Osman Muhammed

Azərbaycanda təhsil alan sudanlı tələbə: “Dərimin rənginə görə zarafatla deyirlər ki, Kürdəmirdən gəlmisən?”

Baxış sayı: 1. 826
Sudan vətəndaşıdır, 4 ildir ki, təhsil üçün ölkəmizdədir. Bu müddətdə təhsil almaqla kifayətlənməyib, həm də milli mətbəximizə məxsus yeməkləri bişirməyi öyrənib. Hətta ailə qurmaq üçün sevib-seçdiyi xanım da azərbaycanlıdır. Anası ölkələrinə çağırsa da, gələcəkdə Azərbaycanda qalıb işləmək istəyən müsahibimiz Sudan vətəndaşı, 24 yaşlı Osman Muhammeddir. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsində inşaat mühəndisliyi ixtisasında təhsil alır.
Qardaşı Azərbaycanda təhsil alıb, sonra Osman da xaricdə oxumaq fikrinə düşəndə, ona bura gəlməyi məsləhət görüb: “7 il əvvəl qardaşım Azərbaycanda təhsil alıb, hazırda o, Amerikada işləyir. Mən də inşaat sahəsində təhsil almaq istəyirdim, qardaşım mənə buranı məsləhət gördü. Dedi təhsil də yaxşıdır, insanları da qonaqpərvərdir. Məndən sonra bacılarım da təhsil üçün bura gəldilər, onlar da Tibb Universitetində oxuyurlar. Biri ümumi cərrahiyyə, o biri də stomatologiya üzrə təhsil alır. Təəssüf ki, qardaşım burda oxumağa gələnə qədər Azərbaycan haqqında məlumatım yox idi. O, təhsil almağa gələndən sonra ölkənizlə tanışlığım yarandı. İndi Azərbaycan mənim ikinci ölkəm kimidir, burda qalmaq, yaşamaq, işləmək istəyirəm”.
“Elə bilirlər ki, Azərbaycan dilində başa düşmürəm”
Dərs və imtahanlarının qaydasında olduğunu deyən Osman, artıq Azərbaycan dilində də danışmağı bacarır: “Təhsildə xarici tələbələrə kömək olur. Tək universitet rəhbərliyi deyil, tələbələr də xaricdən təhsil almağa gələnlər üçün əllərindən gələni edirlər. Universitetdən əvvəl bir il hazırlıq fakültəsində oxudum, Azərbaycan dilini az-maz öyrəndim. Qalanını da ünsiyyətdə olduqca öyrənirəm. Amma qardaşım heç hazırlıq da keçmədi, elə küçədə insanlarla danışa-danışa Azərbaycan dilini öyrənmişdi”.
Öz ölkəsinin insanları ilə azərbaycanlılar arasında yeganə fərqin dərinin rəngi olduğunu deyir: “Azərbaycanlılar işləməyi sevirlər, səhər tezdən durub işə həvəslə gedirlər, tənbəllik yoxdur, hamı nəsə etmək üçün çalışır. Bizdə də belədir, insanlarımız arasında elə böyük fərq görmürəm, bircə dəri rəngidir, o da bizdə havalar isti olduğuna görədir. Burda da mənə qarşı elə bir fərq qoymurlar, nə isə bir istəyim olanda ətrafdakıların onu yerinə yetirmək üçün çalışdıqlarını hiss edirəm. Dərimin rənginə görə zarafatla deyirlər ki, Kürdəmirdən gəlmisən? “Qara oğlan” deyənlər də var. Mən bu şeylərə çox fikir vermirəm, ona görə elə də pis təsir etmir. Hərdən dəniz qırağında oturanda gəlib “aaa, qara oğlan orda oturub” deyirlər. Belə olanda bir az hirslənirəm, elə bilirlər ki, Azərbaycan dilində başa düşmürəm, ona görə deyirlər. Amma belə, ümumilikdə bu tipli reaksiyalar çox da pis təsir etmir”.
“Özüm hazırlamasam, acından ölərəm”
Azərbaycanda yaşadığı üçün nəinki buranın mətbəxinə məxsus yeməkləri yeyir, hətta hamısını özü bişirir: “Demək olar ki, ancaq Azərbaycan mətbəxinə məxsus yeməkləri yeyirəm. Mətbəximizdə də müəyyən oxşarlıqlar var. Qara dolmanı sevirəm, sizdə yarpaq dolması deyirlər. Bu yemək bizim mətbəximizdə də var. Plov, kabab, xaş xoşuma gəlir. Çox yeməyinizi yeyirəm və bişirirəm. Sadəcə olaraq, adları çətin olduğu üçün yadımda qalmaya bilər. Yeməyimi də özüm hazırlayıram. Çünki onları mənim üçün edən adam yoxdur. Özüm hazırlamasam, acından ölərəm (gülür). Müvəqqəti gəlməmişəm, 4 ili birtəhər idarə etmək olmur, ona görə özüm mətbəxə keçdim. Birinci dəfə “skype”la anamla danışdım, o, mənə dolma bişirməyi öyrətdi. Sonra digərlərini də yavaş-yavaş öyrəndim. Amma vaxt apardığı üçün yemək bişirməyi çox da sevmirəm”.
“Valideynləri ilə də tanış olmuşuq, məni çox sevirlər”
Osmanın sevgilisi Zeynəb də azərbaycanlıdır. Deyir ki, universiteti bitirəndən sonra ailə quracaqlar: “3 ildir ki, sevgiliyik. O, ingilis dilində danışır, ona görə ünsiyyət qurmaq problem olmur. Milliyət fərqi də yola getmək cəhətdən münasibət qurmağımıza təsir etmir. Ailə qurandan sonra mən də burda qala bilərəm, onun da mənimlə Sudana getməklə bağlı bir etirazı yoxdur. Valideynləri ilə də tanış olmuşuq, məni çox sevirlər (gülür). Universiteti bitirəndən sonra evlənməyi düşünürük”.
Müsahibimiz deyir ki, Azərbaycanda yolda qıza yaxınlaşıb nömrə almaq məsələsi bir az çətindir: “Azərbaycanda yoldan keçən qıza yaxınlaşıb tanış olmaq, nömrə almaq istəyənlərə qarşı reaksiya yaxşı olmur. Amma Sudanda bu kimi şeylər çox da sərt qarşılanmır. Təbii ki, biz hansı ölkəyə gediriksə, onların qayda-qanunlarına, adət-ənənələrinə hörmət etməliyik. Bu balansı da qorumağa çalışırıq”.
“Bircə toylarınızda rəqs edə bilmirəm”
Osman Azərbaycanda olduğu müddətdə müxtəlif bölgələrimizə də gedib: “Qəbələ, Quba, Şamaxı, Sumqayıt, Şəki və s. yerlərdə olmuşam. Burda sudanlı iki oğlan tələbə dostum var, onlarla gedib gəzirik. Ümumi götürəndə mənim şəhər yox, kənd daha çox xoşuma gəlir. Şəhərdə səs-küy, maşın çox olur, amma sakit yer daha yaxşıdır, bu cəhətdən, seçimim kənd yerləridir”.
Müsahibimizin adət-ənənələrimizlə də müəyyən qədər tanışlığı var: “Novruz bayramı haqqında məlumatım var. Tonqal qalamaq yadımdadır. Bayramda bizim məhəllədə də tonqal qalamışdılar, mən də iki dəfə üstündən atlandım. Bununla pisliklərin getdiyini deyirlər. Maraqlı adətdir, mən də azərbaycanlılara qoşulub edirəm. Bu bayramda bişirilən şəkərbura və paxlavanın da dadına baxmışam, qəşəng olur. Toylara da dəvət edirlər, toy adətlərinizdən də müəyyən qədər məlumatım var. Bircə toylarınızda rəqs edə bilmirəm. Toyda dostlar çağırırlar ki, rəqs edim, öyrədirlər də, amma nəsə bu alınmır. Musiqi fərqimiz var deyə, yəqin ki, buna tam öyrəşə bilmirəm. Alışdığım rəqs növü əvvəldən başqa olub”.
“…çıxaran adamı bəy döyməlidir”
Əcnəbi tələbə deyir ki, toy adətləri fərqlidir: “Məsələn, bizdə toyda belə bir adət var ki, bəyin pencəyini, ya köynəyini çıxarmağa çalışanlar olur, bunu çıxaran adamı bəy döyməlidir. Bununla o, güclü olduğunu bir növ simvolizə edir. Belə çox detallar deyə bilməsəm də, toy adətimiz fərqlidir. Mənim sevgilim azərbaycanlı olduğu üçün toyu hansı adətlərə uyğun edəcəyimi indidən deyə bilmirəm. Təbii ki birinci xanımın fikrini öyrənəcəyəm, hansını istəsə, o cür də edərik. Bunun mənim üçün əslində, elə bir problemi yoxdur. Əgər Azərbaycan toyu etsək, ora öz musiqimizi də əlavə edəcəyəm. Çünki mən əsasən, o musiqilərə rəqs edirəm”.
Osman ölkəmizdə bəyənmədiyi, narazı qaldığı nə isə olmadığını da dedi: “Dərslərimi oxuyuram, imtahanları verirəm. Boş vaxtım olanda dostlarla domino oynayıram, Fəvvarələr meydanında gəzirəm, sosial şəbəkədə yazışıram. Burda qonaq da dəvət edirlər. Bir dostum var, onun anası məni tez-tez dəvət edir, bizə dadlı yeməklər bişirir. Düzdür, özüm də bişirirəm, amma onun yeməkləri çox dadlı olur”.
“Burda qalacam yəqin ki”
Müsahibimiz deyir ki, anası darıxdığı üçün oğlunun Omanda  çalışmasını istəyir, amma o, Azərbaycanda qalmaq fikrindədir: “Ana mənim üçün darıxır, deyir ki, universiteti bitirən kimi qayıt gəl, burda işlə. 4 ildir ki, məni görmür, ona görə darıxır. Yol da uzaqdır, xərc aparır. Ona görə təhsil müddətində burda qalmağın daha yaxşı olduğunu düşündüm. Əgər bu dövrdə kişi olmaq istəyirsənsə, ailəni tərk etməli, öz ayaqların üstündə durmağı bacarmalısan, işin olmalı, pul qazanmalısan. Ona görə, burda qalacam yəqin ki. Amma bacılarım təhsillərini alıb qayıdacaqlar”.
Aygün Asimqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir