“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə oxucularımıza Meksika mətbəxindən bəhs edəcəyik.
Meksika mətbəxi ilə sözün əsl mənasında öyünə bilər. Çünki meksikalılar yeməyə çox əhəmiyyət verir. Hər il noyabr ayının ilk istirahət gününü “Ölülər günü” kimi qeyd edir, vəfat etmiş yaxınlarının qəbrinə yemək və içki aparırlar. Ümumiyyətlə, Meksika mətbəxi dünyada ən geniş yayılmış və ən köhnə mətbəxlərdən biridir. Milli Meksika xörəklərinin 8-9 min illik tarixi var.
Qarğıdalı, paxla, şokolad, müxtəlif acı bibərlər, balqabaq və qarğıdalı unundan hazırlanan tortilla meksikalıların əsas menyusunu təşkil edir. Yeri gəlmişkən, tortilla Meksika mətbəxinin simvolu sayılır. Maya əfsanəsinə görə, ilk tortilla bir kəndli tərəfindən ac kralın qarnını doyuzdurmaq üçün hazırlanıb. Adı ispanca “yumru tort” mənasını verir. Çörək yerinə hər yeməkdə yeyilir. Tortillalar yalnız çörək kimi deyil, eyni zamanda üstü müxtəlif ərzaqlarla bəzədilərək pizza olaraq da istifadə olunur.
Tortilla qatlanmış, içi dəyişik ərzaqlarla doldurularaq da yeyilir. Beləcə tortilla içliyinin müxtəlifliyindən asılı olaraq yeni-yeni adlar qazanır. Məsələn, tamale, flauto, buritto ya da quesadilla.
Amerikanın kəşfindən sonra İspanların gətirdiyi ispan və Ərəb mətbəxi Meksikanın yerli mətbəxi ilə birləşib. Nəticədə çox zəngin bir mətbəx ortaya çıxıb. Sözsüz ki, bu amil kəskin ədviyyat həvəskarlarının zövqüncə olacaq.
İçkiləri
Meksikalıların ən əhəmiyyətli içkiləri kakao, tekila və pivədir. Bu səbəb spirtli içki həvəskarlarının xoşuna gələcək. Yerli təbiət də bunun üçün münbit şərait yaradıb. Məsələ ondadır ki, Meksikada tekilanı ölkəni zəbt edən saysız-hesabsız kaktus bitkisindən hazırlayırlar. Meksikalılar onlardan daha nələr etmir ki… Kaktus tikanlarından kəndir, kağız, boyaq maddələr və s. istehsal olunur. Hətta ən dadlı kaktus salatını da ancaq Meksikada yemək mümkündür. Bundan başqa, kaktusları bişirir və marine edirlər. Yeri gəlmişkən, qızardılmış kaktus qızardılmış göbələyi xatırladır.
Aytən