menzil

Yeni binalardan mənzil alanların DİQQƏTİNƏ: MTK-lara aldanmamaq üçün nə etməliyik?

Baxış sayı: 1. 696

Paytaxtın müxtəlif istiqamətlərində yeni tikilən yaşayış binalarında kommunal xərclərin baha olması insanların haqlı marazılığına səbəb olur. Vəziyyət o yerə çatıb ki, yeni tikilən hündürmərtəbəli binalarda yaşayan sakinlər hər ay əlavə 30-60 manat pul ödəməli olduqlarını deyirlər. Paytaxtın müxtəlif yerlərində tikilən bir neçə fərqli yaşayış komplekslərinə baş çəkib, vəziyyətin nə yerdə olduğu ilə maraqlandıq.

“Binanın divarlarını biz boyayırıq”

Sakinlərin məsələyə münasibəti fərqlidir.

Hicran: “Binada istilik sistemi, yaşayış üçün təmin edilən bütün şərait normaldır. Normal yaşamaq üçün bu qədər xərc çəkib, ev almışıq də. Amma binanın çöl divarlarını da biz öz cibimizdən pul qoyub rəngləyirik. Hər ay kommunal xərclərdən əlavə 40 manat binanın komendantlığına veririk”.

Sakinlərdən bəziləri dedilər ki, MTK-ların həmin toplanan vəsaiti hansı istiqamətdə xərclədiklərini bilmirlər. Bu mənada bilmirlər ki, binanın təmizliyi, lifti, təhlükəsizlik sistemi üçün yığılan ödənişlərin nəticələrini görmürlər.

Digər binlardan birinin sakini – Yaşar Məmmədov deyir ki, binanın təmizliyi onları qane etmir:

“Ayda 30 manat əlavə pul ödəyirəm. Binanın abadlığı deyirlər, təmizliyi deyirlər, amma heç bir təmizlik görmürəm. Bloklar natəmiz vəziyyətdədir. Zibillər həyətdə iylənənə qədər qalır. Dilə gəlib deməsək, nəzarət edən yoxdur. Havayı yerə pul ödəyirik”.

 

“Lift pulu verib, liftdə qalırıq”

Nərimanov rayonu ərazisində yerləşən yeni tikili binalardan birinin 13-cü mərtəbəsində yaşayan Sevda xanım deyir ki, onun üçün hər şeydən önəmli lift sisteminin normal işləməsidir:

“Binada artıq 1 ildən çoxdur normal yaşayış var. Amma hələ də lift sistemi normal işləmir. Mən 13-cü mərtəbədə yaşayıram. Evimə pilləkənlə çıxa bilmərəm. Hər ay kommunal xidmətlərdən əlavə, 32 manat binanın komendantına pul ödəyirik. Bura binanın təmizliyi, zibillərin vaxtlı-vaxtında atılması, liftlərin baxımı daxil olsa da, bəzən liftin işləməməsi adamı məyus edir. Hətta liftdə qaldığımız vaxtlar da olub”.

Bu gün bu istiqamətdə vahid tarifin olmaması da kəskin fərqlərin yaranmasına gətirib çıxarır. Paytaxtın müxtəlif ərazilərindəki yaşayış kompelekslərində xidmət haqqı adı ilə fərqli məbləğdə ödənişlər alınır. MTK tipli bəzi binaların komendantlığında toplanan vəsaitin hara xərcləndiyi ilə bağlı qeydlər aparılırsa da, əksəriyyətində bu istiqamətdə məlumatlar paylaşılmır.

Məsələnin hüquqi tərəfdən hansı yollarla tənzimlənməsinin lazım olduğunu öyrənmək üçün Milli Məclisin deputatı Aydın Hüseynovla əlaqə saxladıq. Millət vəkili bildirdi ki, bu sahə ilə bağlı problemlərin həll olunması üçün vahid tarif sisteminin yaradılması vacibdir:

“Yeni tikilən binalarda mərkəzləşdirilmiş istilik sistemləri, blokların işıqlandırılması, məişət tullantılarının daşınması, lift sistemləri və s. Bütün bunlar fərqli keyfiyyət dərəcəsində təqdim edilir. Binaların tikintisi, sakinlərə təklif edilən xidmətlərin keyfiyyət dərəcəsi eyni olmadığı kimi, kəmiyyətdə də bir sıra fərqlər gözə çarpa bilir.. Təbii ki, qiymət yüksəkdirsə, keyfiyyət də ona uyğun olmalıdır. Amma bütün bunlarla yanaşı, qanunla orta bir həd təyin edilməlidir ki, dediyimiz qiymət fərqi kəskin surətdə seçilməsin. Hər bir görülən işin maya dəyəri, çəkilən xərclər var. Bu səbəbdən bina sakinlərinin tam hüququ çatır ki, hansı xidmətlərin müqabilində MTK-ya pul ödədiklərini tələb etsinlər. Xərclərin müəyyənləşdirilməsində bina sakinlərinin iştirakı məqbul sayılır”.

Ekspert Ramil Osmanov isə bildirdi ki, MTK-lar inşa etdikləri binaları ən geci 1 ay müddətində sahə mülkiyyətçilərinə təhvil verib, idarəetmədən uzaqlaşmalıdırlar:

“Nazirlər Kabinetinin bu istiqamətdə vəsaitlərin toplanması üçün tərtib etdiyi normalar var. Xərclərin hesablanması üçün müəyyən meyarlar, biznes planlar tutulmalıdır. Tikilən binanın saxlanılması üçün tam real xərclər əsasında hesablama aparılmalıdır. Tutaq ki, 100 yaşayış sahəsi və 10 qeyri-yaşayış sahəsi var. Həmin sahələrdə göstərilən xidmətlər və bu xidmətlərə çəkilən xərclər var. Təbii ki, bu xərclər arasında fərqlər də var. Ümumilikdə bütün hesablanan xərclər bir fondda yığılmalıdır. Yeni tikilən binaların bu vəsaitlərin toplanması üçün fondu olmalıdı və bu fonda yığılan vəsaitlər cari işlər və binanın abadlaşdırılmasına xərclənməlidir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, Mənzil-Tikinti Kooperativləri 1 ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Yəni, binanın idarəsini mülkiyyətçilərə təhvil verib, çıxmağa borcludur”.

Ekspert onu da əlavə edib ki, bina sakinləri MTK-ın fəaliyyətindən narazıdırlarsa, həmfikir olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasını tələb edə bilərlər:

“Bilirsiz, bəzən insanlar öz hüquqlarını bilmədikləri üçün də bu cür problemlərlə rastlaşa bilirlər. Bina sakinləri birlikdə ortaq qərar alaraq, bu barədə protokolun tərtib edilməsi üçün müraciət etməlidirlər. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması ilə bağlı protokol tərtib olunduqdan sonra mülkiyyətçilər arasından bir nəfər sədr seçilir. Daha sonra həmin şəxs bütün bina sakinlərinin adından müvafiq mülkiyyət sənədləri ilə birlikdə (mülkiyyət sənədləri, maliyyə arayışları, mənzilin bölgüsünə dair çıxarışlar və.s) protokolu Ədliyyə Nazirliyinə təqdim edilir. Ədliyyə Nazirliyinin müvafiq şöbəsində bu sənədlər yoxlanılır və həmin çoxmənzilli idarə qurumunun qeydiyyata alınıb-alınmaması məsələsinə baxılır. Qurum qeydiyyata alınarsa, o həmin gündən etibarən öz fəaliyyətinə başlamış olur. Bu da yığılan vəsaitin kənar məqsədlərə xərclənməsinin qarşısını alır. Bu sakinlərin hüquqlarına daxildir”.

Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, MTK-nın idarəetmə səlahiyyətləri “Mənzil Məcəlləsi”ndə müvafiq bölmə ilə tənzimlənir:

“Mənzil-Tikinti Kooperativləri haqqında bölmədə qeyd olunub ki, bina tikilib qurtardıqdan sonra müvafiq dövlət qəbul komissiyasına təhvil verilərək aktlaşdırılır. Daha sonra bu akt əsasında mənzil sahibləri özlərinə çıxarış alaraq, mülkiyyət hüquqnu tanıdırlar”.

MTK-ların bəzən vəziyyətdən sui-istifadə etdiyini deyən ekspert öz maraqlarına xidmət edən şəxslərə qarşı vətəndaşların mövcud hüquqlarından da danışdı:

“Bəzən MTK-lar idarəetmədən öz maraqlarına görə istifadə etməyə çalışırlar. Bu kimi hallar bina sakinlərini narahat edir. Amma onu da deyim ki, idarəetməyə kimin rəhbərlik etməsi mülkiyyətçilərin səs çoxluğu ilə qəbul etdiyi qərardan asılıdır. Əgər sui-istifadə halları sezilirsə, yığıncaq təşkil edib, bunu rəsmi protokollaşdırmalıdırlar. Əgər protokoldan kənara çıxmalar aşkarlanarsa, məhkəməyə müraciət edərək, həmin şəxsin cəzalandırılmasını tələb etmə hüquqları var. Çünki, idarəetmənin kimə tapşırılmasına bina sakinləri qərar verir. İclasda qərar verilir ki, binanın idarəetməsini MTK davam etdirsin, yoxsa yox? İdarəetmə bələdiyyyə, qurum və ya hər hansı MMC-yə də təhvil verilə bilər. Elə də ola bilir ki, iclasda bir nəfər seçilir və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılır. Bundan sonra hər 1 kv.metrə görə binanın illik xərc smetası təyin edilir və adam başına bölünür. Həmin vəsaitlərdə ay ərzində toplanaraq, binanın istismar xərcləri qarşılanır”.

Ekspertlərin rəylərindən göründüyü kimi, bu sahədə müəyyən çaşqınlıqlar olsa da, qanuni tənzimləmə yolları da mövcuddr. Ancaq bütün bunlarla yanaşı, normativlərin və qiymətlərin konkretləşdirilməsinə də ehtiyac var.

Millət vəkili Aydın Hüseynov da bildirdi ki, tez bir zamanda Nazirlər Kabineti tərəfindən hər 1 kv.m üçün konkret normativlər təyin edilməlidir:

“Bu gün mövcud olan vahid tarif Mənzil Kommunal Təsərrüfat Birliklərinin balansındakı binalara aiddir. Bu binalarla müxtəlif şirkətlər tərəfindən tikilən elit binalar arasında fərq var. Bu fərq mütləq şəkildə olacaq. Hələ ki təzə binalar üçün konkret normativ yoxdur. Yaxın gələcəkdə bu istiqamətdə normativlərin işlənməsi gözlənilir. Bu normativlər konkret meyarlar əsasında tərtib olunana qədər isə dediyim kimi, bina sakinləri özləri toplanan vəsaitlərin hansı istiqamətdə xərcləndiyinə nəzarət edə bilər. Yeni tikilən yaşayış binalarının sayının artması bu kimi problemlərin də artmasına səbəb olub. Sözsüz ki, bu məsələ ilə bağlı ölkənin qanunvericilik bazasında müəyyən dəyişikliklər ediləcək. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qurumları məsələ ilə bağlı hüquqi aktlar, normativlər tərtib etməyə başlayacaq”. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir