Şəxsi evlərə işləmək üçün qulluqçu, mürəbiyyə və ya dayə dəvət etməyin təkcə Qərb ölkələrində deyil, elə bizim ölkəmizdə də böyük ənənəsi var. Elə dahi Üzeyir bəyin dünyaca məşhur operettaları əsasında ərsəyə gələn “Məşədi İbad”, “Arşın mal alan”, S.Sani Axundovun əsəri əsasında çəkilən “Qaraca qız” və ya M.F.Axundovun dühasından yaranan “Dərviş Parisi partladır” və s. filmlərdə bu obrazlara rast gəlinməsi də elə bizim həyat və məişətimizin əksidir. Qeyd edək ki, BMT-nin dünyanın 30 ölkəsində apardığı araşdırmalar zamanı 50-100 milyon arasında ev qulluqçusunun olduğu müəyyən edilib. Bu isə o deməkdir ki, həmin ölkələrdə təxminən 70-100-140 adama bir ev qulluqçusu düşür. Azərbaycanda isə hələ ki, belə bir statistika yoxdur. Bununla belə, bu gün etibarlı və işgüzar ev qulluqçusu tapmağın çətinliyi var. Bu, sözün əsl mənasında müşkül məsələyə çevrilib. “Birja”, “Super market” qəzetlərində, internetdə kifayət qədər bu tip işçi axtaranlarla yanaşı, həm də iş axtaranların elanlarına rast gəlmək olur. Amma sonradan bu xüsusda – ev sahibi-qulluqçu münasibətlərinin anlaşlmazlığından doğan böyük və kiçik cinayət tərkibli hadisələrin şahidi oluruq. Təcrübələr göstərir ki, evlərinə kişi bağbanlar, sürücülər, dayələr və qadın qulluqçular axtaranlar çox vaxt ümidsizliklə qarşılaşırlar. Məsələn, elə təkcə keçən il, akademik Çingiz Qacarın evindən ailəni yaxından tanıyan tibb işçisinin içərisində 60 min dollar və gümüş çəngəl-bıçaq olan seyfin oğurlanması ilə bağlı xəbərlər buna misaldır.
Qonşu Rusiyada da “səviyyəli ev qulluqçusu tapmaq yaxşı bank meneceri tapmaqdan çətindir”- deyə şikayətlənirlər. Belə ki, ev sahiblərinə bəzən qulluqçuların işləri, bəzən xarakterləri, bəzən də “əlləri” xoş gəlmir. Ona görə də çox vaxt evə işçi – qulluqçu, dayə, bağban, sürücü və s. götürərkən qohum-əqrəbaya, dost-tanışa soraq salıb etibarlı adam axtarırlar. Belə ki, elanlara güvən qalmır. Daha dəqiq desək, insanlar etibar edib qapılarını hər adamın üzünə açmaq istəmirlər. Onların da həmişə ailənin bir üzvünə çevrilməsi çətin olur. Rus oliqarxlarından birinin qonşu ölkələrdən birindən dəvət edib işə qəbul etdiyi aşpaz Fransaya təcrübə keçməyə göndərilərkən onun axtarışda olduğu məlum olub.
Ev qulluqçularının da bəzən öz əsaslandırmaları olur: çalışdıqları evdə onlara qarşı göstərilən kobud münasibətdən, çox işləyib az əmək haqqı almalarından, onlara yuxarıdan aşağı baxan baxışlardan və s. şikayətlənirlər. Yəni xidmətçilər özləri də “sürprizlər”dən sığortalanmayıblar. Məsələn, məşhur rus biznesmenlərindən birinin 18 yaşlı varisi öz mürəbbiyəsinin başında güldanı sındırandan sonra məhkəmədən yayınmaq üçün gəncin valideynləri qadına Moskvanın mərkəzində mənzil bağışlayıblar.
Məlumatlara görə, böyük şəhərlərdə hər beş ailə dayə və ev xidmətçilərinin işindən istifadə edir. Bəs necə etmək lazımdır ki, ev qulluqçuları həqiqətən çalışdıqları evə sədaqətlə və vicdanla xidmət etsinlər, həm də öz hüquqları pozulmasın?
Həm də lazım gələndə öz başlarını qorusunlar? İş ondadır ki, hətta böyük ölkələrdə belə, personalı təklif edən agentliklər onların haqqında tam təminat verə bilmirlər.
Ekspertlər hesab edir ki, bu məsələ qanunvericilikdə əks olunmalı və onların statusu müəyyənləşdirilməlidir.
Kurslara ehtiyac var
“Artıq cəmiyyətimizdə müəyyən dəyişikliklər baş verib. İndi biz 30-40 il bundan əvvəlki cəmiyyətdə yaşamırıq. Hər bir cəmiyyətin də öz tələbləri və müəyyən xüsusiyyətləri var” deyən sosioloq Əhməd Qəşəmoğlu hazırda evlərdə işləyən qulluqçulara böyük tələbat yarandığını bildirdi: “Bu, müxtəlif aspektdə ola bilər. Yəni ailəyə daxil olub, ailə ilə bərabər çalışan – uşaq və xəstə baxıcısı, aşpaz və s. işçilərə böyük ehtiyac yaranıb. Müəyyən insanlar təbii ki, öz valideynlərini aparıb qocalar evinə vermək istəmir və yaxud xəstəxanada uzun müddət yerləşdirmək imkanları yoxdur. Amma evdə bu insanlara baxan lazımdır. Bu baxımdan, onların öz evlərinə kimisə cəlb etməyə ehtiyacları var. İndiki zamanda evə cəlb olunacaq istər mədəni, istərsə də peşəkarlıq səviyyədə kadrlarımız yoxdur”. Sosioloq hesab edir ki, bunun üçün ya tibb kolleclərinin nəzdində, ya da xüsusi kurslarda bu cür kadrların hazırlanmasına ehtiyac var: “Bu gün dünyanın hər yerində bu, aktual məsələdir. Bir qisim adamlar xaricdən gələn – Filippindən, Tailanddan və s. ölkələrdən gətirilən qulluqçulara üstünlük verir. Amma aparılan tədqiqatlar göstərir ki, bu cür insanlar ailəyə daxil olanda özləri ilə birgə Azərbaycanda olmayan hər hansı bir xəstəliyi də gətirə bilərlər. Bundan əlavə, onlar özləri ilə bərabər mədəniyyət gətirirlər. Bizə lazımdır ki, uşaqlarımız gələcəkdə vətənpərvər böyüsünlər, hər şeydən əvvəl öz ana dillərini yaxşı bilsinlər. Ancaq Azərbaycan dilini bilməyən qulluqçular ailədə uşaqlarla məşğul olacaqlarsa, bu da böyük problem yaradır. Ən yaxşısı, milli və inanılmış kadrlar hazırlamaq lazımdır». Ə.Qəşəmoğli hesab edir ki, hazırda ibtidai sinif müəllimlərindən, tibb bacılarından daha çox belə kadrların hazırlanmasına ehtiyac var. Belə ki, həmin məktəb o adamı dərindən öyrənir, onun davranışı, psixikası və xəstəlikləri barədə təsəvvürü olur. “Bir var ev sahibi qulluqçu qismində tanımadığı bir insanı tələsik evinə dəvət edir, bir də var, işçi üçün müəyyən firmaya müraciət edir. Bu baxımdan, məktəbdən və ya firmalardan bu qisim insanları evə cəlb etmək olar. İstər-istəməz firma bu insanlara müəyyən qədər təminat verir». Sosioloq vaxtilə problemlə bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırdığını da bildirdi: «Mən bu məsələni qaldıranda dəstəkləndi. “Bir çox yoxsul ailələrin üzvlərini, qaçqın və ya məcburi köçkünləri həmişə işlə təmin etmək olmur. Onların arasından müəyyən adamları seçib ev qulluqçusu kimi hazırlamaq olar” təklifim müsbət qarşılandı”. Sosioloq vaxtilə bu mövzuda keçirdiyi sorğu nəticəsində öz işçilərindən razı olan az sayda insanla rastlaşdığını bildirdi. Belə ki, kimsə ev işçisinin davranışından narazılıq edibsə, digəri səliqə-sahmanından və işgüzarlığından razı qalmayıb: «Eyni zamanda, evə işləməyə gələn adamın özünün də bir çox halda hansı evdə işləyəcəyi barədə məlumatı olmur. Bilmir ki, onu həmin evdə hansı davranış normaları gözləyir. O, evdə hər məsələyə qarışır, artıq-əskik danışır, bəzən işinin öhdəsindən gələ bilmir və s. nəticəsində öz işini də itirir». Sosioloqlun fikrincə, bu məsələnin həlli üçün yalnız saxta diplom və sertifikat verən kurslar yox, həqiqi mənada təhsil verən kursların olmasına ehtiyac var».
Əmək müqaviləsinin pozulması
Ev qulluğunda çalışan – dayə, aşpaz, xadimə tapılması ilə bağlı çoxlu çətinliklərin mövcud olduğunu bildirən Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bizimlə söhbətində problemin kifayət qədər ciddi olduğunu qeyd etdi: “Çünki bunlar elə işlərdir ki, həmin adamlar bir növ ailənin bir üzvünə çevrilirlər. Ailələr əsasən ailədaxili sirrin ötürülməsindən ehtiyatlanırlar. Yəni evdəki söz-söhbətlər, mübahisələr ictimailəşə bilər. Digər tərəfdən, həmin şəxslərin tibbi nöqteyi-nəzərdən nə qədər sağlam olması sualı açıq qalır. Xüsusən dayə və aşpazlar hansısa bir xəstəliyin daşıyıcısı olsalar, ailə üçün təhlükə yaranır. Həmçinin həmin adamların nə dərəcədə vicdanlı olmaq məsələsi var – evdən müəyyən əşyalar, pul və s. şeylər itə bilər». S.Məmmədov qərb ölkələrinin təcrübəsindən danışaraq bu cür şəxslərin müəyyən şirkətlər tərəfindən işə qəbul olunduğunu bildirdi. Belə ki, həmin şəxslər şirkətin işçisi sayılırlar. Ailələr həmin şirkətlərlə müqavilə bağlayır və onları qulluğa cəlb edirlər. Nəticədə həmin şəxs evin işçisi deyil, şirkətin işçisi sayılmaqla işə dəvət aldığı evdə xidmət həyata keçirir. Onun tibbi sağlamlığına, davranışlarına, xarakterinə, psixoloji durumuna şirkət cavabdehlik daşıyır. Şirkət də lazım biləndə öz risklərini sığortalayır. “Onların sağlamlığı vacib məsələdir. Düzdür, bizə cəhd edib dayələrlə bağlı firmalar yaradıblar. Ancaq bu, bizim bazarın tələblərini ödəmir. Nəticədə bəzi ailələr Filippindən və başqa ölkələrdən dayələr və xidmətçilər gətirirlər. Bunun əsas səbəbi ailədaxili sirlərin kənara yayılmaması ilə bağlıdır. Həmçinin onlar az pula daha yüksək iş təqdim edə bilirlər. Bundan əlavə, onların çoxu qeyri-leqal yolla gətirilir. Nəticədə onlar bir növ ailədən asılı vəziyyətə düşürlər. Bu zəmində də çoxlu pozuntular qeydə alınır”. ƏHML-nin sədri hesab edir ki, bu, çox perspektivli bazardır, sadəcə bizim ölkəmizdə bu sahə inkişaf etməyib: “Əgər bunu özəl sektor həyata keçirə bilmirsə, dövlət idarələri, Təhsil Nazirliyi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu pilot layihə kimi həyata keçirə bilər. Bu biznesin şəbəkəsi genişlənməlidir”. S.Məmmədovun fikrincə, burada söhbət həm də əmək müqaviləsinin pozulmasından gedir. Belə ki, həmin adamlar əmək müqaviləsinin iştirakçıları deyillər. Əmək Məcəlləsinə (ƏM) müvafiq dəyişikliklər etməklə sahibkar olmayan fiziki şəxslərlə sahibkarlıq fəaliyyəti olan fiziki şəxslər arasında əmək müqaviləsinin bağlanması proseduru olmalıdır: “Hüquqi münasibətlərin tənzimlənməməsi üzündən ev qulluqçularına, dayələrə bəzən artıq işlər gördürür, onları döyür və təhqir edirlər». Liqa sədrinin fikrincə, qanun bu fəaliyyəti qadağan etməsə də, bunun müəyyən riskləri var: «Əvvəla, bu insanların sağlamlıq və psixoloji durumları ilə bağlı heç nə məlum olmur. Münasibətlər də qeyri-rəsmi qurulduğundan tərəflərdən biri ziyan çəkir».
Ekspertlərin fikrincə, məşğulluq məsələsinin sertifikatlaşdırılmasından savayı, bu sahədə ictimai maarifləndirməyə də böyük ehtiyac var.