İşgüzar görüş hər kəsin həyatında vacib olan görüşlərdən biridir. İşə qəbul olunmaq üçün özünü təqdimetmə böyük önəm kəsb edir. Bəzən həyəcanlı, stressli oluruq, bu da bizim işimizə təsir edir. İşgüzar görüşə gedərkən bu sahədə müəyyən təcrübəsi olan, işin mütəxəssisləri ilə məsləhətləşmək lazımdır. Bu dəfə gənclərin belə məqamlarda necə davranmalı olduğunu, özünü təqdimetmənin nə dərəcədə əhəmiyyət kəsb etdiyini öyrənməyə çalışdıq. Bunun üçün də suallarımızı mütəxəssisisə ünvanladıq. İşgüzar görüşə gedən gənclər əsasən nələri bilməli, hansı nüanslara fikir verməlidirlər?
“ANC GROUP” LLC-nin İnsan Resursları Departamentinin mütəxəssisi Aysel Hüseynova deyir ki, işgüzar görüş iş həyatına yeni addım atan gənclər üçün xüsusi əhəmiyyət daşıyır: “Belə görüşlərə getməzdən əvvəl, seçdiyiniz işi istəyib-istəmədiyinizi bilməniz önəmlidir. Ünvan dəqiq olaraq araşdırılmalı və şirkət haqqında məlumat əldə edilməlidir. Yəni şirkətin missiyasını, vizyonunu, dəyərlərini öyrənmək lazımdır. İş görüşməsi zamanı ilkin təəssürat çox önəmlidir. Günlük həyat tərzinizin nə olduğundan asılı olmayaraq, görüşə gedərkən bu məsələyə xüsusi önəm verdiyinizi əks etdirən geyimlər seçməlisiniz. Belə görüşlər zamanı insan resursları əməkdaşı yer göstərmədən öncə əyləşməyin. Cavabını bilmədiyiniz sual versələr belə, həmin an “bilmirəm” deməyin, zaman qazanmaq üçün “bir az həyəcanlıyam” deyib, düşünmək üçün zaman qazanın. Ən əsası, özünüz kimi olun, istədikləri kimi deyil. Gülümsəməyi unutmayın”.
Bəs işgüzar görüşdə özünü təqdimetmə necə olmalıdır? Müsahibimiz deyir ki, tərcümeyi-halınızda xüsusi əhəmiyyət kəsb edən məqamlara toxunmaq, verilən suallara açıq və aydın şəkildə cavab vermək lazımdır: “Görüşün ilk 30 saniyəsində görünüşünüz, üslubunuz qarşınızdakı insan tərəfindən mənfi və ya müsbət dəyərləndiriləcəkdir. Buna görə də, görüşün başlanğıcından etibarən pozitiv olmalısınız və özünəinamınız yerində olmalıdır. Özünüzü gərgin hiss etsəniz belə, gülümsəyin. Müsahibə götürən məsul şəxs sizin bu iş üçün doğru insan olub-olmadığınızı bilmək istədiyi kimi, eyni zamanda, siz də bu vəzifə üçün doğru insan olub-olmadığınızı bilmək istəyərsiniz. Belə görüş əslində iş, şirkət mədəniyyəti və daha bir çox məsələ ilə bağlı məlumat almaq üçün fürsətdir. Düzgün təqdim etməmə işə götürməyə mane ola bilər. Müsahibə zamanı uzun müddət səssiz qalmaq, çəkingənlik səbəbi ilə ifadə etmək istədiklərinizi deyə bilməmək, özünüzü doğru təqdim etmək baxımından sizə maneə ola bilər. Görüş zamanı duruşunuzu, göz kontaktınızı, danışıq tərzinizi, bədən dilinizi çox professional şəkildə idarə etməlisiniz”.
A.Hüseynova gənclərin işgüzar görüşlərdə nələri yanlış etdiklərindən, görüşməyə gedən zaman həyəcanı dəf etmək və özünəinamı bərpa etmək üçün nələri etməli olduqlarından da danışdı. Bildirdi ki, işgüzar görüşlər zamanı bəzən yaxşı CV olduğu halda belə, gənclər uğur qazana bilmirlər: “Bunun səbəblərinə görüşə gecikmək, geyimə diqqət etməmək, müsahibəyə hazır olmamaq, telefonu söndürməmək, CV-ni unutmaq, bir öncəki iş yeri haqqında neqativ fikirlər söyləmək və s. kimi nümunələr göstərə bilərik. İstər ilk işgüzar görüş olsun, istər onuncu, hər kəs müsahibədə həyəcanlanır. Önəmli olan həyəcanlanmamaq deyil, həyəcanı doğru idarə edə bilməkdir. Stresslə mübarizə aparmağın başlıca yollarından biri pozitiv düşünməkdir. Gedəcəyiniz yerdə həyəcanlanırsanızsa, öncədən yaxın dostlarınızdan biri ilə məşq edin. Müsahibə zamanı sakit, təsirli çıxış nümayiş etdirin. Hər görüşdən sonra sizə verilən sualları və bu suallara verdiyiniz cavabları qeyd edin. Daha sonrakı işgüzar görüşlərdə bu sualların cavablarını inkişaf etdirməyə çalışın”.
Günel Azadə