autizm

Autizm sindromunun simptomları, müalicə üsulları və davranış qaydaları

Baxış sayı: 1. 524
 Autizm xəstəliyi adətən 3 yaşından öncə başlayır və ömür boyu çəkir. Münasibət problemləri yaradan və beynin inkişafına mane olan xəstəlik növüdür. Belə ki, bu zaman beyinin müxtəlif bölgələri bir arada çalışa bilmir. Belə uşaqlar insanlarla əlaqə qurmaqda çətinlik çəkirlər. Erkən diaqnoz və müalicə bu münasibət çətinliyinin azalmasında təsirli olur.

Yaranma səbəbi tam olaraq bilinmir. Bəzi elm adamları bunun genetika ilə bağlı olduğunu düşünür, ancaq hazırda məhz hansı genin buna səbəb olduğu araşdırılır.

Bəzi araşdırmalar isə buna müəyyən dərmanların səbəb olduğunu vurğulayırlar.

 

Bəs autzim xəstəliyinin əlamətləri nədir?

Autizmdə aşağıdakı əlamətlərin bəziləri yüngül və ya şiddətli şəkildə özünü göstərir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər.

-Diqqət toplamaq çətinliyi olur ki, bu zaman da gözünü bir nöqtəyə dikərək ya baxa bilmir, ya da bu çox az halda olur.

-Autizmli uşaqlar ətrafa qarşı maraqsızdırlar.

-Adı səsləndiyi zaman reaksiya vermirlər.

-Ya hədsiz hərəkətli, ya da hərəkətsiz olurlar.

-Bəziləri təmasa icazə vermirlər və xoşalmırlar.

-Bir ortama daxil olduqları zaman əksər zaman insanları deyil, cansız varlıqları seçirlər.

-Təqlid bacarıqları olmur.

-Söylənənləri tutuquşu kimi təkrarlayırlar.

-Uyğunsuz məqamda gülə bilərlər.

-Streotipləri var (Əl çırpma, tullanma, öz ətrafında dönmə, barmaq uclarında yerimək və s. kimi).

-Oyuncaqlarla gərəkdiyi kimi oynamırlar

-Hər zaman eyni oyunlara üstünlük verirlər.

-Bəziləri çox inadkardır.

-Bəziləri hətta soyuğa, istiyə qarşı reaksiya veməyə bilər.

-Səbrsiz olurlar.

 

Valideynlər hansı yaşdan etibarən uşağının digərlərindən fərqli olduğunu anlaya bilərlər?

Körpənin ikinci ayında heç bir dinləmə və göz təmasının olmaması

4-5 aylarda ana, ataya qarşı sevincli səslə və ya gülərək qarşılıq verməmək

8-9 aylarda qarşılıqlı münasibət qurmamaq

Özü işarət etmək yerinə digərinin əlindən istifadə edərək nəisə göstərmək

12 ayda ən az bir-iki kəlmə ilə də olsa münasibət qurmamaq

2 yaşında təqlid oyunu oynamamaq

36-48 aylarda kim, harada, nə üçün suallarına cavab verməmək

Bəs müalicə necə aparılır?

Müalicənin ilk məqsədi münasibət bacarıqlarını maksimum ikişaf etdirməkdir. Erkən diaqnoz və müalicə uşaqların inkişafına kömək olur.

Məsələyə münasibət bildirən defektoloq loqoped Şəfəq Məmmədovanın sözlərinə görə,  autizm sindromu olan şəxsə diaqnoz qoyulduqdan sonra təlimlərə başlanılmalı və  sosial həyata rahat və asan adaptasiya olmaqları üçün çalışılmalıdır.

“Göz təması qurmaq üçün kömək edəcək təlimçi ilə işə başlamaq lazımdır. Şəxsin alıcı dili qabiliyyəti olmalıdır. Biz onların sözlərin mənasını dərk etməsinə yardımçı oluruq. Məsələn, çalışırıq ki, inək dediyimiz zaman bunu anlaya bilsin və ya səsini çıxara bilsin və ya alma dedikdə bunu anlasın ki, qarşısında iki şəkil olduğu zaman meyvəni tanıya bilsin. Bundan sonra artıq danışmaq təlimlərinə başlayırıq. Belə uşaqların diqqətini toplaya bilməsi üçün anlatmaq istədiyimiz mövzunu 2, 3 hətta 5 dəfə də deyə bilərik, yetər ki, fikirlərini cəmləşdirsin. Bu zaman istədiyimiz nəticəni əldə edə bilərik”, – deyə Məmmədova bildirib.

Loqoped autizm sindromlu uşaqların yaşıdları kimi normal həyat yaşaya biləcəyini də vurğulayıb:

“Belə şəxslər də digər sağlam insanlar kimi  həyatlarına davam edə bilərlər. Sadəcə müəyyən dövrlərdə yenidən köməkçi təlimə ehtiyacı ola bilər. Uşaqlıqdan yeniyetməlik dövrünə keçilən zaman uşaqların hər birində dəyişikliklər olur ki, həmçinin belə sindromlu şəxslərə də biz dəstək oluruq”.

Bu təlimlərin qiymətindən də bəhs edən Şəfəq xanım Türkiyədə daha baha olduğunu qeyd edir:

“Azərbaycanda bir seans ortalama 20 manat, Türkiyədə ortalama 150 tl-dir.  Həftədə ən az 40 seans olaraq uşağın diaqnozu qaldırılana qədər gərək duyulur”.

Amerikalı Pediatr Akademiyası da uşağın xarakterinin və davranışlarının inkişafı üçün təlimlərin vacib olduğunu bildirərək bəzi əsas strategiyalar toplusunu media vasitəsilə valideynlərə tövsiyə edib:

Davranışı inkişaf etdirən təlim –  Bunun üçün uşaq ilk olaraq pozitiv dəstək görməlidir. Daha sonra özünə kömək və sosial bacarıqlar təhsilini almalıdır. Artıq tətbiq ediləcək analiz, otistik münasibət əngəlli uşaqların müalicə və təhsili, duyğusal inteqrasiya kimi müxtəlif müalicə növləri var.

Xüsusi terapiyalar – bunlar danışmaq, məşq və fiziki terapiyalardır. Bunlar autizmi idarə edəcək vacib nüanslardır və hər biri uşağın müalicəsinin mərhələlərinə daxil edilir. Bu onların daha yaxşı danışa bilməsi, bacarıqlarından daha yaxşı istifadə edə bilməsi üçün istifadə edilir.

Məşq terapiyası autizmli uşaqların duyğulardan (görmə, eşitmə, toxunma, iyləmə) gələn məlumatı daha idarə edilə biləcək yollarla istifadə edə bilməsinə kömək edir.

Təəssüf ki, bu vəziyyətdə uşaq qədər validyenlər də həm maddi, həm mənəvi cəhətdən çox əziyyət çəkirlər. Bəzən isə diaqnozu gizlədirlər və övladlarını sosial həyata adaptasiya etməkdənsə, daha da kənarlaşdırırlar.

 

Bəs bu zaman psixoloqlar necə davranmağı məsləhət bilirlər?

Psixoloq pedaqoq Zeynəb Əyyubovanın sözlərinə görə, belə görünsə də, əslində bu halı valideynlər gizli saxlamırlar:

“Valideynin övladı dünyaya gəlib. Ən inkişaf edən dövrüdür və o bu xəbəri alır ki, “övladım autizmdir”. Bu onun gizləmə problemi deyil. Sadəcə bunu qəbul etməmək, beyninə həkk etməmək problemini yaşayırlar. Özlərini şüuraltı inandırmaq istəyirlər ki, mənim övladımda heç bir problem yoxdur. Valideynlərə səslənərək demək istərdim ki, çalışdığınız qədər səbrli olun.”

Psixoloqların belə uşaqlarla çalışma prosedurundan da bəhs edən Əyyubova aşağıdakıları dedi:

“Psixoloq kimi yanaşsam deyə bilərəm ki, elə autizm növləri var ki, onlarla əmr formasında, elələri var ki, sakit tonda danışmaqla nələrisə düzəltmək olur. Yəni hər uşağın xarakterinə görə, psixoloqlar müxtəlif formalarda işləyir.

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir