teqvim

Novruz tətilini necə keçirək?

Baxış sayı: 1. 290

Bayramların ən gözəl tərəfi həmin ərəfədə bir neçə günlük tətilin verilməsidir. Belə ki, artıq Novruz bayramı yaxınlaşır. Bayram tətinin başlamasına sayılı günlər qalıb. Bir həftəlik bayram tətili bir çoxlarımızın görmək istəyib, görə bilmədiyi işlər üçün fürsətdir. Əminəm ki, əksəriyyəti tətilin başlaması üçün günləri sayır. Hətta bir çoxları xeyli plan qurur, “bunu, onu edəcəyəm” deyib, çoxdan qalan işlərini, görüşlərini bir tətilə sığışdırmağa çalışır. Əksər insan, tətilini işgüzar şəkildə keçirməyi sevir. Belə ki, onlar tətildə də işlərini davam etdirir, kitab oxumağa üstünlük verirlər. Digərləri isə əksinə, fikirləşir ki, tətil yalnız istirahət etmək üçündür. Əgər tətildə dincəlməsən, bu yorğunluq sənin sonrakı fəaliyyətinə mənfi təsir göstərir. Maraqlıdır, bayram tətilini səmərəli şəkildə necə keçirmək olar? Mövzu ilə bağlı sosial-psixoloq Əhəd Kazımov ilə həmsöhbət olduq.

Ə. Kazımov tətilin ilk günlərini doğmalarla birlikdə keçirməyi məsləhət görür: “Novruz bizim gözəl, şən-əhval ruhiyyə ilə qeyd etdiyimiz bayramlardandır. Bayram tətili bir həftədir, amma bunun ilk iki gününü doğmalarla bir arada keçirmək daha məsləhətlidir. Düşünürəm ki, bu iki gün ərzində qohumları, ağsaqqal-ağbirçəkləri ziyarət etmək lazımdır. Yəni nə qədər müasirləşsək də, Novruzun lap qədimdən gələn adət-ənənələri unutmaq olmaz. Bu, bizim mədəniyyətimizin bir hissəsidir. Yerdə qalan digər günləri isə müxtəlif işlər görməklə səmərəli keçirmək olar”.

İlk olaraq tələbələrin tətili necə səmərəli keçirə biləcəklərindən danışan həmsöhbətim qeyd etdi ki, hər bir tələbə tətildə edəcəyi işlərdən ibarət cədvəl düzəltməlidir: “Tələbələr bayram günlərindən sonrakı günlərdən birini dərslərinə ayırsınlar. Zəif olduqları hər hansısa bir bölmə varsa, onu oxusunlar, inkişaf etdirməyə çalışsınlar. Çünki gündəlik olaraq dərsə gedəndə, həmin zəifliyi aradan qaldırmaq çətin olur. Amma tətil bunun üçün çox yaxşı fürsətdir. Yaxşı olar ki, tələbələr fəaliyyət planı hazırlasınlar və tətili ona uyğun keçirsinlər”.

Müsahibimiz deyir ki, tətil günlərində əsas vaxt ayıracağımız məsələlərdən biri işgüzar əhatəmizi genişləndirməkdir: “Ətrafımızda çox dəyərli, maraqlı insanlar var. Amma çox təəssüflər ki, işin və ya dərslərin çoxluğundan istədiyimiz vaxt görüşə bilmirik. Bayram tətili bu görüşlər üçün çox gözəl fürsətdir. Həmçinin maraqlı, öyrədici təlimlərə, seminarlara qatılaraq yeni insanlarla tanış ola bilərsiniz. Hansı ki, siz bu yeni tanışlıqlar vasitəsi ilə çox şey öyrənə bilərsiniz. Hətta ola bilsin, həmin şəxslər arasında potensial işə götürənlər də ola bilər. Daha sonra həmin şəxslərdən faydalı məsləhətlər ala bilərsiniz”.

Əhəd bəy tətil günlərində filmə baxmağın da yaxşı fikir olduğunu qeyd etdi: “Digər tərəfdən kinolara baxmaqla da tətili səmərəli keçirmək olar. Təbii ki, hər kəsin film seçimi fərqlidir. Amma yaxşı olar ki, məsləhət olunan kinolara vaxt ayırsınlar. Xüsusilə də psixoloji, motivasiya verən filmlərə baxmaq onların əhvalına müsbət təsir edər. Bu, onlarda dünyagörüşün inkişafına kömək edər”.

Müsahibim səyahət etməklə də tətili səmərəli keçirməyin mümkün olduğunu bildirir: “Əgər mümkündürsə, tətil günlərdə 1-2 günlük harasa səyahət etmək də insana çox yaxşı təsir edər. Yəni xaricə getmək şərt deyil. Elə ölkədaxili gəzib, görüləsi yerlər çoxdur. Lahıca, Şəkiyə, Şamaxı, Lənkəran və başqa digər dilbər guşələrimizə səfər etmək olar. Hətta, bir günlük gəzinti belə, insanın əhvalını dəyişir. Onsuz da, günlərimizin böyük bir hissəsi iş və dərs otaqlarında keçir. Tətil günlərində bunu nəzərə alaraq, qısa da olsa, daim olduğumuz mühitdən uzaqlaşmaq həm fizioloji, həm də psixoloji olaraq müsbət təsir edər”.

Həmsöhbətim son olaraq təmizlik işləri görməyi də tövsiyə etdi: “Tətil günlərində boş vaxt tapıb, yaxşı olar ki, kitab rəfinə və paltar dolablarına əl gəzdirsinlər. Məsələn, uzun müddətdir geyinmədikləri paltarları, oxumadıqları və oxuyub bitirdikləri kitabları seçib ehtiyacı olan şəxslərə verə bilərlər. Bu, həm xeyriyyə məqsədli addımdır, həm də dolabınızı istifadə etmədiyiniz əşyalardan təmizləmiş olarsınız”. (“Kaspi.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir