Sizin CV-niz diqqət cəlb etsə, sizi müsahibəyə dəvət edəcəklər. Sizinlə bərabər bir neçə adam da müsahibəyə gələcək. Bu adamlar içindən seçilməyinizi istəyirsinizsə, bu yazıda yazılanlara mütləq əməl edin.
“Gencaile.az” iş müsahibələri zamanı diqqət edilməli şeyləri təqdim edir:
Düzgün geyinin
Dəblə geyinmək, diqqət çəkməyə çalışmağa ehtiyac yoxdur. Ağ köynək, qara kostyum hər zaman ən yaxşı çıxış yoludur.
Qol saatı taxın
Qol saatı insanı nizam-intizamlı insan kimi xarakterizə edir. Saatın geyimlə tutmasına fikir verin.
Gözlərinə baxın və yerə baxmayın
Müsahibənin 60-70 faizi qarşınızdakının gözlərinə baxmaqla keçməlidir. Yerdə qalan vaxtda isə hara baxırsınızsa, baxın amma yerə baxmayın.
Gülümsəyin
Hırıldamağa ehtiyac yoxdur, aradabir gülümsəyin, pozitiv olun.
Dik dayanın
Beli bükmək özünə güvənməyən insanlara xasdır.
Rahat hərəkət edin
Özünüzü elə aparın ki, sanki bu ofisdə artıq çoxdandır işləyirsiniz. Amma ayağınızı qaldırıb masanın üstünə də qoymayın.
Aramla və astadan danışın
Stressli olduğumuza görə səsimizi qaldıra, yaxud çox sürətlə danışa bilərik. Rahat danışmaq lazımdır. “aaaa”, “ıııı” kimi səsləri də çox çıxarmayın.
Qabağınızdakını təqlid edin
Onun içdiyi içkidən siz də için, işlətdiyi sözləri cümlədə siz də işlədin. Bu yolla ona yaxınlıq göstərmiş olacaqsınız.
CV-nizi oxumayın
Özünüz haqda danışanda CV-nizdə yazılan kimi maddə-maddə deyil, normal cümlələr quraraq danışın.
Uğur hekayənizi danışın
Qazandığınız bir mükafatı, yaxud önəmli uğurunuzu bir hekayə kimi danışın.