Oruc tutanlar bunlara mütləq diqqət etməlidirlər

Baxış sayı: 1. 555
Dietoloq Leyla Zülfüqarova APA TV-yə bildirib ki, bu ayda ən vacib şərtlərdən biri nəfsimizə qalib gəlmək , qidalanmaya düzgün əməl etmək və xüsusi ilə də imsaq vaxtını qaçırmamaq lazımdır:
“Mütləq imsaq qidası qəbul edilmədir. Çox insanlar bəzən imsaq vaxtında durmurlar, bunu ötürməklə kifayətlənirlər, çünki çox erkən olur. Saat 3-4 arasında olduğu üçün çoxu bunu yatmağa üstünlük verir. Ən ciddi səhv də burdadır. İmsaq vaxtı ən vacib olan qida qrupları seçilməlidir ki, gün ərzində bizi enerji ilə təmin edən məhz həmin qidalardır”. 

Dietoloq deyir ki, imsaq vaxtı düzgün qida qəbul olunmalı, eyni zamanda sutkalıq tələbata uyğun olaraq çoxlu miqdarda maye qəbul edilməlidir. Bəs imsaq vaxtı hansı qidaları qəbul etməliyik?
“Mayeni 4-5 bardaq həcmində mütləq adi su şəklində almalıyıq. Biz qlükozaya olan ehtiyacımızı təmiz, təzə meyvələrdən almalıyıq. Bu hansısa giləmeyvələr ola bilər və yaxud da mövsümə görə, hazırda mövcud olan meyvələr qrupundan hərəsindən 3-4 ədəd götürülə bilər. Keçdik orqanizmə daha çox vacib olan süd məhsullarından olan qidalara. Bunlara mütləq kəsmiklər, pendirlər aiddir. Çünki pendir qida olaraq bizə vacibdir eyni zamanda suya olan ehtiyacımızı bizə susuz saxlaya bilir”. 

Bundan əlavə çovdar unundan və yaxud da tam buğda unundan ibarət bir iki dilim çörək də yemək vacibdir. Əlavə olaraq yumurtadan ibarət bir neçə çeşiddə omletlər hazırlanıb qəbul oluna bilər:
“Bəzən imsaq vaxtı bir sıra insanlar var ki, onlar qazan yeməklərinə üstünlük verirlər. Ət yeməklərinə gəlincə biz əgər iftar vaxtı həmin qazan yeməklərinin çeşidini və miqdarını artırmayacayıqsa imsaq vaxtı yeyilməsi də normaldır. Toyuq əti ola bilər, mal ətindən ibarət hansısa qazan yeməklərini hazırlayıb yemək olar”.
Bəs iftar vaxtı nələrə diqqət etməli və hansı qidaları qəbul etməliyik?
“İftar vaxtı isə dediyim kimi 3 dəfə ara verməklə yatana qədər az-az yeyə bilərik. İftarı saat 9 da açırıqsa 12-yə kimi yeyə bilərik. Sadəcə birinci su içilib, şorbalara üstünlük verilməlidir. Bir saat ərzində yanında müxtəlif salat növləri olmaqla bura ev şəraitində hazırlanmış ətlər qazan yeməkləri daxil ola bilər. Bir qab çiy səbzələrdən ibarət salat növü və bu qida bitəndən sonra bir saat sonra isə şirniyyat ilə çay süfrəmizi bitirə bilərik. Bu edilərsə düzgün nəticələrlə oruclarnı başa vura bilərlər”. 

Dietoloq deyir ki , bunlara riayət etsək səhhətimizdə yarana biləcək problemləri aradan qaldıra bilərik. Bəs hansı insanlar oruc tutmamalıdır? Xəstə adamlar oruc tutarsa hansı fəsadlar yarana bilər? Həkim Nuranə Məhərrəmova isə deyir ki, baxmayaraq ki, ramazan ayının ilk gününü yaşayırıq elə ilk gündən başlayaraq müəyyən xəstəliklərlə müraciət edənlərin sayı artıb. Daha çox isə həzm sistemi ilə bağlı olan xəstələr müraciət edirlər:
“Burada ən çox həzm sistemi orqanının xəstəliklərini görürük. Təbi ki, həzm sistemi orqanı xəstəliklərindən daha çox mədə xorası xəstəliyidir. Bundan başqa şəkərli diabeti olan xəstələr var. Ürək xəstəlikləri ilə bağlı olaraq təbii ki, bunlar mütəmadi olaraq vaxtlı-vaxtında dərmanlarını qəbul etməlidir. O xəstələrə də oruc tutmaq tövsiyə edilmir. Çünki bəzi xəstələr var ki, onların mədə-bağırsaq sistemləri sağlam olsa da digər xəstəlikləri var. Şəkərli diabeti götürək. Şəkərli diabeti olan xəstələrə uzun müddət ac qalmaq olmaz. Eyni zamanda ürək xəstəliyindən əziyyət çəkən, təzyiqi olan xəstələr var ki, mütəmadi olaraq dərmanlarını qəbul etməsə xəstəliklərinin daha da kəskinləşməsi yarana bilər”. 

Həkim deyir ki, elə insanlar var ki, ramazan ayı yaxınlaşanda müayinədən keçir, problem yoxdursa bundan sonra oruc tutur. Ancaq bəziləri özündə heç bir narahatçılıq hiss etmədiyi üçün müraciət etmir və oruc tutur. Sonradan isə bu müəyyən fəsadlar yaradır. Onun sözlərinə görə, bu orqanizmin uzun müddət ac qalması və buna adaptasiyası ilə də bağlı ola bilir. Amma bu uzun müddət davam edərsə mütləq həkimə müraciət edilməlidir. Belə adamlarda isə daha çox…
“Köp olur, bəzən görürsünüz ki, qabırğaarası nahiyələrində ağrıları olur, bəzən qəbzlik yaranır. Yəni bu insanlarda uzun müddət qəbzlik olarsa bağırsaq fəaliyyətində hər hansı problemləri yaşanarsa və yaxud da ki, epiqastrum nahiyəsində, qısa qabırğa altı nahiyələrində, kürəyə vuran nahiyələr də ağrı hiss edərsə, daima ağızlarında acılıq, ürək bulanmalar hiss olunarsa o zaman həkimə mütləq müraciət etmələri məsləhət görülür”. 

Həkimlər lazım olan məsləhətləri verdi. İndi qaldı sizin buna əməl edib etməyəcəyiniz. Allah orucunuzu qəbul etsin!



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir