Vasif Ismayil

Vasif İsmayıl: “Arvadı evə mal kimi bağlamaq kişilik deyil” – MÜSAHİBƏ

Baxış sayı: 1. 816

Tanınmış androloq-uroloq Vasif İsmayıl Modern.az saytına geniş müsahibə verib. “Gencaile.az” həmin müsahibəni ixtisarla təqdim edir. 

 

– Karl Marks deyirdi ki, kapital bazisdir, digərləri isə məsələn, din, siyasət, mədəniyyət üstqurum. Yəqin ki, siz də bu mənada iqtisadi faktorları qabardırsınız. 

– Bu dünyada, cəmiyyətlərdə hər şey iqtisadidir. Harada canlı varsa, orada iqtisadiyyat var. Bizim bütün davranışlarımızda, seçdiyimiz bütün şeylərdə – hamısında iqtisadiyyat rol oynayır. Bu gün Azərbaycanda qurulan iqtisadi model təbabətin inkişafına gətirib çıxarır. Amma tibbin insanların tələbatlarına cavab verəcək səviyyəyə çıxmasına da imkan vermir.

 

– Gələk cinsi əlaqələr mövzusuna… Hədsiz şəkildə cinsi əlaqəyə meyllilik, masturbasiya insan orqanizmi üçün zərərlidir, yoxsa xeyirli? 

– Çox gözəl sualdır. Masturbasiyanın tibbi olaraq heç bir ziyanı yoxdur. Lakin masturbasiyanın psixoloji olaraq ziyanı var. Belə ki, bağlılıq və müəyyən aqressiya yarada bilər. Bu aqressiya da doyumsuzluqdan qaynaqlanır. Cinsi əlaqənin də insana heç bir ziyanı yoxdur, əksinə, 1000 cür faydası var. Çoxlu cinsi əlaqənin də ziyanı yoxdur, sadəcə bəzi psixoloji problemlər yarada bilər.
Hər şeyin aşırısına qaçmaq pisdir, amma ondan imtina da etmək lazım deyil. Masturbasiya da pis şey deyil. Amma gündə 5 dəfə masturbasiya edirsənsə, bu, artıq problemdir. Düzdür, bədənə zərərli deyil, prostatda xərçəng riskini aradan qaldırır. Eyni zamanda səndə ürək-damar problemini yaratmayacaq. Ancaq psixoloji olaraq beynini itirirsən və bu özünü masturbasiyada göstərir.

Sən qarşına çıxan hər qadınla cinsi əlaqə arzulayırsansa, bu, sənin cinsi əlaqə hissinin problemi deyil. Bu, öz beyninin problemidir.

 

– Xarici saytların birində oxumuşdum ki, evli kişilər də masturbasiya etməyə üstünlük verirlər. Bəs onları masturbasiya etməyə vadar edən nədir? 

– Gəlin, bir lətifə danışım. Biri gedir tualetə, sağ əllə masturbasiya edir və bundan çox həzz alır. Sonra ertəsi gün sol əllə masturbasiya edir, bundan da böyük həzz alır. Lakin deyir ki, gedib gözəl bir xanımla münasibət yaşadı və bu sol əlin solğun bir təsviri təəssüratını bağışladı.

Cinsi əlaqə ətrafında biz çox mif, inanc yaratmışıq. Qadınlar haqqında da eyni mifləri yaratmışıq. Qadınlara çox müqəddəs biri kimi baxırıq. “Ay ana elə, ana belə, paklıq” və sair deyirik. O qədər əsatir yaratmışıq ki, insanları da bu modellərlə yetişdiririk. Sonra bu insanlar həyata atılırlar və görürlər ki, cinsi əlaqə yemək yemə kimi adi bir fəaliyyətdir. Böyük bayıra getmək necə bir ritualdırsa, cinsi əlaqə də zəruri ehtiyacdır, ritualdır.
Lakin görün bizdə nə deyirlər: “Ay kişi balasıdır bu, bəydir, igiddir”. Sonra o adam ailə quranda görür ki, qadınla cinsi əlaqə çox adi bir şeydir. İnsanlar qırıla-qırıla qalırlar. Lakin ehtiyacını da təmin etməlidir axı. Bunu da masturbasiyada tapır. Masturbasiyada ancaq öz xəyalınla birlikdə olursan və buna xüsusi bir məna yükləmək lazım deyil. Müəyyən məməlilər öz ifrazatlarına məna yükləməyi bacarırlar. Məsələn, adi it öz sidiyinə əlavə məna yükləyir. Öz sidiyi ilə ətrafı  işarələyir. Meymunlar tüpürməyə xüsusi bir şey kimi baxırlar. Meymunlar tüpürməklə təhqir edirlər. Göz yaşı gözümüzü qorumaq üçün ifrazatdır. Bizdə isə buna romantika yükləyirlər.

Başa düşürəm ki, hər şeydə müəyyən modellər yaradılmalıdır. Lakin biz işin ağını çıxarmışıq. Bir insanın göz yaşı nə qədər müqəddəsdirsə, həmin insanın cinsi əlaqəsi də o qədər müqəddəsdir.

 

– Fərz edək ki, bir kişi evlidir, xanımı ilə də heç bir problemi yoxdur. Lakin başqa birini də arzulayır və onunla cinsi əlaqədə olur. Bizdə sadə dildə bu, xəyanət adı ilə assosiasiya olunur. Sualım belədir, bu, normaldırmı?           

– Təbii cəhətdən normaldır, amma iqtisadi baxımdan yox. Söhbətimizin başında dedik ki, cəmiyyətin əsas motoru iqtisadiyyatdır. Gəlin öncə baxaq görək ki, insanlar niyə bir-birilə evlənir. İnsan, homosapiens atanın öz övladına qulluq edən heyvan növüdür.

Heyvanların hamısında isə erkək cins, ata öz övladına qulluq etmir. İnsanda isə fərqlidir. Bunun da həyatda müəyyən avantajları var. Bu gün bir qadın bir kişi ilə ailə həyatı qurur. Qadın deyir ki, mən uşaq doğub saxlayacam, sən də mənə kömək edəcəksən, yanımda olacaqsan. Kişi də razılaşır və deyir ki, bütün gücünü uşaqların böyüdülməsinə sərf edəcək.

Təbiətdə belədir ki, kişi bir dəfəyə 20 milyon sperma xaric edir. Bunu gün ərzində bir neçə dəfə təkrar edə bilər. Kişiyə təbii olaraq sərf edir ki, daha çox  qadınla cinsi əlaqə olsun və toxumlarını yaysın, çünki çoxdur. Qadın isə ayda bir dənə yumurta verir. Qadına sərf edir ki, ən yaxşı kişini seçsin və ondan yumurtanı mayalandırsın. Məsələnin bioloji izahı budur. Bioloji olaraq kişi çox qadınla cinsi əlaqəyə girməlidir, qadın isə biri ilə. Qadın yumurtasını ən yaxşı gördüyü kişiyə verməlidir.

 

– Lakin qadınların içərisində də başqa kişilərə meyl edənlər və cinsi əlaqədə olanlar az deyil.  

– Bunun da izahı var. Qadın bir şəkildə cəmiyyətin süzgəcidir. İqtisadi olaraq ortaya çıxacaq övlada kişi də, qadın da bütün gücünü verməlidir. Ona görə də, iqtisadi olaraq cəmiyyətdə buna pis baxırlar. Bioloji olaraq isə kişinin başqa qadınlarla münasibəti normaldır.

Bəs qadınlar niyə aldadırlar? Bunun izahı çox sadədir. Qadın bəzən müəyyən problemlərindən dolayı öz yumurtasını istədiyi kişiyə verə bilmir. Çünki onun istədiyi kişi iqtisadi olaraq ona avantaj vermir. Hər hansı başqa bir kişi gəlir və qadın onu istəyir. Bu zaman demək olar ki, qadın bioloji olaraq başqa kişilərə yönlənə bilər.

Hər hərəkətin altında bioloji səbəblər var. Lakin iqtisadi davranış modelləri də var. Bu gün bizdə ancaq adət-ənənədən, mentalitetdən danışırlar. Bunlarda da müqəddəs heç nə yoxdur.

Bundan 150-200 il öncə “ev qızı” deyilən anlayış var idi. Gedirdin kiminsə 7-8 yaşındakı qızını öz oğluna alırdın. O qızı evində böyüdürdün və müəyyən yaşa gələndən sonra oğlunla evləndirirdin. Əvvəllər bir ata öz qızına baxmaq istəmirdi. Çünki qız gedib kəl sürməyəcək, əkinlə məşğul olmayacaqdı. Ona görə də qızını birinə verirdi və bu da sərf edirdi. Beləliklə bir ailə kimi yaşayırdılar.

Bunun çox gözəl bir iqtisadi təməli var idi. Lakin bu o demək deyil ki, 21-ci əsrdə də bu modelə keçməliyik. Bu gün bir qıza bu şəkildə yanaşmamalıyıq.

Bəzən cəmiyyətdə, “namus, qeyrət, ay qızları 13 yaşında ərə verək” deyirlər. Bunlar axmaqlıqdır. Bu axmaqlıqlar tarix boyu olub. Hazırda cəmiyyətdə iqtisadi model çox güclüdür və ona qarşı getmək mümkün deyil.

 

– Bəzi cütlüklər də var ki, yataq həyatında bir-birini təmin edə bilmirlər. Kişi belə olan halda özünə başqa partnyor tapır, lakin qadınlarda bu, problem olur.  Qadınlar var ki, cinsi əlaqədə təmin olunmasalar da, başqa kişi ilə də yatağa girməyi də seçmirlər. Bu da bəllidir ki, seksual çatışmazlıqlar problemlərə yol açır. Bu mənada həmin kateqoriyadan olan qadınların seksual çatışmazlığı onlara hansı xəstəlikləri qazandıra bilər? 

– Sizinlə razıyam. Azərbaycan cəmiyyətində bizdə insana bir növ “işgəncə” var. Lakin, bu, Avropada da belədir. İş burasındadır ki, kişi bioloji və iqtisadi cəhətdən özünə həmişə qadın partnyor tapa bilir. Yetər ki, cibində pul olsun. Qadınlar isə müəyyən yaş və vəziyyətdən sonra özlərinə partnyor tapmaqda çətinlik çəkirlər, hətta pulları olsa belə. Bu problem Avropada daha qabarıqdır. Avropada yalnız qadınlar və yalnız kişilər çoxdur. Lakin o kişilər özlərinə partnyor tapmaqda daha bacarıqlıdırlar.

Qafqazda bu iş daha yaxşı həll olunub. Burada iqtisadi model və cəmiyyət səni məcbur edir ki, qadına bağlanasan. Əslində biz qadın-kişi bərabərliyini tam təmin etsək, ortaya o dərəcədə də yaxşı mənzərə çıxmayacaq.

Mən bu mənada Avropadakı mənzərəni bəyənmirəm. Bir şeylə də razıyam ki, cəmiyyət ədalətli davranmalıdır. Ədalətin axırında çıxan söz çox xoş səslənməyə bilər. Ancaq nəticədə bu, ədalətli ortaya çıxıb. Bu gün Azərbaycandakı görüntüyə baxan zaman görürəm ki, anaları tərəfindən evlənməyə məcbur edilən oğlanlar, qızlar var. Ailələrin bir-birlərinə qarşı oynadığı oyunları görürəm. Bunları görəndə adam iyrənir. Buna görə də Avropadakı görüntünü çox bəyənməsəm də, hesablayıb görürəm ki, ora daha yaxşıdır.

 

– Cinsi istəyi yüksəltmək və həzzi artırmaq üçün pornoya baxanlar az deyil. Pornoya baxmaq zərərlidir, yoxsa ziyanlı? 

– Pornoya baxmaq heç bir problem yaratmır, psixoloji problem istisna olmaqla. Əgər pornonu izləyən insanın xarakterində müəyyən qüsurlar varsa, ondan ziyan görəcək. Məsələn, bu gün urologiya şöbələrinə insanlar gəlir və cinsi orqanının ölçüsündən narazılıq edirlər. Bu gün bundan ötrü nə qədər boşanma yaşanır. Çünki oğlandır, pornoyo baxır, oradakı nağılı öz həyatında görmək istəyir.

Əslində isə pornolardakı nağıldır, elə şeylər realda mümkün deyil. Pornoya ictimai fenomen kimi baxıram. Problem pornoda deyil, onu necə alqıladığımızdadır.

Tütünlə müqayisə edək. Nə qədər tütün istehsal edilir, amma bütü insanlar siqaret çəkmir ki! Narkotik də var, amma heç kim narkotik aludəçisi olmur ki!

Yəni hər bir cəmiyyətdə müəyyən qrup insan müəyyən fenomenə bağlanır.  Bu mənada porno müəyyən sosial qruplara ziyan gətirir. Ancaq bu o demək deyil ki, bu, pornonun günahıdır.

 

– Sizin ilk dəfə çıxışınıza “Təkamülə giriş” kitabının təqdimatında qulaq asmışdım. Prostat xərçənginin müalicəsində təkamül təliminin rolundan danışırdınız. Çox maraqlıdır, bu mexanizm necə qurulur? 

– Darvin heç zaman “insan meymundan əmələ gəlib” deməyib. Darvin təkamülün qanunlarını ortaya qoyub və bunlar fundamental idi. İndiyə qədər aparılan bütün araşdırmalar təkamül təlimini təsdiq edib. Təkamül qaydası bizə həm dərman istifadəsində, həm də xəstəliklərin müalicəsində çox ciddi fayda verir.

Tibbdə prostat xərçəngini dərmanla müalicə etməyə çalışırlar. Belə bir qayda var: bu dərmanlar prostat xərçəngi populyasiyasının hamısını qıra bilmir. Böyük bir hissəsini öldürür, lakin kiçik bir hissəni məhv edə bilmir.

Biz bu dərmanların hamısını ora yeritsək, dərmanın öldürdüyü bütün hüceyrələri məhv edəcəyik. Yəni prostat xərçənginin 95 faizini ortadan qaldıracağıq. “Nə əla bir şeydir” deyəcəksiniz.

Düşünə bilərsiniz ki, yerdə qalan 5 faiz xəstəlik nə edə bilər ki? Xeyr, hörmətli insanlar, məsələ bu qədər də sadə deyil. Əgər biz bu dərmana bağlı xərçəng hüceyrələrini öldürüb, insan bədənində dərmana bağlı olmayan xərçəng hüceyrələrini saxlasaq, onlar boşalmış yerlərin hamısını sürətlə tutacaq. Və insanı daha tez öldürəcək. Təkamülün qaydalarına görə isə, biz dərmana həssas populyasiyaları axıra qədər öldürmürük. Biz bunu necə hesablayırıq? Yenə də təkamülün qaydalarına görə hesablayırıq, dərmanı müəyyən intervalla veririk. Biz buna kəsintili müalicə deyirik. Biz dərmanı veririk, dərmanların öldürə biləcəyi hüceyrələrin 70 faizini məhv edəndə artıq o dərmanı kəsirik. Bu səfər o dərmanın öldürə biləcəyi xərçəng hüceyrələri yenidən inkişaf etməyə başlayır. Nəticədə o biriləri ilə mübarizəyə başlayırlar. Bunlar təkamül qanunlarıdır, dəqiq riyazi hesablamalardır. Bu gün prostat xərçənginin dərmanla müalicəsində təkamül qaydaları və onun riyazi hesablamaları istifadə olunur.
Bu gün dərman istehsalında təkamülün qaydalarından istifadə olunur. Bu gün epidemologiya elmi təkamül üzərində qurulub. Bu gün insanlıq vəbadan, taundan ölmürsə, burada təkamülün rolu var.

 

– Az qala dini motivli tezisləri dərsliklərə salmaq cəhdləri olur. Şagirdlərimiz bununla hara gedəcək? 

– Görün məsələni hansı səviyyəyə gətirib çıxardılar ki, biz elm ocaqları olan məktəblərdə dini inancları dərs olaraq keçirik. Sən buna dini inanc kimi baxırsansa, get dini kitab yaz, oxuyan da oxuyacaq. Sən bunu təhsilə daşımaqla çox böyük səhv edirsən. Bəzən deyirlər ki, dərsliklərdə Darvin təlimi ilə yanaşı, yaradılış nəzəriyyəsi də tədris olunmalıdır. Xeyr, elə deyil. Darvin nəzəriyyəsi elm ocağı olan məktəblərə girmək üçün elmin bütün sınaqlarından keçib. Bu təlim elm ocaqlarında tədris olunmaq haqqını qazanıb.

İnancla işi bir-birinə qarışdırmaq olmaz. İslamiyyətin kökü “insanı Allah yaradıb” demək deyil. Sən bir şeyi oxuyub necə başa düşmüsənsə, onu bizim beynimizə yeritməyə çalışma. Yəni ağıllı ol, oxuduğun şeyin mənasını başa düşməyə çalış. Sosial streotipləri kopyalaraq Allaha rüşvət vermək kimi, Allaha yaltaqlanmaqla sən yaxşı müsəlman olacağını zənn edirsənsə, kül sənin başına!

Məktəb elm ocağıdır. Məktəb elm ocağı deyilsə, mənim uşaqlarım orada olmayacaq. Elm özü-özünə şübhə edən, bir dənə sözünü neçə dəfə yoxlayan bir sahədir. Elm öz daxilində hər şeyini yoxlayır. Dində isə belə bir şey yoxdur. Dində belə bir şey qəbul olunub ki, “insanı Allah yaratmadı” desən dindən çıxmış sayılırsan. Bu fikrə belə sən etiraz edə bilmirsənsə, inancın yeri məktəb deyil.

Bəzən deyirlər ki, dini inanc insana əxlaq gətirir. Xeyr, mən əksini düşünürəm. Hətta mən düşünürəm ki, dini inanc çox vaxt insanın əxlaqsız tərəflərini qabardır. Dini inanc insan əxlaqsızlıqlarına müəyyən don geyindirməyə imkan yaradır. Deyək ki, biri uşaqbazdır. Amma gündə 5 dəfə namaz qılır ki, heç kim onun haqqında pis düşüncədə olmasın, hamı “Yox ee, nə danışırsan, o elə şey etməz” desin.

Mən demirəm ki, dindarlar əxlaqsızdırlar. Amma dini inanc əslində bir çox axmaq və əxlaqsız insanların öz axmaqlıqlarını və əxlaqsızlıqlarını ört-basdır etmək üçün gözəl metoddur.

Kim inanclıdırsa, dini qaydalarla yaşamaq istəyirsə, yaşasın. Amma mənə qarışmasın. Sən öz daxilində spirtə nəcis deyə bilərsən. Amma bunu mənim yanımda demə. Mənim yanımda desən mən də sənə başqa şeylər deyərəm.

Mən bu sözü deməyi çox sevirəm. İnsanın dini inancı alt paltarı kimidir. İnsanın alt paltarının olmağı çox yaxşı bir şeydir, amma camaata göstərmək yaxşı deyil.

 

– Azad seks ifadəsi artıq cəmiyyətin terminologiyasına daxil oldu. Ortada seks varsa, zatən o azaddır. Bəs azad seks deməklə nəyi nəzərdə tutur insanlar, görəsən bunu özləri bilirmi? 

– Azad seksi, bizdə reaksiya kimi başa düşürlər. Ənənəvi olaraq arvadı evə bağlayıb, istədiyi vaxtda da cinsi əlaqə olmaq anlayışına adət-ənənə deyirlər. Görün nə etdilər, guya bunun qarşısına azad seks anlayışını çıxartdılar. Yəni arvad da, kişi də istədiyini edəcək. Bunlar reaksiyadır və Qaus əyrisinin uclarından dayanan mövqelərdir.

Mən arvadı evə mal kimi bağlamağı kişilikdən görmürəm. İstədiyim zaman onunla cinsi əlaqədə olmağı da düzgün hesab etmirəm. Cinsi əlaqədə qarşılıqlı istək olmalıdır.

Hətta biri ilə 1500 dəfə cinsi əlaqədə olmusansa, bu, 1501-ci dəfədə səninlə avtomatik cinsi əlaqəyə girəcək anlamını vermir. Sən onun razılığını almalısan. Bunun özü azad seksdir. Azad seks hər bir insanın seksual azadlığıdır. Cinsi əlaqə azad iradə ilə ortaya qoyulduğu zaman azad seks olur. Yoxsa, biri qadına mal kimi baxır, digəri isə seksdə necə gəldi davranmağı nəzərdə tutur. Hər ikisi yanlışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir