imtahan

Yay imtahanları pulsuz olacaq?

Baxış sayı: 1. 981

Qəbul imtahanlarının pullu, həm də məbləğin yüksək olması cəmiyyət tərəfindən narazılıqla qarşılandı. Ekspertlər də qəbul imtahanlarının pullu olmasını təhsilin hamı üçün əlçatan olması prinsipinə zidd olduğunu vurğulayırlar.

Qeyd edək ki, ali məktəblərə ikinci qəbul imtahanlarında  iştirak ödənişlidir. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 dəfə iştirak üçün 20, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanında 1 iştirak üçün 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün 40 manat müəyyən edilib.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə “modern.az”a deyib ki, qəbul imtahanlarının qiyməti nə qədər az olsa, bir o qədər yaxşı olar. “Dövlət İmtahan Mərkəzi (DİM) sadəcə olaraq, qəbul imtahanlarının xərclərini açıqlamalıdır. Konkret olaraq ictimaiyyət bilməlidir ki, qəbul imtahanına nəyə görə bu qədər pul ödəməlidir. Tarif Şurası da bunun əsasında öz qərarını verməlidir. Məndə olan məlumata görə, qəbul imtahanlarının ödənişsiz olması ilə bağlı müzakirələr aparılır”.

imtahan

hsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Ədov bildirir ki, qəbul imtahanları pullu olduqdan sonra bu imtahanlarda iştirak edənlərin sayı azalıb: “Bu da nəticə etibarilə ölkədə təhsilin inkişafına mənfi təsir göstərir. Ali təhsil almaq istəyənlərin sayının azalması sonra əmək bazarında ixtisaslı kadr potensialının tapılmaması ilə nəticələnir”.

K.Əsədov qeyd edir ki, 2016-cı ilə qədər Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını keçirən Tələbə qəbulu Üzrə Dövlət Komissiyası idi və bu qurum dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdi: “2016-cı ildə isə ölkə başçısının sərəncamı ilə TQDK ləğv olundu və onun yerinə publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yarandı. Bu qurum dövlət büdcəsinin vəsaiti hesabına yox, göstərdiyi xidmətlərə görə öz maliyyə büdcəsini formalaşdırılmalı idi. 2017-ci ildə DİM göstərəcəyi xidmətlərin haqqını müəyyən etdi. Ortaya çıxan məbləğ indiyə qədər ölkə ərazisində keçirilən heç bir imtahan üçün müəyyən olunmamışdı. Məhz sınaq və qəbul imtahanlarının xidmət haqlarının yüksək səviyyədə müəyyən edilməsi həmin imtahanlarda iştirak etmək istəyənlərin sayına ciddi şəkildə təsir göstərdi. Əvvəlki illərdə qəbul imtahanlarında 110 min nəfər, sınaq imtahanlarında 55 min nəfər iştirak edirdisə, bundan sonra qeyd olunan rəqəmlərdə 50 faizə qədər azalma müşahidə olunmağa başladı”.

Təhsil eksperti hesab edir ki, bu kimi mənfi tendensiyaların qarşısını almaq üçün əvvəlki illərdə olduğu kimi, sınaq və qəbul imtahanlarının xidmət haqları aşağı səviyyədə olmalıdır: “DİM-in sınaq və qəbul imtahanları üçün çəkdiyi xərc o qədər də çox deyil. Ona görə də, hal-hazırda müəyyən olunmuş xidmət haqları reallığı əks etdirmir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, dünyanın inkişaf etmiş ölkələrində qəbul imtahanları yoxdur: “Onlar birbaşa orta məktəb sənədi ilə şagirdləri ali məktəblərə qəbul edirlər. Bəzi ölkələrdə SAT, İELTS, TOEFL kimi imtahanlar keçirilir və onların da xidmət haqqı 200-300 manat arasında dəyişir. Lakin bizim DİM-in keçirdiyi imtahan nəticələrindən fərqli olaraq bu imtahan nəticələri bütün dünya ölkələrində tanınır”.

Ekspert bildirir ki, bizdə orta məktəb sənədlərinə əsasən ali təhsil müəssisələrinə qəbul aparılmır, çünki Azərbaycanda orta məktəbdə şagirdlərə verilən qiymətlər reallığı əks etdirmir: “Əksər hallarda süni şəkildə qiymətlər yuxarı yazılır. Hətta orta məktəbi qızıl medal alaraq bitirən, əla qiymətlər alan şagirdlər ali məktəblərə qəbul imtahanlarında 0-200 bal toplayır. Ona görə də, bizdə bu sistemə keçid ciddi problemlər yara bilər”.

imtahan

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, təhsil sahəsində məqsəd qoyulub ki, təhsil hamı üçün əlçatan olsun: “Təhsil alanların sayının artması üçün müəyyən addımlar atılır. Məsələn, qəbul imtahanlarında iki dəfə iştirak etmək hüququ verilib. Amma ikinci dəfə qəbul imtahanlarında iştirak etmək ödənişlidir. Universitet daxilində açılan hazırlıq kursları da pullu olacaq. Bizim nə qədər məzunlarımız bal yığıb ali təhsil müəssisəsinə qəbul olub, lakin maddi vəziyyətləri aşağı olduğu üçün təhsillərini davam etdirə bilməyiblər. Şübhəsiz ki, qəbul imtahanlarında ödənişin əlçatan olmasını təmin etmək lazımdır. Dövlət universitetlərinin hardasa 80 faizi ödənişlidir. Yataqxana problemi və s. var. Əksər məzunlarımız da təhsil almaq üçün xarici ölkələrə gedirlər. Çünki bir sıra ölkələr var ki, orada təhsil haqqı və ali təhsil müəssisəsinə qəbul üçün tələblər qat-qat aşağıdır. Bu da xaricə beyin axını, eləcə də, kapital axınıdır. Qəbul imtahanlarının ödənişsiz olmasının hamı tərəfdarıdır. Amma bu ağlabatan deyil. DİM publik hüquqi şəxsdir, yəni öz hesabına fəaliyyət göstərir. DİM bu qədər imtahanlar keçirir, insanları cəlb edir, testlər hazırlayır və s. Bunun xeyli xərcləri var. Qəbul imtahanlarının pullu olması iki şərtlə ola bilər ki, ya DİM-in statusu yenidən dəyişsin, ya da dövlət qəbul imtahanlarının keçirilməsi üçün məsrəfləri öz boynuna götürər”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bir müddət əvvəl qəbul imtahanlarının pullu olması ilə bağlı bildirib ki, orta məktəbi bitirəndən sonra məzun təhsil müəssisəsinə daxil olmalıdır: “Qəbul imtahanlarını pullu etmək maddi ehtiyacı çox olan insanların təhsilini davam etdirməsinə imkan verməyəcək. Bütün insanlar imkanlı deyil. Bu gün qazın, enerjinin, kommunal xərclərin qiyməti yüksəkdir, dava-dərman, bazar bahaçılıqdır. Əksər insanların maddi ehtiyacları çoxdur. Bu şəraitdə qəbul imtahanlarına qiymət qoymaq təhsil almaq hüququna maneə yaratmaqdır”.

 

AynurəMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir