Son zamanlar boşanmaların artması ən çox müzakirə olunan, gündəmi zəbt edən mövzulardandır. Heç kəs ailəni dağıtmaq üçün qurmur. İki bir-birini sevən, bir-birinə qarşı hörmət edən və ya aralarında dostluq bağları olan insanlar ailə olmağa, bu məsuliyyətli addımı atmağa qərara alır. Amma nədənsə, arzuladıqları, xoşbəxt olacaqlarını zənn etdikləri ailə həyatı onlar üçün dözülməz yükə, çəkilməz əziyyətə bərabər olur, neçə-neçə ailələr elə ilk böhran illərində süqut edir, evlərinin işığı, ocaqlarının istisi sönür.
Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salsaq, el arasında boşanmalarla dolaşan fikirlər faktlarla öz təsdiqini tapır. Keçən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.
Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.
Son 20 ilin statistik göstəricilərinə əsasən ən çox nikah 2011-ci ildə bağlanıb – 88145, ən çox boşanma halı isə 2017-ci ildə (14514) və 2018-ci ildə (14 857) qeydə alınıb.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, boşanmaların sayı ildən-ilə artır: “Bu, birinci növbədə Azərbaycanda ailə institutunun sağlam zəmində olmaması ilə bağlıdır. Əvvəl patriarxal dövrlərdə cəmiyyətin qadağaları məcburən olsa da, ailə strukturunu qoruyub saxlayırdı. İndi mədəniyyətlərin qarışdığı dünya düzənində insanların təhsil səviyyəsi aşağı düşdükcə, mənəvi dəyərləri itirməyə başlayırlar. Belə bir durumda insanlardan ailə dəyərlərinin qorunması istiqamətində anlayışlı davranış gözləmək də çətindir. Çünki böyük əksəriyyət üçün bu kimi məsələlərdə daha hazırlıqlı olmaq, tolerantlıq tələb olunur. Ailə mühitində, həyat yoldaşı seçimində önə gətirilən dəyərlər dəyişilməlidir. Çox vaxt valideynlərin müdaxiləsi gənc ailənin düzgün formalaşmasına imkan vermir və bu münasibət ortadan qalxmalıdır.
Cəmiyyətdə olan neqativ təzahürlər ailəyə mütləq təsir edir. Narkomaniyanın yayılması, alkoqolizm, işsizlik problemi, cəmiyyətin təqdim etdiyi dırnaqarası müasir, sərbəst həyat tərzinə insanların özünü qurban verməsi, qadınların və kişilərin təsir altına düşüb yolunu azması boşanmaların artmasına təsir edir”.
F.Mustafa bildirir ki, insanlar sivil qaydada normal ailə münasibətlərinin qurulmasından daha çox başqa şərtlərin diktəsilə ailə qurmağa meyillidirlər: “Nəticədə ailəni boşanmaya sürükləyən səbəblər dərinləşməyə başlayır. Qanun qəbul etmişik ki, evlənməzdən əvvəl insanlar səhhətləri ilə bağlı arayış verməlidir. Çoxusu tibbi müayinələrdən keçərək sağlamlıq arayışı almaq əvəzinə müəyyən vəsait ödəyərək bunu alırlar. Xəstəliyinin üzə çıxmasından qorxduğu və gizlətmək istədiyi üçün bunu edirlər. Amma düşünmürlər ki, sabah doğulan uşaqda bu xəstəlik təzahür edəndə daha faciəvi nəticələr ortaya çıxaxaq. Yaxud qohum evliliyi. Hələ də Azərbaycanda insanları inandıra bilmirsən ki, qohum evliliyi təhlükəlidir. Qohumlar arasında nikah bağlamağa davam edirlər.
Dostluq edən, bir-birinə yaxın olan ailələrin övladları arasında da evliliyin fəsadları ortaya çıxır. Kimsə özünün narkoman oğluna yaxın dostunun qızını alır. Qız tərəfin bundan xəbəri olmur. İnsanlar sanki özlərinin xəstəliklərini, problemlərini gizlətməklə bunun daha yaxşı nəticələnəcəyini düşünürlər. Ailə elə bir şeydir ki, zaman keçdikcə gizlin qalan məqamlar üzə çıxacaq. Bir neçə ildən sonra eyni faciə daha fəlakətli formada yaşanacaq. Onda nə olacaq? Çətinliyi dəf etmək istəməyənlər sonradan insanların həyatlarını mürəkkəbləşdirirlər. Bu da çox acı nəticələr doğurur.
Daha savadlı, ailə həyatına hazırlıqlı, ailənin dəyərini bilən, oxuyub mütaliə edən insanlar arasında bu qədər problemlər yaşanmır və qarşıya çıxan çətinliklikləri anlayışla çözməyə çalışırlar. Təəssüf ki, digər strukturda olan ailələrdə hamı başqalarında bir günah axtarmağa başlayır. Kimin üstün olduğunu, sözünün keçdiyini qabartmaqla özünü təsdiq edirlər.
Millət vəkilinin dediyinə görə, ailədə uşaqların olmaması da boşanma ilə nəticələnir: «İnsanlar sağlamlıqlarına fikir vermirlər. Qida təhlükəsizliyimizin acınaqcaqlı vəziyyətdə olması səhhətimizdə iz buraxır. Azərbaycanda siqaretlərin çoxusu zəhərli kimyəvi maddələrdən hazırlanır və bu siqaretlər bazara ötürülür. Ölkədə spirtli içkilərin tərkibi sonsuzluğu yaradan əsas səbəblərindən biridir. Yağların tərkibi də belədir. Bunlara qarşı kompleks şəkildə mübarizə aparmaq bütövlükdə cəmiyyətin sağlam olmasına xidmət edəcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, dünyada belə bir tendensiya var ki, getdikcə ailə institutuna münasibətin özü dəyişməyə başlayır: «Bu günləri dünyada iki əsas istiqamət özünü aydın göstərir. Bunlardan biri odur ki, ailəyə tələbat azalmağa başlayır və ailə müasir sivilizasiyaların təsiri altında birgə yaşayışın liberal formalarından birinə çevrilir. Digər bir istiqamət ondan ibarətdir ki, xeyli sayda mütəxəssislər əksinə, müasir dövrdə insanlar üçün ailənin, uşaqların rolunun daha çox artmaqda olduğunu sübut edir. Bu yanaşmalar bütün ölkələrdə olduğu kimi Azərbaycanda da müzakirə obyektinə çevrilib. Bir sıra ölkələrə baxsaq, hətta inkişaf etmiş ölkələrin çoxunda boşanmaların sayı artmaqdadır. Boşanma hallarının 40 – 60, hətta 71 faizə qədər çatdığı ölkələr var. Bunların çoxusu insanların maddi cəhətdən daha yaxşı təmin olunduğu inkişaf etmiş ölkələrdir. Ədətən deyirlər ki, insanlar maddi çətinliklərə görə boşanır. Əksinə, bu gün başqa səbəblər də çoxdur. Ən böyük səbəb tərəflər arasında psixoloji uyğunsuzluğun olmasıdır. Tərəflərdən birinin zərərli vərdişlərə aludəçiliyi, nikaha girən cütlüklərin mədəni, dini, əxlaqi dəyərlərinin, həyata baxışlarınının fərqli olması da boşanmaların sayının getdikcə artmasına təsir edən amillərdəndir.
Son 55 ili götürsək, dünya əhalisinin hər min nəfərinə düşən nikahın əmsalı 0, 7 – 0,8 -ə düşüb, eləcə də, boşanmanın əmsalı 1,9 və 2 faizə qalxıb. Bu o deməkdir ki, bu günləri dünyada hansısa proseslər gedir və bunun qarşısını almaq mümkün deyil. Ancaq hansısa profilaktik və gücləndirici tədbirlər, maarifləndirmə işi həyata keçirməklə boşanmaların sayını minimuma endirmək olar. Azərbaycana gəldikdə isə, son 5-6 ili götürsək, nikahların sayında azalma, boşanmaların sayında isə əksinə artmanın müşahidə olunduğunu görərik”.
A.Veysəlova qeyd edir ki, bu günləri qarşımızda dayanan əsas məsələ ailə institutunun qorunması, ailələrimizin sayının artırılmasıdır: “Azərbaycanda 2 milyondan çox ailə var. Amma biz nədənsə, nümunə, model kimi televiziya kanallarında, saytlarda, digər informasiya vasitələrində ancaq problemli ailələri görürük. Belə ailələrin təbliği insanlarda əlbətdə ki, düzgün ailə modelini formalaşdırmır. Çox təəssüflər olsun ki, ömrünün 50-60- ilini bir yerdə yaşayan ailələrimiz təbliğ olunmur. Halbuki, belə ailələr kifayət qədər çoxdur.
İstənilən ailəni götürsəz, orada mübahisə olur. Tərəflər əgər güzəştə getməyi bacarırsa, bir-birinə hörmət edirsə, mübahisələr tez bir zamanda həll olunur. Yox əgər, əhəmiyyətsiz bir mübahisəni daha da dərinləşdirirsə, bu, əlbətdə ki, boşanmaya gətirib çıxarır. Çox vaxt ər-arvad arasında əhəmiyyətsiz məsələlərə görə mübahisə yaranır. Bir sıra problemlər var ki, mütəxəssislər vasitəsilə aradan qaldırmaq mümkündür.
Bu baxımdan, məhkəmələrdə barışdırma mexanizminin tətbiqi çox vacibdir. Barışdırma mexanizminin tətbiq olunması üçün mediasiya haqqında qanunun qəbul olunmasına ehtiyac yaranır. Bu qanunda əsas aparıcı şəxslər mediatorlardır. Mediatorlar vasitəçilik edirlər, ər və arvad, başqa ailə üzvləri, onların qohumlarıyla söhbətlər aparır, mübahisələrin əsl səbəbini araşdırır və onun alternativ həlli yolunu təklif edirlər. Dünyanın bir sıra ölkələrində, Avropada, hətta bizim yaxın qonşumuz olan Türkiyədə, Rusiyada belə bir təcrübə var.
Bizim ənənənələrə söykənərək deyə bilərik ki, Azərbaycanda ağsaqqal, ağbirçək institutları gənc ailələr daxilində hər hansı mübahisələr, konfliktlər yaranardırsa, böyüklük edər, öz tövsiyyələrini verərdi və ailədə yaranan bütün problemlər aradan qalxardı. Bu gün məhkəmələrdə barışdırma mexanizmlərin tətbiqilə yanaşı ağbirçək və ağsaqqal institutunun da gücləndirilməsi qarşımızda duran əsas məsələlərdəndir”.
Hüquqşünas Vüqar Səfərli də, son dövrlər boşanma hallarının kəskin artdığını bildirib: “Azərbaycanda ailə həmişə müqəddəs sayılıb və bu gün insanların çox asanlıqla boşanma qərarını verməyə təhrik edən amillərdən üstün tutulub. Ər-arvadın üzləşdiyi çətinliklərdən çıxış yolu kimi boşanmanı seçməsi qınanılan haldır. Ailə cəmiyyətin özəyi, sütunudur. Boşanmaların sayının artması sağlam cəmiyyətin formalaşmasına xələl gətirir” – deyə, Səfərli əlavə edib ki, boşanmanın əsas səbəbləri arasında maddi vəziyyətin aşağı olması göstərilir: “Yeni qurulan ailələrdə xanımlar kasıblığa dözə bilmirlər. Son vaxtlar boşanmaq üçün iddia qaldıranlar arasında da qadınlar üstünlük təşkil edir. Bu da kişilərin öz öhdəliklərini layiqincə yerinə yetirməməsindən irəli gəlir. Ailəni saxlaya bilmirlər. Qadınlar da boşanmaq üçün müraciət edirlər ki, uşaq onların himayəsindədirsə, onlara görə aliment alsınlar. Birgə nikah dövründə ev alınıbsa, evi ikidə bir nisbətdə bölmək və ya yaşayış sahəsində yaşamaq hüququ ala bilər”.
Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, insanlar ailə qurduqdan öncə buna hazır olmalıdır: “Elə başa düşürlər ki, ailə quran kimi cah-cəlal içində yaşayacaqlar. Bu ailə qurmaq istəyən şəxslərin etdiyi ən böyük səhvdir. Ailə əyləncə, yalnız xoş vaxt keçirmək, çalıb-oynamaq deyil, ər və arvad öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir. Çox vaxt, ailə üçün hazır olmalıdır deyəndə, bura yalnız qadınları şamil edirlər. Ailə həyatına, eyni zamanda, bəylər də hazır olmalıdır. Bəylər ailənin məsuliyyətini daşımağa hazırdılarmı? Nikaha daxil olacaq şəxslər bunları düşünməlidir. Maddi problemdən başqa, ailəyə kənar müdaxilələrin olması ər və arvad münasibətlərinin korlanmasına gətirib çıxarır. Kişi həyat yoldaşına sahib çıxmırsa, eləcə də, qadın da valideynlərinə sığınaraq öz ailəsinə diqqət ayırmır, ərinin sözünə əhəmiyyət vermirsə, ailə daşıdığı adı itirməyə başlayır”.
İnformasiya bolluğu dönəmində insanlar filmlərdə, seriallarda, sosial şəbəkələrdə nümayiş olunan uydurma həyatların, ideallaşdırılmış obrazların təsiri altına düşür. Gerçəklik, ailə həyatında bəzən qaçılmaz olan məişət problemləri artıq yanlış formalaşmış, düzgün zənn etdikləri həyat tərzlərilə uyğun gəlmədikdə problemləri həll etməkdənsə, qaçmağı üstün tuturlar. Gənclər üzləşdiyi sıxıntıların normal olduğunu, ailənin müqəddəsliyini, birgə mübarizə apararaq xoşbəxt bir gələcəyə sahib olacaqlarını dərk etsələr, boşanmaq qərarından yan keçərlər. Boşanma elə ağır bir prosesdir ki, fəsadsız ötüşmür. Təəssüf ki, müasir zamanda boşanmalar və onun günahsız qurbanları – uşaqlar artır.
Aynurə Məmmədova