ders

Övladım dərs oxumur, nə etməliyəm?

Baxış sayı: 1. 409

Məktəb yaşında uşaqları olan bir çox valideyn övladlarında oxumağa həvəsin olmamasından şikayətlənirlər. Bəzilərində bu həvəs birinci dərsi ilində itir, bəzilərində isə müxtəlif səbəblərdən ümumiyyətlə, olmur. Dərsə marağın olmaması problemi hər zaman aktualdır.

Bəs valideynlər nə etməli, uşaqları oxumaqa necə həvəsləndirməlidir? Övladımızın nizamlı və planlı şəkildə dərs oxumasına kömək etmək üçün valideyn kimi nələr etməliyik?

“Gencaile.az” mütəxəssislərin tövsiyələrini təqdim edir:

 

1.Övladımızı müşahidə etmək və tanımaq:

Valideyn kimi övladımızı ən yaxşı biz müşahidə edə bilərik. Övladımızın bacarığına, qabiliyyətinə bələd olmalı, onun maraqlarını bilməliyik. Yalnız bu şəkildə övladımızın öyrənmə yollarını, maraq dairəsini və məhsuldar olduğu saatları müəyyənləşdirə bilərik.

Hər bir uşağın fərqli öyrənmə yolları vardır. Bəzi uşaqlar dərslərini vizual yolla, bəziləri isə dinləmək və ya verbal vasitə ilə daha yaxşı qavrayırlar. Məsələn, vizual yolla öyrənməyə meylli olan uşaqların rəngli qələmlər, diqqətçəkən görüntülər və şəkillər vasitəsi ilə oxuma bacarığını artıra bilərik.

 

2. Yaxşı örnək olmaq:

Uşaqlar hər şeyi bizdən öyrənir. Buna planlı və məsuliyyətli olmaq da daxildir. Öyrənmək doğruları demək deyil, doğrulara əməl etməkdir. Uşaqlar bizim hər bir davranışımızı müşahidə edib təlqin edirlər. Unutmayaq ki, öyrənmək ömür boyu davam edən bir prosesdir. Valideyn kimi bu yaşda da hələ nələri isə öyrəndiyinizi, hansısa biliklərə yiyələnmək üçün cəhd etdiyinizi övladınıza hiss etdirisinizmi? Məsələn, axşamlar televizora baxmaq üçün ayırdığınız vaxt qədər oxumağa da vaxt ayırırsınızmı? Övladınız sizi kitab oxuyarkən heç görürmü?

Valideynləri davamlı və nizamlı şəkildə kitab oxuyan uşaqlar daha həvəslə və planlı şəkildə öz dərslərinə vaxt ayırdıqları aparılan araşdırmalarda bəlli olub. Axşamlar asudə vaxtlarını televizor qarşısında, həftə sonları heç bir proqram qurmadan maraqsız vaxt keçirən ailələrdə uşaqların dərsə maraq səviyyəsi aşağı olduğu açıq şəkildə özünü büruzə verir. Ailəsi bu cür həyat yaşayan uşaqdan uğurlu təhsil, davamlı elmi məşğuliyyət tələb etmək əlbəttə ki, haqsızlıq olar.

 

3.Səliqəli şərait:

Övladınızın dərs oxuduğu yerdə heç bir diqqət yayındıran vasitə olmamalıdır. Məsələn, səs, televizor və s.

Bəzən valideynlərin televizora baxdığı yerdə uşaqların da dərs oxuduğuna şahid oluruq. Bu son dərəcə səhv addımdır. Uşaq dərs oxuduğu otaq olduqca sakit, rahat (amma həddindən artıq, yuxulayacağı qədər deyil), havalandırılmış və ən əsası yaxşı işıqlandırılmış olmalıdır.

İstifadə etdiyi masa yalnız dərs üçün olmalıdır. Dərsdən kənar heç bir fəaliyyət eyni masada yerinə yetirilməməlidir. Hər gün eyni yerdə dərs oxuması uşağın diqqətinin kəskinləşməsinə səbəb olur. Yataraq, uzanaraq dərs oxumaq övladınızın diqqətinin yayınmasına təsir göstərəcək.

 

4. Motivasiya etmək:

Övladınızın həvəslə və istəyərək dərs oxumasını istəyirsiniz?

a) Uşaqlarımızın mənfi deyil, müsbət tərəflərinə fikir verək: Valideyn kimi övladımızın əksər hallarda mənfi tərəflərini qabardaraq daima diqqətimizi o istiqamətə yönəldirik. Ancaq bu cür mənfi davranışla övladımızın məqsədi diqqət çəkməkdirsə, bu halda o öz məqsədinə nail olur və fərqində olmadan biz onların mənfi davranışlarının davamlılığına zəmin yaradırıq.

Valideynlər gün ərzində uşaqların müsbət davranışlarını tapmalı və bunların siyahısını tutmalıdır. Bu cür müsbət davranışları tez-tez övladınıza deyərək onları tərifləyin. Beləliklə uşaqlar təqdir gördükləri davranışları daha tez-tez etməyə çalışacaqlar.

b) Mükafatlandırma: Övladınızı motivasiya etmək üçün kiçik hədiyyələr mütləq köməyinizə gələcək. Ancaq bu mükafat mütləq müsbət davranışdan əvvəl deyil, sonra verilməlidir. Yəni dərs oxumamışdan öncə deyil, dərslərini hazırlayıb bitirdikdən sonra kiçik hədiyyə ilə uşağınızı sevindirə bilərsiniz. Eyni zamanda, mükafatı getdikcə azaltmalı və öyrənmə vərdişi formalaşandan sonra ən aşağı səviyyəyə salınmalıdır.

c) Uğurun həzzini yaşamağa fürsət verin: Uşağınızın nə isə istəməyi üçün əvvəlcə onun dadını bilməlidir. Övladınıza ilk olaraq çox az tapşırıq verin. Həmin tapşırığı bitirdikdən sonra onu sözlə mükafatlandırın. Uşaq bu cür tərifdən həzz alacaq və bu həzzi yenidən yaşamaq istəyəcək.

d) Dərs oxumağı əyləncəli hala çevirin: Xüsusi ilə azyaşlı uşaqların dərs oxuma fəaliyyətini əyləncəli hala çevirmək daha məqsədəuyğundur. Rəngli, bəzəkli qələmlər, diqqətçəkən kağızlar, maraqlı dərs ləvazimatları uşağınızın daha həvəslə dərs oxumağına kömək edəcək.

 

6. Dərs oxuma proqramı hazırlamaq:

Günlük plan hazırlamaq və bu plana uyğun hərəkət etmək ilk vaxtlar çox sıxıcı və gərəksiz kimi görülə bilər. Ancaq zaman keçdikcə planlı oxuma vərdiş halına çevriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir