Ailə qurmaq, övlad sahibi olmaq yəqin ki, hər kəsin arzusudur. Lakin bəzən elə də olur ki, hətta istəsən belə mümkün olmur. Azərbaycanda ailə qurmayan, ailə qurub övladı olmayan tanınmışlar əvvəl də olub, indi də var. Müasir dövrümüzdə yaşayanların bəziləri barədə bəlkə də bir çoxlarının məlumatı var, ancaq yeni nəslin yəqin ki, Üzeyir Hacıbəyovun, Niyazinin övladının olmamasından, Səttar Bəhlulzadənin, Süleyman Sani Axundovun, Ənvər Məmmədxanlı acı həyat yolundan çox da məlumatlı deyil. Bu yazımızda həm onların, həm də eyni aqibəti yaşayan müasirimiz olan bir çox tanınmışların həyatı barədə məlumat verəcəyik.
Üzeyir Hacıbəyov Məleykə xanımla Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olmuşdu. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra 1909-cu il dekabrın 20-də ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşayırlar. Sonradan Üzeyir bəyə ev verilir. Onlar 1942-ci ilə qədər bu mənzildə yaşayırlar. Onların evinə dostları, yaxınları, müxtəlif sənət adamları toplaşırdı, ətrafa musiqi sədaları yayılırdı. Lakin heç vaxt o evdə körpə səsi gəlmədi. Dostlar, tanışlar onlara övladlığa uşaq götürməyi çox məsləhət görürlər, ancaq onlar bunu etmirlər.
Belə məlumat da var ki, həyat yoldaşı Üzeyir bəyə başqa qadınla evlənib övlad sahibi olmağı təklif edib. Lakin Üzeyir bəy heç vaxt buna razı olmayıb.
Böyük bəstəkar və dirijor Niyazinin ömür gün yoldaşının adı Həcər olub. Niyazi əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-ci ildə rəsmiləşdirilir. Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürürlər.
Lakin belə məlumatlar da var ki, övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilib. Elə ailə dramı bundan sonra başlayıb. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli deyil.
Yazıçı-dramaturq Süleyman Sani Axundov Şuşada anadan olub. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb. Süleyman Sani Axundov 29 mart 1939-cu ildə, 63 yaşında vəfat edib. Tanınmış yazıçı ailə qurmayıb.
Yazıçı-dramaturq Ənvər Məmmədxanlı Göyçay şəhərində doğulub. Ailə həyatı qurmayıb.
Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib, Əmircan kəndində dəfn olunub. Ailə həyatı qurmayıb.
Xalq artisti İlhamə Quliyeva 80-ci illərdə qısamüddətli ailə həyatı qurmuşdu. Bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. Lakin qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Övladı olmayıb. O, xalası nəvəsi Orxan Nadirovu övladlığa götürmüşdü.
Xalq artisti, sevilən müğənni Nisə Qasımovanın da övladı yoxdur. Nisə Qasımova qardaşı cavan rəhmətə getdiyindən onun oğlunu iki yaşından övladlığa götürüb. Müğənni özü bu barədə belə deyib: “Hər kəs bilirdi ki, mən ailə quran deyiləm. Fətulla dünyaya gəldiyi 8-ci gündən mənim yanımdadır. Yeganə xanım Fətullanı mənə lütf elədi. Buna çox şükürlüyəm. Ondan çox razıyam”.
Xalq artisti, Azərbaycanın teatr və kino aktrisası Zərnigar Ağakişiyeva Quba rayonun Rustov kəndində doğulub boya-başa çatıb. Özünü bütövlükdə sənətə həsr edən akrtrisa ailə həyatı qurmayıb.
Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailə həyatı qurub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova bu evliliyə öz istəyi ilə son qoyub, onların övladları olmayıb. Onun sosial şəbəkələrdə “qızım” deyə təqdim etdiyi gənc xanım isə Gülarə adlı bacısı qızıdır: “Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onun balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm”.
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qızı övladlığa götürüb. Leyla Əliyevanın bunadək 2 doğma övladı var idi. Fondun icraçı direktoru Anar Ələkbərov hələ o vaxt açıqlamasında demişdi: “Leyla xanım artıq yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.
Tanınmış şairə, diktor Telli Pənahqızı heç vaxt ailə qurmayıb. O, həmişə bu barədə verilən sualları cavablandırmaqdan imtina edir.
Millət vəkili, şairə Qənirə Paşayeva da bu günədək ailə qurmayıb. O da bu mövzuda açıqlama vermək istəmir. Onun Firuzə adlı mənəvi bir qızının olduğu deyilir.
Bu günlərdə tanınmış müğənni Roza Zərgərli də açıqlamasında övladlığa uşaq götürdüyünü açıqlayıb: “Ailə qurdum, əkiz övladım dünyaya gəldi, biri sağ qaldı. Sonra ana ola bilmədim. Həkim dedi ki, əziyyət çəkmə, bir daha ana olmayacaqsan. 10 yaşında qız götürdüm böyütdüm. 16 yaşında onu atan ananın yanına qayıtdı. İllər keçdi səhvini başa düşdü və yanıma qayıtdı. Yeni uşaqları övladlığa götürəndə hamı qarşı oldu. Dedilər, bir də xəyanət görsən, sən öləcəksən”.
Müğənni Mənzurə Musayeva ailə həyatı qurub, ancaq övladı dünyaya gəlməyib. O, qardaşı qızını övladlığa götürüb.
Tanınmış meyxanaçı, bu yaxınlarda yol qəzasında dünyasını dəyişən Bayram Kürdəxanılı ailə qurmamışdı. O, açıqlamasında: “Heç vaxt ailə qurmamışam, övladlarım yoxdur. Tüfeyli həyata düşmüşdüm, şəxsiyyətimə sığışdırmırdım ki, kiminsə balasını bədbəxt eləyim. Evlənmədiyimə görə də, peşman deyiləm”.
Müğənni Şəbnəm Tapdıq, Telli Borçalı, Teymur Əmrah da bu günədək ailə həyatı qurmayıblar. Onlar bunu uğurlu namizəd tapa bilməmələri ilə izah etməyə çalışırlar.