Ayın sonu yaxınlaşanda düşündüyümüz ilk şey maaş, maaş alandan sonra isə alış-veriş, “shopping” olur. Böyüklər üçün orta hesabla 65 manata bir köynək, şalvar, ayaqqabı almaq mümkün olursa, uşaqlar üçün bunu demək mümkün deyil. Uşaq geyimləri satılan mağazalarda qiymətlər əl yandırır. Balacalar üçün bir kiçik gödəkcə və ya köynək almaq üçün ən azı 50 manat pul xərcləməlisən.
Geniş ticarət mərkəzlərində yerləşən mağazalarda bahalı brend adı altında satılan geyimlərlə, “Sədərək”, “Binə” ticarət və topdansatış mərkəzlərində satılan geyimlər arasında keyfiyyət fərqi olduğu deyilsə də, qiymətlər elə bahadır ki, bahadır.
Bəs görəsən, keyfiyyətli uşaq geyimlərini necə seçmək la zımdır? Uşaqları müxtəlif dəri xəstəlikləri yaradacaq təhlükəli materiallardan hazırlanan geyimlərdən necə qorumaq olar?
Məsələyə münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, nəinki uşaq, eləcə də, böyüklər üçün satışa çıxarılan geyimlərin keyfiyyətinə zəmanət verən sahibkarlar azdır:
“Bu gün paytaxtın müxtəlif istiqamətində fəaliyyət göstərən mağazalarda alıcılara təklif edilən geyimlərin böyük əksəriyyəti standartlara cavab vermir. Geyimlərin keyfiyyətsiz olması isə allergik və dəri xəstəlikləri, gigiyenik problemlərin yaranmasına gətirib çıxara bilər. Harada istehsal edildiyi bəlli olmayan, pambıq adı ilə satılan və heç bir standartlara cavab verməyən uşaq geyimlərinin sayı isə artmaqdadır.
Həmin malların nisbətən ucuz olması isə alıcıları cəlb edir. Təbii ki, keyfiyyət göstəricisini təsdiq edən heç bir sənəd yoxdur. Xüsusilə Çində istehsal edilən paltarların tərkibində olan formaldehit maddəsi uşaqların sağlamlığına ciddi təhlükə törədə bilər. İnsan orqanizminə ziyan vuran keyfiyyətsiz geyimlərin satılması prosesinin bu qədər artmasına səbəb isə aidiyyəti qurumların vəzifələrini layiqincə yerinə yetirməməsidir.
Burada istehlakçı hüquqları kobud şəkildə pozulur. Bu gün keyfiyyətsiz geyim əşyalarının təyini üçün müstəqil ekspertiza olmadığından, bazarlar saxta, keyfiyyətsiz mallar, o cümlədən körpələr üçün geyim əşyaları ilə dolub daşır. Valideynlər xüsusilə uşaqlar üçün pambıq materialdan olan geyimlərə üstünlük verir. Lakin etiketində pambıqdan istehsal edildiyi qeyd edilsə də paltarlarda həmin materialdan əsər-əlamət olmur.
Etiketlərin saxtalaşdırılması isə ayrı bir dərddir. Kütləvi şəkildə brend markaların saxta etiketləri məhsullara tikilərək alıcılara satılır. Xüsusən körpələr üçün alt paltarları standartlara cavab vermədiyi üçün həssas uşaq dərisində səpkilər, dəri xəstəlikləri, gigiyenik problemlər yarana bilir”.
E.Hüseynov onu da əlavə edib ki, alıcı aldığı məhsulun pambıq olub-olmadığını yoxlamaq məqsədilə məhsulun kiçik bir hissəsini yandıra bilər:
“Mağazalarda məhsulun keyfiyyət sertifikatını tələb etməklə yanaşı, pambıq adı ilə satılan məhsulun kiçik bir sapını yandırmaqla da bunu müəyyən etmək olar. Əgər pambığa xas xüsusi qoxu gələrsə, deməli, məhsul keyfiyyətlidir.
Bakıda fəaliyyət göstərən “ikinci əl” mağazalarda satılan uşaq paltarları isə, demək olar ki, standartlardan uzaqdır. Belə mallar satılan mağazaların sertifikatlarında beş yaşdan aşağı olan uşaqlar üçün paltarların satılması qadağandır. Lakin buna riayət olunmur”.
Geyimlər uşaqların bədənində qaşınma, səpkilər, infeksion xəstəliklər yaradır ki, bu da onların sinir sistemlərini pozur. Bu qədər keyfiyyətsiz geyimlərin, qidaların içərisində həkimlər insanların sağlamlığını qoruya bilirmi?
Həkim dermatoveneroloq Fərid Mahmudov deyir ki, bu cür geyimlər uşaq dərisi ilə uzun müddət təmasda olarsa, kontakt dermatit yarana bilər və bu da zəhərlənmələrə gətirib çıxara bilər:
“Aydındır ki, uşaqların geyimləri təmiz materiallardan olmalıdır. Xüsusilə pambıq və anti-allergik materiala üstünlük verilir. Dünyanın istənilən ölkəsində yüksək keyfiyyətli uşaq geyimləri baha qiymətə satılır. Yalnız uşaqlar deyil, böyüklərin də geyimlərinin anti-allergik olması, təmiz materiallardan hazırlanması önəmlidir.
Belə ki, insan gün ərzində tərləyir və təbii olaraq həmin geyimlərin içərisindəki kimyəvi boyalar tər vəzilərilə təmasa girərək qıcıqlanma yaradır. Nəticədə meydana gələn qaşınmalar uşaqların sinir sistemini də pozur. İlkin mərhələdə kontakt dermatit daha sonra allergik dermatitə keçir. Bu proses uzun müddət davam etdiyi təqdirdə toksik allergik dermatitə çevrilir. Nəticədə isə qanda antigen maddələr artır və daxili toksiki proseslər zəhərlənmə ilə nəticələnir”.