cadu

Balaca cadugərlər, uşaq ovu, yandırılan körpələr – QARA MAGİYANIN DƏHŞƏTİ

Baxış sayı: 1. 395

Afrika bütün hüquqi dövlət quruluşlarına və qanunlarına baxmayaraq, ənənələrlə yaşayan qitədir və bu ənənələrin çoxəsrlik tarixi var. XXI əsr olmasına baxmayaraq, “Qara Qitə”nin qara magiyaya inamı tükənmir. Cadugərlik və qətllərin baş verdiyi ayinlər qitədə geniş yayılıb. Nə qədər qəddar və qəribə görünsə də, Afrika uşaqları şamanların (dini təriqət lideri) və cadügərlərin qurbanına çevrilir. Və bütün bunlar valideynlərinin razılığı əsasında baş verir.

Albinos ovu

Albinoslar (sarışın zəncilər, dərisi və saçları sarıya çalanlar) Afrikada ən çox təqib olunan qruplardır. Mərkəzi Afrika ölkələrində bir çox inanclara görə, albinos uşağın doğuluşu çox pis əlamətdir.

Lakin albinos uşağın bədəninin müxtəlif hissələrindən və orqanlarından sehrdə, eləcə də müalicədə istifadə etmək mümkündür. Albinosların orqanları daha çox Keniya, Konqo və Tanzaniyanın ara həkimləri tərəfindən istifadə olunur. Öldürülmüş albinosun müxtəlif orqanlarının qiyməti ayrı-ayrılıqda 1000 dollardır. Bütöv bədən isə 75 min dollara qədərdir. Albinos zəncilərin cinsiyyət orqanına daha çox təlabat var. Buna səbəb QİÇS xəstəliyidir. Mövhumata görə, qurudulmuş cinsiyyət orqanını yeyən QİÇS xəstəsi bundan xilas ola bilər.

Albinos ovçuları uzun müddət cəzasız qalırdılar. Onların qurbanları haqqında “itkin” elanları çıxırdı. Tanzaniyada hökumət bununla bağlı cinayət işini ilk dəfə 2009-cu ildə açdı. Qatilləri asdılar. Bundan sonra ovçular öz qurbanlarını öldürmür, əvəzində əzalarını kəsməyə başladılar. Əgər məhkəmə qarşısına çıxsalar, onları ağır işgəncə və 5 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Ötən il Tanzaniyada altı yaşlı albinos uşağın əlini kəsdilər. Hücum edənlərin arasında oğlanın atası da var idi.

Albinos uşaqları qorumaq üçün xüsusi internatlar fəaliyyət göstərir. Lakin bu, onları həmişə hücumdan xilas etmir. Bəzən mühafizəçilər rüşvət qarşılığında ovçuların uşaqları oğurlamağına şərait yaradırlar.

Yandırılan körpələr

“Qara Qitə”nin dəhşətləri bununla bitmir. Ənənələrə görə, uşaq doğulan vaxt ana ölürsə, yeni doğulmuş körpə lənətlənmiş hesab olunur. Hesab olunur ki, bu uşaqlar bədbəxtliyin əlamətidir, buna görə də onları öldürmək lazımdır. Bu, fiziki qüsurlu uşaqlara da aiddir. Belə uşaqları ən çox yandırır və ya zəhərləyirlər. Lakin heç vaxt deyilmir ki, körpə öldürülüb. Onlar haqqında danışırlar: “Uşaq valideynlərinin yanına yola düşdü”. Qatil isə “onu müşahidə edən” adlandırılır.

Hökumətlər bu qorxunc adətlə mübarizə aparmağa çalışır. Lakin “lənətlənmiş” uşaqlar 15 yaşına qədər sığınacaqlarda qala bilirlər. Onlar daha sonra geri qayıdırlar. İllər keçməsinə baxmayaraq, onlara çıxarılmış ölüm hökmü ləğv olunmur.

Əkizlərdən biri mütləq öldürülür

Madaqaskarda olan tayfalarda isə əkiz uşaqlarla bağlı qəribə mövhumat var. Belə ki, əkiz uşaqların mütləq biri ölməlidir. Mövhumata görə, əkiz uşaqların birgə yaşaması ananı cinlərlə əlaqəyə girməsinə səbəb olur. Son vaxtlar qaydalar bir qədər yumşalıb. Daha onları öldürmürlər. Əkiz uşaqların ilk doğulanı götürülür, ikincisi isə tərk edilir.

