bunin

Tarixin ən dözülməz məşhur ərləri – FOTOLAR

Baxış sayı: 1. 760

Dünyaca məşhur, nüfuzlu kişilər əksər qadının arzusudur. Çoxları həyatını məhz belə kişilərlə qurmaq istər. Şöhrətli kişilər asanlıqla qadın qəlbini ovlaya bilirlər. Bəs belə kişilərlə evlilik necə, ümidləri doğrulda bilirmi? Tarix göstərir ki, heç də həmişə yox. Belə kişilər çox zaman eqoist, yalnız öz işinə bağlı olurlar.

“Gencaile.az” tarixin ən dözülməz ərlərini təqdim edir:

Böyük rus şairi Aleksandr Blokun Lyuba Mendeleyevlə evliliyi sevgi əsasında olub. Amma aşiq kişi heç də yaxşı ər demək deyil. Ər deyərkən, adam ümumiyyətlə, “ərlik funksiyasını” yerinə yetirməkdən imtina edirmiş. Blok hesab edirdi ki, cismani yaxınlıq əsil sevgini öldürür. Və ilk zifaf gecəsindən arvadına izah etmişdi ki, onları arasında əsl izdivac heç vaxt olmayacaq. Arvadının bu halından ilhamlanan Blok elə şeirlərində də onu “Əbədi bakirəm” deyə adlandırırdı. Arvadına məktublarının birində yazırdı: “Sən mənim günəşim, səmamsan. Sənsiz heç yerdə yaşaya bilmərəm. Sən mənim ilk sirrim, son ümidimsən. Həyatım başından sonuna qədər sənə məxsusdur. Sənə əyləncəli olacaqsa, həyatımla oyna. Hər şey sənin adınla bağlıdır, amma sənə ad verməkdə çətinlik çəkirəm: sən mənim zavallı qəlbimin dayağısan, böyüksən, əbədisən”.

Amma gənc qadın bu sözlərlə qarın doymayacağını anlayaraq, əsl qadın kimi həzz almaq arzusu ilə nələrə al atmayıb… Fransadan cazibəli gecə köynəkləri, loğmanlardan, cadugərlərdən otlar, dualar və daha nələr… Amma çifayda. Nəhayət, şairin dostu ilə mazaqlaşmağa başlayıb. Blok isə heç nəyə əhəmiyyət vermədən “mənəvi sevgi”sini davam etdirib.

Böyük fizik Albert Eynşteyn Mileva ilə 1902-1916-cı illərdə evli olub. 1914-cü ildə artıq gərginləşmiş evliliklərinin qorunması üçün Milevaya şərtlər dolu məktub göndərir: alimin bütün əşyaları həmişə qoyulduğu yerdə olmalı, gündə üç dəfə dadlı yeməklə təmin olunmalıymış. Ən əsası, başqaları yanında ərini alçaltmamalı və kişidən sevgi gözləməməliymiş. Bundan başqa, yataq otağını da arvadı ilə bölüşməkdən imtina edib. Eynşteyn dostlarına deyirdi ki, mənim arvadım qova bilmədiyim qulluqçum kimidir. Yeri gəlmişkən, bu müddətdə alim öz əmisi qızı Elza ilə münasibətdə idi. Daha 5 il bu cür “nikah”dan sonra Albert və Mileva cütlüyü tamamən ayrılıb.

Yazıçı İvan Bunin inqilabdan sonra arvadı ilə Fransanın kiçik Qrass şəhərinə köçüb. Bura gələrkən 56 yaşlı Bunin hələ heç kimin tanımadığı 30 yaşlı Qalina Kuznetsova adlı yazıçını da villasına çağırır. Qalinaya o qədər aşiq imiş ki, arvadının qabağına şərt qoyur: ya Qalina da bu evdə bizimlə yaşayacaq, ya da ayrılacağıq. Bu məhəbbət üçbucağı 7 il davam edib. Arvadından ayrılmağı isə Bunin ağlına belə gətirməyib: “Vera mənim doğmamdır. Ondan ayrılmaq, əl-qolumdan ayrılmaq kimi bir şeydir”. Çıxılmaz vəziyyətdə qalan Vera isə hər kəsə Qalinanın onların mənəvi qızı olduğunu deyirmiş. Tezliklə məhəbbət üçbucağı dördbucağa çevrilir. Evə ədib Leonid Zurov da yerləşir.

Rusiyanın ən qəddar çarı kimi tarixə düşmüş İvan Qroznının neçə dəfə evli olduğu dəqiq bilinmir. Amma hardasa 7 dəfə evləndiyi təxmin edilir. Ən çox sevdiyi ilk arvadını zəhərləyiblər. İkincisi – çərkəz qızını xəyanətdə və üsyan təşkil etməkdə günahlandıraraq qazamata atdırıb. Qadın orada vərəmdən ölüb. Üçüncü arvadı toydan iki həftə sonra ölüb. Dördüncü arvadı çarı “ayaqaltı” etdiyinə görə əyan-əşraf sevmirdi. Əlləm-qəlləm edib qadını monastıra göndərtdirirlər. Beşinci arvadını töy gecəsi bakirə çıxmadığı üçün özü çayda boğdurub. Altıncı arvadı toydan üç ay sonra xəstəlikdən ölüb. Amma üç ay müddətində bu 17 yaşlı qəz ərindən betər zalımlıqlarla yadda qalıb. Yalnız sonuncu arvadı Qroznının ölümünü görə bilib, lakin o da qəddar hökmdardan az çəkməyib.

Həmyerlimiz Lev Landau evliliyi “xırda ticarət dükanı” adlandırırdı. Böyük fizik nikahın sevgini öldürdüyünü düşünürdü. Nəhayət evlənən Landau arvadının qabağında şərt qoymuşdu: onun azadlığını əlindən almayacaq. Başqa qadınlara qısqanmayacaq. Qalmaqallı “Alademik Landau: biz necə yaşadıq” adlı kitabında arvadı vəziyyəti belə təsvir edirdi: “Lev otağa girib məni öpdü. “Əzizim bu gün yanıma bir qız gələcək. Ona demişəm ki, sən bağ evindəsən. Odur ki səsini çıxartma. Ya bir küncdə sakit dur, ya da evdən get. Amma qızın qabağına çıxma, ürkər”. Üstündən deyirmiş ki, mənim arvadım gərək ərinin belə xoşbəxt anlarına sevinsin.

Dahi Lev Tolstoy 48 illik evliliyində arvadını hər fürsətdə sınaqdan keçirirmiş. Onlar evlənəndə Levin 34, Sofyanın 18 yaşı olub. Yəqin, aradakı yaş fərqindən xanımına inanmırmış. Amma özü də etibarlı kişi olmayıb. Ev qulluqçusundan tutmuş, kəndli qadınlara, qaraçı qızlara qədər “dişinin dibindən keçirib”. Hətta evli qadınlarla münasibətdən də çəkinməyib. Sofya ilə tanış olanda kəndli və ərdə olan Aksina Bazıkina ilə görüşürmüş. Evlənməzdən öncə isə Sofyaya gündəliyini verib ki, onun sevgi macəralarından qabaqcadan xəbər tutsun. Üstəlik Sofya kübar həyatı arzuladığı halda əri ilə Yasnaya Polyana kəndinə gedərək 19 il kənddən qırağa çıxmayıb. Bu illər ərzində isə ərinin yenə də qulluqçu və kəndli qadınlarla eşqbazlığına dözməli olub.

“Mavi saqqal” ləqəbli İngiltərə kralı VIII Henri qadınlarla əşya kimi davranıb. Bir arvadından bezib digərini almaq üçün məmnuniyyətlə kənara atıb. Onunla məşuqə olmaqdan boyun qaçırab Anna Boleynlə evlənmək istəyinə görə Vatikan kilsəsi ilə sözü çəp gəlib və ingilis kilsəsini Vatikandan ayırıb. Ancaq evlilikdən üç il sonra arvadını qız uşağı dünyaya gətirdiyinə görə öldürtdürüb. Arvadının ölümündən bir həftə sonra onun köməkçisi Ceyn Semurla evlənib. Qadın doğuş zamanı ölüb. Kraldan soruşublar ki, kimi xilas edək, qadını yoxsa uşağı. Kral cavab verib ki, uşağı. Qadını hər yerdən tapa bilərəm.

Böyük rus imperatoru Pyotr da arvadına az çəkdirməyib. Həyat yoldaşını sevsə də çoxsaylı məşuqələri həmişə əl altında olub. Arvadı bunu bilib və dözüb, hətta hamilə olduğu müddətdə özü gözəl qızlardan seçərək ərinə bir gecəlik göndərib. Tezliklə Yekaterina da borclu qalmayıb. Elə o da özünə məşuq tapıb, maraqlıdır ki, onun məşuqu ərinin məşuqəsinin qardaşı olub. Bir gün səfərdən qayıdan imperator arvadının cavan oğlanın qucağında tutur. Şahidlərin sözlərinə görə, Pyotr elə hiddətlənir ki, bütün saray əhli qorxusundan gizlənir. Arvadından başqa… Hər şeyi dağıdan, qıran, hədələyən hökmdar nəhayət otağına keçib qapını arxasınca çırpır. Lakin tezliklə arvadının məşuqunun başını onun gözü önündə kəsdirib yataq otağına qoydurur. Kəsik başa hər gün tamaşa eləməyə qadını məcbur edir. Üç gün sonra xəyanətkar qadın Pyotrun qarşısında diz çökərək düz üç saat yalvarır. Nəhayət, imperator kəsik başı otaqdan götürdür. Pyotr arvadını yalnız ölüm ayağındaykən bağışlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir