Bilik imtahanla ölçülmür. Bu gün alınan nəticə sənin potensialının yox ,sadəcə bu günkü anının göstəricisidir…
Ali məktəbə qəbul imtahanın nəticələri elan olunduqdan sonra bəzi abituriyentlər çox sevindiyi halda, bəziləri isə məyusluq yaşayır. Qəbul ola bilməyən gənclər ailələrinin, qohumlarının, yaxın ətrafının təzyiqləri ilə üzləşir. Uğursuz nəticə göstərdikləri üçün özlərini günahkar hiss edirlər. Bu hallarda valideyinlərin övladlarının yanında olması çox vacibdir. Onlar övladlarına hiss etdirməlidir ki, abituryentin nəticəsi onun savadsız və bacarıqsız olması anlamına gəlmir. Bəzi şagirdlər üç, hətta daha çox il müddətdə hazırlığa gedir. Bu da ümumi yorğunluğa, həyəcan və stresə gətirib çıxardır. Bu cür emosional gərginliklə imtahanda iştirak etmək abituriyentin istədiyi nəticəni əldə etməsinə mane olur. Nəticə abituriyentin savadsız və biliksiz olması mənasına gəlmir. İmtahan onun gələcək həyatında bir sınaq, bir yoldur.
Bir psixoloq kimi qeyd edim ki,”Valideynlər özləri də düşünməlidirlər ki, övladları bu yolda heç nə itirməyib. Əksinə, təcrübə və praktik biliklər qazanıblar. Bu baxımdan yaxşı nəticə göstərməyən abituriyentin valideynləri “Bu il, iki il, üç il əziyyət çəkdim, bu qədər pul ödədim, nəticəsiz oldumu?”, “Gərək daha yaxşı oxuyardın”, “Vaxtını daha çox buna sərf edərdin” kimi sözlər deməməlidirlər”.

İmtahanda uğursuzluqla üzləşən abituriyent onsuz ki, emosional gərginlik yaşayır. Əgər bir də valideynin mənfi münasibəti ilə üzləşərsə, ümumi vəziyyət daha da ağırlaşa bilər. Valideynlərə tövsiyəm odur ki, nəticənin necə olmasından asılı olmayaraq, övladlarının yanında olduqlarını həm sözləri, həm də davranışları ilə hiss etdirməlidirlər. “Çox fikirləşmə, gələn il üçün bir də hazırlaşarsan, daha yaxşı oxuyub istədiyin ixtisasa sahib ola bilərsən” və ya “Hər bir halda sən mənim övladımsan və səni çox sevirəm” kimi sözlər demək olar. “Bu imkan sənin üçün bir sınaq və təcrübə idi, həyatın sonu deyil. Yenidən cəhd etmək imkanımız var və yaxud başqa seçimlər mövcuddur”.
Sonda onu qeyd edim ki, ali məktəbə qəbul olmamaq həyatın sonu deyil. Biz müxtəlif yollarla gələcək həyatımızı qura bilərik. Gələcəyinizi əmin və fərqli yollarla qurmaq yolunda sizə uğurlar. Bacara bilərsən!!!!!!!
Psixoloq Qərənfil Həsənalıyeva
Goranboy-Naftalan rayonları üzrə PTPK-nin sədri












































































































































































