gul

Bakıda 8 Mart hazırlıqları: bayram kişilərə neçəyə başa gələcək?

Baxış sayı: 1. 692

8 mart bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. 8 marta bir neçə gün qalsa da, artıq hədiyyə və gül mağazalarında canlanma yaşanır. Parfümeriya mağazalarının vitrinləri endirim kampaniyalarını əks etdirən reklamlarla  bəzədilib. Novruz bayramı və 8 Mart-Beynəlxalq Qadınlar Günü ilə əlaqədar fevralın 27-dən etibarən artıq metro çıxışlarında yarmarkalar təşkil olunub. Yarmarkalarda qiymətlər digər mağazalara nisbətən ucuzdur. Belə ki, digər mağazalarda qızılgülün bir ədədi 5-6 manatdan satılırsa, bu yarmarkalarda qiymətlər 3 manatdan başlayır.

Bu yarmarkalardan yaxşı bir buketi 30 manata əldə edə bilərsiniz. Dibçəklərin qiyməti isə 7-8 manatdan başlayır. Yumşaq oyuncaqlar ölçüsündən asılı olaraq 5-35 manat arası dəyişir, suvinerlərin qiyməti isə  8 manatdan başlayır. Satıcılar alış-verişdə canlanma olduğunu deyirlər. Onların sözlərinə görə ötən il daha çox qızılgüllər satılırdısa, bu il dibçəklərə maraq çoxdur. Satıcı Elşən Qurbanovun sözlərinə görə ətir, bujiteriya alanlar da var: “Bu yarmarkada Novruz aksesuarları da satılır. Ancaq hazırda daha çox 8 martla bağlı hədiyyələr alırlar. Xanımlarını bu gündə sevindirmək istəyən bəylər daha çox dibçək alır. Dibçəklərimizin qiyməti gülün növünə və böyüklüyünə görə 7 manatdan başlayır. Alıcılara qiymət də endirimlər də edirik. Qızılgülü çox almaq istəyən olanda bir dənəsini 2 manatdan da veririk. Ən zəif satılan məhsullar isə bujiteriyalardır”.

Mərkəzdəki mağazalarda isə qiymətlər od tutub yanır. Məsələn, Nizami küçəsində yerləşən gül mağazasında siz xanımınıza gül buketi hədiyyə etmək istəsəniz, bu, 300-500 manat arasında başa gələcək. Mağazada ən ucuz güllər kiçik dibçəkdə əkilmiş çobanyastığı və “Spasifilium”dur ki, onların da qiyməti 8 manatdır. Dibçəkdə əkilmiş daha böyük “Spasifilium” bitkisinin qiyməti isə 15, 26 və 83 manat arasında dəyişir. Satıcılar qızılgüldən daha çox orxideyaların alındığını deyirlər. Orxideyaların qiyməti də digərlərindən fərqlənir. Məsələn, orxideyanın  torpaqsız, şüşə qabda əkilən növü 150-200 manat arasında dəyişir.  Satıcıların sözlərinə görə güllər arasında  “Anturium”, “Quzmaniya”, bənövşə də ən çox sifariş olunan güllər sırasındadır.

8 mart (1).jpg (3.02 MB)

Satıcı Emil Əliyev deyir ki, 8 marta indidən 800 manatlıq gül buketi sifariş edən var: “ Bir nəfər var , gəldi və 8 Mart Qadınları günü ilə bağlı buket hazırlamağımızı sifariş etdi. Buketin qiyməti 800 manat olacaq.  Düzdür, gəlib tək qızılgül alanlar da var. Elə insanlar var ki, deyir ki, gül solub gedir, ona çox pul xərcləməyə dəyməz. Ona görə tək qızılgüllə kifayətlənib, yanında da başqa qalıcı bir hədiyyə alırlar”.

Qalıcı hədiyyələrə gəlincə isə kişilər güllərlə yanaşı qadınlara ətir hədiyyə etməyi də sevir. Bu arada “İdeal”, “Sabina” parfümeriya mağazalar şəbəkəsində artıq “endirim” kampaniyaları başlayıb. Amma endirimli qiymətlərlə belə bu mağazalara yaxınlaşmaq mümkün deyil, bəzilərində isə bu endirimlər saxtadır. Məsələn “Sabina” parfümeriya mağazasında 3-10 mart tarixlərini əhatə edəcək 25-70 faiz arası endirim kampaniyası keçirilir. 70 faiz endirim kampaniyasında olan məhsullarla maraqlandıqda isə nədənsə, həmin məhsulların olmadığı və artıq satıldığı deyilir. Qalanlar isə daha çox 25-50 faiz arasında endirim olan məhsullardır ki, onların da endirimli qiyməti üç rəqəmli qiymətdən aşağı deyil.

8 mart (2).jpg (1.37 MB)

Hədiyyə və parfümeriya mağazaları ilə yanaşı restoranlar da bu günə hazırlaşırlar; həm menyuda, həm də qiymətdə. 8 Martla bağlı təklif edilən proqramı, menyunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxladıq. Beynəlxalq Qadınlar gününə hələ bir neçə gün qalsa da, bəzi restoranlarda demək olar ki, yer yoxdur, hamısı əvvəlcədən bron edilib. İnzibatçıların sözlərinə görə yerlərin əksəriyyəti bir həftə əvvəldən bron edilib. Qiymətlər isə restorandan və menyudan asılı olaraq adam başına 50-150 manat arasında dəyişir. Bu isə o deməkdir ki, 8 martda 2 nəfərlik şam yeməyi sizə ən azı 100, ən çoxu isə 300 manata başa gələcək.

8 mart.jpg (2.67 MB)

Qeyd edək ki, xanımların 8 Martda almağı arzu etmədiyi kifayət qədər hədiyyələr də var ki, kişilər bu mövzuda diqqətli olmalıdır. “Romir” tədqiqat mərkəzinin apardığı araşdırma göstərib ki, 8 Martda xanımlar üçün ən arzuolunmaz hədiyyə ev heyvanlarıdır. Rəyi soruşulan qadınların 33%-i bu fikri təsdiqləyib. Onların qəbul etməyi arzulamadıqları hədiyyələr sırasında ikinci yeri qantellər və digər idman avadanlıqları tutur. 28% xanım hesab edir ki, bu hədiyyə onların bədən quruluşunda problemlərin olduğuna işarədir. Kimsə martın 8-də qadına yumşaq oyuncaq hədiyyə etmək istəyirsə, onun da fikrindən daşınması məsləhətdir. Rəyi soruşulan xanımların 18%-i belə hədiyyələrə nifrət edir. Araşdırma onların mətbəx avadanlığı, qab-qacaq, hətta alt paltarı və pulu da arzuolunmaz hədiyyə saydıqlarını göstərib. Amma pul məsələsində müəyyən tərəddüdlərin olduğu da üzə çıxıb. Araşdırma zamanı xanımların 8 Mart günündə qəbul etmək arzusunda olduqları hədiyyələr isə gül, bəzək əşyaları, həmçinin parfümeriya və kosmetikadır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir