dilare aliyeva

Dilarə Əliyeva: “Məni qısqansa da, hiss etdirməyib” – MÜSAHİBƏ

Baxış sayı: 1. 560

Əməkdar artist Dilarə Əliyeva musavat.com saytının suallarını cavablandırıb. Aktrisa ilə yeni mövsümdə görəcəyi işlərdən, film sahəsindəki problemlərdən və ailə həyatından danışıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir:

 

– Yay bitdi, yeni mövsüm başlayır. Hazırsınızmı?

– Çox yaxşı istirahət etdim. Oktyabr ayından bütün işlərim başlayır. İki film, bir serial ve catdirsam 1verilişim olacaq.

– Oktyabrda Türkiyə istehsalı olan, sizin də rol aldığınız “Milyonluk kuş”un Azərbaycanda qala gecəsi keçiriləcək. Sizi tam fərqli – casus qadın obrazında görəcəyik.

– Heç vaxt oynamadığım xarakteri canlandırmışam, danışmadığım Türkiyə türkcəsində danışmışam. Bəzi yerlərdə səhv danışdığımı düşündüyüm üçün filmdə özümə haqq qazandırıram. Deyirəm ki, Türkiyə türkcəsində necə danışıram? Bu cür addım atdım ki, qüsur tutanlar bilsin ki, özüm də səhvlərə yol verdiyimi bilirəm. Çəkilişlərə gəldikdə isə komanda çox gözəl, peşəkar idi, zövq aldım. Film artıq Türkiyədə təqdim olunub, səhifələri izləyirəm, xoş sözlər yazırlar. İnşallah, Türkiyədə olduğu kimi Azərbaycanda da uğur qazanar.

– Sizi  həmişə tamaşaçı fərqli obrazlarda görüb. Sizcə, niyə məhz bu obraz üçün sizi seçiblər?

– Təklif gələndə öncə qəbul etmədim. Çünki özümü o obrazda görmədim, imtina etdim. Onların isə israrla məni məndən istəmələri xoşuma gəldi. O ki, qaldı niyə məhz mən, bu suala onlar özləri cavab versə, daha məntiqli olar.

– Yeni verilişiniz hansı formatda olacaq?

– Proqram üzərində işləyirəm, olacaqsa, ikinci yarımildən sonra başlayacaq. O işlərimin qaydasında getməsindən asılıdır. İki filmimin və serialımın çəkilişləri başlamalıdır. Daha sonra mono-tamaşa üzərində işləyirəm. Bunun hansı ayda reallaşacağını bilmirəm. Bir əldə 5 qarpız tutmağı xoşlamıram. Proqrama  hazırlaşanda günlərlə, həftələrlə hazırlıq görürəm. İstəmirəm insanlar desin ki, o vaxtlar çox yaxşı verilişlər vardı, indi yoxdur. Mən dünəni deyil, bu günü və sabahı sevirəm. Müasir olmağı, inkişaf etməyi sevirəm. Ona görə də dayanmadan üzərimdə işləyirəm. İstəyir efirdə, istəyir kino və teatrda seyid cəddinə arxayın olan kimi, hazırlıqsız tamaşaçı qarşısına çıxmıram. Daim axtarışdayam. Hər dəfə maraqlı nə isə tapanda uşaq kimi sevinirəm.

basliq.jpg (248 KB)

– Bəs, düşündüklərinizi həyat yoldaşınız Oqtay bəylə bölüşürsünüz,hər şeyi məsləhətləşirsiniz?

– Oqtay sözə səxavətli olmasa da, fikirləri ağızdolusu qiymətləndirməsə də,  susması xoş söz eşitməyimə bərabərdir. Oqtay yumor hissi olan adamdır. Onun bu yolda qabağa getməyimdə rolu böyükdür.

– Adətən isə deyirlər ki, uğurlu kişinin arxasında bir qadın var.

– Məncə də (gülür). Ağıllı qadın odur ki, bunu hiss etdirməsin.

– Adətən tanınmışlar deyir ki, iki populyar insanın birlikdə olması çətin olur. Siz isə 20 ildən çoxdur ki, evlisiniz. Uzunömürlü evliliyin sirri nədədir?

– Sevgi və hörmət uzunmüddətli evliliyin açarıdır.

– Bəs aranızda qısqanclıq olubmu?

– Heç vaxt olmayıb. Bəlkə də, məni qısqanıb, amma heç vaxt dilə gətirməyib. Deməyib ki, niyə güldün, niyə çox danışdın. Özümə qarşı irad eşitməmişəm. Oqtayı mən universitetdən tanıyıram, onun diplom işində oynamışdım. Onun qadına, sənətə, aktrisaya hörmətini görmüşdüm. Sənətimə dəstək olacağını bilirdim.  Qısqanclıq olsa,işimizdə uğur qazana bilməz. Uğur qazanmağımın əsas səbəblərdən biri Oqtaydır.

91f74905-ff45-4b65-a47b-58d2bc5cba33.jpg (250 KB)

– Bəzən isə deyirlər ki, qısqanclıq özgüvənsizlikdir.

– Elə deməzdim. Elə adamlar var ki, özünə də , qarşısındakına da güvənir, amma içindəki qısqanclığı ata bilmir.

– Özünüzə qoyduğunuz qadağalar çoxdur?

– Əlbəttə çoxdur. Əsasən kamera qarşısında daha diqqətli oluram. Evdə tək olanda belə etmədiyim şeyləri tamaşaçı qarşısında necə edə bilərəm? Gözdən düşməkdən qorxuram. Bütün münasibətlərin alt qatında insanın mədəniyyəti durur. Səmimiyyətin də mədəniyyəti olmalıdır.

– Bir neçə şirkətin reklam siması olmusunuz. Tez-tez tanınmışlar deyir ki, kolbasa reklamında çəkilmərəm, filan reklamda rol almaram. Siz bu barədə seçicisiniz?

– Əlbəttə, seçiciyəm. Mənim böyük çərçivələrim var. İmtina etdiyim, reklamlar var. Onların qonorarı məni maraqlandırmır.   Düşünürəm ki, yaşadığım cəmiyyəti nəzər almalıyam. Bəlkə, 10 il öncə deyirdim ki, aktrisayam, nə versələr oynayaram. Indi isə elə deyil. Bəlkə, deyəcəklər ki, düz yolda deyilsən, çəkilmirsənsə, gedib başqa peşə sahibi olardın. Hazırda düşüncəm belədir.

cc917a33-72d3-46bb-84e8-9a5f5e0fc6f7.jpg (276 KB)

– Artıq qayınanalığa da addım atmısınız, ötən ay qızınızı nişanladınız.

– Yeni obrazıma heç cürə alışa bilməmişəm. Özümə də qəribə gəlir. Hər valideynin arzusudur ki, qayınana, nənə adını qazansın. Bu statusa da alışarıq (Gülür) .

– Seçim sizin, ya qızınızın oldu?

– Qızım özü sevib-seçib. Biz də hörmətlə yanaşdıq. Mənim qızım çox ağıllıdır, özü hər şeyin yerini  bilir. Evimizdə hər şey qarşılıqlı anlaşma ilə olduğu üçün bəyi tanımağa qərar verdik. Gördük ki, seçimində yanılmayıb. Gözəl ailənin tərbiyəli övladıdır. Fransada təhsilini davam etdirir. Ziyalı oğlandır.

– Bəzi qadınlar nənə adını qəbul etmək istəmir. Siz də son iki ildə xarici görünüşcə çox dəyişdiniz, cavanlaşdınız. Sizdə vəziyyət necədir, nənə olmağa hazırsınız?

– Təki Allah qismət etsin. İnsan yaşa dolduqca özünə daha çox baxmağa, Tanrının verdiklərini qorumağa çalışır. Özümə daha çox diqqət ayırıram. 4 ildir ki, hər axşam bulvarda qaçıram. Kiloma diqqət edirəm. Sağlam qidalanıram, gündə 2-3 litr su içirəm. İldə iki dəfə kosmetoloji prosedurdan keçirəm. Doğru həkim, doğru kosmetoloq, doğru yemək seçərsə, hər insan 10 il cavan görünər. İndi 20 yaşımda eşitmədiyim komplimentləri eşidirəm. Özüm özümə lazım olmayan, abartılı heç nəyi məsləhət görmürəm. İnsanlar əməliyyat keçirdiyimi düşünür, amma bu doğru deyil.  Üzümə baxanda gərdirmədiyim bəllidir, mimikalarım yerindədir. İnsanların qarşısına çıxırıq, gözəl görünməliyik. Ona görə də bəzi gözəllik prosedurlarından istifadə edirəm. Gözəl yaşlanmaq istəyirəm.

– Keçmişlə müqayisə olunmağı sevmədiyinizi dediniz. Lakin hazırda efirə gedən verilişlər hər zaman illər öncəkilərlə müqayisə edilir. Elə sizin “Çal-çağır” verilişiniz də onların arasındadır. Televiziya ilə bağlı tənqidlər çoxdur, razısınız? Verilişləri izləyirsinizmi?

– Vaxtım olduqca verilişləri, serialları izləyirəm. İzləmirəm, bəyənmirəm desəm, yalan olar. Zaur Baxşəliyev verilişinə dəvət edir. Deyirəm ki, gəlib, sadəcə oturacağımı düşünürsən? Sakit qala bilmərəm, kövrələrəm. Sonra ora gələn uşaqları, anaları soruşuram. Bütün verilişlərdən xəbərim var.  “Çal-çağır”a gəldikdə isə yeni verilişim onu kölgədə qoyacaq.

b040d75b-6de8-4d38-863e-0855daa03a73.jpg (227 KB)

– Sənət aləminin tanınmış simasısınız, tez-tez film təqdimatlarına qatılırsınız, hər kəslə xoş ünsiyyətiniz var. Amma dostlarınıza gələndə sanki onlar barmaqla sayılacaq qədərdir.

– Doğru müşahidə etmisiniz. Onlar mənim iş yoldaşlarımdır, verilişlərdə rastlaşıram. Mən toylara, şou-proqramlara getmirəm. Kinoda, efirdə varam. Hər kəslə gözəl münasibətim var. İş işdə qalır.

– Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir…

– Allahdan ona can sağlığı diləyirəm. Kaş xəstələnməzdi. Tünzalə çox əziyyətlər çəkmiş qadındır. Onun üçün çox dualar edirəm. İnşallah tezliklə xəstəliyi haqqında keçmiş zamanda danışar.

– İndiyə kimi nədən peşman olmusunuz?

– Peşman olmaq mənə görə deyil. Bu böyük məfhumdur. Xırda səhvlərim olub, onlardan da dərs çıxarmışam.

– “Rol aldığınız “Hoqqa” filmi ilə bağlı  istədiyiniz nəticəni əldə etdinizmi?

– Film gündəmlə ayaqlaşan mövzu üzərində qurulmuşdu. Evdə qalmış kənd qızı “Facebook”da bir oğlanla tanış olur, ona fotoşoplu şəkillərini göndərir, oğlan ardınca kəndə gəlir, onu meyit daşıyan maşında qaçırır. Hər şey buradan başlayır.

Film maraqlı idi. Istədiyimiz xoş reaksiyanı aldıq. Nəzərinizə çatdırım ki, hazırda filmlər kiçik məbləğlə çəkilir. Sizcə, tamaşaçının gördüyü problemləri illərini sənətə həsr edən sənətçilər görmür? Hər şey vaxtdan və maddiyyatdan asılıdır. Düzəldə bilməmişiksə, deməli bizdən asılı olmayan problemlər var.

d47a921b-c42e-4b39-ac0a-1f5a5e98e65e.jpg (226 KB)

– Filmdə sosial şəbəkədə aktiv olan xanımı canlandırmısınız. Amma sosial şəbəkələrin heç birindən istifadə etmirsiniz…

Sosial şəbəkədən istifadə etmirəm. Mənim üçün artıq yükdür. Heç kimi diqqətsiz qoymaq istəmirəm, onları incitməkdən qorxuram. Kimsə 3-5 dəfə yazacaq, cavab yazmasam, deyəcək ki, sən də özünü dağ başına çəkdin. Artıq söz-söhbətlərdən qaçıram.

– Sosial şəbəkədə tanınmışların təhqir olunması geniş vüsat alıb. Kimisi qara siyahıya atır, kimisi də həmin şəxsi “razborka”ya çağırır, videosunu çəkir və s. Tanınmışların bu özünəməxsus cəzası da birmənalı qarşılanmır.

– Deyə bilmərəm ki, onlar düz, ya səhv edir. Onların  yerində olmaq istəməzdim. Hər kəs şəxsiyyətini qorumağa çalışır. Bəzən insanın elə həssas nöqtəsinə toxunurlar ki, bilmirsən, nə edəsən. Ona görə də bu məsələdə birtərəfli ola bilmirəm.

– Deyirlər ki, qadını sevgi və diqqət gözəlləşdirir. Bu fikirlə razısınız?

– Əlbəttə, sevgi və diqqət çox gözəl məfhumlardır. Bunu yaşamaq lazımdır. İnsanın tonusu, stimulu artır. İnsanları sevir, onlara gülümsəyir. Sevgisiz insanlar qara-qabaq olur, hamını acılayır. Təki həyatımızda həmişə sevgi olsun. İnsan ömrünü üç kəlmə ilə ifadə etmək olar: doğuldum, sevdim, öldüm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir