Boşanmaq istəyənləri məhkəmələrdə barışdırmaq üçün “Mediasiya haqqında” qanun qəbul edilə bilər. Milli Məclisində Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə dövlət qurumlarının, Bakı şəhər rayonları üzrə icra hakimiyyətlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı milli mentalitetdən, Azərbaycan dövlətində ailə institutuna verilən dəyərdən danışıb. Müasir ailələrdə boşanmalar, məişət zorakılığı və s. kimi problemlərin qarşısını almaq üçün qanunvericilik sahəsində görülən işlərdən söz açan A. Naxçıvanlı bildirib ki, ictimai dinləmədə məqsəd bu sahədəki hüquqi bazanı daha da təkmilləşdirməkdir. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, nikahdan öncə tərəflərin mütləq qaydada tibbi müayinədən keçməsi sayəsində son 3 ildə ölkədə talassemiya, hemofiliya kimi qan xəstəlikləri ilə dünyaya gələn uşaqların sayı 45 faiz azalıb. O vurğulayıb ki, Milli Məclisin payız sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Reproduktiv sağlamlıq haqqında” qanun da ailə modelinin qorunmasında mühüm rol oynayacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova öz çıxışında boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib. Hicran Hüseynova bildirib ki, müasir dövrün aktual problemlərindən hesab edilən ailədaxili münaqişələrin həlli ailə təsisatının davamlılığı baxımından olduqca vacibdir: “Əfsus ki, bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik. Bu da çox zaman boşanma ilə nəticələnir. Aparılan təhlillər göstərir ki, belə ailələrin boşanma səbəbləri bəzən həll ediləndir. Lakin barışdırma mexanizminin olmamağı və tərəflərin bir çox hallarda bir-birinə barışmaz mövqedə dayanması problemi daha da dərinləşdirir. Buna görə də, məhkəmələrdə barışdırıcı mexanizmin tətbiq olunmasına ehtiyac var. Bu da “Mediasiya haqqında” qanunun qəbul edilməsini zəruri edir”.
Komitə sədri qeyd edir ki, mediasiya mülki, əmək və ailə hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur. Bu qanun mübahisələrin həllinin alternativ üsuludur. Hicran Hüseynova əlavə edib ki, komitə bununla bağlı bir sıra müsbət təcrübələri, əsasən də alman təcrübəsini araşdırıb: “Hazırda Komitənin mərkəzlərində pilot layihə keçirilir və çox müsbət nəticələr əldə olunub. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ölkəyə ekspertlərin dəvət olunması və yerli mütəxəssislərin hazırlanması ilə bağlı təklif irəli sürülüb. Düşünürük ki, təklif reallaşarsa, yerli səviyyədə mediatorların hazırlanması və bu xidmətin ölkə üzrə göstərilməsinə nail olacağıq”.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Gənclər siyasəti haqqında” qanuna mühüm dəyişikliklər edildiyini bildirib. Sonra dinləmədə boşanmalar, qeyri-rəsmi nikahlar, erkən nikahlar, məişət zorakılığı kimi problemlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputat Tahir Rzayev ailənin qorunmasında mənəviyyatın mühüm rolu olduğunu qeyd edib. İcra hakimiyyəti strukturlarının və QHT-lərin nümayəndələri mediasiya haqqında qanunun qəbul edilməsinin vacibliyini vurğulayıblar.
Barışıq mexanizminin necə tətbiq ediləcəyini, hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Milli QHT Forumu Gender mərkəzinin rəhbəri, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” ictimai birliyinin sədri Tünzalə Cavadova bildirdi ki, məhkəmə prosesinin istənilən mərhələsində tərəflər barışıq edə bilərlər: “Son bir neçə ildə Azərbaycanda boşanma hallarının çoxaldığı müşahidə edilir. 2017-ci ilin statistikasına baxsaq, ölkədə 14.514 boşanma halı olub ki, onların da çoxunda nikahın davam etmə müddəti 5 il çəkib. Boşanmaların qarşısını almaq üçün ilk olaraq ailənin hər bir fərdi, barışığa cəhd göstərməlidir. Həmçinin ailənin digər üzvləri də boşanmaya qarşı olmalıdırlar ki, ortalığa nə isə bir nəticə çıxara bilsinlər. Əslində, belə mexanizm Bakı şəhər Apelyasiya Məhkəməsində də var. Burada “barışıq skamyası” qoyulub. Bu skamya xüsusilə məhkəməyə boşanma ərizəsi ilə müraciət edənlər üçün nəzərdə tutulub. Barışıq, məhkəməyə müraciət edən tərəflərin hüququdur. Məhkəmə prosesinin istənilən mərhələsində bu barışığı edə bilərlər. Bu barışıq skamyasının qoyulmasında məqsəd odur ki, tərəflər bu skamyada oturub fikirlərini dəyişə bilsinlər”.
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, nikahın pozulması haqqında tərəflərdən birinin razılığı olmazsa, barışmaq üçün məhkəmə 3 ay müddət verir: “Bu müddətdə bəzi cütlüklərin boşanmaq fikrindən daşınması mümkündür. 3 aylıq dövrün ayrılması boşanmaların sayının azalmasında müsbət bir hal kimi dəyərləndirilir. Bu müddətin 6 aya qədər uzadılması isə bir çox boşanmaların qarşısını ala bilər. Həmin müddətdə fikirlərini dəyişə bilərlər. Qadın və kişi ayrı yaşayır, ola bilər ki, bunlar hansısa çətinliklər görürlər, övladlarının psixoloji durumunda dəyişiklik hiss edirlər. Beləliklə, bütün bunlar onlara boşanmadan vaz keçmələri üçün təsir göstərə bilər. Lakin təəssüf hissi ilə qeyd edim ki, bütün bunlara baxmayaraq, boşanma ilə nəticələnən evliliklər də var”.
T. Cavadova deyir ki, bu sahədə də Avropa təcrübəsindən yararlanmalıyıq: “Mənə elə gəlir ki, cütlükləri barışdırmaq üçün sosioloq və psixoloqlarla iş görülməlidir. Hər iki tərəfə psixoloji olaraq təsir göstərilməlidir ki, bunun təsirdən sonra onlarda hansısa fikirlər dəyişsin. Bildiyimə görə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də bu barədə pilot layihə həyata keçirilir. Xaricdən ekspertlərin dəvət olunması, yerli mütəxəssislərin hazırlanması ilə bağlı müxtəlif təkliflər var. Düşünürük ki, əgər təklif reallaşarsa, yerli səviyyədə də mediatrların hazırlanması, bu xidmətin ölkə üzrə yayılması boşanmaların azalmasına çox böyük təsir edəcək”.
Sosioloq Əhməd Mənsurov bildirdi ki, əgər ölkəmizdə də mediasiya haqqında qanun qəbul edilərsə, mütləq şəkildə sosial işçilər burada yer almalıdırlar: “Mediasiya ilə bağlı təkliflər beynəlxalq təcrübəyə əsaslanır. Bir çox ölkələrdə də bu müşahidə olunub. Ən yaxşı təcrübənin tətbiq edilməsi üçün işini bilən ekspertlərə, hazırlıqlı kadrlara ehtiyacımız var. Bu mövzu ilə bağlı ən çox sosial işçilər məşğul olur. Əgər ölkəmizdə də mediasiya haqqında qanun qəbul edilərsə, mütləq şəkildə sosial işçilər burada yer almalıdırlar. Çünki onlar hər iki tərəfin fikirlərinin qiymətləndirilməsini düzgün apara biləcək və uyğun olan təklifləri irəli sürəcəklər. Əslində, yalnız ailədaxili münaqişəyə fokuslanmaq olmaz. Eyni zamanda ər və arvadın psixo-sosial, hüquqi, məşğulluq problemlərinin də həllinə köməklik göstərilməlidir. Yoxsa, görülən işdə istənilən nəticə əldə olunmaz. Ona görə, mediasiya xidmətinə həmin şəxslərin inkişaf proqramları daxil edilməli, fərdi qayğı planları hazırlanmalıdır. Həmçinin şəxslərin sosial ehtiyaclarının qiymətləndirilməsi aparılmaqla bərabər, onları işə cəlb etmək lazımdır. Bəzi ölkələrdə mediasiya xidmətini qeyri hökumət təşkilatları keçirir. Digər əsas nüans isə cəmiyyətin buna inanmasıdır. Yəni insanlar mediasiya xidmətinə inanmalı, güvənməli və buna müraciət etməlidirlər. Onlar inanıb bu xidmətə müraciət etməlidirlər ki, həmin ailələrlə işləyən sosial işçilərin, psixoloqların işi effektiv olsun. Ailələrlə işləyəcək şəxslər də xüsusi hazırlığa malik olmalıdırlar. Çünki ailədaxili problemlərə müdaxilə etmək üçün tərəflərə yanaşma peşəkar şəkildə olmalıdır. Günümüzdə insanlar ailədaxili problemlərini həll etmək üçün mütəxəssisə müraciət etməyə çəkinirlər. Ona görə, mediasiya xidmətinin də işləməsi üçün cəmiyyətdə maarifləndirici işlər görülməlidir”. (“Kaspi.az”)