Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz əşyalar plastik məhsullardır. Son illər plastik qablaşdırmadan və paketlərdən istifadə geniş yayılıb. Hazırda demək olar ki, bir çox qida məhsulları plastik qablaşdırmalarda satılır. Süd məhsullarından tutmuş, gündəlik ərzaq məhsullarına qədər əksər malların satışı plastik qablarda həyata keçirilir. Plastik paketlərdən istifadəyə öyrəşsək də, çoxumuz bunun ziyanı barədə düşünmürük. Hətta gündəlik mətbəxdə belə, plastik qablardan istifadə edənlər az deyil. Plastik paketlərin insan sağlamlığına ziyanının nəzərə alan bir çox ölkələr artıq onlarınistifadəsinə qadağa qoyub.
Mütəxəssislər fikrincə, plastik qablaşdırma insan orqanizmi ilə yanaşı, ətraf mühitə də ciddi zərər vurur. Qiymətinə görə əlverişli olan, məlumat daşıyıcısı qismində və reklam üçün geniş istifadə edilən, yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyir. Belə ki, həmin maddələrin çürüməsi üçün təxminən 100 il vaxt lazım olur. Halbuki hər il yüz tonlarla bu cür qablardan istifadə , sonradan zibil qablarına atılır.
Reklam demişkən, bu məsələyə toxunmağımızın səbəbi metroda vaqonların pəncərəsinə vurulan reklam lövhəsidir. Böyük hərflərlə “Plastik paketlərdən imtina edək!” yazılan həmin reklam marağımızı cəlb etdi. Əslində ideya olaraq çox yaxşıdır. Və qərara gəldik ki, bu reklamın, ideyanın sahibi olan şirkətlə əlaqə saxlayıb onların da mövqeyini öyrənək. Təəssüf ki, alınmadı. Amma məsələni ekoloqlarla müzakirə edib, plastik paketlərin və qabların insan sağlamlığına və ətraf mühitə nə kimi ziyanları olduğunu, bu paketlərə alternativ kimi nələrdən istifadə etməyin daha məqsədəuyğun olduğunu öyrənməyə çalışdıq.
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, professor Rauf Sultanov deyir ki, ərzaq məhsullarının qablaşdırılmasında, daşınmasında, qorunub saxlanılması proseslərində plastik paketlərdən geniş istifadə olunur: “Bu paketlərin özləri kimyəvi tərkibə malikdir. Ərzaq məhsulları ilə bir yerdə saxlandıqda müəyyən kimyəvi reaksiyalar baş verir. Bunun nəticəsində ərzaqda orqanizmə zərərli olan bəzi konsragen maddələr toplanır ki, bu da insan sağlamlığına böyük təsir göstərir. Ona görə də inkişaf etmiş kapitalist ölkələrində belə ziyanlı paketlərdən istifadə edilməsinə qarşı qanunvericiliyə əsasən mübarizə aparırlar. Təəssüflər olsun ki, Azərbaycanda bu istiqamətdə – Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi və bir çox icraedici orqanlar səviyyəsində tədbirlər görülmür. Bunun nəticəsində də bu plastik paketlər artıq insanların evlərinə gəlib çıxır. Qarşısını almaq üçün müəyyən maarifləndirici tədbirlər aparılmalıdır. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, media orqanları vasitəsilə buna qarşı mübarizə işləri görməlidirlər. Digər tərəfdən, bu məhsullar torpağa qarışanda haradasa 50-60 il torpaqda qalır. Yəni çürümür, öz vəziyyətini dəyişmir və əlbəttə ki, bu da litosferə mənfi təsirini göstərir. Ona görə, bu proseslərə nəzarət etmək üçün, müəyyən ərzaq məhsullarının qablaşdırılması, saxlanılması haqqında qanunlar qəbul edilməlidir Azərbaycan Respublikasının Patent və Standartlaşdırma Komitəsi var idi, hazırda Qida Təhlükəsizliyi Komitəsi ilə birləşdirilib. Həmin qurumda qablaşdırma ilə əlaqədar müəyyən standartlar qəbul edilməlidir ki, plastik paketlərdən istifadə edilməsin. Düşünürəm ki, bu istiqamətdə müəyyən işlər görülsə, nəticə əldə etmək olar.
Müsahibimizdən plastik paketlərə alternativ kimi nədən istifadə etmək lazım olduğunu da soruşduq: “Mənim yadıma gəlir ki, 20-30 il bundan əvvəl müəyyən torbalar, zənbillər var idi. Hansı ki, hamı ondan istifadə edirdi. Bundan başqa, kağız torbalardan da istifadə edilməsi məqsədəuyğundur. Yəni elə qablaşdırma olmalıdır ki, onlar ərzaq məhsullarının qorunub saxlanmasına mənfi təsir göstərməsin. Elm və texnika inkişaf edir, kapitalist ölkələrini nümunə götürərək müəyyən şüşə qablardan da yararlanmaq lazımdır. Bunlar qidanın keyfiyyətinə pis təsir etmir. Hətta deyərdim ki, ağacdan da hazırlanan torbalardan istifadə mümkündür”.
Ekoloq Telman Zeynalov plastik paketlərin həm ətraf mühitə, həm də insan sağlamlığına zərərli olduğunu deyir: “Plastik məhsulların çürümə qabiliyyəti yoxdur deyə, onlar torpağın üst qatının aşınmasına, litosferin zədələnməsinə səbəb olur. Ona görə də, hazırda demək olar ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində plastik paketlərdən imtina edilib. Əslində həmin paketlərin yenidən emala getməsi belə düzgün deyil. Məncə, bu işə tamamilə dövlət səviyyəsində qadağa qoymaq lazımdır. Bu işlə məşğul olan şirkətləri cərimələmək lazımdır. Onlar bu paketlərin insan sağlamlığına zərərli olduğunu bilə-bilə bu məhsullara bazara buraxırlar. Biz-ekoloqlar yeni ekologiya naziri ilə də bu barədə danışmışıq. O da bu məsələdən narahat olduğunu, bu işdə ona dəstək olmağımız istədiyini bildirdi”.
Günel Azadə