usaq

Psixoloq analara səsləndi:”Paltar alıb, parka aparmaq övlad yetişdirmək yox, böyütməkdir”

Baxış sayı: 1. 371

Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlist danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən “yazıq”, “bəxti gətirməyən” adlandırılırlar.

Elə buna görə də körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq sonuna kimi danışmayacaq, yaxud dilində qüsuru olacaq demək deyil. Vaxtında nəzarət olunan və aşkarlanan problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.

Nevroloji səbəblər, uşaqlarda anadan gəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur.

Image result for psixoloq Fərqanə Mehmanqızı

Psixoloq Fərqanə Mehmanqızı deyir ki, körpələrin danışığının gec formalaşmasının səbəbi ünsiyyət problemi yaşamalarıdır.

Mütəxəsis deyir ki, valideynlər telefonu, planşeti övladına verib, sakitləşdirməməlidir:

“Uşaqlara basqılar edirlər. “Sakit otur, işimi görüm, yeməyimi bişirim, sosial şəbəkədə rahat gəzim”, “sakit otur, başım ağrıdı” kimi ifadələr uşaqları “bədbəxt” edir. Çünki uşaqlarda pedaqoji baxımsızlıq həddindən artıqdır. Ölkəmizdə uşaqların 80 faizi bundan əziyyət çəkir. Ananı danışdırsan, tamam əksini deyir. Uşağa pal-paltar almaq, parkda gəzdirmək, oyuncaqlarla təmin etmək kimi vəzifələr övlad yetişdirmək deyil, böyütməkdir. Uşaq yetişdirmək onunla məşğul olmaqdır, yanında olmaqdır.

Baxırsan ki, anadır, baxımlı qadındır, ağıllı-ağıllı danışır, amma övladında pedaqoji baxımsızlıq var. Valideyn uşaqla məşğul olmur. Uşaqla danışmaq, ünsiyyət qurmaq lazımdır, gününü müzakirə etmək, nağıllar, kitablar oxumaq vacibdir. Balacalara nə ötürürsən, onu mənimsəyir. Analar var, övladı səhər oyanır, yeməkdən sonra əlinə telefonu, planşeti verir, cizgi filmi qoyur, özü isə uşaqdan başqa hər işlə məşğul olur. İşləyən analar övladı ilə daha çox məşğul olur, nəinki evdar olanlar.

Qadınlar ana olmaq məsuliyyətini dərk etmədən ana olurlar. Ailə quran kimi övlad dünyaya gətirən analar var. Ona görə, uşaqlarda problemlər də artır. Nitq problemi bir müddət sonra uşaqda kompleks yaradır, öz fikrini ifadə edə bilməmək, aqressivlik, özgüvənsizlik, assosiallıq kimi nəticələr yaradır. Gələcəkdə yaşanan daha böyük fəsadların təməli uşaq yaşlarda qoyulur”.

Qeyd edək ki, son vaxtlar valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri uşaqların nitqinin gec formalaşmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir