldir”. Onlar olmasaydı mənim pulum, azadlığım olardı və daha az narahat olardım. Mary, Edinburq.
Özüm dağılmış ailədə böyüdüyümə görə, həmişə istəmişəm böyük ailəm olsun. Allah mənə çox gözəl ər və üç (burada düz-əməlli təyin tapmağa çətinlik çəkirəm) uşaq qismət elədi. Ancaq mənim halımdan əvvəl hələ heç vaxt “arzularınla ehtiyatlı ol” ifadəsi bu qədər yerinə düşməmişdi.
Bunu yazdığım müddətdə qızım boynumdan sallanıb. Mən çığır-bağır, vuruşma və “sevgi dolu evimdən səslənən “mamma” çığırtısını eşitmədən ayaqyoluna da gedə bilmirəm.
Milad bayramı gəlir və mən həyəcan hiss etmək əvəzinə istəyirəm ərimlə birlikdə təyyarəyə minib birtərəfli biletlə hara olur-olsun, gedim. Sadəcə onu yenidən tanımaq üçün. Biz bu günlərdə o qədər yorulmuşuq ki, heç gülə də bilmirik.
Mən bunu yaza-yaza özümü günahkar hiss edirəm, çünki şükr etməliyəm. Mən şükr ifadələri əlavə etməliyəm. Məsələn, “bu, çətindir, amma ona dəyər” kimi. Ancaq bacarmıram. Çünki bilmirəm, dəyərmi. Andrea, İtaliya.
İndi mənim 50 yaşım var və mən müflis olmuşam. Çox şükr, sadəcə maliyyə baxımından. Çünki uşaqlara rəğmən ağlımı və həyatımı qorumuşam. Şübhəsiz, analıq hamı üçün deyil.
…Mən verə bildiyim hər şeyi verdim. Etməli olduğum hər şeyi etdim. Ancaq bu “xoşbəxtlik” idimi? Yox. Əgər vaxtımı mənə geri qaytarsaydılar, mənim heç vaxt uşağım olmazdı. Joy, Bath.
Müasir dövrün uşağını böyütmək ərimi və məni əldən saldı. Özü də, bu uşaqlıqla bitmir.
24 və 26 yaşlarında onlar hələ də problemdirlər. Biz onların müstəqil adamlar olması üçün çox çalışdıq, ancaq bacarmadıq.
Onlar bizdən uzaqda yaşayırlar, ancaq biz hələ də günün 24 saatı xəttin bu biri başındayıq! Əlbəttə, mən onların hər ikisini sevirəm. Ancaq mən zamanı geri çevirə bilsəydim, dünyaya uşaq gətirməzdim. Jennifer, Hertfordşir.
Qarışıq hisslər
Mən valideyn olmağı sevirəm. Ancaq, nə qədər qəribə səslənsə də, bu mənim övladlarıma arzuladığım şey deyil.
Dünya çox dəyişib və dəyişməkdədir. O mənada ki, artıq nikahın müqəddəsliyi və ailə ittifaqı olmadan da gözəl həyat yaşamaq olar.
Başqa adamların qayğısına qalmaq öhdəliyi olmadan da xoşbəxt və dolğun həyat sürmək olar.
Ev heyvanı, çoxlu dostlar, yaxşı iş Qərbin növbəti nəsilləri üçün bunu təmin edəcək. Jean, Troon.
Mənim iki oğlum var. Mən onları hədsiz dərəcədə sevirəm. Ancaq yorğunluq öz işini görür və gündəlik səs-küy heç vaxt dayanmır.
Əvvəllər mən səbrli idim və beynim işləyirdi. İndi deyəsən bu yoxa çıxıb.
Bütün həyat rejim, yuxu, yemək, paltar, təmizlik, oyun meydançası, düzgün tərbiyə, düzgün oyuncaqlar, və hər şeyi şəxsi qəbul etməməkdən ibarətdir.
Vəziyyət ağır olanda mən uşaqsız həyat istəyirəm.
Ancaq onlar sizi qucaqlayanda, ya da öpəndə, yaxud ilk dəfə yaxşı bir şey edəndə mən bunu dünyaya dəyişmərəm. Anja, Maastrixt.
Norveçdə övlad sahibi olmaq digər Avropa ölkələrinə nisbətən daha çox həyatın yeganə ən mühüm aspekti sayılır.
Evlənmək müəyyən qədər müvəqqəti hal hesab edilir, ancaq ailə və uşaqlar qalır. Ərim və mən gözəl, dolğun seks, çoxlu ümumi maraqları da əhatə edən gözəl münasibət yaşamışıq.
İndi biz valideynik, daim stresdəyik, əvvəlkindən daha kökük, bir-birimizə də daha az vaxtımız qalır.
Biz daha bir çox aspektdə bir-birimizin könlünü xoş etmək üçün çox yorğunuq.
Biz iki oğlumuzu çox sevirik və onlar xoşbəxt olanda biz də xoşbəxt oluruq. Ancaq biz müəyyən mənada yoxa çıxmışıq. Mette, Akerhus.
Peşman olmayanlar
Övlad dünyaya gətirmək mənim həyatımda baş verən ən gözəl şeydir. Bu, həm də ağır zəhmət tələb edir.
Bilmirəm kiminsə ağlına valideyn olmağın dərhal xoşbəxtlik gətirən asan iş olduğu barədə fikirlər haradan gələ bilər.
İstənilən vəziyyətdə xoşbəxt olmaq üçün uzun zaman çalışmalısınız. Brian, Ohayo.
Mən özümü uşaqsız təsəvvür etmirəm. Onlar öz müəllimləri, məşqçiləri və digər valideynlər vasitəsilə introvert olan məni dünyayla təmasda saxlayıblar.
Bir dəfə anama demişdim ki, biz övlad sahibi olmağa imkanımız olanda bunu edəcəyik. O mənə belə demişdi: “əgər sən buna imkanın çatan vaxtı gözləsən, sənin heç vaxt uşağın olmayacaq”.
Bizim uşaqlarımız və nəvələrimiz təbiətin möcüzələrini bizə yenidən göstərir. Onların unikal baxışları bizə zövq verir.Karen, Virginia.
Partnyorunuz düzgün olsa, valideynlik başdan-ayağa həzzdir. Bizim beş uşağımız var və mən istərdim daha çox olsun.
Uşaq böyütmək zəhmət tələb edir, ancaq biz vəzifələri aramızda bölməklə çoxlu başqa işlərə də vaxt tapmışıq. Məncə, valideynlik bütün başqa şeylər kimidir, yəni inkişafın qarşısını alan problem, yaxud çətinlik kimi görülə bilər.
Biz uşaqlarımızla birlikdə olmaqla o qədər böyümüşük, o qədər öyrənmişik ki. Gloria, Sola.
Övlad sahibi olmaq məni sosial həyata və ətraf mühitə daha çox bağladı. Oğluma kitab yazdım, onu nəşriyyata göndərdim və budur, bir neçə ildən sonra mən bir neçə kitab yazmış uşaq müəllifiyəm. Əminəm ki, oğlum olmasaydı mən bütün bunları etməzdim.
Biz bir az dünyanı da gəzmişik. Onun üç yaşı olanda mən onu Avstraliyaya aparmışdım. O ən yaxşı səyahət yoldaşıdır. Çoxlu insanlarla tanış olmağıma kömək etdi. Məni qılafımdan çıxardı. O mənə kosmos, qara dəliklər və təbiət dünyası haqqında bildiklərini öyrədir. (Onun qəhrəmanları David Attenborough və Stephen Hawkingdir!) İndi mən elmlə daha çox maraqlanıram. Əslində mən hər şeylə [daha] çox maraqlanıram. Sam, Uorting.
Mən Yaponiyada iki övlad böyütdüm. Pul və vaxt paxımından bu çox bahalı işdir. Ancaq buna baxmayaraq, mən uğurlu akademik karyeramı saxlaya bilmişəm.
Uşaqlar məni sadəcə daha planlı etdilər. Mənəvi baxımdan, uşaqlarım ən azı onlara verilənlər qədərini geri qaytarıblar.
Öz yetkin həyatlarında hələ də qaytarmağa davam edirlər.
Hər ikisi tibb sahəsində karyera qurub və cəmiyyətin rifahına nəhəng töfhələr verirlər. Onlar “kiçik istehlakçılar” yox, “böyük köməkçilər”dir. Bob, Tokio.
Mən ana olmağımla fəxr edirəm. Övlad dünyaya gətirib onun qayğısına qalmaq zövqdür və mənim uşaqlarım indi universitetdə oxuyurlar və daha müstəqildirlər.
Mən səbrsizliklə onların öz uşaqlarının olacağı günü gözləyirəm ki, onların qayğısına qalım.
Uşaqların tərbiyəsinə, onlara doğrunu yanlışdan ayırmağı öyrətməyə çalışmaq emosional cəhətdən faydalıdır. Onlar güclənib bu səyləri qiymətləndirəcəklər. Ghada, Enfild.
Mən ərimi itirəndə, özüm də xərçəngdən ölmək üzrə olanda uşaqlarım mənə yaşamaq və mübarizə aparmaq üçün səbəb veriblər.
İndi mən nəvələrimlə yaşayıram. Onlardan biri autizm səbəbindən əlildir və bu oğlan mənim həyata yenidən başlamağım üçün mühərrikdir. Onun sayəsində mən uğurlu bir musiqi məktəbi yaratdım. O mənim əsas tələbəmdir. Onunla gündəlik çalışmaq, ona skripka çalmağı öyrətmək mənim həyatımda ola biləcək ən dolğun təcrübədir.
Cəmiyyətimizin gələcəyi üçün ağır günlərdir. Analar daha analığın dəyərinə inanmırlar. Uşaqlarsız dünyanın gələcəyi yoxdur. Jacoline, Geneva.