Nigeriyada isə belə inam var ki, əkizlər bir-birinə oxşamırsa, onlardan biri tezliklə öləcək. Təriqət rəhbərini aldatmaq üçün valideynlər əkiz uşaqlara eyni paltarları geyindirir, saç düzümlərini bir-birinə oxşadırlar.

Azyaşlı cadugərlər

Nigeriyada cadugərlik qanunvericiliklə qadağandır. Sehrli mərasimlər keçirənləri uzun illik həbsxana gözləyir. Lakin bu məsələdə də bəzən təhrifə yol verilir. Misal üçün, bir neçə il öncə Avropadan olan iki könüllü azyaşlı oğlanı acından ölməkdən xilas etdi. Bu uşaq cadugər elan olunmuş və evdən qovulmuşdu.

Konqo Demokratik Respublikasından olan Naomi danışır ki, onun valideynləri ölüb: “Daha sonra babam xəstələndi. Xalam məni cadugər elan etdi. Dedi ki, niyə hər kəs xəstələnir? Onlar sənə görə belə olurlar”.

Belə hadisələr yüzlərlədir. Konqo hökuməti həddi buluğa çatmamışların cadugərlikdə ittiham olunmasını qadağn edən qanun qəbul etdi. Lakin vəziyyət praktiki olaraq dəyişməyib. Uşaqlara kömək edən müxtəlif xeyriyyə fondlarının nümayəndələri danışırlar ki, problem təkcə mövhumatda deyil. Onların sözünə görə, çoxuşaqlı ailələrdə valideynlər uşaqlarının hamısını yedirə bilmirlər. Buna görə də cadugərlik bəhanəsi ilə onların bəzilərini küçəyə atırlar.

2013-cü ildə “Humane Africa” təşkilatının “Uqandada qurbanlar və şikəst uşaqlar” haqqında məruzəsi əsil şok yaratdı.

Ruhlara verilən qurbanlar

Təşkilatın məlumatına görə, ölkədə uşaq qurbanları mütəmadi olaraq baş verir. Demək olar ki, hər həftə bir uşaq ölür. Həm də bu, ayinlər zamanı törədilən qətllərlə baş verir. Belə ayinlər artıq biznesə çevrilib. Bir neçə il öncə Uqandanın paytaxtı Kampalendə həbs olunan bir biznesmen oğlan uşağının qətlini sifariş verməkdə günahlandırılırdı. O, uşağın bədəninin hissələrini öz tikinti sahəsində basdırmışdı. Biznesmen ömürlük həbsə məhkum edilmişdi.

Yerli biznesmenlər bununla böyük layihəni işə salmamışdan öncə ruhları təmin edərək, onlardan “dəstək” alırlar. Qurbanları cadugərlərə hətta yaxın qohumları da gətirir.

2011-ci ildə bir müştəri 12 yaşlı qardaşı oğlunu kahinə gətirərək bildirdi ki, uşağın qanı ruhlara lazımdır. Buna görə o, pul tələb edirdi. Bəzən cadugərlər sifarişçilərdən öz uşaqlarını qurban verməyi tələb edərək, onları yoxlayırlar. Nəticədə, bəzi valideynlər mərasimdən imtina edirlər.

Cadugərdən qorxan polislər

Lakin statistika belə cinayətlərin hər il artdığını göstərir. Hüquq-mühafizə orqanlarında qətl törədilən ayinlərlə mübarizə üzrə xüsusi şöbə fəaliyyət göstərir. Lakin polislər cadugərlərdən qorxduğu üçün çox vaxt göz yumurlar. Bununla yanaşı, bəzi polislər rüşvət qarşılığında cinayəti qeydə almırlar.

2008-ci ildə aparılan tədqiqata görə, Uqanda ilə yanaşı, CAR və Mozambikdə də oxşar hadisələr baş verib. Qurbanların böyük əksəriyyəti 3-18 yaş arası uşaqlardır. Bəzən hamilə qadınları öldürərək, uşağın doğulmasının qarşısını belə alırlar.

Cadugərlərin özləri qurbana çevrilir

Afrikada bir çox hallarda cadugərlərin özləri qurbana çevrilir. 2014-cü ildə Tanzaniyada yeddi insan öldürüldü. Məlumatlara görə, onlar cadugər olublar. Yerli sakinlər bu cadugərlərin keçirdiyi sehrli ayinlərdən şübhələndikləri üçün onları qətlə yetirib. Hər il 500 ara həkimi öldürülür. Lakin onların sayı tükənmir, daim yeniləri gəlir və əcdadlarının işini davam etdirirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir