Elnur Rustemov

“Gəlinliklə girib ağ kəfənlə çıxarsan!”: ailə mifi – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 534

Mif ailə parametrinin önəmli məqamlarından biridir. Hər bir ailənin, tayfanın qorunub saxlanmasında mif əsas rol oynayır. Mifin də öz mahiyyəti olur. Misal üçün: “biz həkim ailəsiyik”, ”biz mehriban ailəyik yaxud tayfayıq”, “biz ziyalı ailəsiyik”, “biz kübar ailəyik” və s. Bunların hər biri o mifin daxilində yaşayan insanların həyat tərzinə, dünyagörüşünə, davranışına təsir göstərir. Nəzərə almaq lazımdır ki, mif hər zaman aktual olmur. Yalnız böhran anında aktuallaşır. Yəni ola bilər ki, tayfada yaşayan insanlar bir-birilə münasibətdə problem yaşasınlar. Ancaq kənardan kimsə o ailəyə yaxud da tayfaya müdaxilə etdiyi təqdirdə (ailəyə daxil olan məqamlarda) bütöv tayfa o problemi həll etmək istiqamətində birləşir. Problem həll olunandan sonra isə tayfa daxili münasibət yenə də konflikt səviyyəsində olur. Ona görə də ailə psixoloqları qeyd edirlər ki, mif yalnız böhran məqamlarında aktuallaşmağa başlayır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, mif 3 nəsildən bir formalaşır. Ailə psixoloqu ailə ilə çalışarkən birinci növbədə mövcud olan mifin mahiyyətinə diqqət etməlidir. Ailə mifi həmin ailə yaxud da tayfa haqqında məlumatları ehtiva edir. Bu da ailə psixoloquna həmin ailə ilə psixoloji iş aparmasına böyük dəstək olur.

Hər bir mifin öz qanunauyğunluqları olur. Misal üçün “qəhrəman mifi”. Bu mif daxilində yaşayan insanlar özünəməxsus dünyagörüşünə malik olurlar. Qəhrəman yalnız kimisə xilas edərkən qəhrəman olur. Ona görə də bu mifin aktuallaşması üçün “qurban” da olmalıdır. “Qurban” olduğu təqdirdə proses tamamlanmağa başlayır. Diqqət edin, bu gün elə ailələr var ki, o ailələr daxilində ailədaxili konfliktlər pik həddədir. Hər gün evdə dava-dalaş, həyat yoldaşı spirtli içkilərdən yaxud da narkotik maddələrdən asılıdır. Ancaq ailənin xanımı o ailəni dağıtmır, əksinə necə qoruyub saxlamaq istiqamətində mücadilə aparır. Bəzən onların bu cür fədakarlıqları ətrafdakılar tərəfindən qəribə qarşılanır. Əslində qarşı tərəfin bu cür fədakarlığının kökündə qeyd etdiyimiz həmin “qəhrəmanlıq” mifi dayanır. Çünki, qurbanlıq var, ona gərə də onu xilas etmək lazımdır. Ancaq eyni bir situasiya, hətta deyərdik ki, öncə qeyd etdiyimizlə müqayisə olunmayan bir şərait olur ki, həmin ailələr boşanır. Onun da səbəbinə diqqət etsək, tərəflərin başqa ailə mifi ilə böyüdüklərinin şahidi olarıq. İndinin özündə, hətta elə ailələr var ki, ailə quran cütlüyə ata yaxud da ana xeyir duası “Gəlinliklə girib ağ kəfənlə çıxa bilərsən” olur. Səbəb isə o ailədə, o  tayfada ailənin dağılmasının, boşanmanın faciə kimi qəbul edilməyidir.

Yuxarıda qeyd etdik ki, hər bir mif 3 nəsildən bir formalaşır. Bu məqamı da misallarla izah etməyə çalışarıq. Misal üçün, ailə kənddən şəhərə köçür. İlkin mərhələdə mövcud olmaq üçün o ailə həmin ərazidə yaşayan qohumlarını, eyni kənddən olan insanları, onlar olmasa eyni rayondan, eyni bölgədən olanları axtarır, tapanda isə uşaq kimi sevinir. Səbəb yaşamaq üçün birgə yaşayışın önəmli olması düşüncəsidir. Kənd yerində birlik, bir-birinə dəstək olmadan yaşamağın mümkün olmaması düşüncəsi, mifi, onların bir yerdən başqa yerə köçərkən də şüuraltı olaraq təsirini göstərir. Bir müddət sonra həmin ailə mövcud şəraitə adaptasiya olmağa başlayır. Diqqət etsəniz görərsiz ki, bu tip ailələr ilkin mərhələdə qız köçürərkən, gəlin gətirərkən bölgə faktoruna diqqət edirlər. Səbəb isə qeyd etdiyimiz kimi ailə olaraq möhkəmlənmək istəyi dayanır. Bir müddət keçəndən sonra isə ailə artıq kənar insanları ailəyə daxil etməyə başlayır. Bütün bunlar ailə mifinin ailənin dayanıqlılığına təsir göstərən başlıca faktor olduğunu göstərir. Ona görə də hər bir ailə bu mifə, onun qanunauyğunluqlarına xüsusi diqqət yetirməlidir.

 

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin rəhbəri, psixoloq Elnur Rüstəmov 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir