Hazırda Macarıstanda təhsil alır. Növbəti ölkə olaraq isə Almaniyanı seçib. Oxumağı, təhsil almağı çox sevir. Düşünür ki, həyatda məqsədli və qətiyyətli şəkildə addımlamaq lazımdır. Müsahibim Şöhrət Nağıyevadır. İlk olaraq Şöhrəti qısaca tanıyaq. 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsindən məzun olduqdan sonra Bakı Slavyan Universitetində Publisistik jurnalistika ixtisası üzrə magistr təhsili alıb. Bu vaxt ərzində nəşriyyat və tərcümə mərkəzində işləyib, daha sonra uşaqlarla bağlı bir sıra sosial layihələrdə fəaliyyət göstərib. Yeni insanlarla, müxtəlif mədəniyyətlərlə tanış olmağı çox sevir. Düşünür ki, bu, insanın inkişafı üçün lazım olan amillərdəndir.
– Sizcə, təhsilin insan, xüsusilə də bir xanımın həyatında önəmi nə qədərdir?
– Təhsili, sadəcə ”universitetə getmək” məfhumu ilə daraltmaq olmaz. Elmi, yaxud qeyri-elmi sahə fərq etməz – insan öz bacarığını müəyyənləşdirib o istiqamətə getməlidir. Təhsil bir insanın, xüsusilə də xanımın həyatında zəncirvarı rol oynayır. Bunu sxem şəklində belə izah edə bilərəm: təhsil → iş → pul → azadlıq. Yəni təhsil ən azı öz həyatına istiqamət verə bilmək imkanı deməkdir. Və məncə, “ən az”a nail olmaq elə ən çoxa çatmaqdır.
– Necə oldu, xaricdə təhsil almaq qərarına gəldiniz?
– Məzun olduqdan sonrakı müşahidələrim məni xaricdə təhsil almağa istiqamətləndirdi deyə bilərəm. İş axtararkən 3 tip məzunlarla rəqabətdə olursan. Müəyyən imkanlar hesabına işə düzələnlər, xaricdə təhsil alıb qayıdanlar və mənim kimi burada məzun olanlar. İkinci və üçüncü qrupla sağlam rəqabət apara bilmək üçün özümü daha da təkmilləşdirmək istəyirdim. Xarici dil baxımından özümü inkişaf etdirmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq məni xaricdə təhsilə daha da motivasiya etdi.
– Xaricdə təhsil şansını necə qazandınız?
– Xaricdə təhsillə bağlı qərara gəldikdən sonra təhsil portallarını oxuyub, araşdırdım. Bunun mənə çox böyük köməyi oldu. Prosedurlar və qaydaları bildikdən sonra universitetlərə və təqaüd proqramlarına müraciət etməyə başladım. Hazırda Macarıstanda İASK təqaüdü ilə təhsil alıram. Təqaüd həm təhsil haqqını qarşılayır, həm də aylıq xərclərimi təmin edir.
– Bəs nə üçün Macarıstan?
– Ətrafımdakı tanışlarımın vasitəsilə artıq Macarıstanda təhsillə bağlı müəyyən informasiyaya malik idim, təhsil səviyyəsi də həmçinin məni qane edirdi. Tam təqaüd qazanmağım da seçimimdə böyük rol oynadı.
– Xaricdə təhsil almaq mütləqdir?
– Düşünmürəm ki, xaricdə təhsil mütləqdir. Azərbaycanda da istədiyiniz nəticəni əldə edə bilərsiniz. Bunun üçün sırf universitetin verdiyi təhsillə kifayətlənməyib, öz üzərində çalışmaq lazımdır. Gərək insan özü özünə təhsil verə bilsin. Amma ailədən uzaq yaşamaq, həyatda müəyyən çətinliklərlə üzləşmək və onlardan təkbaşına çıxış yolu tapmaq təcrübəsi qazanmaq üçün xaricdə təhsil yaxşıdır.
– Bir xanım olaraq xaricdə təhsil almaq, qürbətdə yaşamaq çətin deyil ki?
– Ümumilikdə, həlli mümkün olmayan hələ ki heç bir problemlə qarşılaşmamışam. Amma sağlamlıqla bağlı bir problem yarandıqda, müəyyən çətinliklər yaşanır. Ən sadə nümunə: qrip olarkən zoğal mürəbbəsi tapmırsan (gülür). Ən mürəkkəb vəziyyət isə budur ki, xəstəxanada ingilis dilində danışan həkim və ya işçi tapmaya bilərsən. Yerli dili elə də yaxşı bilmədiyim üçün bəzən bu kimi situasiyalarda problem yaşayıram.
– Ailənizin xaricdə təhsilə münasibəti necədir? Yəni xanımsınız deyə sizə mane olmağa çalışdılar, yoxsa əvvəldən sizə dəstək oldular?
– Açığı, ailəmin bu mövzuya münasibəti birmənalı deyildi. Tərəddüdlərinin olduğunu bilirdim. Buna görə də bütün proseslərdən keçib, qəbul olduqdan sonra valideynlərimlə nəticəni bölüşdüm. Onlar da sağ olsunlar, “gedəni saxlamazlar, alınırsa get, oxu” dedilər və dəstək oldular.
– İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?
– Azərbaycanda təhsil alarkən bir şeyi öyrənməkdən daha çox, müəllimi, fənni, semestri yola verməyi düşünürsən. Buna səbəb isə hələ universitet təhsilinin nə olduğunu, niyə təhsil aldığımızı, nə etmək istədiyimizi bilmədən sadəcə sanki küyə qoşulub qəfildən özümüzü universitetin sinif otağında tapmağımız olur. Burada isə məqsəd öyrənmək olur, kimisə, nəyisə yola vermək yox.
– Xərclərinizi necə qarşılayırsınız, harada qalırsınız?
– Mən aylıq təqaüd alıram, bu, xərclərimi ödəməyə kifayət edir. Qalmaq məsələsinə gəlincə isə, universitetin yataqxanasında qalıram. Həm daha maraqlı olur, çünki bütün tələbələr burdadır. Beləcə, xarici tələbələrlə daha çox ünsiyyət qurmaq şansı əldə edirəm. Digər tərəfdən, büdcə baxımından da yataqxanada qalmaq daha sərfəlidir.
– Oranın mətbəxi necədir? Yeməklərinə alışa bilirsiniz?
– Buranın mətbəxi çox fərqlidir deməzdim və daha çox ərzaqları alıb öz mətbəximizə aid nə isə hazırlayıram. Amma onu da deyim ki, buranın meyvə-tərəvəzi dadsız olur.
– İlk getdiyiniz dönəmlər hansı çətinliklərlə üzləşdiniz?
– Ciddi, yadımda qalacaq bir çətinliyim olmadı. Lakin dil məsələsində problem yaşayırdım. Çünki Macarıstanda ikinci əsas dil demək olar, alman dilidir. Budapeşt kimi böyük şəhərlərdə ingilis dili bilən kifayət qədər olsa da, digər yerlərdə dil məsələsi problem yaradırdı. Amma adaptasiya problemim olmadı. Bu, yəqin ki, yataqxana mühitinin verdiyi üstünlükdür.
– Ən çox nə üçün darıxırsınız?
– Ailəmi, dostlarımı çıxmaq şərti ilə xüsusi darıxdığım bir şey olmayıb. Sadəcə gələndən sonra Bakının küləyinin qədrini bilmişəm (gülür). Bakı necə küləkli şəhər imiş, burada anladım. Yaşadığım şəhər elə də küləkli deyil. Arada külək əsəndə Bakı yadıma düşür.
– Bizə Macarıstan ilə bağlı yadınızda qalan xatirəni danışa bilərsiniz?
– Bir gün dərsdən çıxdıqdan sonra yataqxanada qalan tələbələrlə başqa bir şəhərə gedib, 1 gecə qalıb qayıtmağı düşünürdük. Qalmağa yer bron etməmişdik. Düşündük ki, hər nə olsa, bir yer tapıb qalarıq. Həm də dedik ki, avtobusda internet olar, onun vasitəsilə onlayn işimizi görərik. Amma təəssüf ki, qatarda internet olmadı və biz də bron edə bilmədik. Bizsə deyib-gülürük. Əhvalımız pozulmayıb. Şəhərə çatdıq və ilk olaraq qalmağa yer axtardıq. Hara zəng etsək, hansı hostelə getsək də, boş yer tapa bilmədik. Saat gec olduğundan geri də qayıda bilməzdik. Çöl isə çox soyuq və dumanlı idi. Artıq baş verənlərlə barışıb 24 saat işləyən kafe, restoran axtarmağa başladıq. Beləcə, gecə saat 4-ə kimi bütün restoranları gəzdik. Biri bağlananda, o birinə keçirdik. Qatar stansiyası saat 5-də açılırdı. Səhərə yaxın dayanacağa tərəf yola düşdük. Yaxınlıqda ATM gördük. Fikirləşdik ki, bir müddət orada qalaq. 10-15 dəqiqə sonra 4 polis maşını gəldi. İlk ağlıma gələn heç bir sənədimin üzərimdə olmamağı idi. Çox güman ki, bizim orada uzun müddət qaldığımızı görən biri bankı soyacağımızı düşünərək polisə xəbər etmişdi (gülür). Yaxınlaşan polislərə vəziyyəti izah etdikdə, onlar da gülməyə başladılar. Nəhayət, bütün problemləri həll edib, öz şəhərimizə qayıtdıq. O hadisədən sonra həmin yer ağlımızda lənətli şəhər kimi qaldı. “Bir şəhərdən digərinə gedərkən nə kimi problem yaşana bilər ki” sualına əhəmiyyət verməyən bizlər artıq cavabımızı almışdıq.
– Gələcəklə bağlı planlarınız nədir?
– Əlbəttə, uzaq gələcəklə bağlı bəzi planlarım var. Amma onlar bir-birindən asılıdır. Biri alınmalıdır ki, digərinə təkan versin, amma yaxın gələcəklə bağlı deyə bilərəm ki, növbəti semestr təhsilimə Almaniyada davam edəcəyəm.
– Gənclərə məsləhətin nədir?
– Gənc olsunlar! Uğur qazanmaq, özlərini inkişaf etdirmək üçün nələrsə etsinlər. Bir yerdə dayanmaqla heç nə əldə etmək olmaz. Məqsədlərində qətiyyətli olub, bu yolda inamla irəliləsinlər.
Günel Azadə