Böyük yaşlarda puldan doğru istifadə etmək balaca vaxtlardan öyrədilən vərdişdən çox asılıdır. Ailələr uşaqlarına xərclik verərkən, özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdır.
Xərclik yaxşı bir hərəkətə mükafat və ya öhdəliyində olan hər hansı işinə ödəmə deyil, uşağa seçməyi, məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.
Ümumiyyətlə, uşaqlara 3-cü sinfin sonlarından sonra, yəni 9-10 yaşlarında pul verilməlidir. Az yaşda uşağa pul vermək uşağın ondan (pulu tanımadığına görə) doğru istifadə edə bilməməsi, aldığı hər hansı şeyin qalığını geri istəməməsi, lazımsız fast fooda xərcləməsinə gətirib çıxarır ki, bu da özünü müəyyən problemlərlə göstərir.
Bəs xərclik necə verilməli?
Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil, bədbəxtlik və doyumsuzluq gətirir. Uşaq gərəkdiyindən çox xərcliyi doğru formada istifadə etmir. Olan dəftər və qələmlərinin yanına yenilərini də əlavə edir. Zamanla israf və doyumsuzluq formalaşır.
Uşağa çox xərclik verməyin sadəcə ona deyil, dostlarına da zərəri var. Xüsusilə müxtəlif gəlir sahibi olan ailələrdən gələn uşaqlar onlara pul verilmirsə və ya az verilirsə, bəzi yoldaşlarının çox pul xərcləməsindən təsirlənir. İlk öncə ruh düşkünlüyü, sonra isə məmnuniyyətsizlik kompleksi özünü göstərir və bu hal yoldaşlararası münasibətlərin pozulmasına gətirib çıxarır.
Uşağa normadan az xərclik vermək də düzgün deyil. Yoldaşları ilə özünkünü müqayisə edib, məyus olaraq özünə güvəni azalır.
Ən doğrusu, uşağın yaşına və sinfinə uyğun olaraq, ehtiyaclarını qarşılayacaq qədər sistemli xərclik verilməlidir.
Bu pulun nə qədər olacağına uşaq və valideyn birlikdə qərar verməli, alınan qərar vaxtaşırı nəzərdən keçirilməlidir. Uşaq xərcliyin az olduğunu görürsə, ona uyğun və sakit tonla “sənə çox pul vermək istəyərdim, amma büdcəmiz məhduddu”, – deyə bilməliyik.
Sonda isə qeyd edim ki, xərclik uşağa yalnız pulu doğru istifadə etməyi öyrətmir, onda həm də məsuliyyət və sahiblənmə hissini inkişaf etdirir. Anlıq və keçici istəklərini təxirə sala bilməyi və ehtiyaclarını vacibliyinə əsasən sıralamasını, qənaətcil olmağı və əldə etdiklərinin dəyərini bilməyi öyrədir. Ən əsası, ailəsinin ona dəyər verdiyini, onu bir şəxsiyyət kimi qəbul etdiyi mesajını verir.
“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova