usaq

Uşaqlara ad və soyad seçərkən nələri bilməli?

Baxış sayı: 1. 267

Azərbaycanda yeni doğulmuş uşağa ad və soyad seçimi həmişə müzakirə mövzusu olub. Qeyd edək ki, bəzən valideynlər yeni doğulmuş övladlarına öz soyadlarını deyil, uşağın ata, baba adını soyad kimi vermək istəyirlər. Lakin valideynlərin bu sahədəki qanunlardan xəbərsizliyi səbəbindən müəyyən problemlərlə üzləşməli olurlar.

Bəs görəsən, uşağa ad və soyad qoyulması Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? Valideynlərin istədikləri soyadı uşaqlarına seçmək hüququ varmı?

 

Məsələyə münasibət açıqlayan Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin əməkdaşı, vəkil Dünyamin Novruzov bildirir ki, uşağın soyad daşımaq hüququ Ailə Məcəlləsində təsbit edilib. Ailə Məcəlləsinin tələbinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir: “Ailə qanunvericiliyində qeyd olunur ki, uşağın soyadı, bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Məsələn, “Məmmədov” və “Hüseynov”, onda valideynlər qarşılıqlı razılığa gələrək uşağın soyadını ya “Məmmədov”, ya da “Hüseynov” qoya bilərlər”.

Hüquq məsləhətçisi deyir ki, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Onun sözlərinə görə, Ailə Məcəlləsində uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nda da öz əksini tapıb.

 

Qanunvericilikdə uşağa fərqli soyadın verilməsi nəzərdə tutulmayıb

Dünyamin Novruzov bildirir ki, uşağa valideynlərin soyadından fərqli soyadın verilməsi, habelə ata adına uyğun soyadın verilməsi Ailə Məcəlləsində və adıçəkilən qaydalarda nəzərdə tutulmayıb: “Başqa sözlə, qüvvədə olan qanunvericilik uşağa valideynin və ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsinin mümkünlüyünü nəzərdə tutur”.

Hüquqşünas soyad sonluğuna dəyişiklik edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirərək qeyd edib ki, bu məsələ Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” qərarına, eləcə də Nazirlər Kabinetinin yuxarıda adıçəkilən 12 may 2011-ci il tarixli qərarına uyğun olaraq həyata keçirilir: «Milli Məclisin 2 fevral 1993-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (məsələn, Ağayev soyadında “yev” sonluğu atılır Ağa olur, Əliyev soyadında “yev” sonluğu atılır və Əli soyadı qalır) soyad seçə bilərlər. Nazirlər Kabinetinin yuxarıda adıçəkilən 12 may 2011-ci il tarixli qərarına görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir».

 

Adın dəyişdirilməsi o halda mümkündür ki…

Məsələyə münasibət açıqlayan hüquqşünas Namizəd Səfərov isə adların dəyişdirilməsinə aydınlıq gətirərək deyib ki, bu proses Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan vətəndaşlarının soyadlarının, adlarının və ata adlarının dəyişdirilməsi vəsatətləri haqqında” əsasnamə ilə tənzimlənir. Orada nəzərdə tutulub ki, adın dəyişdirilməsinə yalnız üzrlü hallar olduqda yol verilir. Üzrlü hallar dedikdə isə adın pis səslənməsi, çətin tələffüz olunması, milliyyətə uyğun gəlməməsi, pis məna verməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Ailə Məcəlləsinə görə isə 18 yaşına çatmamış şəxsin adının dəyişdirilməsi yalnız o halda mümkündür ki, buna icra hakimiyyətlərin tərkibindəki qəyyumluq orqanları validyenlərin birgə xahişi əsasında icazə versin. 10 yaşına çatmış uşağın adı dəyişdirilərkən onun özünün razılığı da tələb olunur. Vətəndaşların özləri öz adlarını 18 yaşına çatandan sonra dəyişə bilərlər. Bunun üçün vətəndaşlar ilk növbədə ərizə ilə yaşadıqları yerlərin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) orqanlarına müraciət etməlidirlər. Həmin ərizəyə vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd, əsaslı tərcümeyi-hal, doğum haqqında şəhadətnamə, nikahdadırsa, nikah haqqında şəhadətnamə, övladları varsa, onların doğum haqqında şəhadətnamələri, işləyirsə, iş yerindən arayış, yaşadığı yerdən arayış, iki fotoşəkil də əlavə edilməlidir. Bu sənədlər VVADQ tərəfindən müvafiq rayonun polis şöbəsinə göndərilir. Polis idarəsində həmin şəxs barəsində hər hansı təqsirləndirici materialın olub-olmaması yoxlanılır. Sonra sənədlər VVADQ şöbəsinə qaytarılır. Bunun ardınca VVADQ öz rəyini tərtib edir və baxılması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərir. Bu instansiyada da məsələ araşdırılır. Qanunauyğundursa, təsdiq edilir, qanunauyğun deyilsə, imtina olunur. Adlarını dəyişmiş vətəndaşa bununla bağlı şəhadətnamə verilir.

 

Ad uşağın xarakterinə təsir göstərir

Mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq Narınc Rüstəmova isə bildirir ki, ümumiyyətlə, sonradan peşman olmamaq üçün uşağa ad və soyad seçərkən düzgün seçim etmək lazımdır. Onun fikrincə, ad seçərkən onun mənasına diqqət yetirmək, həmin adın nə demək olduğunu mütləq araşdırıb tapmaq lazımdır: “Uşağa verilən ad onun xarakterinə, şəxsi inkişafına təsir edir. Buna görə də bəzi hallarda ailədən tamamilə fərqli xarakterdə uşaq çıxır. Məsələn, uşağa nənəsinin, babasının yaxud da ailəyə əziz olan, rəhmətə getmiş adamın adı qoyulur. Belə adlar qoyularkən valideynlər uşağa həmin adamın davamçısı kimi münasibət göstərməməlidir. Çünki bu, uşağa psixoloji təsir edir və o, sanki vaxtından tez böyüyür, yaxud da əksinə olaraq ərköyünləşir və çox kaprizli olur”.

İnsanlardakı psixoloji problemlərin mənbəyinin uşaqlıqla bağlı olduğunu deyən psixoloq vurğulayıb ki, uşağa hansı adın verilməyindən asılı olmayaraq ona bu adı düzgün təqdim etmək lazımdır: “Uşağa köhnə ad da vermək olar, onun nənə-babasının da adını vermək olar, önəmli olan həmin adı uşağa necə təqdim etməkdir. Valideyn çalışmalıdır ki, uşağa öz adını sevdirsin. Ona görə də uşağı müəyyən yaşdan sonra əzizləmələrlə çağırmaq olmaz. Çünki bu halda uşaqda kompleks yaranır və o fikirləşir ki, anam mənim adımı sevmir. Mənim adım pisdi, əgər adım belə olmasaydı anam məni belə çağırmazdı. Bir məsələni də qeyd edim ki, ad seçərkən ən vacib məqamlardan biri uşağa verilən adın mənasıdır. Valideynlər bəzi hallarda ad seçərkən buna diqqət etməsə də, uşaq yaşa dolduqca öz adı ilə maraqlanacaq və onun nə məna verdiyini bilmək istəyəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir