lutfu zade

Lütfi Zadə haqqında bilmədikləriniz: “Xanımının külünü evdə saxlayırdı…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 363

Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Lütfi Zadə ailəsinin ən yaxın dostudur. Dünya şöhrətli alimin son anına kimi yanında olan Şahnaz xanım AzVision.az-a müsahibəsində Lütfi Zadə ilə bağlı indiyədək heç kimin bilmədiyi özəl məqamlardan söz açıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir.

– Lütfi Zadə ilə ilk görüşüm 1999-cu ildə Almaniyada olub. O zaman qrant layihəsi qazanarq Zigen Universitetində 3 ay müddətində elmi-tətqiqat işinə başlamışdım. Həmin vaxt Zigen Universitetində konfrans keçirilirdi. Konfransda professor Lütfi Zadə də iştirak edirdi. O, mənim çıxışımı diqqətlə izləyirdi. Çıxışım zamanı Lütfi Zadə mənə bir neçə sual verdi. Konfrans bitdikdən sonra mənə yaxınlaşdı və çıxışımın onun xoşuna gəldiyini dedi. Təklif etdi ki, mən onun Berklidəki laboratoriyasına üzv olum.

Lütfi Zadəyə məlumat verdim ki, mən elmlər namizədliyi üzrə işimi verilənlər bazası üzrə yazmışam. Ancaq ən böyük arzum həmin sistemləri intellektual sistem kimi sizin “qeyri-səlis məntiq” və “qeyri-səlis çoxluqlar” bazasında yaradım. O, məni dinlədi. Bu sahədə olan tətqiqatlarımı bəyəndi. Bir neçə aydan sonra mənə məktub yazdı. Bildirdi ki, “siz artıq Amerika üçün yetişmisiniz. Mənim laboratoriyamda istədiyiniz müddətdə elmi tətqiqat işləri apara bilərsiniz”. Bundan sonra mən sənədlərimi Amerika səfirliyindəki “Full Bright”proqramına təqdim etdim. Tale belə gətirdi ki, həmin proqramı qazandım. 2007-ci ilin avqusun 4-də Berklidə işə başladım.

– Bəs necə oldu ki, yolunuz laborotoriyadan ailə üzvülüyünə qədər gedib çıxdı?

– Professor Lütfi Zadə çox gözəl bir insan idi. O, laboratoriyasına gələn hər kəsə qarşı diqqətcil idi. Hətta soruşurdu ki, sizin nəyiniz çatışmır? Deyirdi ki, birdən qazanın, tavan olmaz, birdən nəqliyyatla və yaxud məişət işləri ilə bağlı problemin olar? Lütfi Zadə hamının problemləri ilə maraqlanırdı. Mənə isə xüsusi maraq göstərirdi. Həmişə deyirdi ki, “Şahnaz FullBright-i qazanıb gəlib, siz isə adi səfər edən alimlərsiniz”. O, bunu xüsusi qeyd edirdi. Lütfi Zadə bütün bayramlara, tədbirlərə məni dəvət edirdi.

-Lütfi Zadə evdə, ailədə necə insan idi?

– O, çox sadə, sakit və dinləməyi bacaran, hər bir addımda məntiq axtaran dahi insan idi. Lütfi Zadənin dəvəti ilə onların evində tez-tez qonaq olurdum. Ailə bayramlarında məni evinə dəvət edirdi. Fanya xanım və Lütfi məni dünyasını dəyişən qızları qədər çox istəyirdilər.

– Maraqlıdır ki, Lütfi Zadənin sizə bu qədər diqqət göstərməsinin səbəbi nə idi? 

– O, mənə həm dost kimi, həm də ata kimi qayğı göstərirdi.

– Bayaq qeyd etdiniz ki, Lütfi Zadə insanların hərəkətlərində məntiq axtarırdı. Siz onun sınağından üzüağ çıxa bildinizmi?

– Maraqlı bir məqamı qeyd edim. Almaniyadan bir professor Lütfi Zadənin yanına qonaq gəlmişdi. O, dəyirmi masada çıxış etdi. Bundan sonra mən həmin professorla birlikdə Lütfi Zadənin otağına çıxdıq. Lütfi Zadənin otağı labirint kimi idi. Hər yer kitablarla dolu idi. Kitabların arasından keçərək otağa daxil olduq. Otaqda bir masa və bir kreslo vardı. Oturmaq üçün başqa stul yox idi. Lütfi Zadə açılıb-bağlanan stulu mənə uzatdı. Dedi ki, “bu stulu aç, görüm sənin məntiqin necədir”. Bir stola baxdım, bir də ona. Xoşbəxtlikdən stulu aça bildim. Lütfi mənə baxıb dedi ki, “sənin məntiqin yaxşıdır”. Mən bu sınaqdan da çıxdım.

