Hamiləlik müddəti qadın orqanizmində fiziki mənada ciddi dəyişikliklərə səbəb olur. Bir çox qadınlar bu dönəmdə necə geyinmələri ilə bağlı çətinliklər çəkirlər. “Gencaile.az” hamiləlikdə necə geyinməli, ən rahat və qəşəng ola biləcəyiniz paltarları necə seçməli olduğunuz barədə faydalı məsləhətləri diqqətinizə çatdırır.
Hamiləlik paltarları nə zamandan başlayaraq geyinilir?
Bəzi qadınlar hamilə qaldıqlarını öyrəndikləri an dərhal alış-verişə çıxmaq istəyirlər. Ancaq bu, yanlış hərəkətdir. Çünki hamiləliyin ilk üç ayında hamilə paltarları geyməyə ehtiyac yoxdur. Çünki ilk üç ay bədən fiziki mənada ciddi dəyişikliklər yaşamır.
Hamiləlik paltarlarını 4-cü aydan etibarən geyinə bilərsniz. Amma bu zaman da çox geniş və böyük paltarlar almaq lazım deyil. Çünki həddindən çox böyük və geniş paltarlar sizi olduğunuzdan çox daha kök və iri göstərəcək.
Hamiləlikdə hansı tərz paltarlar geyinilməlidir?
Hamiləlik müddətində ən çox qarın və sinə bölgəsi şişir. Ancaq bəzi qadınların yan və bud nahiyələri də şişə bilər. Bu səbəblə əvvəlcə hansı bölgənizin sürətli böyüdüyünə diqqət edin.
Ümumiyyətlə, gələcək analara həm rahatlıq, həm də asanlıq baxımından ən çox təklif edilən paltarlar beli tənzimlənən taytlar, cinslər, uzun köynəklər və geniş paltarlardır. Bu paltarlar sizi hamiləlik müddətində inanılamaz dərəcədə rahat edəcək.
Hamiləlik müddəti çox üşüdüyünüz bir dövr deyil. Hətta bu müddətdə ümumiyyətlə, geydiyiniz bütün paltarlar sizi istilədəcək. Buna görə açıq yaxalı geyimlər seçməyiniz daha məqsədə uyğundur
Hamiləlik paltarlarında rəng seçimi
Adətən bu dövrdə hamilələr rəngarəng geyinmək istəyirlər. Amma bu elə də məsləhət görülmür. Bu dövrdə tünd rənglər geyinmək sizi daha zərif və daha qəşəng göstərəcək.
Bu parçalardan istifadə edin
Hamiləlikdə üstünlük verəcəyiniz paltarların parçası sintetik tərkibli omamalıdır. Çalışın ki, geyimləriniz ancaq pambıq, yun və kətan parçalardan olsun. Bir qədər genişlənə bilən parçalardan istifadə edin.
Hamilələrin ayaqqabı seçimi
Hamiləliyin son üç ayında şişən ayaqlar və topuqlar qadınların çox narahat olduğu bir vəziyyətdir. Çünki bu zaman mövcud ayaqqabılar onların ayağına qətiyyən olmur. Buna görə öz ayağınıza bir nömrə böyük və genişlənə bilən xüsusi ayaqqabılardan almaq lazımdır.