Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kimsəsiz uşaqların xarici ailələrə övladlığa verilməsi praktikası mövcuddur. Xarici ailələr qanunvericilikdə göstərilən tələbləri yerinə yetirməklə kimsəsiz uşaqları qəyyumluğa götürə bilər. Amma bu məqamda bəzi suallar ortaya çıxır. Azərbaycanda xaricə övladlığa aparılan uşaqlara necə nəzarət olunur? Bununla bağlı qanunvericilikdə nəzarət mexanizmi varmı?
Suallarımızı cavablandıran tanınmış vəkil İradə Cavadova bildirir ki, təbii ki, xarici ailələr tərəfindən övladlığa götürülən uşaqlar Azərbaycan dövləti tərəfindən nəzarətdə saxlanılır:
“Bildiyimə görə, Azərbaycandan xaricə övladlığa aparılan uşaqlara Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi nəzarət edir. Eyni zamanda qanunvericilikdə də bu məsələ barəsində müəyyən mexanizmlər təşkil olunub. Hətta uşaqlara nəzarət görüntülü şəkildə həyata keçirilir. Əgər bu kimi tədbirlər həyata keçirilməsə, bir sıra neqativ hallarla qarşılaşa bilərik. Yəni xarici ailələr Azərbaycandan apardıqları uşaqların orqanlarını satmaqla məşğul ola bilərlər. Buna görə də bu sahəyə nəzarət daha da güclənməlidir”.
“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova söyləyir ki, bildiyimə görə, hazırda uşaq evlərindən xarici ailələrə uşaqlar verilmir:
“Düzdür, qanunda bununla bağlı icazə, tənzimləmə mexanizmi var. Amma əvvəllər Azərbaycandan xaricə çox sayda uşaqlar övladlığa aparıldı. Həmin vaxtlar SSRİ-nin dağıldığı, məcburi köçkünlər çox olduğu, uşaqların çoxu müharibələr ucbatından valideynsiz qaldığı dövr idi. Elə həmin vaxtlar ölkəmizdən xaricə çox sayda uşaq övladlığa götürüldü. Amma indi demək olar ki, bu praktika kifayət qədər məhdudlaşdırılıb. Çünki bu məsələ ilə bağlı olan proseslər çətinləşdirilib. Artıq həm Azərbaycan vətəndaşları, həm də xarici ailələrin uşaq evlərindən övladlığa uşaq götürülməsi ilə bağlı lazımi sənədlər çoxaldılıb.
Amma hazırda bu sahə ilə bağlı nəzarət mexanizmi demək olar ki, yoxdur. Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanlarla iş üzrə müəyyən komissiya, hüquq və himayəçilik orqanı olan qurumlar məşğul olur. Hazırda bu sahədə qanunvericilik üzrə nəzarət mexanizmi olmasına baxmayaraq təşkil olunmuş məsuliyyətlər yerinə yetirilmir.
Yəni nəzarət olmur. Ona görə də bəzən kütləvi informasiya vasitələrindən övladlığa götürülən uşaqların qəyyumluğa götürdüyü ailələr tərəfindən müxtəlif zorakılıq halları ilə üzləşdiyini görürük. Bildiyimiz kimi, ailələrin uşaqları övladlığa götürməsi məhkəmə yolu ilə olur və bu posesə adi sıradan bir məsələ kimi yanaşılmır. Amma bu sahəyə nəzarət sisteminin Azərbaycan daxilində işləmədiyini fikirləşdikdə, xaricdə bunun fəaliyyətindən söhbət edə bilmərik. Eyni zamanda xaricə övladlığa aparılan uşaqlara bizim həmin ölkələrdə olan səfirliyimizin nümayəndələrindən biri nəzarət edə bilər. Amma onu da diqqətə çatdırım ki, 10 ildən çox uşaq evlərində çalışmışam, lakin belə bir praktikanın olduğunu görməmişəm”.
Kənan Eynuroğlu