– Lütfi Zadə üçün elm daha üstün idi, yoxsa var-dövlət?

– Professor Lütfi Zadə böyük insan idi. O, evdə də özünü elmə həsr edirdi. Hər yerdə özünü elmdə görürdü, alim kimi düşünürdü. O, heç vaxt düşünmürdü ki, 3 mərtəbəli villası olsun. Onun ideyalarını həyata keçirmək üçün Allahdan möhlət istəyirdi. Lütfi Zadənin fərqi budur. Onu var-dövlət yox, elm maraqlandırırdı. Lütfi Zadə həmişə deyirdi ki, bahalı maşın və evimin olması mənim üçün əsas deyil. Mənim üçün əsas etdiklərimdir…

Bahalı villa, var-dövlət, sərvət onun bir nəzəriyyəsi ilə müqayisə oluna bilməz. O, dünya üçün böyük irs qoyub. Təəssüf ki, hələ də Lütfi Zadənin elmi irsi araşdırılmayıb. Bütün dünya onun nəzəriyyəsi ilə işləyir, dünya alimləri onun davamçılarıdır. Ancaq onun elmi irsinin araşdırılması, tətqiq və tətbiq olunması, iqtisadi səmərə verməsi prosesi hələ də gözlənilir. Onun elmi irsi gələcəyin nəzəriyyələridir. Nə qədər ki, elm var, Lütfi Zadə nəzəriyyələri də yaşayacaq.

– Lütfi Zadə ölümdən qorxurdu?

– Onun xanımı Fanya Zadə bu il yanvar ayının 17-də dünyasını dəyişib. Lütfi Zadə xanımını çox sevirdi. Xanımı onu tamamlayan varlıq idi. Onun vəfatı Lütfi Zadəyə çox pis təsir elədi. Bəlkə də Lütfi Zadə onu axtarırdı. Bəlkə də Fanya xanımın vəfatından sonra onun üçün həyatda yaşamağın bir mənası qalmamışdı.

Lütfi Zadə Allaha inanırdı. O, hər bir addımında Allahın adını çəkirdi. Deyirdi ki, Allah mənə nə qədər ömür veribsə, o qədər yaşayacağam.

– Lütfi Zadə namaz qılırdı?

– Bəli. Deyirdi ki, “mən Tehranda tələbə olanda gündə beş dəfə namazlarımı qılırdım”. Bu səbəbdən Lütfi Zadə məndən xahiş etdi ki, dünyasını dəyişdikdən sonra onu müsəlman qaydası ilə dəfn edək.

– Lütfi Zadənin son anlarını necə xatırlayırsınız? Oğlu Norman onun yanında deyildi?

– Norman valideynlərinə qarşı çox diqqətli olub. O, başqa şəhərdə yaşayırdı. Demək olar ki, həftədə iki-üç dəfə zəng edərək valideynləri ilə maraqlanırdı. Norman atasını çox istəyirdi.

Professor Lütfi Zadə böyük azərbaycanlı idi. Hətta o yeməklərində də Azərbaycan yeməklərinə üstünlük verirdi. Azərbaycan yeməklərini sevirdi.

– Deyirdim ki, siz sabah hansı yeməkləri istəyirsiniz, deyin, baxıcı hazırlasın. O, isə deyirdi ki, yeməyi xanım yox, sən hazırla. Səbzi qovurma, qiymə-badımcanı xoşlayırdı.

– Lütfi Zadə Azərbaycan dilində danışa bilirdi?

– O, Azərbaycan dilində bəzi sözləri bilirdi. Biz onunla restorana tez-tez gedirdik. Yemək sifariş edən zaman heç vaxt badımcanın adını ingilis dilində deməzdi. Həmişə deyirdi ki, bizə badımcan verin. Ofisiant soruşurdu ki, siz nə deyirsiniz? Mən də tez badımcan sözünü ingiliscəyə tərcümə edib, ofsianta deyirdim.

Lütfi Zadə evdə xanımı ilə danışanda çox vaxt Azərbaycan sözlərindən istifadə edirdi. Ancaq onların ətrafında Azərbaycan dilində danışan şəxslər yox idi. Buna görə də daha çox rus dilində danışırdılar.

– Lütfi Zadə Azərbaycandakı qohumları haqda nə danışırdı? Cənnət Səlimova həqiqətən onun xalası qızıdır?

– Lütfi Zadə 2008-ci ilə qədər Azərbaycanda qohumunun olması haqda mənə məlumat verməmişdi. Adətən o, qohumları barədə danışmırdı. Professor Azərbaycana gələndə Cənnət xanım mənə zəng vurub xahiş etdi ki, onunla görüşə şərait yaradım. Mən də Cənnət xanıma dedim ki, akademiyada Lütfi Zadənin çıxışı olacaq, gəlib iştirak edə bilərsiniz.

Cənnət xanım deyir ki, Lütfi Zadə mənim xalam oğludur. Ancaq Lütfi Zadəni ilk dəfə 2008-ci ildə görüb. Lütfi Zadə bu barədə heç vaxt danışmayıb.

– Cənnət xanım müsahibəsində bildirib ki, ölüm anına kimi Lütfi Zadənin yanında olub.

– Bu, həqiqətə uyğun deyil. Lütfi Zadənin ölüm xəbəri çıxanda Cənnət xanım zəng etmişdi. Amma professor yatdığına görə onunla çox qısa telefon danışığı oldu.

– Lütfi Zadə kitablarını, ordenlərini niyə məhz sizə bağışlayıb?

– Mən 2007-ci ildən bu ilin sentyabr ayının əvvəlinə qədər Lütfi Zadə ailəsinin yaxın dostu olmuşam. İlin beş ayı onun laboratoriyasında işləmişəm. Axırıncı 4-5 il ərzində həm Lütfi Zadə, həm də onun xanımı ahıllıq çağında idi. Mən bacardığım yardımı onlardan əsirgəmədim. Professor özü bu qərara gəldi ki, kitablarını, ordenlərini, medallarını mənə versin. 3 il bundan qabaq həmin medalları, kitab və ordenlərini qabalaşdıraraq mənə göndərdi. Dedi ki, sənə etibar edirəm. Azərbaycanda Lütfi Zadə adına muzey yaradılsa, onları muzeyə təqdim edəcəyəm.

– Bundan əvvəl məlumatlar yayılmışdı ki, Lütfi Zadənin varisi Rafiq Əliyevdir. Bu haqda fikirlərinizi bilmək istərdik.

– Lütfi Zadənin varisi onun oğludur. Mən onun varisi deyiləm. Lütfi Zadənin malı-mülki hamısı oğlu Norman Zadəyə məxsusudur. O, mənə ancaq orden, medal, kitablarını, son yazılarını, hətta yazı masasını, kompüterni vəsiyyət edib.

– Rafiq Əliyev onun uzun illər dostu olub. Maraqlıdır ki, bunları niyə, ona yox sizə verdi?

– Mənim bu barədə heç bir informasiyam yoxdur.

– Ümumiyyətlə, Rafiq Əliyevlə Lütfi Zadənin münasibəti necə idi?

– Rafiq Əliyev Lütfi Zadənin dostlarından biri olub. Onların dostluğunu bilirdim. Lütfi Zadə həmişə deyirdi ki, Rafiq mənim dostumdur. O, Rafiq Əliyevə çox dəyər verirdi.

– Rafiq Əliyev onun varisi deyildi?

– Lütfi nə vaxt dedi ki, bu şeyi kiməsə verirəm. Mən bu haqda eşitməmişəm. Amma dost kimi ona yüksək dəyər verirdi. Oğlu Norman Rafiq Əliyevi tanımır.

– Lütfi Zadənin elmi irsi ilə bağlı danışaq… Siz bu istqamətdə hansı işləri görəcəsiniz?

– Professor Lütfi Zadə arzulayırdı ki, onun elmi nəzəriyyəsindən alınan nəticələr Azərbaycanda tətbiq edilsin. İstəyirdi ki, bunlar qeyri-neft sektorunun inkişafı məqsədi ilə həyata keçirilsin. Lütfi Zadənin arzularından biri də bu idi ki, onun elmi irsi ilə tətqiq olunan elmi tətqiqat institutu açılsın. Adını da söyləmişdi: Biliklərə Əsaslanan Sistemlər Beynəlxalq Elmi Tətqiqat Mərkəzi. Bu institutun Azərbaycanda açılmasını çox arzulayırdı. İstəyirdi ki, Azərbaycanda konfranslar keçirilsin. Qeyd edim ki, Lütfi Zadənin laboratoriyası hazırda fəaliyyətini davam etdirir. Həmin laboratoriyanın mindən çox üzvü var. Hər il bu üzvlərin sayı artır.

– Uzun illər Amerikada yaşayan dahi şəxsiyyətin Azərbaycanda dəfn olunmasına səbəb nə idi?

– O, illər öncə xanımı ilə birlikdə qərar vermişdi ki, dünyalarını dəyişəndə kremasiya olunsunlar. Xanımı dünyasını dəyişəndə bunu etdilər. Ancaq Lütfi Zadə qərarını dəyişdi. 2008-ci ildə Azərbaycandan qayıtdıqdan sonra onun fikirləri dəyişilmişdi. O, heç vaxt azərbaycanlı olduğunu gizlətmirdi. Əksinə fərəhlə deyirdi ki, mən Bakıda anadan olmuşam, azərbaycanlıyam.

Lütfi Zadə Azərbaycanda dəfn olunmaqla bağlı qərarı üzərində çox düşündü. 2012-ci ildə qərar verdi ki, dünyasını dəyişdikdən sonra Azərbaycanda dəfn olunsun. 2015-ci ildə o, mənə dedi ki, nəşimin aparılmasında məsuliyyətli şəxs kimi sənə vərəsə edirəm.

Siz sual verdiniz ki, mən vida mərasimində niyə çıxış etmədim, ikinci planda qaldım. Bu, doğru deyil. Mən Ruminiya və Rusiyadan olan qonaqlarla birlikdə əyləşmişdim. Cənnət xanım onun qohumu olduğuna görə öndə əyləşmişdi.

– Norman Zadə atasının Bakıdakı qohumlarını tanıyır?

– Norman Zadə Cənnət xanımı tanımır. Həmçinin Rafiq Əliyevi də. Məni on il onların evində olduğuma görə tanıyır.

Mən Bakıya gələndə Lütfi Zadəyə həftədə 3 dəfə zəng edirdim. O, mənim zəng etdiyim saatı bildiyi üçün həmin vaxt zəngimi gözləyirdi. Bəzən elə olurdu ki, mən ona gündə iki dəfə zəng edirdim.

– Qeyd edirsiniz ki, ildə 5-6 ay Lütfi Zadənin evində qalırdınız. Ailənizin buna münasibəti necə idi?

– Mənim iki övladım var. Övladlarımın hər ikisi Berkli universitetinin tələbəsidir. Onlar beş il müddətində Lütfi Zadə ailəsinin yanında olublar. Mənim kiçik qızım Sabina Şahbazzadə son il ərzində onun köməkiçisi olub.

– Bəlkə Lütfi Zadə sizin gözəlliyinizə heyran olmuşdu?

– O, məni övladı kimi çox istəyirdi. Elə bil, onların ikisi də məni övladları kimi qəbul edirdilər. Xəstə olanda yanlarında olurdum, yeməklərini mən verirdim.

Mənə baxıb deyirdi ki, çox təşəkkür edirəm, Şahnaz. Sən mənə çox uğurlu bir övlad oldun. Bu sözü mənə Fanya xanım da demişdi. Lütfi Zadə məni öz ailəsinin üzvü hesab edirdi.

Bir maraqlı məqamı da danışım. O, xanımını dinləyirdi. Ancaq ailədə bir az diktator idi (gülür). O, nə deyirdisə, biz onu həmin dəqiqə yerinə yetirirdik. Sözlərinə hörmətlə yanaşırdıq. Evdə bir sözü iki olmazdı.

– Həyat yoldaşı sizi qısqanmırdı ki?

– Həyat yoldaşı məni Lütfi Zadədən də çox sevirdi. Bəzən Fanya xanım özü məni evlərinə dəvət edirdi. Lütfi Zadə xanımını çox istəyirdi. Ölən günə kimi xanımının külünü evdə, bankada saxlayırdı.

– Lütfi Zadə ilə oğlu Normanın münasibəti necə idi? 

– Norman çox ağıllı insandır. Onun gözəl xüsusiyyətləri var. Onu çox istəyirəm. Yaxşı alimdir. Berkli universitetinin məzunudur. Orada dərs deyirdi. Sonra biznesə qoşuldu. Norman başqa şəhərdə yaşayır. Bacısı da Los Anclesdə yaşayırdı. Onların hər ikisi bir şirkətdə işləyirdlər. Norman ailə qurmayıb. Lütfi Zadə Normana deyirdi ki, ailə qur, mənim də nəvələrim olsun. O, isə hələ də biznesə üstünlük verir. Bəlkə də biznes sahəsinin adamları ailə qurmağa vaxt tapmırlar və yaxud da ailə qurmağa üstünlük vermirlər…

– Norman nəyə görə Azərbaycana gəlib atasının dəfnində iştirak etmədi?

– Mən bircə bunu deyə bilərəm ki, Norman Azərbaycana gələcək, atasının da məzarını ziyarət edəcək. Sadəcə olaraq, çox ciddi bir məsələni həll etməli idi. Buna görə Norman Azərbaycana gələ bilmədi. Biz yaxın zamanda Normanın Azərbaycana gəlişini gözləyirik.

– Lütfi Zadənin hansı qeyri-adi xüsusiyyətləri var idi?

-Onun rəssamlıq qabiliyyəti də vardı. Bütün görkəmli şəxsiyyətlər, prezidentlərin şəkillərini çəkirdi. Ronald Reyqan, Corc Buşun da şəklini çəkib.

Bir məqamı da qeyd edim ki, Lütfi Zadə həm də yaxşı rəqqas idi. O, 95 yaşı olanda Berkli universitetinin tədbirində gözəl rəqs etmişdi. Hamı heyranlıqla ona baxırdı.

Porfessor Zadə borş və Azərbaycan peraşkisini çox sevirdi. Evdə daha çox Azərbaycan yeməklərinə üstünlük verirdilər. Səbzi plov, badımcan, tikə, lülə kababını çox sevirdilər…

-Lütfi Zadə ilə bağlı unuda bilmədiyiniz hansı xatirələriniz var?

– Mən qrant udub Amerikaya gedəndə orada qalmaq üçün bir illik ev kirayə götürməli idim. Lütfi Zadə əvvəlcə mənə bir həftəlik ev kirayələdi. Dedi ki ki, Şahnaz sən bir həftə burda qal. Sonra gedib sənə istədiyin evi kirayə tutarıq. Həmin evə professor Lütfi Zadə özü məni apardı, evə baxdı, bəyəndi və evi mənim üçün kirayə tutdu. Bir müddət sonra mən evi dəyişməli oldum. Çünki, həmin evə axşam saat 7-dən sonra avtobus getmirdi. Buna görə bəzi tədbirlərdə iştirak edə bilmirdim. İkinci evi isə Lütfi Zadənin köməkçsi ilə birlikdə kirayələdik. Həmin vaxt professor ezamiyyətdə idi.

Bir məqamı da qeyd edim ki, Lütfi Zadə üçün mart ayı çox əlamətdardır. Ona görə ki, Lütfi Zadə martın 21-də Fanya xanımla ailə həyatı qurub. Həmin gün onlar həm Novruz bayramını, həm də evlilik il dönümünü qeyd edirdilər. Həmişə mənə deyirdi ki, Şahnaz harada olursan ol, ancaq martda yanımızda ol. Həmin günü restoranda qeyd etməyi sevirdi. Ancaq Bakı restoranına gedirdi. Berklidə bakıllıların işlətdiyi bir restoran var. Həmin restorandan çıxandan sonra professor Zadə təklif etdi ki, biz maşınla səni evə aparaq. Nə qədər imtina etsəm də, o, razılaşmadı. Bilirdim ki, köçdüyüm ev Lütfi Zadənin xoşuna gəlməyəcək. Gətirib məni evə qoyanda harada yaşadığımı gördü. Bu zaman çox narahatlıq hissi keçirdi. Elə bil ki, o evlə mən ona böyük bir problem yaşatdım. Dedi ki, mən gecə yata bilmirəm ki, sənin qaldığın yer yaxşı yer deyil, qaradərililərin məhəlləsində qalırsan. Birdən sənə xəsarət yetirərlər. Bir həfətədən sonra o mənə yeni ev tutdu və ordan köçdüm.

– Bəzən “Şahnaz Şahbazova kimdir ki, Lütfi Zadənin ailə üzvü də olsun” kimi fikirlər səsləndirirlər… Buna münasibətiniz necədir?

– Demək istəyərəm ki, mən on il Lütfi Zadə ailəsinn üzvü olmuşam. O, mənə etibar edirdi. Medallarını mənə verəndə dedim ki, hava limanında soruşmayacaqlar ki, bu medallar kimindir? Lütfi Zadə buna görə medalları sənədləşdirdi. O, elə bir insan idi, istəmədiyi şeyi ona heç kəs məcbur edə bilməzdi. Hətta xanımı belə..

– Onun məzarını ziyarət edirsinizmi?

-Demək olar ki, hər gün onun məzarını ziyarət edirəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir