check-up

Hansı yaşda “check-up” müayinə etdirmək lazımdır? – HƏKİM RƏYLƏRİ

Baxış sayı: 1. 709

Son zamanlar qəfil ürək tutmaları, gözlənilmədən gələn xəstəliklərə düçar olanların sayı artıb. Hansı ki, o adamlar haqqında “sağlam adam idi, ağrımırdı, qəfil niyə belə oldu ki” söyləyirlər. Amma sonradan məlum olur ki, bu problemlər gizli şəkildə illərdir davam edirmiş. Bəs bunları vaxtında necə bilmək olar?

Xarici ölkələrdə insanlar ən az ildə iki dəfə çekap (Check-up) müayinədən keçirlər. Bununla da baş verə biləcək müxtəlif xəstəlikləri önləmiş olurlar. “Check-up” vasitəsilə  xərçəngin erkən diaqnozu qoyularaq, daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur.

Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən “Check-up” vasitəsilə yaxa qurtarmaq mümkündür. Ümumiyyətlə, “Check-up” erkən diaqnoz məqsədilə edilən müayinə, laboratoriya, rentgen və bütün testlərin birləşməsidir. Ancaq təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bu məsələyə biganə yanaşılır. Bizdə insanlar xəstələnməyincə həkimə müraciət etmir. Hətta çox zaman xəstələnəndə  belə öz üsulları ilə müalicə almağa çalışırlar. Məhz buna görədir ki, insanlar bir az yaşlaşdıqdan sonra gənclikdə hiss etmədikləri gizli xəstəliklər baş qaldırır və çox zaman da müalicə üçün gec olur. Mütəxəssislər bildirirlər ki, böyüklər ildə iki dəfə, uşaqlar bir yaşına qədər hər ay, qadınlarsa 6 aydan bir “Check-up” müayinədən keçməlidir.

Həkim Vasif İsmayıl bildirdi ki, insan 45 yaşdan sonra müntəzəm olaraq həkim nəzarətindən keçməlidir: ““Check-up” müayinəsinin müntəzəmliyinin hər kəsə görə dəyişən xarakteri var. Bu insanın yaşına, həyat tərzinə görə dəyişir. Hər kəsin müəyyən yoxlanılacaq parametrləri var. Bu məsələyə çox ciddi diqqət etmək lazımdır. Sığortada olan həkim buna nəzarət edir və müəyyən bir “Check-up” qrafiki çıxarır. İnsanlar bu qrafik əsasında gedib yoxlanılırlar. Hər mədəni ölkədə bu belədir. Yəni hər kəs ağlına gəldiyi zaman gedib “Check-up” olunmur. Sadəcə olaraq, vəziyyətinə görə tənzimlənmiş “Check-up” müayinəsinə gedir. Ümumiyyətlə, hər bir insan 45 yaşından sonra müntəzəm olaraq “Check-up” üçün həkimə getməlidir. Amma orada hansı təhlilləri verəcək, bu, artıq hər bir fərdin şəxsən qərar verəcəyi bir məsələdir”.

Qadınların “Check-up” müayinədən ildə neçə dəfə keçməsinə və hansı xəstəliklərin gizlin gedə biləcəyi məsələsinə gəlincə isə cərrah mama-ginekoloq Ləman Əliyeva qadınların ildə iki dəfə müayinədən keçməsinin vacib olduğunu dedi: “Türkiyədə və digər xarici ölkələrdə qadınlar uşaqlıq boynu xərçənginin öncədən aşkara çıxması üçün altı aydan bir və ya ən az ildə bir dəfə retrospektiv analiz verirlər. Bizdə yaşı 30-un üzərində olan qadınlardan çoxu bu analizin nə olduğunu bilmir və keçməyib. Biz təbii ki, qəbulumuza gələn xanımlara bunu başa salırıq. Hətta ola bilər ki, onun heç bir problemi, şikayəti yoxdur, sadəcə, ginekoloqun müayinəsində olur? retrospektiv testindən keçir. O zaman uşaqlıq boynunun xərçəngi ilə bağlı şübhələr ortaya çıxır. Bunu öncədən biləndə müalicələr tətbiq etməklə qarşısını ala bilirik. Amma bəzən elə halda gəlirlər ki, uşaqlıq boynu xərçənginin ilkin mərhələsi olur. Qadınlar bunu gecikdirirlər. Biz qəbulumuza gələn qadınlara gücümüz çatan qədər deyir,  maarifləndiririk. Qadın problemi oldu olmadı, ildə iki dəfə, altı aydan bir ginekoloq müayinəsində olmalıdır”.

Uşaqlara gəlincə isə pediatr Günay Rəsulova bildirdi ki, maddi sıxıntıya baxmayaraq valideynlər övladlarını rutin kontrollardan və pediatr müayinələrindən mütləq keçirməlidir: “Uşaqlara tətbiq olunmalı müayinələr və pediatr kontrolları var ki, bunlar olduqca vacibdir. Məsələn, yeni dünyaya gələn uşağa topuq testi müayinəsi edirik. Hansı ki, bu, dünyanın hər yerində tətbiq edilir. İlk 3-4 ay ərzində çanaq müayinəsi edirik. Bu da mütləq lazımdır. Uşaqdan asılı olaraq exo kardeoqrafiyası və s. aylıq kontrollar edirik. Bundan başqa, uşaqlar bir yaşdan sonra altı aydan bir, sonra isə ildə bir dəfə pediatriv müayinədən keçirilməlidir. 1, 3 və 6 yaşda da keçilməli olduğu vacib müayinələr var. Bir yaşa qədər uşaqlarda peyvənddən öncə həkim baxışı, peyvəndlərin olunması hər uşağa mütləq şəkildə tətbiq edilməlidir. Dünyanın hər yerində tibbi sığorta tətbiqinə əsasən insanların vaxtı-vaxtında həkimə getmək kimi bir üstünlükləri olur. Bizdə də dövlət tərəfindən tibbi sığorta uğurla tətbiq olunmaqdadır. Tibbi sığorta tətbiq edildikdən sonra insanlar bu barədə maddi sıxıntı çəkmədən aylıq rutinlərini yerli yerində edə biləcəklər”.

Pediatr valideynlərin sırf maddi çətinliyə görə övladlarının müayinəsini gecikdirdiyini dedi: “Dövlət tibbi sığortanın tətbiqindən sonra bizdə də bu cür sıxıntılar qalmayacaq. Hər bir valideyn təbii ki, övladının sağlamlığı üçün heç bir müayinədən kənarda qalmaq istəməz. Valideynlərə tövsiyə edərdim ki, maddi çətinliyə baxmayaraq, övladlarını mümkün olduqca rutin müayinələrdən və pediatr kontrollarından keçirsinlər. Həmçinin mümkün olduqca profilaktik peyvəndlər tətbiq olunmalıdır. Bir yaşa qədər uşaqlara poliklinikalarda ödənişsiz müayinələr və peyvəndlər tətbiq olunur. Ən azından bunlardan kənarda qalmaq olmaz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir